• çərşənbə axşamı, 16 aprel, 13:17
  • Baku Bakı 19°C

Yadındamı, ötən günlər...

08.11.17 13:00 6129
Yadındamı, ötən günlər...
«O, təkcə Azərbaycan estradasını deyil, həm də bütövlükdə musiqimizi yüksəklərə qaldırmışdı. Onun ifaçılıqda fərdi üslubu vardı...» Xalq artisti Oqtay Ağayev haqqında həmkarlarının səsləndirdiyi bu fikirlər müğənninin yaradıcılığına olan dinləyici məhəbbəti ilə üst-üstə düşür. Oqtay Ağayevin həzin-həzin, şirin səslə oxuduğu mahnılar hələ də qulaqlarda səslənir. Televiziya və radionun qızıl fondunda saxlanan mahnılar hər dəfə səsləndikcə dinləyiciləri ötən günlərə qaytarır, onlara xoş bir nostalji yaşadır. Sanki insanlara müğənninin bənzərsiz səslə oxuduğu "Yadındamı, ötən günlər” mahnısını pıçıldayır...
200-dən çox mahnı
Oqtay Ağayev Bakıda doğulub. Babası Ədalət Partiyasının sədri olub. 1937-ci ildə partiyanın digər üzvləri kimi o da SSRİ-nin Komi bölgəsinə sürgün edilib. Digər "xalq düşmənləri” kimi onun da ailəsinin başına müsibətlər gəlib. Bütün var-dövlətləri, evləri əllərindən çıxandan sonra Bəhram Ağayevin ailəsi babalarının İçərişəhərdəki evində qalmalı olublar.
O.Ağayevin uşaqlıq illəri müharibə dövrünə təsadüf etdiyi üçün ağır keçib. Musiqini uşaqlıqdan sevən O.Ağayev1953-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub. Müəllimi Sofya İvanovna Xalfen özü də müğənnilik edib. 78 yaşlı qadın Oqtaya vokalın sirlərini öyrədib, onun vokalist kimi inkişafı üçün çalışıb.
Hərbi xidmətdən qayıdandan sonra O.Ağayev Firudin Mehdiyevin sinfində təhsilini davam etdirib. Firudin Mehdiyev konservatoriyada Bülbülün sinfini bitirmişdi və texnikumda dərs deyirdi. O.Ağayev Azərbaycanda olan iki böyük estrada orkestrinin hər ikisində solist kimi fəaliyyət göstərib. 1970-ci ilə qədər Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyi ilə Radio və Televiziya Estrada Orkestrinin solisti olub. Müğənni 1962-ci ildə bu orkestrlə Kreml Sarayında çıxış edib. O.Ağayev ümumilikdə Kreml Sarayında 11 konsert verib.
Müğənninin yaradıcılıq yolu 1958-ci ildə "Qaya” kvartetendən keçir. O, həmçinin bir çox xarici ölkələrə qastrola çıxıb və demək olar ki, keçmiş SSRİ-nin bütün ölkələrini gəzib.
O.Ağayevin "O qızı tapın”, "Dağlarda döyüş”, "Şərikli çörək” filmlərində ifa etdiyi mahnılar həmişə yaddaşlardadır. Bu filmlər hər dəfə ekrana gələndə tamaşaçılar onun əvəzolunmaz ifasını yenidən eşidir, səsinin təkrarsızlığını yenidən hiss edirlər. Müğənni, həmçinin Vaqif Mustafayevin "Yapon” və yaponiyalı” filmində milis rəisi rolunda çəkilib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb.
Balaca Rəşid
«70-ci illərdə mən Mahnı Teatrının rəhbəri olanda, Oqtay Ağayev də bu teatrın solisti idi» - deyə Xalq artisti Faiq Sucəddinov xatırlayır: "Oqtay Ağayevin özünəməxsus səsi vardı. Səsi bir qədər az idi, amma estrada müğənnisinə geniş səs lazım deyil. Oqtayın böyük zövqü vardı və bu zövqü onun mahnılarını dinlədikcə hiss etmək olur. Mənə elə gəlir ki, onun ifasını heç kimlə qarışdırmaq olmaz». O.Ağayevin həmkarları arasında «Sərçə» ləqəbi ilə tanındığını deyən F.Sucəddinov danışır ki, müğənnini, həmçinin «balaca Rəşid» adlandırıblar: «Bu adı ona bənzərsiz ifasına görə vermişdilər. Oqtayın, həmçinin yaxşı yumor hissi vardı. İnsanlarla münasibəti də yüksək səviyyədə qurmağı bacarırdı». F.Sucəddinov Oqtay Ağayevlə bağlı unutmadığı bir xatirəni də danışır: «Moskvada Azərbaycan mədəniyyət ongünlüyü keçirilirdi. «Sizdə Rəşid Behbudov var. O əsil bülbüldür”- deyə moskvalılar söyləyirdi. Biz də «Bülbülün yerinə «Sərçə» gətirmişik» dedik. Oqtay həmin konsertdə doğrudan elə bir ifa nümayiş etdirdi ki, aramsız alqışlarla qarşılandı. Onun zəngin repertuarı vardı. Oqtay həm xarici, həm Azərbaycan, həm də sovet bəstəkarlarının mahnılarını böyük məharətlə oxuyurdu. Rus dilini yaxşı bildiyi üçün rus dilində mahnıları gözəl səslənirdi. Ona görə də SSRİ-nin bütün ölkələrində onu tanıyır və sevirdilər. Rəşid Behbudovun xatirəsinə hörmət olaraq oğlunun adını da Rəşid qoymuşdu. Oqtay Ağayev ömrünün sonuna qədər oxudu. Çünki o, səhnəni sevirdi».
Səsin faciəvi sonluğu
Xalq artisti Flora Kərimova da həmkarı haqqında xatirələrinə Moskvanın Sütunlu salonunda keçirilən Azərbaycan mədəniyyət günlərindən başladı: «O vaxt Azərbaycan incəsənətinin vaxtaşırı hesabat konsertləri keçirilirdi. Bütün respublikalar üzrə bu cür konsertlər təşkil olunurdu. Azərbaycan incəsənəti də özünün ən üzdə olan, səsi qəbul edilən müğənniləri ilə həmin konsertdə təmsil olunurdu. Təbii ki, bu sırada Rəşid Behbudov kimi müğənnilər vardı. Oqtay Ağayev də həmin konsertdə iştirak etdi. O, Rəşid Behbudov kimi böyük sənətkarın qarşısında səhnəyə çıxmağa utanırdı. Amma onu məcbur etdilər, o da səhnəyə çıxdı. Oqtay «Camayka» mahnısını oxudu. Təxminən 8-9 yaşlı uşağın ifası hamını heyran etdi. Onun ifasından sonra tamaşaçılar dayanmadan alqışladılar. Oqtay məcbur olub ikinci dəfə səhnəyə qayıtdı və eyni mahnını ifa etdi. Yenə də eyni alqışlarla qarşılandı. Tamaşaçılar onu səhnədən buraxmaq istəmirdilər. O dövrdə Oqtayın bütün konsertləri belə anşlaqla keçirdi».
F.Kərimova danışır ki, elə o vaxt da Oqtay Ağayevin «Qaytar eşqimi», «Ötən günlər» kimi mahnıları dillər əzbəri olub. Müğənninin repertuarını dinləyicilərin sevdiyi, hər zaman eşitmək istədiyi mahnılar bəzəyib: "O zaman estrada musiqisi Azərbaycanda ən yüksək zirvəsinə çatmışdı. Azərbaycanlı ifaçılarının mahnıları ilə bərabər ifa etdikləri saksofon, truba və s. alətlər də ittifaq ölkələrinin dinləyiciləri tərəfindən rəğbətlə qarşılanırdı. Bizim ifaçılarımızı təkcə SSRİ-də deyil, onun sərhədlərindən kənarda da tanıyırdılar. Oqtay Ağayev də onlardan biri idi”. F.Kərimova deyir ki, Oqtay Ağayev kimi ifaçıların yoxluğu ilə ifaçılıq mədəniyyəti, estrada ifaçılığı xeyli cılızlaşıb: "Muğamdan başqa heç bir janrda o səviyyəni qoruyub saxlaya bilmədik. Təkcə muğam öz sütununu qoruyub saxladı. Təəssüf ki, estrada bunu edə bilmədi. Bu sahənin təmsilçiləri bir növ pul ovuna çıxdılar. Nəticədə sənət yaddan çıxdı, musiqi haqqında heç kim düşünmədi. Ancaq Oqtay Ağayev kimi sənətkarlar sənəti qoruyub saxlayırdı. Onlar üçün sənət müqəddəs idi”.
F.Kərimova ömrünün son illərində O.Ağayevin çətin sosial durumda yaşadığını kədərlə xatırlayır: «Oqtay məcbur olub Aktyorlar evində mühafizəçi işləyirdi. Düzü, mən onu görəndə utanırdım. O bu vəzifədə işləyərkən də dünyasını dəyişdi. Bu, onun səsinin faciəvi sonluğu oldu...”
«Qoy konsertin sonunda oxusun»
Oqtay Ağayevlə Filarmoniyada işlədiyi illəri yada salan caz ifaçısı Cavan Zeynallı konsert fasilələri zamanı ifaçıların bir yerə yığışdığı bufetdə bütün tanınmış müğənniləri gördüyünü deyir: "Müğənnilər bir yerə yığışır, söhbət edir, çay içir, zarafatlaşır və gülürdülər. Oqtay Ağayev də onların arasında olurdu. Çox arıq olduğu üçün ona "Sərçə” deyib zarafatlaşırdılar: "Bir saatdan sonra möhkəm külək olacaq, evə get, yoxsa külək səni aparar” deyəndə, özü də zarafatdan incimirdi. O, məclislərdə həmişə sakit oturur və qulaq asırdı. Bəzən də elə bir söz deyirdi ki, hamı gülməyə başlayırdı. Onun maraqlı zarafatları vardı”. Oqtay Ağayevin özünəməxsus ifası olduğunu deyən C.Zeynallı onun ifasının şirinliyini, ürəyəyatımlılığını qeyd edir: "Oqtay çox şirin oxuyurdu. Tamaşaçılar onu sevirdilər. Təsəvvür edin, hər dəfə səhnəyə çıxanda, qaça-qaça mikrofona yaxınlaşırdı və oxumağa başlayırdı. Bu, onun tərzi idi. Onun səhnədəki hisslərindən, hərəkətlərindən, mimikasından biz zövq alırdıq. Hər dəfə də ifasından sonra gurultulu alqışlar səslənirdi. Biz birlikdə bir neçə dəfə konsert vermişik və həmişə onun ifasına olan böyük sevginin şahidi olmuşam».
C.Zeynallı Oqtay Ağayevin əvvəllər «Qaya» ansamblında çalışdığını da yada salır: «60-cı illərdə Oqtay «Qaya»da da oxuyurdu. Ancaq o, sonradan solo ifa ilə məşğul olmaq istədi. Ona görə də ansambldan ayrıldı. Bütün ansambllar da onu dəvət edirdi. O, bir müddət televiziya və radionun orkestrində çalışdı”. 1967-ci ildə Moskvada keçirilən Azərbaycan ongünlüyü C.Zeynallının da xatirindədir: "Konsert proqramındakı ifaları izləyəndən sonra SSRİ mədəniyyət naziri «Qoy Oqtay Ağayev konsertin sonunda oxusun» dedi. Bu, əslində bir müğənniyə verilən yüksək qiymət idi. Bu, əsil təntənə idi. Çünki o zaman konsertlərin sonunda ən tanınmış müğənnilər oxuyurdu. Müslüm Maqomayev, Rəşid Behbudov kimi müğənnilər konsertlərə yekun vururdular. Oqtay Ağayev də sonda oxuyacağını eşidib çox sevindi. O, qastrollara çox gedirdi və ifası bütün SSRİ-də sevilirdi».
C.Zeynallı danışır ki, o zaman Oqtay Ağayevi təqlid edən, ifasını ona oxşatmağa çalışan çoxlu gənclər vardı: «Onlar öz mahnılarını oxuyanda Oqtaya oxşamağa çalışırdılar. Ancaq onların heç birisi Oqtay Ağayev olmadı. Çünki Oqtay Ağayev öz sənəti ilə estradada fərqli bir cığır açmışdı. Bu yolla yalnız o özü gedə bilirdi. O, özünü heç kimə oxşatmırdı, öz yolu vardı. Sənətdə özünü tapmaq çətin işdir. Oqtay Ağayev təkcə estradada deyil, ümumən Azərbaycan musiqisində özünü tapmışdı. O, sənətdəki sanbalını qoruyub saxlayırdı”.
Ürək-damar xəstəliyindən əziyyət çəkən Oqtay Ağayev 2006-cı il noyabrın 14-də vəfat edib (noyabrın 7-si isə müğənninin doğum günüdür). Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında vida mərasimi keçiriləndən sonra Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Dinləyicilərə qalan isə müğənninin təkrarsız səslə oxuduğu mahnılardır. Daim qulağımızda səslənən şirin və həzin mahnılar...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər