Yalançılığın elan forması
Turizm
şirkətlərindən birinin "Novruz günlərində Moskva turu” elanı ilə qarşılaşıb, şirkətə
zəng edərkən, reklamda təqdim olunan qiymətdən fərqli rəqəm eşitdik. Elanda
qeyd edilən qiymətlə təxminən 50 avro fərqin yaranmasını isə agentlik işçisi
belə izah etdi: "Vaxta az qalıb. Ötellerin səhər yeməyi daxil olan nömrələrini
satmışıq. Hazırda təqdim olunan paketlərə səhər yeməyi daxil deyil. Bunun üçün
şəhər mərkəzindən kənarda otel təklif edə bilərik. Hələ ki qiymətlərdə bundan
başqa dəyişiklik yoxdur”.
Sosial şəbəkələrdə
iş, turizm, təhsil, əmlak, avtomobil satışı və s. xidmətlərlə bağlı bu tip
elanlarla hər gün qarşılaşırıq. Sərfəli qiymətləri ilə ilk baxışdan cəlbedici
görünən belə elanların adətən bir qədər dərinə gedib məlumat toplayanda,
aldadıcı xarakter daşıdığı üzə çıxır.
Xüsusən
turizm, təhsil və əmlak məsələləri ilə bağlı yalan elanlar günü-gündən
artmaqda, insanların isə narazılıqları çoxalmaqdadır. Ekspertlər bu cür mənfi
halların yaranmasını biznesin qanunu kimi dəyərləndirmirlər, əksinə, insanları
şirnikləşdirməklə pul qazanmaq istəyi kimi xarakterizə edirlər. Hələlik isə,
sosial şəbəkələrdə yalançı elanların yer almasının qarşısının alınması üçün heç
bir tədbir görülmür. Bu baxımdan, necə deyərlər, yalan ayaq tutub yeriyir.
Təhrif olunmuş qiymətlər
"Luna Travel” turizm agentliyinin rəhbəri Rəhman
Quliyevin fikrincə,
sosial şəbəkələrdə görünənlər, əsasən yeni yaranan şirkətlərdir. Belə ki, onlar
təklif etdikləri şok qiymətlərlə insanları tora salmağa çalışırlar: «Bir neçə dəfə
özüm də müştəri adı ilə o firmalara zəng edib həmin paketləri haradan əldə
etdikləri ilə maraqlanmışam. Eynilə siz deyən sözləri eşitmişəm. Məsələn, bu
gün yerləşdirdikləri elanla bağlı zəng edəndə həmin elanın dünənə aid olduğunu
bildirir, «bu gün isə qiymətdə dəyişiklik var» deyirlər. Daha sonra «yeni qiymətlər
təklif edə bilərik. Daha əlverişli və maraqlı təkliflərimiz var» - deyə
bildirirlər”. R.Quliyev deyir ki, xüsusən erkən rezervasiyaların elanlarında bu
cür aldadıcı rəqəmlərə rast gəlinir: "Müxtəlif ucuz paketlər təqdim olunur.
Onların əsas məqsədi müştərini cəlb etməkdən ibarətdir. Ona görə də insanlar
sosial şəbəkələrdə yayılan reklamlara inanmamalıdırlar. Onların çoxu demək olar
ki, yalan informasiyalardır».
R.Quliyevin
sözlərinə görə, nadir hallarda sosial şəbəkələrdə dəqiq elanlar yerləşdirilir:
"Normal firmalar xidmətlərinin dəqiq qiymətlərini heç vaxt sosial şəbəkələrdə təqdim
etmirlər. Çünki onlar bununla öz reytinqlərini aşağı salırlar. Onlar müştərilərə
sərf etməsi üçün müəyyən üsullardan istifadə edirlər. Səyahət edən müştərilərə
məsləhət görərdim ki, əgər il ərzində bir dəfə vaxt tapıb səyahətə gedəcəklərsə,
bircə gün də vaxt tapıb tanıdıqları və etibar etdikləri, lisenziyası və normal
ofisi olan turizm firmalarına getsinlər. Hazırda bir şox firmaların heç bir təminatı
yoxdur. Onlar bu tip elanlar vasitəsilə müştərini tora salır, pul alır, sonra
da həmin pullarla aradan çıxırlar». R.Quliyevin sözlərinə görə, müştərilərin bu
cür üsulla aldadılması halları dəfələrlə baş verib: «Bu cür aldanmalarla bağlı
təhlükələr çoxdur. Hətta elə bir vəziyyət yaranıb ki, Mədəniyyət və Turizm
Nazirliyi də məsələyə müdaxilə edə bilmir».
R.Quliyev
hesab edir ki, lisenziyaların verilməsində yaranan sərbəstlik belə mənfi
halları meydana çıxarır: «Bu sektoru sertifikatlaşdırmaq lazımdır ki,
özbaşınalıq yaranmasın. Yoxsa bu cür davam edərsə, turizm agentliklərindən
istifadə edənlərin çoxu müxtəlif problemlərlə üzləşəcək». Onun fikrincə, bu cür
xidmətləri yalnız yeni yaranan firmalar təqdim edir: «Özünə hörmət edən,
etibarını və sambalını qoruyan, bazarda özünə nüfuz qazanan şirkətlər bu cür
elanlarla çıxış etmirlər. Reklamlar isə təhrif olunmuş qiymətlərin üzərində
qurulub, onlara inanmaq lazım deyil».
Qanunvericilik bazasının olmaması
Əmlak eksperti Ramil Osmanlı da spekulyativ elanların sosial şəbəkələrdə yerləşdirilməsini
inkar etmir. Yəni bu cür elanlar həmişə olub və indi də var: «Bu cür elanların ən
əsas səbəbi, xüsusən alqı-satqı sahəsində fəaliyyət göstərən şəxslərin müştəri
kontingenti toplaması ilə bağlıdır. Onlar bu cür variantlardan istifadə edərək
müəyyən əlaqələr qurmağa çalışırlar. Bu da çox hallarda uğursuz alınır. Burada
insanlara təsir etmək baxımından müəyyən psixoloji məqamlar var».
Ekspertin
fikrincə, müştəri belə hallarda vaxtını və inamını itirir: "Məsələn, ev
satılanda mənzilin qiymətini nisbətən aşağı deyirlər. Müştəri yerində tanış
olmaq üçün gedəndə qiymətin deyildiyi kimi olmadığı ilə qarşılaşır. Səbəbini
soruşanda isə qeyri-müəyyən cavablar eşidir. Əslində həmin insanlar müştəri
qazanmaq əvəzinə, bu cür elanlarla müştərini itirirlər». Ekspertin fikrincə,
yalançı elanlarla əhatələnən sahə son illərdə Azərbaycanda müəyyən qədər
inkişaf edib. Bununla belə bu gün ev alqı-satqısı məsələləri ilə məşğul olan
ciddi şirkətlər də var: "Sözsüz ki, paralel olaraq spekulyantlar, öz işinə peşəkarcasına
yanaşmayan adamlar da meydana çıxır. Onlar bu cür variantlardan istifadə edərək
müştəri cəlb etməyə çalışırlar. Təəssüf ki, onların atdığı bu addım fəaliyyət
göstərdikləri sahənin imicinə zərbə vurur”.
Ekspert
şikayətlənir ki, illərdir bu sahədə iş getməsinə baxmayaraq, ölkəmizdə Daşınmaz
Əmlak Agentliyi hələlik «makler» statusundan kənara çıxa bilməyib. Belə ki, bu
sahədə qanunvericilik bazasının olmaması, ümumi tənzimləmə mexanizminin yoxluğu
bu cür şəraitin yaranmasına gətirib çıxarır.
Aldandıqlarını başa düşəndə...
Təhsil
sahəsində bu tip elanların yayılmasına, həm də çoxluq təşkil etməsinə gəlincə, ekspert Kamran Əsədov hesab edir ki, təhsillə
bağlı yalançı elanlar xüsusən qəbul imtahanları ərəfəsində və ondan sonrakı dönəmdə
daha da populyarlaşır və yayılmağa başlayır: "Hər hansı bir şəxsin
qohum-qonşusu ali məktəbə qəbul olunanda, digəri isə qəbul oluna bilməyəndə o,
bunu hansı yollasa aradan qaldırmağa çalışır. Bu zaman artıq sosial şəbəkələrdə,
internet resurslarında axtarışlar etməyə başlayırlar. Qarşılarına çıxan cəlbedici
ilkin reklam onları aldadır. Nəticə etibarilə onlar həmin elanlara və ya
reklamlara müraciət edirlər. Aldandıqlarını başa düşəndə isə həm gec olur, həm
də bu eybi yenidən özlərinə yaraşdırmaq istəmirlər”.
Hazırda
Azərbaycanda 200-ə yaxın xaricdə təhsil mərkəzinin fəaliyyət göstərdiyini,
onlardan 170-dən çoxunun mövsümi xarakter daşıdığını deyən təhsil eksperti həmin
şirkətlərin bu il bir, gələn il isə digər ad altında fəaliyyət göstərdiklərini
qeyd edir: "Onlar fəaliyyətləri dönəmində insanları reklamlarla cəlb edib
aldadırlar. Bu işdən bir qədər anlayışı olanlar bilirlər ki, xaricdə qəbul
zamanı sadəcə orta təhsil sənədi yetərlidir. Ancaq onlar digər prosedur
qaydaları bilmirlər. Yəni qəbul zamanı xidmət haqqını burada ödəyirlər, getdikləri
ölkədəki xərcləri Azərbaycan manatının müqabilində hesablaya bilmirlər. Xaricdə
təhsil müəssisələrinə insanları nə qədər cəlb edirlərsə, o qədər də onların
hüquq pozmaları meydana çıxır”. Ekspertin sözlərinə görə, əksər şirkətlərin əməkdaşlıq
etdikləri universitetlərin Təhsil Nazirliyi tərəfindən tanınıb-tanınmaması da
ayrı problemdir: "Tələbələr təhsil alıb gəlirlər, sonradan həmin universitetlərin
heç bir fəaliyyət sənədinin olmaması və ya əsassız fəaliyyətləri məlum olur. Bu
gün təhsil bizim insanımızın ən yaralı yeridir. İnsanlar son pullarını da təhsil
üçün yönəldirlər. Xaricdə hansısa ali məktəblərə vəsaiti sərf edirlər, ancaq
övladlarını ölkə daxilində, hansısa peşə məktəbində oxumağa yönəltmirlər. Ona
görə də insanların bu cür elanlarla kütləvi
surətdə xaricdə təhsil alıb sonra işlə təmin olunmaması kimi danılmaz bir
problem var”.
Ekspertlərin
fikirləri məsələyə aydınlıq gətirsə də, təbii ki, çıxış yolu deyil. Bütün
hallarda, insanları tora salmaq və ya müştəri cəlb etmək üçün yalan ayaq tutub
yeriyirsə, insanlar özləri ehtiyatlı olmalıdırlar. Yəni bir iş görərkən yüz
ölçüb bir biçmək lazımdır. Axı sonrakı peşmançılığın faydası olmur...
Təranə Məhərrəmova