• cümə, 19 Aprel, 23:23
  • Baku Bakı 24°C

“Xoşbəxtliyi pulla almaq mümkünsüzdür”

09.09.14 11:48 8055
“Xoşbəxtliyi pulla almaq mümkünsüzdür”
Şövqi Hüseynov: “Ayıldım ki, Şəbnəmsiz mümkün deyil, biz gərək bir yerdə yaşayaq”
Şəbnəm Hüseynova: “Kişi pul qazanan, evin sahibi, başımızın böyüyüdür, ailəni idarə edən isə qadındır”

Müshaiblərimiz aktyor Şövqi Hüseynov və aktrisa Şəbnnəm Hüseynovadır. Hər ikisi Azərbaycan Gənc Tamaşaçılar Teatrında işləyir. Onlarla söhbətimiz nə səhnə, nə tamaşa, nə də professional işləri barədədir. Hüseynovlar ailəsi ilə onların on ilə yaxındır qurduqları ailələri, onu qala kimi necə qoruyub saxladıqları, xoşbəxtliklərinin sirri və s. barədə danışdıq...
Tanışlıqlarının tarixçəsi

Hər ikisi eyni işlə məşğul olduqarından tanışlıqlarının elə bir özəl tarixçəsi yoxdur. Şəbnəm xanım deyir ki, ilk dəfə Şövqini orta məktəbdə oxuyanda görüb. Belə ki, 10-cu sinifdə oxuyanda bacısı onu Bakı Kamera Teatrında tamaşaya qoyulan Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasına baxmağa aparır. Komediyada yer alan Şövqünü aktyor kimi məhz orada tanıyır. Amma təbii ki, ağlına da gəlmir ki, nə vaxtsa səhnədə gördüyü bu aktyorla yaxından tanış ola bilər. Həmin tamaşa Şəbnəmin həyatını da dəyişir. Belə ki, artıq ixtisas seçimi ilə bağlı qərar verir. Hansı universitetə, hansı fakültəyə girəcəyini də o vaxt müəyyənləşdirir. Hətta Bakı kamera Teatrının baş rejissoru Cənnət Səlimovanın kursuna düşməsə, 4 il yeni qəbulu gözləyəcəyinə də ürəyində söz verir. Üstündən 2 il keçir və Şəbnəm Dövlət Mədəniyyət və İncəsənət Universitetinə və məhz Cənnət Səlimovanın kursuna düşür. Aktrisalıq sənətinə yiyələnmək istəyən xanım öyrənmək üçün tez-tez müxtəlif festivallara, tamaşalara baxmağa gedir. Xüsusilə də Bakı Kamera Teatrında aktyorların məşqlərində iştirak edir. Burada tez-tez Şövqüylə rastlaşması onun üçün adi bir hal alır. Ikinci kursda oxuyanda isə təcrübə yığmaq üçün Bakı Kamera Teatrına müraciət edir və təcrübəçi kimi orada işləməyə başlayır. Məşqlərə gedə-gedə iş yoldaşı kimi Şövqi ilə tanışlıq, dostluq əlaqələri başlayır. Amma iş yoldaşı münasibətləri uzun çəkmir. Cəmi ay yarımdan sonra Şövqi ona ürəyini açır. Əksər qızlar kimi, Şəbnəm o dəqiqə “hə” cavabını vermir. Düz 1 il Şövqini müşahidə edə-edə fikirləşir, amma sonda istedadlı aktyor qarşı tərəfdən müsbət cavab ala bilir. Şəbnəmin sözlərinə görə, ilkin mərhələdə, Şövqinin yaxşı aktyor olması onu özünə cəlb edir : “Hər bir yaxşı aktyorun yanındakı qız, sevgilisi ilk növbədə onun fanatı, pərəstişkarıdır. Münasibət də elə başlayır. Ola bilməz ki, sən xoşuna gəlməyən aktyorla yol gedəsən. Sənətini sevməyəsən, amma “yaxşı oğlandır” deyib münasibət qurasan. Məndə də belə oldu. Amma 1-2 aydan sonra başa düşürsən ki, sənət sənətdir, sənətlə yaşamaq olmur, səhnə bitdi, həmin adam başqa adamdır, onun öz qayğıları, öz dünyagörüşü var. Səhnədə Avropasayağı qəhrəmanı oynayan aktyorun səhnə arxasında qatı mühafizəkar olduğunu görə bilərsən”.
“Şövqinin yaşda böyük olması məni cəlb etdi”

Şəbnəm səhnədə Şövqini bəyəndiyi kimi həyatda bəyənir. Dünyagörüşlərinin eyni olması, hər ikisinin ayrı-ayrı deyil, eyni nöqtəyə baxmaları onların münasibətlərini daha da möhkəmləndirir: “O vaxt İncəsənət Universitetinin tələbəsi kimi fanat vaxtlarım idi. Məni teatrdan başqa heç nə maraqlandırmırdı. Bəlkə də ilkin maraqlarımızın üst-üstə düşməsi bu ittifaqı möhkəmləndirdi. Ancaq Şövqinin yaşda məndən böyük olması məni xüsusilə özünə cəlb etdi. Bakı Kamera Teatrında işə düzələndə mənim 19 yaşım var idi və mən 27-28 yaşlı qız kimi fikirləşirdim. O, artıq professional aktyor, mən isə tələbə idim. Ətrafımdakı sinif yoldaşlarım, qrup yoldaşlarım olan oğlanlar danışanda gülməyim gəlirdi ki, uşaqdılar. Amma Şövqi həyatda çox çətinliklər görmüşdü, həyat təcrübəsi çox idi və bu, məni özünə cəlb edirdi”.
“Şəbnəmə gül alanda məni danlayırdı”

Şövqinin sözlərinə görə, evlilik təklifi etməsi üçün Şəbnəmdə hansısa xüsusi cəhət onu cəlb etməyib: “Məndə həyatda hər şey birdən olub. Bir də ayıldım ki, Şəbnəmsiz mümkün deyil, biz gərək bir yerdə yaşayaq. Bu fikir beynimə gələn kimi heç nəyi gözləmədən ürəyimi qarşı tərəfə aşdım. Nəyisə götür-qoy etmək, qızın arxasınca gedib onun kimlərlə danışdığını, oturub-durduğunu yoxlamaq mənə görə deyildi. Mənim aləmimdə söz, inam hər şeydən üstündür. Əsl aktyoru, rejissoru aldatmaq çox çətindir. Sənətimiz elədir ki, qarşımızdakının boğazdan yuxarı danışdığını o dəqiqə hiss edirik. Mən heç vaxt Şəbnəmin arxasınca güllə gedib dayanacaqlarda gözləməmişəm. Buna ehtiyac da olmayıb. Şəbnəm o cəhətdən mənə çox kömək edib. Qız var ki, deyir, balkonun altında mütləq mənə serenada çalmalısan. Amma Şəbnəmə gül alanda belə məni danlayırdı ki, bunu niyə almısan, xarab olub gedəcək. Mənim pulumun qədrini bilirdi. Bilirdi ki, ehtiyacım var, ala bilmirəm. Bir sözlə, bizim aramızda həqiqi hisslər olub, boğazdan yuxarı heç nə etməmişik”.
Hər şeyin dərmanı səbrdir

Bir-birlərinə getdikcə daha da bağlansalar da, evlənmək üçün gözləməli olublar. Ailə qurub yaşamaları, övlad dünyaya gətirmələri, onu normal şəraitdə böyütmələri üçün nə az, nə də çox, düz 6 il evlərinin olmasını gözləyiblər. Şəbnəmin sözlərinə görə, həyatda nəyəsə nail olmağın sirri səbrli olmaqdan keçir: “Mən Şövqini tanıyanda bizim gələcək üçün ümid edə biləcəyimiz heç nəyimiz yox idi. Bircə Şəhriyar adına Mədəniyyət Mərkəzinin 3-cü mərtəbəsində yerləşən Kamera Teatrının yerləşdiyi məkanımız vardı. Xüsusi görüş yerimiz belə yoxdu. Bizim görüş yerimiz də, vida nöqtəmiz də Kamera Teatrı idi. Amma intuitiv olaraq bilirdim ki, mənim nəzərdə tutduğum həyat olacaq, sadəcə, səbr etməliyəm. Mən onun beynini yeməkdənsə, pul qazanmağın lazım olduğunu deməkdənsə, səbr edirdim”.
Xanım müsahibimizin sözlərinə görə, qələbə onda çalınır ki, qadın səbrli olur: “Çünki ailəni qoruyan, saxlayan, hər şeyi həll edən qadındır. Qadın olmasa, hər şey məhv olur. Kişi pul qazanan, evin sahibi, başımızın böyüyüdür, ailəni idarə edən isə qadındır. Qadın olmasa, uşaqlar da ortalıqda qalıb tərbiyəsiz olurlar. Sərəncam verən kişilər, idarə edən qadınlardır. Buna görə də xoşbəxtlik deyilən şey qadın səbrinin hesabına qazanılmış olur. Amma onu da deyim ki, bizim xoşbəxtlik saydığımız amillər başqası üçün keçərli olmaya bilər. Məsələn, Şövqi ilə bir-birimizə 1 saatdan bir mütləq zəng edib nə etdiyimizi, harda olduğumuzu soruşuruq. Amma qadın var, deyir, ərim durmadan mənə zəng vurur, məni bezdirir. Mən bilirəm ki, Şövqi narahatdır ki, məni axtarır və bu zaman çox xoşbəxt oluram. Amma mənim normal saydığım bu amili başqa bir qadın anormal saya bilər”.
Mübahisə zamanı kim od, kim su olur?

Şövqi də xoşbəxt ailə kimi işlərinin, evlərinin və övladlarının olduğunu deyir. Amma ən başlıcası Şəbnəmlə bir-birlərini başa düşmələri onu xoşbəxt edir. Deyir ki, o şeyi ki, pulla almaq mümkündür, o artıq ucuzdur. Xoşbəxtliyin isə formulu yoxdur və onu pulla almaq mümkünsüzdür.
Etiraf edək ki, hər bir xoşbəxt ailədə belə, kiçik münaqişə, mübahisələr qaçılmazdır. Mübahisə zamanı isə həmişə Şəbnəm özünün su, Şövqinin od olduğunu deyir: “Mübahisə 2 gündən bir hamının evində olur. Amma indiyədək davamız olmayıb. Dava böyük sözdür, fikrimcə, dava etdinsə, gərək bir yerdə yaşamayasan. Bizdə mübahisə ən çox uşağın üstündə olur. Mən Ülviyə deyirəm nəyisə eləmə, o, deyir, qoy eləsin, yıxılsın, bir də etməyəcək. Belə şeylərin üstündə sözümüz çəp gələ bilər”.
“Şövqi qısqanmağıma şərait yaratmır”

Müsahiblərimiz eyni sənəti paylaşmağın müsbət tərəflərindən də danışdılar. Şövqi hesab edir ki, başqa sənət sahibi ilə ailə qursaydı, onun üçün də, qarşı tərəf üçün də çətin olardı: “Eyni işlə məşğul olduğumuza görə müzakirə edəcəyimiz mövzular var. Aktrisa olmayan həyat yoldaşının məni başa düşəcəyinə inanmıram. Bəzən evə məşqdən gecə 2-3-də gəlirəm, bu, ola bilsin, problem yaradardı. Amma eyni sənəti paylaşdığımıza görə problemimiz yoxdur. Başqa aktyor dostlarım var ki, deyirlər, heç vaxt aktrisa ilə evlənmərəm, qızımı aktyora vermərəm və s. Mən belə söhbətlərdən tamamilə uzağam. Mənim üçün insan var, və ya yoxdur”.
Şəbnəm istedadlı aktyor kimi həyat yoldaşına İnternet vasitəsilə məlktublar gəldiyini, tamaşadan sonra kiminsə aşağıda onu gözlədiyini, ona heyranlıqla baxan qadın tamaşaçıların olduğunu və bunu təbii qarşıladığını deyir: “Belə də olmalıdır. Yaxşı aktyorun mütləq pərəstişkarları olmalıdır. Amma bir şeyi də etiraf edim ki, əslində qısqanclıq etməməyim ondan irəli gəlir ki, Şövqi mənim qısqanmağıma şərait yaratmır. Əgər ortada nəsə kiçik bir qısqanclıq elementi olsa, mən başqa adamı deyil, öz həyat yoldaşımı günahlandıraram ki, deməli, sən özünə icazə vermisən, şərait yaratmısan. Eyni şey mənə də aiddir”.
“Uşaq sözlə böyümür”

Qeyd edək ki, cütlüyün izdivacdan Ülvi adında 7 yaşlı oğlanları var. Onu necə böyütmələrinə gəlincə, Şəbnəm Ülvini hər şeyə açıq tərbiyə etdiklərini bildirir: “Çünki bilən, görən uşaq heç nəyə dəlicəsinə qoşulmur. Hər şey artıq onunçün adiləşir”.
Şövqinin fikrincə isə, uşağı sözlə böyütmək, onu qarşına qoyub məsləhət vermək, danlamaq düzgün deyil: “Düzdür, gen özünü göstərəcək, amma uşaq sözlə böyümür. Uşağa nəsə demək yox, yalnız göstərmək lazımdır. Oğlan uşağına necə kişi , mərd, qayğıkeş, mehriban olmağı, qız uşağına ləyaqətli, tərbiyəli, ismətli olmağı göstərmək lazımdır. Göstərilən şey uşağın yaddaşından heç vaxt pozulmur”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər