• cümə, 29 Mart, 05:37
  • Baku Bakı 7°C

Yalançı endirimlər

03.07.13 10:49 2873
Yalançı endirimlər
Geyim satış mağazalarının şüşələrini bəzəyən “geyimlərə 50, 70, 80 faiz endirimlər”, “ mağaza bağlandığı üçün bütün mallar yarı qiymətinə”, “hər nə alsan 10 manat”, “1-ni alana 2-cisi hədiyyə” kampaniya lövhələri hamının diqqətini cəlb edir. Belə kampaniya lövhələri əvvəllər daha çox bayram ərəfəsində özünü göstərirdisə, indi bütün geyim dükanlarında bu yazılara rast gəlmək mümkündür. Acınacaqlısı isə odur ki, mağazaya daxil olduqda elanlarda yazıldığı kimi olmadığı müşahidə edilir. Bunun səbəbini soruşduqda isə “onlar reklam məqsədilə yazılıb” və ya “kampaniyaya daxil olan malları ön cərgəyə düzmüşük” kimi cavablar alırıq. Araşdırmalarımız nəticəsində məlum olur ki, mağazaya alıcının diqqətini cəlb etmək və malların tez bir zamanda satılması üçün satıcılar bu üsula əl atırlar. Çünki, istənilən alıcı “mağazalarda bütün mallara 70 faiz endirim” lövhələrini gördükdən sonra 100 manatlıq malı 30 manata alacağını düşünərək mağazaya daxil olur və bu zaman satıcılar öz məharətlərini işə salırlar. Belə ki, onlar şirin dilləri ilə alıcını şirnikləndirərək 10 manatlıq malları bəyənməyən alıcıya baha malları təklif edirlər və bununla da istehlakçıları aldatmış olurlar. İstehlakçının aldadılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən bir çox tədbirlər görülsə də, işbazlar buna məhəl qoymayaraq yenə də öz işlərinə davam edirlər. Belə ki, bir neçə gün bundan öncə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev ev, 119 ünvanında yerləşən tam xarici investisiyalı "Barakalı Ltd" MMC-ə məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyən edilib. Mağazanın giriş hissəsində satışda olan mallara endirim tətbiq olunması barədə "Endirim" və "Türkiyə qiymətləri ilə satış" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi müəyyən olunub. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar edilib. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb və müəssisə barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
“Türk qiymətləri ilə satış”
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyir ki, aparılan monitorinqlərdə maraqlı hallarla üzləşiblər. Onun sözlərinə görə, son vaxtlar əsas reklamlar “Türkiyə qiymətləri ilə satış” başlığı altında verilir: “Bir çox mağazalar endirim reklamlarından istifadə etsə də, əslində həmin obyektlərdə istehlak mallarına heç bir endirimin tətbiq olunmaması müəyyən olunur. Bazarda apardığımız son monitorinqlər zamanı məlum oldu ki, endirim reklamları verilən obyektlərdə kampaniyanın tətbiq edildiyi müddət və endirim tətbiq olunan malların adları göstərilmir. Dövlət Xidməti tərəfindən istehlakçıların çaşdırılmasına aparan bu cür reklamların dayandırılması ilə bağlı qanunvericilikdə müəyyənləşdirilmiş tədbirlər həyata keçirilir”. İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı dövlət tərəfindən maarifləndirmə işlərinin aparıldığını vurğulayan nazirlik rəsmisi mağazaların bu siyasətinin alıcıları çaşdırmaq məqsədini daşıdığını bildirdi və onlara diqqətli olmağı tövsiyə etdi: “İstehlakçıların öz hüquqlarının fəal müdafiəçisi olmaları üçün nazirlik tərəfindən maarifləndirmə işləri aparılır və KİV-lərdə sosial xarakterli reklamlar yayılır. Bütün bunlar hamısı ona yönəldilir ki, belə qanun pozuntuları ilə rastlaşan hər bir istehlakçı bizə müraciət etsin və hər hansı qanun pozuntusu aşkarlanarsa nazirlik tərəfindən müəyyən tədbirlər görülsün”.
İstehlakçı hüququ
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında dedi ki, endirim elanlarında qanuna zidd olan bir çox hallar mövcuddur: “İstehlakçı endirim reklamını yayan mağazaya daxil olduqdan sonra, tələb etdiyi malı almaq istəyəndə satıcılar ona deyir ki, endirimlər buna aid deyil. Bundan əlavə, belə kampaniya olan mağazalarda alınan mal əgər istehlakçının tələbini ödəmirsə, onu geri qaytarmırlar və səbəb kimi həmin malın endirimli qiymətlə satılmasını göstərirlər”. Azərbaycanda endirimlərin 50 faizinin yalançı olduğunu bildirən ekspert vurğuladı ki, dövlət orqanlarının bu problemlərlə mübarizə aparmasına baxmayaraq, bu sahədə olan problemlər hələ davam etməkdədir: “Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən, bütün mağazalarda malların üzərində maddi məsul şəxsin imzası ilə rəsmi qiymət sənədi olmalıdır və endirim edən zaman istehlakçıya onun əvvəlki qiymətinin rəsmi sənədləri göstərilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında qanuna görə istehlakçının satılan malın əvvəlki qaimələrini, rəsmi sənədlərini tələb etmək hüququ var. Lakin Azərbaycanda satılan malların 70 faizinin ümumiyyətcə heç bir rəsmi sənədi, qaiməsi yoxdur. Bizim mağazalarda sadəcə etiketlərin üzərində müəyyən bir qiymət yazılır, endirim olduqda isə qələmlə üstündən xətt çəkilərək yeni qiymətləri göstərilir. Qanunvericiliyə əsasən, rəsmi sənədlər əsasında istehlakçı görməlidir ki, endirim nə qədər və necə olub”.
Alıcılar soyulur
Ölkəmizdə şişirdilmiş qiymətlər və yalançı endirimlərlə bağlı böyük problemlərin olduğunu bildirən E.Hüseynov istehlakçıların sözün əsl mənasında soyulmasının səbəbi kimi ölkəmizdə mükəmməl və perspektivli istehlakçı siyasətinin formalaşmaması olduğunu vurğuladı.
Saxta kampaniyalar
İqtisadçı ekspert Pərviz Heydərov bizimlə söhbətində bildirdi ki, əmtəə növü üzrə hər hansı kampaniya reklam xarakteri daşıyır və satışa qoyulan bütün malların qiymətlərini bazar müəyyənləşdirir: “Bazara çıxarılan malların qiymətlərində tələb və təklifin nisbətindən kənarda heç bir dəyişiklik baş verə bilməz. Bu və ya digər endirim və yaxud ucuzlaşmadan söhbət gedərsə deməli, ya keyfiyyət aşağı düşüb, ya tələbat enib, ya da ki, həmin məhsulun istehsal və ticarət xərcləri azalıb. Dəyişiklik isə aşağı və yuxarıya doğru ən çox 15-20 % ətrafında baş verə bilər. Bundan yuxarı rəqəmlərlə ifadə olunan qiymət dəyişikliyi istənilən halda saxtalığa dəlalət edir. Belə ki, hər hansı mala 70 faiz endirim tətbiq edilirsə, hamı bilməlidir ki, bu, saxtadır və kampaniya qanuna ziddir. Belə qanunsuzluqlar yerində aşkarlanmalı və tədbir görülməlidir”. Saxta endirimlərə qarşı mübarizəyə gəldikdə isə iqtisadçı ekspert vurğuladı ki, bu problemlə mübarizədə xüsusilə istehlakçılar maarifləndirilməli və öz hüquqlarını bilməlidirlər: “Saxta endirimlərə qarşı mübarizə yalnız bir orqan tərəfindən aparıla bilməz. Bu məsələ birinci növbədə “Reklam haqqında” qanunda öz əksini dəqiq tapmalı və istehlakçılar maarifləndirilməlidir. Hansısa şirkət və yaxud satıcı 40-50 % endirim barədə elan verirsə, hər bir istehlakçını öncə bunun iqtisadi əsasları düşündürməlidir”.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər