• cümə, 29 Mart, 13:08
  • Baku Bakı 14°C

Yalansız «Uğur centlemenləri»

06.01.17 11:30 2542
Yalansız «Uğur centlemenləri»
Filmlər müxtəlif olur: «birdəfəlik», «bir aylq», «bir illik»... Onilliklərlə nümayiş olunan filmlər də var. Bəxti necə gətirirsə, ekranlardan düşmür. Ancaq «ömürlük» yaddaqalan filmlər də var. Belə filmlərin öz tarixçəsi olur. Onların ərsəyə gəlməsi üçün göydəki ulduzlar kimi yerdəki ulduzlar da görüşməlidirlər. 1969-cu ildəki kimi: Georgi Daneliya, Viktoriya Tokareva və rejissor Aleksandr Serıy bir-birinə rast gəlir.

1970-ci ilin yanvarında Georgi Daneliya və gənc yazıçı Viktoriya Tokareva «Mosfilm»ə «Residivist» adı altında ssenari təqdim edirlər. Məqsəd ən yaxşı komediya aktyorları – Leonov, Nikulin, Kramarov, Mironov, Rolan Bıkov və digərlərinin iştirak etdiyi film çəkmək idi. Hər şey də həmin filmin çəkilişləri üçün bədii şuraya ssenari ərizəsi ilə bağlı müraciətdən başlayır. Ancaq ssenarinin ərizəsi asanlıqla təsdiqlənmir. Çünki bütün aktyorlar xoş niyyətlə filmdə çəkilməkdən imtina edirdilər. Mironovu başqa filmdə gözləyirdilər. Nikulin daha ekranda komik rolda çıxış etmək istəmirdi. Bıkovun daha vacib işləri vardı. Ssenarini yazırlar və yeni qəhrəmanlar düşünməyə başlayırlar. Bədii şura onlarla namizəd arasından Georgi Vitsinə diqqətini yönəldir. Əslində, bir çox aktyorlarla sınaq kifayət qədər uğurlu idi. Amma nəticədə seçim Georgi Vitsinin üzərində dayanır.

O vaxtdan bəri maraq doğuran bir sual da var: sovet rəhbərliyi baş qəhrəmanları oğrular və residivistlər olan komediyanın ekranlara çıxmasını niyə qadağan etməyib? Hesab edilir ki, bu məsələdə bütün rolu Georgi Daneliyanın avtoriteti oynayıb. Rəhbərlik filmin uğurundan o qədər razı idi ki, gənc ssenarist Viktoriya Tokarevaya 6000 rubl miqdarında böyük qonorar verir.

Komediya rejissor Aleksandr Serıyın yaradıcılığında ən parlaq ekran əsərinə çevrilir. Rejissor bundan sonra «Sən mənə, mən sənə» və «Kişiləri qoruyun» filmlərini çəkir.

Film ilk dəfə 1971-ci ildə, dekabrın 13-də ekranlara çıxır - uğursuz tarix olmasına baxmayaraq, bir anda prokatın liderinə çevrilir. 65 milyondan çox insan filmi izləyir. Sovet kinosunun ən populyar filmlərindən birinə çevrilən "Uğur centlemenləri”ndəki bir çox ifadələr zərb-məsəl kimi indi də dillərdən düşmür. Film bir il ərzində 30 milyon rubldan çox qazanc gətirir.
Bekarçılıq və məhəbbət

«...centlemenlər» məhəbbətdən doğulublar... Görünür, elə buna görə də onlar yaşamağa qabil və cazibədar alınıblar» - komediyanın ərsəyə gəlməsində ssenarinin həmmüəllifi Viktoriya Tokareva komediyanın yubileyi ərəfəsində tamaşaçılara gizli qalan məqamlardan danışıb.

- Hər şey «Yalansız bir gün» hekayəmi ekranlaşdırmaq qərarına gəldiyimiz an baş verdi. Ssenarinin yazılması üçün həmmüəllif kimi Georqi Daneliyanı məsləhət gördülər. Daneliyanın Aleksandr Seriy adlı bir dostu var idi. Onu Şurka Boz deyə çağırırdılar. Aleksandr işsiz idi. Əvvəla, o, məhbəsdən təzəcə çıxmışdı, həm də kifayət qədər ciddi maddə ilə ittiham olunmuşdu. İkincisi, onun «Əcnəbi qız» debüt filmi sadəcə, pis alınmışdı. Belə ki, Boz «mənfi tip» kimi məşhurlaşmışdı.

Amma... o, Daneliyanin dostu idi. Daneliya isə milliyyətcə gürcü olduğundan onun üçün dostluq müqəddəs idi. O zamanlar Daneliya «Mosfilm»in direktoru Nikolay Sizovun yanın gedib: «Mənim dostuma iş verin!» - demişdi. O, isə gözlənilmədən Daneliyanın qarşısına şərt qoyaraq: «Əgər sən bu işə cavabdehliyi – ssenarinin yazılışından tutmuş, montaja qədərki bütün mərhələni boynuna götürərsənsə, mən filmin quruluşunu hazırlamağı ona tapşıraram» - cavab vermişdi. Daneliyanın onsuz da bu ərəfədə heç bir işi yox idi – onun «Hacı Murad» filmi ekranlardan yığışdırılmışdı. O isə boş qala bilməzdi. Doğrusu, Daneliya sadəcə iki şeyi edə bilərdi – ya işləyər, ya da içkiyə qurşanardı. İş varsa, o işləyirdi, olmayanda isə içirdi. Beləliklə, Daneliya Sizovun şərti ilə razılaşır.

Mənimlə əməkdaşlıqdan xoşu gəldiyi üçün həmmüəllifliyə məni çağırdı. İlk növbədə ona görə ki, mən heç vaxt gecikmirdim, ikincisi, özümü istedadlı ssenarist kimi doğrultmuşdum. Ən əsası, mənim spirtli içkidən istifadə etməməyim onun xoşuna gəlirdi. Fikirləşirəm ki, bu cəhətim həlledici oldu (gülür). Onun mükəmməl və son dərəcə gözəl anası Daneliya üçün narahatlıq keçirirdi. Çünki buna qədər onunla çalışan həmmüəlliflər – Gennadiy Şpalikov, Valentin Yejov, Viktor Koneçkiy – işi başqasının çiyninə yükləməyi sevirdilər. Təbii ki, cavan, ciddi, ailəli və əlində körpə uşağı olan bir qadın meydana çıxdıqda – bunlar mənim haqqımdadır (qəhqəhə çəkir) – anası az qala mənimçün dua etməyə başlamışdı.

Biz üçlükdə oturduq – mən, Daneliya və Şurka. Daneliya ilk sətirləri dedi: «Səhrada dəvə gedirdi...» Və beləliklə, ssenari bir aya yazıldı. Daneliya mənə vurulmuşdu. O vaxt mənim 27, onun 37, həyat yoldaşının isə 47 yaşı vardı. Mən də ona vurulmuşdum. Bir-birimizdən xoşumuz gəldiyindən, bizə birlikdə işləmək həm xoş, həm də sevincli idi. Biz xoşbəxt cavanlar idik... Bəlkə də buna görə bu film belə yaşamağa qabil və cazibədar alınmışdı. Çünki məhəbbətdən doğulmuşdu.

Ssenari hazır idi və filmin çəkilişlərinə başlamışdıq ki, Aleksandr Serıy qanında xərçəng olduğunu öyrəndi. O, depressiyaya düşdü, əli işdən soyudu. Daneliya başa düşdü ki, Serıy döyüşçü deyil və bütün əsas və çətin səhnələri özü çəkməyə başladı. Onun filmdəki xətti aydın görünürdü. Bu böyük qələbə əsasən Daneliyaya aiddir. Daneliyanın filmdəki xəttini ilk olaraq Nikita Mixalkov hiss etdi. Bir dəfə Daneliya ilə restoranda oturmuşduq. Nikita bizə yaxınlaşıb: «Daneliya, bu ki sənin öz filmindir, bizi niyə aldadırsan?» - dedi. Daneliya çox alicənab oluğundan ikinci rejissor kimi öz soyadını qoymamışdı. Amma onun buna kifayət qədər haqqı var idi.

Film elə ilk günlərdən böyük ajiotaj yaratdı. Tamaşaçılar filmin biletlərini 20 qəpik olduğu halda, alverçilərdən 3 manata alırdılar.

Yadımdadır, «Rossiya» kinozalındakı premyera zamanı zaldakı tamaşaçılar qəhqəhə çəkirdilər. Bu, mənim ən xoşbəxt günlərimdən biri idi.
Səhnə arxasındakı fəlakət

"Bilirəm, yazırlar ki, filmi o saat prokata buraxmamışdılar, əslində isə bu, belə deyil” - deyə Tokareva xatırlayır: Kinofilm o qədər gözəl alınmışdı ki, kim nə deyir-desin, bu, heç bir əhəmiyyət kəsb etmirdi. Film elə bu gün də baxımlıdır və öz tərzi ilə cavan qalıb. O, şəfqətlidir və yaxşı mənada axmaqdır. Filmdə işlənən cümlələr bu gün də yaşayır.

Bir gün Şurik Serıy tamaşaçılardan gələn məktublar üçün «Mosfilm»ə gəlir. Katibə ondan «Siz kimsiniz?» - deyə soruşanda o, iftixarla: «Mən Aleksandr Serıyam. Tamaşaçıların «Uğur centlemenləri» filmi haqqındakı fikirlərini götürməyə gəlmişəm» - deyir. «Nəyə görə siz» - deyə soruşurlar. Titrlərdə yeganə rejissor kimi onun soyadı yazıldığına baxmayaraq, buna heç kim əhəmiyyət verməmişdi. Həyat elə qurulub ki, həqiqət gec-tez üzə çıxır.

Bu film Saveliya Kramarovun da istedadını üzə çıxardı. Bu vaxta kimi o yalnız epizodik rollarda çəkilirdi, burda isə ilk baş rolu ona vermişdilər. O isə bunu çox gözəl başa vurmuşdu. Kramarovun karyerası da elə bu filmlə başladı. O, mənə zəng vurub: «Viktoriya, filmin davamını yazın, mən sizə istənilən dərmanı taparam!»- dedi. Mənimsə təzəcə 27 yaşım var idi və dərmana ehtiyacım yox idi (gülür).

Bir qədər keçdikdən sonra Serıyla Daneliya dalaşdılar. Bunun səbəbini mən indiyədək bilmirəm. Amma o dostluqdan əsər-əlamət qalmadı. Serıy başa düşdü ki, bütün təqsir ondadır. Mənə zəng edərək Daneliya ilə birgə onun üçün daha bir ssenari yazmağımızı xahiş etdi. «Mən sənin pəncərənin altında çadır qurub oturacağam və orada sənin yazacağın ssenarini gözləyəcəyəm» - dedi. Mən etiraz edib: «insan iki dəfə eyni göldə bata bilməz» - dedim. Həmin vaxtlarda Daneliya da işsiz deyildi. Mənim isə ədəbiyyat karyeram başlamışdı və kitab yazmaqla məşğul idim.

Nəhayət, Serıy bir film çəkməyə müvəffəq oldu, amma müvəffəqiyyət qazanmadı. Çünki o, film çəkə bilmirdi. O bunu necə etməyi hiss edirdi, amma çəkməyi bacarmırdı, baxmayaraq ki, istedadsız deyildi. Onun həyatı faciəli bitdi. Xəstəliyi çox irəliləmişdi və karyerası alınmadı. Sonunda özünü güllələdi. Qızının dediyinə görə, o, redaksiyanın mətbəxində özünü başından vurmuşdu. Amma özünü güllələməmişdən əvvəl Aleksandr bütün uğursuzluqlarında Daneliyanı ittiham edən televiziya müsahibəsi vermişdi. Daneliyanın onun peşəkarlığının açılmasının qarşısını bağladığını qeyd etmişdi. Mən bu müsahibəni eşidincə çox sarsıldım (səsi titrəyir). Daneliya onun adını əbədiyaşarlar siyahısına daxil etmişdi. O, filmin senarisini yazmış, ekran əsərinin böyük hissəsini çəkmişdi. Bundan əlavə, bütünlükdə filmi montaj da etmişdi. Daneliya heç nəyin iddiasında olmadan işi bütünlüklə öz öhdəsinə götürmüşdü. O, özünü arxa plana çəkərək, işinin uğurlu nəticəsini, istedadını Serıya həsr etmişdi. Daneliya ümumiyyətlə, filmin bədii rəhbəri idi. Filmdən sonra onların yolları ayrılanda, Daneliyanın versiyası belə oldu: «Biz mübahisə etmirdik. Sadəcə, hansısa məqamda mən ona lazım deyildim və biz ayrıldıq».

Ancaq Daneliya və Viktoriya Tokareva tandemi sonradan tamaşaçılara «Mimino» kimi hiti də təqdim etdi.

O vaxtdan illər keçir. «Uğur centlemenləri» filmi hər dəfə ekranda nümayiş etdiriləndə, telekanalların reytinqinə təsir edir. Nə qədər baxsan da bezmirsən. Çünki bu film sovet kinosunun peşəkar resepti ilə ərsəyə gəlib.

Təəssüf ki, filmin bir çox qəhrəmanları sağ deyil: Yevgeniy Leonov, Saveli Kramarov, Erast Qarin, Anatoliy Papanov, Lyubov Sakalova... Filmin həyatdan köçən son aktyoru isə Rusiyanın əməkdar artisti Radner Muratov olub. O, 2004-cü ildə 77 yaşında vəfat edib. «Uğur centlemenləri»nin aktyorları sovet kinosunun bütün uğurlarını qazanmış insanlar idi. Hətta epizodik rollarda da Oleq Vidov, Erast Qarin, Nikolay Olyavin, Lyubov Sokolova kimi ulduzlar çəkiliblər.
45 il keçməsinə baxmayaraq, «Uğur centlemenləri» keçmiş sovet respublikalarının ekranlarını bəzəyir. "Centlemenlər”dən heç kim həyatda olmasa da, milyonlarla insan üçün onlar həmişə sağdırlar. Makedoniyalı İsgəndərin dəbilqəsini nə qədər axtaracaqlarsa, o qədər də insanların bu filmə məhəbbəti ölməyəcək.
Rusiya mətbuatından çevirdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər