AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yalqız Qərb və SON

Yalqız Qərb və SON

02 İyun 2014, 14:52 1060
SONuncu məqalədə də qeyd etmək istərdim ki, Oskar mükafatına layiq görülmüş dramaturq Martin MakDonaxın pyesi əsasında qurulmuş “Lineyn trilogiyası” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunur. Bu dəfə onun trilogiyasının SONuncu “Yalqız qərb” tamaşasından və bizim İrlandiya səfərimizin nəticəsindən danışacağıq.
Belə ki, 90-cı illərdə ərsəyə gəlmiş müxtəlif pyeslərdə İrlandiya obrazını təsvir etmək üçün müasir ədəbiyyatşünaslığa Nikolas Qrin tərəfindən gətirilmiş qara pastoral terminindən istifadə olunur. Bu termin təkcə obrazlılığın tipini deyil, həm də müəlliflərin İrlandiya melodramının qanunlarından istifadə imkanlarını xarakterizə edir. Müasir İrlandiya dramaturqu Martin Makdonax isə özünün debütü olan “Lineyn trilogiyası”nda da qara pastorala müraciət edir. Trilogiyada mühüm yeri sonuncu “Yalqız qərb” pyesi tutur.

Hadisələrin cərəyan etdiyi məkan bəllidir. Məkan eyni olsa da hadisə digərlərindən daha qəliz, daha kəskindir. Belə ki, pyes iki qardaşın, Lineyn şəhərciyində yaşayan Koulmen (Vüsal Mehrəliyev) və Balin (Rasim Cəfərov) Konnorların həyatından danışır. Qardaşlar ictimai fikrə görə bədbəxt hadisə nəticəsində ölmüş olan atalarını yenicə dəfn ediblər. Lakin cəmiyyətə bədbəxt hadisə kimi təqdim olunan ölüm əslində CİNAYƏTdir. Koulmen əsəbi halda atasını güllələyib. Koulmenin bütün tamaşa boyu daxili psixoloji yaşantıları baş vermiş cinayəti hər an bəyan edir, Balin isə qardaşının öz payından imtina etməsi şərtiylə məhkəmədə onun günahsızlığını təsdiqləməyə razılıq verib. Lakin burada Balinin üzərinə düşən yük daha ağırdır və aktyor özünün avropalı oyunundan sezilən ağlı ilə bu yükün öhdəsindən gəlmək üçün səy göstərir. Xırdaca səbəbdən mübahisə edən, bir-birilərinə güc nümayiş etdirən qardaşlar düşmənçilik ab-havasından kənarda qala bilmirlər.

Uelş ata isə (Anar Səfiyev) qardaşlara nəsihət etməyə çalışır, lakin bunun səmərəsizliyini görüb depresiyaya düşür, özünü pis keşiş hesab edir. Uelş ata aktyorun ifasında yaxşı insanın bütün məziyyətlərini, yəni əsas keyfiyyətlərini özündə cəmləşdirir, eləcə də rejissorun qarşıya qoyduğu əsas məqsədlərə nail olur. Onun gəlişində şəhərdə cinayətkar, təcavüzkar ab-hava hökm sürür. Tezliklə Lineyndə daha bir kədərli hadisə baş verir: yerli polis Tom Xenlon göldə boğularaq intihar edir. Cinayət cinayət gətirir. Uelş ata cəsədi valideynlərinin evinə gətirmək məqsədilə qardaşlardan yardım istəsə də qardaşlar mübahisəyə məşğul olaraq yardım etməkdən imtina edirlər. Balin kömək etməyə qərar verib, Uelş atayla getdikdən sonra Koulmen intiqam məqsədilə qardaşının topladığı katolik fiqurları qazana toplayaraq onun öz elektrik sobasında yandırır. Evə qayıdan Balin vəziyyəti görür və qardaşlar arasında əlbəyaxa döyüş başlayır. Onların sakitləşdirməyin mümkünsüzlüyünü görən Uelş ata əlini fiqurların əridiyi qazana salır və onun qışqırığına qardaşlar davaya son qoyurlar. Tezliklə Uelş ata da həmin göldə özünü boğaraq intihar edir. Ölümündən qabaq qardaşlara yazdığı son məktubunda ruhunun rahatlıq tapması üçün aralarındakı mübahisəyə son qoymalarını xahiş edir. Əgər onlar bunu etsələr bəlkə onun intihar etmiş ruhuna əzab verməzlər və onun cənnətə düşməsinə yardımçı olarlar.

Pyesdə təsvir olunan Lineyn dünyası mənəvi dəyərlərin alt-üst olduğu, maddiyatın hökm sürdüyü bir dünyadır. Maddiyat əsasında qurulan dünyanı özündə təcəssüm etdirən fiqur Balindir. O, cənnətə düşmək arzusuyla katolik fiqurlar toplayır və ağlına belə gətirmir ki, ruhunun rahatlıq tapmasının ən asan yolu atasının ölümü ilə bağlı həqiqəti açıqlamasında ola bilər. O, özünəməxsus əşyalara saatlarla toxunmağı sevir və bundan həzz alır. Koulmen qardaşının əşyalar üzərində yazdığı V hərfini adının baş hərfi kimi yox, ingiliscə virgin-bakir ifadəsinin baş hərfi kimi dəyərləndirir .

Lineyn əhalisinə görə, əgər dünyada bu qədər zorakılıq varsa, onun bir qədər də artamasından nə olar? Heç kim bunu anlamaz prinsipiylə yaşayırlar. Kənd pyesi üçün ənənəvi olan mətbəx, məişət qəddarlığın inkişaf məkanına çevrilir. Burada qardaşlar dalaşır, ata öldürülür. Mətbəx artıq ailənin bir yerə toplaşdığı ocaq deyil. Çünki MakDonaxın İrlandiyasında artıq ev və ailə anlayışı mövcud deyil.

Bu pyesində dramaturq irlandiyalıların milli özünüdərk problemi üzərində işini aktiv şəkildə davam etdirir. MakDonax göstərir ki mənəvi-əxlaqi dəyərlərin itirilməsi insanların həm mənəvi, həm də fiziki olaraq ətraf mühitə uyğunlaşması qabiliyyətinin itirilməsinə gətirib çıxardır. Makdonaxın qəhrəmanları özlərini itiriblər. Onlar adekvat düşünə bilmirlər.

Lineyn qapalı məkandır. Hələ heç kim oradan çıxa bilməyib və azadlığın, qərbin tənhalıq və boşluğundan qurtulmağın tək yolu ölümdür. Baş verənlərə bu cür yanaşma müəllifin tənqid olunmasına səbəb olur: İrlandiya həyatını təsvir edib insanların tənhalığını göstərsə də, müəllif bununla mübarizə aparmağın yollarını göstərmir. Onun mövqeyini tamaşaçılar anlaya bilmirlər. Bu tənqidlərə qarşılıq olaraq dramaturq iddia edir ki, onun pyeslərinin qəlbi var və bu qəlb qaranlıqda öz işığını tapır.

“Yalqız qərb” pyesində müəllifin Uelş ata timsalında əxlaqi mövqeyi üzə çıxır. Tənqidçilər bu obrazı belə şərh edirlər: katolik kilsəsinin çatışmazlıqlarını özündə birləşdirən bu kimi personaj müəllif tərəfindən dinin istehzaya qoyulması məqsədilə istifadə olunur. Dramaturq trilogiyada həqiqətən də katolizmi lağa qoyur və onu ciddi tənqidə çəkir. Buna baxmayaraq Uelş ata həm də müsbət cəhətləri özündə birləşdirir. O, tək özünü deyil, başqalarını da düşünür. O yeganə insandır ki, insanlar arasında zorakılığa son qoymaq üçün mübarizə aparır, onu mühakimə edir. Fiqurların əridiyi qazana əlini salarkən Uelş ata təkcə sülh naminə özünü qurban vermir, həm də Konnorlara üsyan edir. Uelş atanın insanlar arasındakı kin-kudurətə, zorakılığa qarşı tək silahı inamdır və onun ölümünü də bu inam, mənəvi-əxlaqi dəyərlər naminə özünü qurban kimi açıqlamaq olar.

Öz personajında müsbət və mənfi cəhətləri birləşdirərək Martin MakDonax din xadimlərinin təsviri zamanı yaranan ikitərəflilikdən ideallaşdırma və istehzadan məharətlə qaçmışdır. Onun rahibi insandır – özünün və cəmiyyətin qüsurlarını düzəltməyə çalışan adi insan. Burada insanların törətdikləri Cinayət bir-birini üstələyir, ölüm halı getdikcə adiləşir, zaman və məkana sığmayan insan rahatlığını tapmaq istəyi zaman həyatını qapatmış olur.

Belə olan halda trilogiyanı tamamlayan pyes təkcə irlandiya cəmiyyətinin maddiyatını və individualizmini mühakimə edən mənəvi-əxlaqi mövqeyi ilə seçilmir, həm də burada cəmiyyəti öz xeyri üçün deyil, məhz cəmiyyətin xeyri üçün dəyişməyə çalışan, bu amal uğrunda mübarizə aparan şəxslər meydana çıxır.

Kənd dramasının və onun rəqiblərinin təklif etdikləri inkişaf yolundan imtina edərək MakDonax milli İrlandiya teatrında öz sözünü deyə bilmişdir. Bizim inglis dostlarımızın teatr rejissoru Yan Uilem Van Den Box, Böyük Britaniyadan dəvət olunmuş peşəkar işıq rəssamı Maykl Manyon, quruluşçu rəssam Elizabet Kuk və azərbaycanlı rejissorlarımızın Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyeva sayəsində Gənc Tamaşaçılar Teatrından birbaşa İrlandiyaya səfər etdik. İnandıra bilərəm ki, getməyinə dəyərdi.

Burada Zaman dayanır. Tamaşa tamamlanır. Məqalə bitir...

Aygün Süleymanova
teatrşünas