• cümə, 29 Mart, 01:25
  • Baku Bakı 7°C

XX əsrin adamı, XXI əsrin qonağı - Fotolar

09.02.19 09:00 12940
XX əsrin adamı, XXI əsrin qonağı - Fotolar
"Bakı şəhəri vaxtılə məni xilas edib. Bunu heç vaxt unutmaram. Həyatımın müəyyən dövründə heç bir kinostudiyada mənə rol vermək istəmirdilər. Belə bir vaxtda məni işlə təmin edən yeganə kinostudiya "Azərbaycanfilm” oldu. Bu kinostudiyada çəkildiyim ilk ekran əsəri "Dərviş Parisi partladır” filmi oldu”. 84 yaşında dünyasını dəyişən məşhur rus və sovet aktyoru Sergey Yurski bu sözləri bütün müsahibələrində xatırlayırdı. O, artıq azərbaycanlılar üçün doğma aktyora çevrilmişdi. "Dərviş Parisi partladır” filmi onu bütün ittifaqda tanıtdı. Səmimi yumorla dolu film bütün ittifaqda tamaşaçıların rəğbətini qazandı. Ən xoşa gələn cəhət o idi ki, həmin film Azərbaycan dilinə dublyaj ediləndə S.Yurski öz qəhrəmanının rolunu özü səsləndirib. O, fransız ləhcəsi ilə Azərbaycan dilində yaxşı danışırdı. Bu filmin uğurundan sonra "Azərbaycanfilm” qapılarını bu istedadlı və səmimi aktyorun üzünə taybatay açdı: "Qorxma, mən səninləyəm”, "Günlərin bir günü” (1976, epizod), "Şir evdən getdi” (1977, ovçu), "Bir ailəlik bağ evi” (pristav), "Qara qağayı” filmlərində aktyora rollar verildi. O, həmçinin Azərbaycanın şəhərlərində qastrol səfərlərində, tamaşalarda, solo konsertlərdə iştirak edirdi. Aktyor teatr truppasının tərkibində ümummilli lider Heydər Əliyevin qəbulunda da olmuşdu. Sergey Yurski həmin görüşü həmişə səmimiyyətlə xatırlayırdı.
Qadağalara məruz qalanda

Sergey Yurski maraqlı və çətin keçən həyat yaşayıb. Leninqrad (indikiSankt-Peterburq) şəhərində anadan olan Sergeyin atası Yuri Yurski teatr aktyoru və rejissoru, sirk rəhbəri, anası Yevgeniya Yurskaya isə musiqi müəlliməsi olub. Yurski təxəllüsü əslində Sergeyin atasının idi. Onların əsl soyadı Jixaryovdur.Uşaq yaşlarında incəsənətə sevgisi olan Sergeyi valideynləri bu həvəsindən çəkindirməyə çalışıblar.

O, valideynlərinin təsiri ilə A.Jdanov adına Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alır. Gələcək aktyor həmçinin universitetin dram dərnəyində də məşğul olmağa vaxt tapır.Universitet səhnəsində hazırlanan tamaşalarda Sergeyə bir-birinin ardınca müxtəlif rollar verilirdi.Nəticədə, o, bu ali məktəbdəki təhsilini yarımçıq qoyur. Tez-tez teatr dərnəklərinə gedən Sergey bu sənətdən ayrı qala bilməyəcəyini başa düşür. Sergey 3-cü kursda hüquq fakültəsini tərk edərək Ostrovski adına Leninqrad Teatr İnstitutuna daxil olur. 1959-cu ildə isə bu ali məktəbi bitirir.

Elə gənc yaşından başlayaraq Yurski kino və teatrda müxtəlif rollar oynayır və tezliklə də tamaşaçılar tərəfindən tanınır.

O, 1957-ci ildən 1979-cu ilədək Leninqraddakı Maksim Qorki adına Böyük Dram Teatrının aktyoru olub. Burada çalışdığı zaman aktyor bəzi qadağalara məruz qalıb. Məşhur dissident Aleksandr Soljenitsenlə dostluq etməsi ona baha başa gəlib. Nəticədə SSRİ Mədəniyyət Nazirliyi Sergey Yurskiyə bir müddət televiziya ekranlarında görünməyi qadağan edib, rejissorlara isə ona rol verməmək tapşırılıb.O zaman gənc aktyorun harayına Bakının kino mühiti çatıb.

Qadağalarla üzləşdiyi günləri Yurski beləxatırlayırdı: "Demək olar,beşil mən bağlı qapılar arxasında yaşadım.Nəhayət, Moskvaya köçməyi qərara aldım. Moskva teatrında məni vəxanımım Natalya Tenyakovanı qəbul edirdilər, ancaq sonra nazirlik səviyyəsində deyirdilər: «Belə fikir var ki, sizin gəlişiniz arzuolunmazdır.Yəqin ki, hər şeyi başa düşürsüz».Bu münasibətdən sonra Yurski ona əziz olan rolları və tamaşaları buraxıb, birestradaproqramı hazırlayır.Bir qədər qorxu və risk qarşısında qalan aktyor tək-tənha Maqnitoqrsk, Kamçatka, Çukotka və Sarapulyevə «səyahətə» çıxır.Babel, Pasternak, Mandelştam, Bunin, Şukşin və Şekspirin əsərlərindən ibarət proqram hazırlayıb zəhmətkeşlər qarşısında çıxış edir."Müxtəlif şəhərlərdə olmağıma baxmayaraq, qorxu məni tərk etmirdi.Mən yalnız səhnədə bu qorxunu unudurdum”- deyə aktyor qeyd dəftərçəsində yazırdı.

Yurski Leninqrad şəhərini tərk edərək, Moskvaya köçür və Mossovet adına Teatrda çıxış etməyə başlayır. Bütün çətinliklərə və maneələrə baxmayaraq, o, Rusiyanın qabaqcıl teatr və kinoxadimlərindən biri kimi tanına bilir.

Rahatlıq incəsənətdə ziyanlı şeydir

Aktyor özünü 20-ci əsrin adamı və 21-ci əsrin qonağı adlandırırdı. "Keçmişə qayıtmaq istərdinizmi?” sualına belə cavab verirdi: "Sosializm qurtarıb. Bizdə kapitalizm var və onu müzakirə etmək lazımdır. Biz elə bil ki, həmişə keçid dövründə yaşayırıq. Siz məndən soruşa bilərsiniz ki, mən nə vaxt daha rahat yaşamışam? Rahatlıq incəsənətdə insan üçün ən ziyanlı şeydir. Rahatlıq – bu o deməkdir ki, sən incəsənətlə yox, alverlə məşğulsan. Məsələn, sözün daha dəqiq mənasında özünlə alverlə. Necə etmək lazımdır ki, daha çox az qüvvə sərf etməklə iş görəsən? İncəsənət hazırda həqiqətin axtarışı adlanır. Ancaq indi ticarət münasibətləri incəsənətə də gəlib. Bu gün zalları fasiləsiz doldurmağa ehtiyac yaranıb”. Baxmayaraq ki, aktyorun öz tamaşaçısı vardı, səhnəsinə çıxdığı və ya tamaşasına quruluş verdiyi teatrların salonu boş olmurdu, onun işində sovet dövrü incəsənətinin nostaljisi yaşayırdı: "Mən bu yaxınlarda doğma Piter teatrının Moskvada qastrol tamaşasına baxdım. Köhnə dostlarım Oleq Basilaşvilini və Alisa Frendlixi gördüm. Mənim düşüncəmdə əsil teatr bu idi. Ancaq bu, elə Piter teatrının özündə də çox nadir hallarda baş verir. Bu cür hərəkətlər insanı ovsunlayır. Mən yalnız belə teatrla yaşayıram, yalnız belə teatrla məşğul oluram və yalnız belə teatrı qiymətləndirirəm”.

Sergey Yurskiaktyor olmaqla yanaşı, həm də rejissor və ssenarist idi. O, ömrünün axırına qədər Mossovet adına Teatrı ilə yanaşı, həm də Çexov adına Moskva Akademik Teatrı və "Müasir pyes məktəbi”ndə çalışırdı.Bir sıra teatr tamaşasının rejissoru idi.

Rusiyanın Xalq artistinin ölümü sənətsevərləri xeyli məyus edib. Hələ keçən ilin sonlarında onun xəstəxanada yerləşdirilməsi haqqında məlumatlar yayılmışdı.

"Onun əsas xüsusiyyəti - unikallıq idi. Bu xüsusiyyətinə görə o, bəzən əziyyət çəkirdi, amma bəzən də elə bu unikallığına görə xalqın sevimlisi idi. Yurskinin teatrda da, kinoda da öz taleyi vardı. Onun filmoqrafiyasında təsadüfi rollar tapmaq çətindir”- deyə Rusiya mətbuatı sevimli aktyorun ölümünə həsr edilən məqalələrdə yazır: "Onun konsertləri xüsusi hadisə idi. Rejissoru, aktyoru, müəllifi olduğu və özünü oynadığı "Bir aktyorun teatrı”. O səhnəyə çıxanda insanların üzündə yaranan maraq və sevgini görmək lazım idi”.

"Sizdə bu gün üçün nəsə yaratmaq arzusu baş qaldırmırmı?” sualına aktyor belə cavab verirdi: "Bu arzu təkcə məndə baş qaldırmır. Mən hərdən yüngül vodevillər qoyduğuna görə çalışdığım teatrı və başqa teatrları qınayıram. Bunlar xırda şeylərdir, insanları yalnız əyləndirir. Əxlaqa sığmayan bu qəbil tamaşaları səhnədə görmək insana əzab verir. Bəlkə də bütün bunlara hazırda heç birimizdə olmayan boş vaxtlarda baxmaq olar. Mən indi nə etmək istərdim? Zarafatlaşmaq. Ona görə ki, ətrafda bu qədər mənfiliklərin olduğu vaxtda ciddiliklə dərs keçmək mənasız işdir. Yeganə çarə bütün bunları zarafatla əvəzləməkdir. Bu ruhda çoxlu hekayələr yazmışam”.

Sovet kinosunun "Görüş yerini dəyişmək olmaz”, Məhəbbət və göyərçinlər”, "Qızıl buzov”, "Əlibaba və qırx quldur”, "ŞKİD Respublikası”, "Müdaxilə” və s. filmlərinin sevilən aktyoru həm də hökumətə qarşı sərt fikirləri ilə tanınırdı. İnsanlar onu asılı olmayan adam kimi sevirdilər. "Siz ölkəyə aid həqiqətləri deməkdən çəkinmirsiniz. Bu, həyatınıza mane olmurmu”- deyə maraqlanan jurnalistlərə aktyor belə cavab verirdi: "Televizorda bəzən dəhşətli şeylər göstərirlər: Ac ailələr, insanlıqdan uzaq şəraitdə yaşayan adamlar. Hələ üstəlik müzakirələr gedir ki, onlara kömək etmək lazımdır, yoxsa yox? Müəllimlərin maaşına 15 faiz əlavə etmək lazımdır, yoxsa yox? İnsanlar həmişə alçalma şəraitində yaşayırlar. Analıq kapitalı – bu, yalan söhbətdir: «Pulu filan şeyə xərcləməyin, boş yerə məsrəf etməyin». Kömək etmək istəyirsinizsə, bu pulu verin, qurtarsın getsin. Mənim ailəmdə ikinci uşaq var. Biz analıq kapitalı olmadan da bütün zəhmətkeş insanlar kimi yaşaya bilirik. Amma təhqiredici odur ki, kapital var, sənsə ona çata bilmirsən. Bax bu, pulun "qələbəsi”dir. Biri az pul ödəmək üçün özünə çoxlu kölə istəyir. Amma digəri isə özünün qalan həyatını sığorta etməyə çalışır. Bunlar həqiqətdir. Mən də bunları deməkdən çəkinmirəm. Nədən qorxacağam? Məni həbsxanaya salacaqlar?”

Sergey Yurski iki dəfə ailə həyatı qurub. 1961-ci ildə Zinaida Şarko adlı aktrisa ilə evlənən aktyor bu xanımla cəmi 7 il birgə yaşayıb. İkinci həyat yoldaşı da aktrisa olub.

"Həyat gözəldirmi?” sualı üçün aktyorun optimist cavabı vardı: "Çox gözəldir. Mən həyatın gözəllikləri haqqında keçmiş zamanda danışmağı sevmirəm. Çünki bu gün yaşadığımız hər dəqiqə də keçmişə dönəcək...”

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər