• şənbə, 20 Aprel, 11:10
  • Baku Bakı 14°C

Yağışda

16.12.19 14:30 1115
Yağışda
Aralarındakı küsülülük birdən-birə heç nədən oldu. Neçə ilin həmdəmi idilər. Növbəti dost məc­lisində yenə də köhnə zarafatlar... Məclisdə­kilərin də həmişəki kimi tərəfləri daha da qızışdırmaq üçün atdıqları köhnə atma­ca­ları...
Dostların da, guya ki, bir-birindən inciyib növbəti küsülülükləri...
Və növbəti məclis qurmaq, yenə bir yerə yığışıb yeyib-içmək, badə toqquşdurmaq üçün səbəb: "küsülüləri” barışdırmaq...
Ancaq o keçəndəfəki məclisdə köhnə dostlar həqiqətən bir-birindən inciyib ayrıl­dı­lar. Hər ikisi ürəklərində bir-birlərindən küsdü. Gecədən xeyli keçmiş yatıb yuxusunu alan, məstliyi də keçib gedən böyük dost özünə gələndə pərişan oldu; deyəsən, xətrinə dəydim.
Əvvəlcə özünü qınadı, sonra da aranı qızışdıranları.
Balaca dost da gecənin bir aləmi xeyli narahat olub yerinin içində o yan, bu yana çox çevrildi: – Paho, deyəsən, bu dəfə bəmdən zilə yaman qalxdım... Yəqin incidi məndən...
Beləcə narahat-nigaran fikirlər içində sə­həri dirigözlü açan köhnə dostlar öz-özlərinə təsəlli verib toxtadılar; dostlar barışdırar... Bir neçə gündən sonra bir dostun ad günündə bir yerdə olacaqdılar.

***
Tərslikdən iş belə gətirdi ki, gözlənilən o ad günü baş tutmadı. Dostlar bir yerə yığışa bil­mədi.
Hər gün görüşən dostlar bir həftə idi ki, bir-birlərinin üzlərini görmürdülər. Aradan günlər keçdikcə bir-birlərinə qarşı qəlblərin­də­ki umu-küsü yavaş-yavaş incikliyə çevrilirdi.
- Mən nə dedim ki, belə xətrinə dəydi. Nə bilim ki, körpə bəbəymiş...
- Demə, tanımamışam onu... Nə biləydim ki, belə dəymə-düşərmiş...
Ürəklərində pıçıldadıqlarını sonra dost-tanış yanında, ayrı-ayrılıqda yadlar arasında da ucadan dilə gətirdilər...
Yadlar da birinin üstünə beşini qoyub dillərini dinc qoymadılar...
Köhnə dostları barışdırmaq fikrinə düşən­lər tapılsa da, araçılıq etməyə cəsarət etmədi­lər. Fikirləşdilər ki, gecdir, sözləri yerə düşər...

***
Günün şər qarışan bir çağında, adamların işdən çıxıb evlərinə tələsdikləri bir vaxtda göy guruldadı, buludlar toqquşdu, bir leysan baş­ladı ki, adamlar əlbəəl pərən-pərən düşdülər. Yağış elə tökürdü ki, heç kim başını qaldırıb irəli addım atdığı qarşısına baxa bilmirdi. Adamlar elə bil korafəhm qabağa tələsirdilər.

***

Birdən bir-birlərinə dəyib necə toqquş­dularsa onlara elə gəldi ki, deyəsən, ildırım vurdu, hər ikisinin göz­lərindən qığılcım çıxdı. Elə bir zərblə toqquş­muşdular ki, səntirləyib az qala yıxıla­caqdılar. Axır ki, özlərinə gəlib ya­ğışdan başlarını qaldırmadan səslərinə güc verdilər:
- Korsan?
- Korsan?
Səslər hər ikisinə tanış, doğma gəldi. Elə buna görə də başlarını qaldırıb bir-birlərinin üzünə baxdılar. Dərhal da hər ikisi öz yoluna, əks tərəfə tələsdi.
***
İki-üç addım atıb dayandı, yağış onu islat­sa da yerindən tərpənmədi. Geri boylandı. Onunla toqquşan adam da leysan yağışın altın­da eləcə dayanıb durmuşdu.
Göydə ildırım çaxsa da, leysan daha da gurlaşsa da heç biri indi bunlara məhəl qoy­mayıb yağışdan qaçmaq, yollarına davam et­məyə tələsmirdilər. Bir-birinə baxa-baxa qal­mışdılar. Elə bil çaxan ildırım aralarındakı neçə illik xatirələrə işıq salmışdı...
***
Yağış altda beləcə nə qədər durduq­larından xəbərləri olmadı. Bir də onda ayıldılar ki, yağış onları islahatdan çıxartsa da bir-birlərinə tərəf qaçıb qucaq­laşıblar. Elə bil? bir-birlərinin ürəklərindən ke­çən səsləri də eşidirdilər: "Bizi bir-birimizdən başqa heç kim barışdırmayacaq...”
Hər ikisinin yanaqlarından su süzülürdü. Heç bilmirdilər ki, göz yaşlarıdır, yoxsa yağış damcıları. Heç bunun fərqində də deyildilər.

Aydın Tağıyev
banner

Oxşar Xəbərlər