• çərşənbə axşamı, 19 mart, 08:04
  • Baku Bakı 8°C

Yaddaşın ağrıları və…

19.06.17 11:25 8237
Yaddaşın ağrıları və…
İstedadlı yazıçı Mustafa Çəmənlinin yaradıcılığının ana xəttini yaddaş və ondan irəli gələn vətəndaş duyğu-düşüncələrinin ideya-bədii əksi təşkil edir. Məsələn, onun "Xallı gürzə” romanında Qarabağ, yeraltı və yerüstü sərvətləri ilə bu "rəngin və zəngin” (M.Hadi) diyar, həmçinin Qarabağ xanlığının bərqərar olması, Pənahəli xanın quruculuq tədbirləri və xanlığın, onun yerləşdiyi həm də strateji cəhətdən xüsusi əhəmiyyətə malik Şuşa, Əsgəran qalaları ətrafında cərəyan edən siyasi hadisələrdən, məkrli həmlələrdən qorunma cəhdləri ilə bağlı həyata keçirdiyi müxtəlif xarakterli – siyasi, iqtisadi, hərbi-strateji, diplomatik və s. tədbirlər xallı gürzənin "yaddaş gözü ilə” oxucu nəzərində canlandırılır. Tarixin yaddaş səhifəsinin hər vərəqi çevrildikcə oradakı quruculuq, ayıq diplomatik işlərinə rəğmən zaman-zaman qaçırılan fürsətlərin doğurduğu ağrının zindan ağırlığı altında Xalı gürzə qəzəblə yığılıb açılır, fısıldayır. Bu fısıltılardan yüksələn qəzəb dalğaları oxucu varlığını qarsır, vətəndaş ruhunu qovurur. Ədibin "3 yaşlı əsir” (povest və hekayələr) (B.2016) kitabında toplanan müxtəlif janr və ölçülü əsrələrin də aparıcı leyitotivi milli-tarixi yaddaş və onun doğurduğu çağırış ruhlu çoxçalarlı duyğular, düşüncə və qənaətlər təşkil edir.
Kitabdakı "3 yaşlı əsir” povesti "Axşamın şər vaxtı erməni əsrgərlərinin işğal ərazisindən atılaraq cəbhənin beş yüz metrliyində yerləşən Qaraqaşlı kəndinin səksən beş yaşlı sakini Qaratel müəllimənin budunu parçalayan düşmən gülləsinin Şakirin yaddaşında doğurduğu düşüncələrlə başlayır. Şakir aldığı qəfil güllə yarasının ağrısından qıvrılan, dişini-dişinə sıxan səksən beş yaşlı anasının çəkdiyi işgəncə və ağrılardan keçirdiyi övlad yanğısının qəzəbini sanki təkcə Qaratel müəllimənin deyil, bütövlükdə ürəyiyuxa, rəhmdilliyimizin ifrata varmasından irəli gələn milli yaddaşsızlığın üstünə tökür. Çünki onun qənaətinə görə, Qaratel analarımıza dəyən güllələri söz yox ki, onların vaxtilə – 25 il əvvəl, 1992-ci ildə həmin "ürəyiyuxalıq, rəhmdillik”lə körpənin nə günahı, qənaəti ilə bağrlarına basaraq iki ay saxladıqdan sonra anası Siranuşa təhvil verdikləri erməni Sergey və sergeylər atmışdır. Şakirin öz anası Qaratel müəlliməyə verdiyi qəzəb yanğılı suallar, ona etdiyi qınaqlar, Dəllək Qənərlə üç yaşlı "əsirin” – Sergeyin anası Siranuş arasındakı sorğu-sual çox mətləbdən, yaxın tariximizin müəyyən səhifələrindən xəbər verir. Bu tipli çağırış dolu xatırlamalar öz işığını getdikcə tarixin daha uzaq qaranlıqlarına salır; Şakirin Mingəçevirdə yaşayan Səfər dayısı saxta "sosialist beynəlmiləlçilik” təbliğatının toruna düşüb erməni qızı Anya ilə nigah qurmuşdur. Azadlıq hərəkatı zamanı həmin hərəkatın Mingəçevirdəki mitinqlərində fəal iştirak edən Səfərin Anya ilə olan nigahı bəhrəsiz olsa da, pozmağa, Anyanın təklifinə baxmayaraq, ayrılmağa onun "ürəyiyuxalığı, humanistliyi” yol vermir. Nəticədə yeni baxışların ağırlığından yaxa qurtarmaq ümidi ilə vətəndən uzaqlarda nisgilli bir ömür sürməyə məhkum olur. Qaratel xanım öz qardaşının aqibətindən yana intizar çəkir.
Rusiyanın ucqarlarından digər cavan sənaye şəhərləri kimi Mingəçevirə də rus qızları köçürülmüşdü. Azərbaycanlı oğlanların həmin qızlarla keçirdikləri "sevgi macəraları”nın çoxu müxtəlif xarakterli şəxsi və ya sosial-mənəvi problemlərlə nəticələnirdi… Yataqxana – otaq yoldaşı Rahim Ağdaşlının bütün bu və digər məsələlərə ciddi münasibəti və qəti mövqeyi Şakiri bu cür fəlakət uçurumlarından birinə yuvarlanmaq ehtimalından xilas edirsə, sovet imperiyasının məqsədyönlü şəkildə bütün keçmiş SSRİ-də həyata keçirdiyi "vahid sosialist milləti” yaratmaq siyasətinin qurbanı və həmin nigahların hibrid törəmələri az olmur…
Eyni zamanda imperiyanın "vahid sosialist milləti” yaratmaq siyasətinin aqibətinin uğursuzluğunu keçmiş SSRİ vətəndaşlarının yaşadığı "qardaş xalqlar” cəmiyyətinin aborigen nümayəndələri əksərən pataloji nifrətlə qarşılayırlar. Bu sövq-təbii sosiaol-psixoloji müqavimətin ibrətamiz epizodlarından birini Şakirin əsgərlik yoldaşı Qafqazın üsyankarlığında və acınacaqlı taleyində görürük…
Şakirin şahidi və iştirakçısı olduğu bu cür hadisə və əhvalatlar onu Bakıda kirayə qaldığı evin qızı olan erməni Susannaya olan duyğu və hisslərinin önünə sədd çəkir. Şakir onunla tək qalanda qabağında qızılgül kolu kimi bitib, yanaqları xəfifcə qızararaq, dolaqları bir şirin öpüş üçün səyriyən Susanna ilə eşq macərası keçirə bilərdi. Ancaq cürbəcür hisslər və düşüncələr onuqoymur, yaddaşın və vicdanın səsi qarşısını kəsirdi. O, "qızla qarşılaşanda bədəni od tutub yansa da özünü ələ alırdı. Elə bil onu sevməkdən qorxurdu. Çünki anasıgili vaxtilə (1948-də – A.B.) Susannanın mənsub olduğu xalq doğma yurdlarından didərgin salmışdı. O hadisədən illər keçsə belə anası (Qaratel – A.B.) bu haqsızlıqla barızmamışdı. Dayısının (Səfərin – A.B.) erməni qızı ilə evlənməyi ona dərd olmuşdu, bu azmış kimi, Şakir də erməni qızı ilə evlənsəydi, arvad yəqin hikkəsindən yorğan-döşəyə düşərdi. Buna görə də Şakir saf bir qızın təmiz, bakirə hissləriylə oynamaq istəməmişdi…” Əsərdə göründüyü kimi, ermənilərin Azərbaycan xalqına qarşı məkrli və düşmən əməllərindən Susanna da xəbərdardır. Ona görə istər-istəməz Şakirin onunla özü arasında, çox çətinliklə də olsa məsafə saxlamağının səbəbləri ilə hesablaşmalı olur.
Şakirin Susanna ilə ünsiyyətində həm vicdani saflığı, həm də digər keyfiyyətləri, o cümlədən hisslərin deyil, ağılın səsinə üstünlük verməsinə yazıçının bəraəti belədir: "Bəzi adamlar bütün gözlənilməz sədləri ona görə aşırlar ki, sabahı düşünmürlər. Ehtiras sönəndən sonra keçiriləcək peşimançılıq hissini, müqəddəs duyğuları ayaq altına alıb tapdalayırlar”. Bütün bu sədləri keçib, sonra da "məhəbbət oğrusu” kimi aradan çıxmağı kişilikdən hesab etməyən Şakir kirayənişin olduğu növbəti həyətdə bu cür səhvlərdən birinin acısını yaşayan Atababa kişi ilə həftədə bir dəfə qadınlıq izzət-nəfsinin tapdalandığına dözməyə məhkum olan "dolubədənli, qaraqaş, qaragöz ev sahibəsinin” keçirdikləri mənəvi-psixoloji yaddaş ağrılarının şahidinə çevrilir…
Şakirin saflığı, vicdani təmizliyi onun tale yoluna ucaboylu, xurmayı saçlı, "dodağı təbəssümlü” bir qismət çıxarır və "…bu get-gəlin sonu toyla bitir”.Povestdə 3 yaşlı əsir uşağın kəndə gətirilib himayə edilərək sağ-salamat ata-anasına verilməsinədək həm kənd sakinlərinin, veteran və əlil düşmüşlərin, həm Teymurun cəbhədaşlarının, həm də erməni tərəfin göstərdiyi dərin psixoloji gərginlik, qəzəb, iradi dayanıqlıq, mərhəmət və əlacsızlıqdan doğan peşimanlıq səhnə və duyğularının çalarları da sənətkar həssaslığı, yazıçı-vətəndaş mövqeyi ilə təsvir və təqdim edilmişdir. Həmin ağrılı və gərgin səhnələrdə bütün baş verənlərin, cərəyan edən proseslərin imperialist qüvvələrin məkrli, siyasi oyunlarının nəticəsi olduğu, Teymurun da, digər şəhid, əlil və deportasiyaya məruz qalanların da… həmin proseslərin əlacsız, qeyri-iradi iştirakçısına çevrilmələrinin dərki və bütün bunlara qarşı kəskin qəzəbdolu üsyankar münasibətlərinin təsviri zamanı yazıçının vətəndaşlıq mövqeyi, hadisə və proseslərin sosial-siyasi dərkinin obyektivliyi də diqqəti cəlb edir. Hadisə və proseslərin yaddaş ağrılarının ağırlıq mərkəzində duran Şakir başa düşür ki, Qaratel müəlliməyə dəyən güllənin zaman məsafəsi daha uzaqdır, bu məsafə bizim "ürəyiyuxalıq və humanistliklə” insanlıq, dəyərləri ilə süslənmiş milli bəşəri əxlaqi dəyərlərimizin heç də hamı tərəfindən birmənalı qarşılanmadığı bir "məkandan”, 1948-ci ildən, mən deyərdim ki, Azərbaycanın ikiyə bölünməsini sənədləşdirən "Gülüstan” və "Türkmənçay” müqavilələrindən gəlir. Azərbaycan varlığına, milli dəyərlərimizə tuşlanaraq, zaman-zaman "Gülüstandan atılan güllələrin” (Aslan Salmansoy) yaddaş ağrısı bizi daimi sayıqlığa, siyasi və diplomatik düşüncə sərvaxtlığına səsləyir.
Kitabda "Həyat hekayələri”, "Yaddaş çiçəkləri”, "Maraqlı əhvalatlar” və "Sənətkar etirafları” bölmələrində yer alan yazılar bütövlükdə Azərbaycanın əfsunkar təbiəti və onun ayrılmaz hissəsi olan insanın bütün bu cazibədarlıqları ən incə çalarlarına qədər duyub dəyərləndirən azərbaycanlının zəngin daxili dünyasının obrazlı təqdimidir. Həmin təqdimatlarda təbiət və insan dünyasının mənəvi-əxlaqi bənzərsizliyi, əxlaq və tərbiyə sistemi bütün koloriti, ibrətamiz yumor çalarları ilə canlandırılır. Təsvir və təqdim edilən bütün dəyərlər, təbiət və insan dünyasının zənginliyi də oxucunu həmin dəyrələrin qədrini bilməyə, bütövlükdə vətəni və milli-mənəvi dəyərlər sistemini hər hansı aşınmadan uzaq tutmağa, qorumağa təlqin edir, çağırır.
Alxan Bayramoğlu
filologiya elmləri doktoru, professor
banner

Oxşar Xəbərlər