• cümə, 19 Aprel, 15:30
  • Baku Bakı 25°C

Xoşbəxt sonluq mütləqdirmi?

20.06.16 11:01 2545
Xoşbəxt sonluq mütləqdirmi?
Xoşbəxt sonluqlu Hollivud filmləri bizləri o qədər cəlb etdi ki, çox vaxt sonu kədərlə bitən bədii əsərləri qəbul edə bilmədik. "Əsərlər də Amerika filmlərindəki "happy end”lə bitsə yaxşıdır” - deyə düşündük. Bəs bədii əsərlərin xoşbəxt sonluqla bitməsini yazıçıdan tələb etmək olarmı?
"Müzakirə”də bu kimi suallara cavab axtardıq.
Yazıçının ideyası
Yazıçı Elçin Hüseynbəyli bədii əsərlərin mütləq xoşbəxtliklə bitməsi fikri ilə razı deyil: «Elə əsər var ki, ümumiyyətlə, novellavari qurtarır. Mənim əsərlərimin çoxu elədir. Xüsusən faciə üzərində qurulan əsərlər daha çox yadda qalır. Xoşbəxt sonluq məsələsi daha çox Amerika filmlərinə aiddir”. E,Hüseynbəyli bildirir ki, yazarkən qarşısına əsərin xoşbəxt sonluqla bitəcəyi məqsədini deyil, ideya qoyur: "Yəni sən oxucuya hansı mesajı verirsən. Sadəcə, elə əsərlər var ki, onun sonluğunda sən azacıq da olsa bir işıq qoya bilərsən. Bu, yazıçının ideyasından asılıdır». E.Hüseynbəyli hesab edir ki, yazıçı ona təsir edən əsərləri sevir. Əgər əsər yadda qalırsa, demək, ona təsir edir. Oxucunun yadında qalmayan əsər ona zövq vermir. Yazıçının fikrincə, Amerikada film ssenarilərinin daha çox xoşbəxt sonluqla bitməsi onların bütün prosesləri keçməsi ilə bağlıdır: "Amerika ədəbiyyatında vaxtilə kifayət qədər pessimist əsərlər yazılıb. Görünür, artıq onlar elə hesab edirlər ki, problemləri həll ediblər və artıq xoşbəxt yaşaya bilərlər. Ancaq Amerika filmlərində qoyulan ideya əsasən bir neçə istiqamətə şaxələnir. Bu ideya ölkələrinin demokratik, insan haqlarının hər şeydən üstün olması və ABŞ-ın ən güclü ölkə olması ilə bağlıdır. Çox güman ki, xoşbəxt sonluq da məhz buna əsaslanır».
Yazıçı Əliabbas Bağırovun fikrincə, əsərin xoşbəxt sonluqla bitməsini istəyən yazarlar oxucunun əsərdən xoş hisslərlə ayrılmasına üstünlük verirlər: "Sosializm realizminin fundamental tələblərindən biri bu idi ki, əsərlər xoşbəxt sonluqla başa çatmalı, oxucu cəmiyyətin kommunizmə doğru getdiyini görməli idi. Ancaq əsərin xoşbəxt sonluqla bitməsi əsas şərt deyil. Elə əsərlər var ki, orada labüd olaraq sənin qəhrəmanın məhv olmalıdır. Bəzən biz deyirik ki, qəhrəmanın cismani cəhətdən məhv olması onun mənəvi cəhətdən məhv olması demək deyil. Ancaq cəmiyyətdə biz gözləmədiyimiz o qədər bədbəxt hadisələr, təbii fəlakətlər baş verir. Cəmiyyət elə bil bu hadisələrə adaptasiya olub. Cəmiyyətin özündə anormal bir vəziyyət yaranıb. İnsanlar artıq bu hadisələri elə bil həyat norması kimi qəbul edir». Yazıçı hesab edir ki, əsərin sonluğunun onun romantik və ya realist janrda yazılması ilə heç bir əlaqəsi yoxdur. Belə ki, cəmiyyətin özünün tələbləri, sosial sifarişi var: "Sovet dövründə deyilirdi ki, o əsərlərin hamısı yaxşı sonluqla bitməlidir. Məsələn, «Ulduz» və ya «Böyük dayaq» filmlərinin o cür sonluqla bitməsi labüd idi. O, cəmiyyətin yox, təbliğat maşınının tələbi idi ki, əsər o cür sonluqla bitsin. Cəmiyyətin tələb etdiyi ilə əsərin sonluğunun hər hansı təbliğatla bitməsi fərqli şeylərdir. Amma indi bu fərqlər itib. Kim nə istəyir, onu yazır. Detektiv, həyatda olanı və olmayanı yazanlar var. Mənə elə gəlir ki, bədii əsərin yeganə məqsədi insanı və insanlığı axtarmaq olmalıdır. İstəyir romantizm və ya realizm olsun, istər nikbin və ya pessimist ovqatla bitsin - bunların məsələyə heç bir dəxli yoxdur. Oxucu oradan öz payını götürür. Mən də oxucu olaraq istərdim ki, əsər yaxşı sonluqla bitsin».
Xeyir və Şərin mübarizəsi
"Düzü, sualı eşidən kimi, indiyə qədər yazdığım irili-xırdalı əsərlərimi xatırlayası, gözümün qabağına gətirəsi oldum” - deyən yazıçı Eyvaz Zeynalov əsərlərinin çoxunun bu və ya digər dərəcədə xoşbəxt sonluqla bitdiyini bildirir: "Amma aralarında qeyri-müəyyən, xoşbəxt olmayan sonluqla bitənlər də var. Məsələn, "Tələ”, "Qisas” romanlarım, "Qış günəşi” povestim. Xoşbəxt sonluqla bitməyən hekayələrim də az deyil. Belə demək mümkünsə, böyüklər üçün yazdığım "Qəfəs”, "Susatan Şiraslanın oğlu”, hətta uşaqlar üçün yazdığım "Dərs ilinin başlanğıcı”, "Plastilin tülkü” və s. hekayələrimi nümunə göstərə bilərəm”. Yazıçı əsərlərini yazanda onları necə, hansı sonluqla bitirəcəyini fikirləşmədiyini, bunu qarşısına məqsəd kimi qoymadığını deyir: "Məncə, bu, təbiidir və belə də olmalıdır. Əvvəla, onlar çox vaxt bizim sözümüzə baxmırlar, digər tərəfdən, əsərlər həyatımızın bir parçasıdır, həyatımızda baş verənlərin əks-sədasıdır. Həyat isə yalnız xoşbəxt sonluqlardan ibarət deyil. Doğrudur, həyat Xeyir və Şərin daimi mübarizəsindən ibarətdir. Biz həmişə xoşbəxtliyə can atırıq. Bəlkə elə buna görə də çox vaxt biz yazıçılar əsərlərimizi nikbin sonluqla qurtarmağa, qəhrəmanlarımızı özümüzə, övladlarınıza arzuladığımız xoşbəxliyə qovuşdurmağa cəhd edirik”.
Yazar Günel Eyvazlı hesab edir ki, ədəbi əsərlərin xoşbəxt sonluqla bitməsi oxucu mövqeyi baxımından həm zövq, həm də intellekt məsələsidir: "Bəli, uzunmüddətli oxunun yekunu olaraq əsərin xoşbəxt sonluqla - "happy end”lə bitməsi oxucuda müəyyən rahatlıq yaradır. Gərgin mütaliədən sonra gərilmiş əsəblər, həyəcan sona yetir və indi rahat nəfəs almaq olar. Bu tip əsərlər haradasa rahat həzm olunan, məsuliyyəti daha çox yazıçı üzərində olan əsərlərdir. Yəni əvvəldən sona qədər yazıçı əsəri işləyir, mətn tam açıqdır, oxucu üçün sual altında heç nə qalmır. Bəlkə də əsərdən gərginliklə, suallarla ayrılmaq bir çoxları üçün xoş deyil. Çünki sosial problemlərlə yüklənmiş insan üçün bu, əlavə ağırlıqdır. Elə bəzi filmləri izləyən seyriçilər də ssenaristlərin dolanbac film strukturundan, gözlənilməzliyindən bezir. Bu gərginlik həyatlarına da siraət edir”. Yazıçının fikrincə, oxucunun işıqlı sonluq axtarışında olması həm də düşüncələrimizin uşaqlığımızdan qaynaqlanan rudimentidir: "Uşaqlıqdan formalaşmış psixoloji durumdur. Dinlədiyimiz, oxuduğumuz nağılların, dastanların tərbiyəsidir. Məlikməmmədin qaranlıq dünyaya giriftar olmasından, ağ qoç, qara qoç üzərində yeraltı dünya səyahətindən sonra işıqlı dünyaya gəlişindən aldığımız rahatlıqdır. Həzzdir. Yəni uşaqlıqdan biz istənilən situasiyanın sonucunda işıq, rahatlıq axtarırıq”.
Yazar əsərin nə üçün xoşbəxt sonluqla bitməməsinə aydınlıq gətirərək bildirir ki, müasir əsər strukturları məsuliyyəti daha çox oxucu üzərinə atır: "Bəlkə də bu, yazıçının həm də xoşbəxt olan və ya xoşbəxt olmayan yolayrıcından qaçmasıdır. Yazıçının xilasıdır bir növ.
Məsələn, mənim üçün ən maraqlı əsərlər- düşündürən, mətn içində ifadə olunan gizli fikirlər, suallarla dolu əsərlərdir. Bəlkə də bu, yazıçı üçün tapıntıya səbəb olan axtarış olduğundan mənə bu qədər maraqlıdır. Çünki sual dolu əsər yeni ideya verməklə başqa bir əsərin doğulmasına səbəb ola bilər. Çünki sualların axtarışı milyonlarla cavab deməkdir, mülahizə, axtarış, minlərlə mövzu deməkdir”. Müasir əsərlərin müasir dünyamıza bənzədiyini qeyd edən yazar hesab edir ki, xaotik dünya strukturu yazıçı təfəkküründən də yan keçmir: "Yazıçı da bu dünyanın adamıdır və onun dünyaya baxışı yeni biçimdə oxucuya təqdim olunur- qəhrəmansız, hadisəsiz, suallarla zəngin, intellektual yüklənmiş, mistik, mifik və s. Müasir dövrün ən sadə hekayə janrında belə artıq qəhrəman da yoxdur. Heç hadisənin varlığı da yazıçını narahat etmir”.
Yazar Qismət hesab edir ki, əsərin xoşbəxt sonluqla bitməsi ilə bağlı yazıçıların qarşısına hər hansı tələb qoyula bilməz. Belə ki, bu, mövzunun doğurduğu səbəb və nəticə əlaqəsinə uyğun olaraq bu səviyyəyə gəlib çatmalıdır: "Qarşımıza yalandan məqsəd qoyub yazsaq ki, hər şey xoşbəxt sonluqla bitməlidir, bu bir qədər sovet dövrünün xoşbəxt insanı, sosializm ədəbiyyatı ola bilər. Ancaq bunun əksi olmaq elə bil medalyonun o biri üzüdür. Qəhrəmanın ölümü də, finalın işıqlı olması da mövzunun özündən doğmalıdır. Ədəbiyyatın mahiyyətində elə bir etik-estetik funksiya var ki, adamları depressiyaya salmaqdan daha çox nələrinsə yaxşı, gələcəyin işıqlı olacağına ən azı ümid verməlidir. O mənada məcburi şəkildə yox, mövzunun özünün içindən baxmaq baxımından ədəbiyyatın ana missiyası daha işıqlı olmalıdır”. Amerika filmlərindəki sonluğa gəlincə, yazar hesab edir ki, xoşbəxt sonluq sovet dövründəki gözəl quruculuğun başqa formasıdır: "Böyük ədəbiyyatda Hollivudvari məcburi gözəlliklər olmur. Əsərin içərisində insanın daxili psixoloji təbəllüdatlarından doğan tragik vəziyyətlərin özündə belə həyatın hələ də bitmədiyinə işarələr olur. Bunun metodları çoxdur. Bədii ədəbiyyatda da o cür. Tutaq ki, Şoloxovun «İnsanın taleyi» povestində dəhşətli hadisələrin sonunda final işıqlı sonluqla bitir. Bu, məcburən düşünülmüş bir şey deyil. Süjetin öz mahiyyətindən doğur».
"Bizim bəzi yazıçılarımız əsərlərini xoşbəxt sonluqla bitirməyi ədəbi hünər hesab edir. Hətta bir-ikisinin yazılarında, müsahibəsində oxumuşdum ki, oxucuların xətrinə, onların arzusu və məktubları əsasında əsərin sonunda qəhrəmanlarını "xoşbəxt” edib...” - deyən tənqidçi İradə Musayeva hesab edir ki, xoşbəxt sonluqlu mütləqlik ancaq hind filmlərində olur. Əsil ədəbiyyatda bu tale sonluğu heç yazıçının da əlində deyil. "Lev Tolstoy "Anna Karenina”nı yazanda əsərin finalında qələmini yerə qoyub zülüm-zülüm ağlayır və təxminən belə bir fikir deyir: "Mən onu öldürməyə bilməzdim, mənim əlimdə deyildi, onu sağ saxlaya bilmədim...” Tənqidçinin fikrincə, oxucunun sevdiyi əsərlərin əksəriyyəti xoşbəxt sonluqlu yox, düşündürücü sonluqlu əsərlər olub: "Sovet ideologiyası, sosrealizm nəzəriyyəsi əsasında yazılan "kolxoz romanlar” kimi əsərlərdən söhbət getmir. Yəni müəlifin oxucusuna verdiyi töhfə xoşbəxt qəhrəmanlar olmaya da bilər, amma xoşbəxtliyə aparan yolun ideyasını verərsə, nə gözəl! Günahların, səhvlərin, cinayətlərin, aldanışların, anlaşılmazlıqların bədii mətn çərçivəsindəki təhlili, obrazlı inikası çox zaman ziddiyyətli fikir qənaəti ilə də bitə bilir. Bunu da təbii qarşılamaq lazımdır. Bütün məsələlər, istər ictimai-siyasi, istərsə də sosial-mədəni və s. - hamısı məhz haqqında danışılan insanın içindən keçməlidir. Elə olarsa, oxucu daha böyük ideyalara köklənmiş olur və onu ədəbi qəhrəmanın evlənib-evlənməməsi, sevdiyi şəxslə izdivaca girib-girməməsi məşğul etmir. Hətta məhəbbət romanlarında belə...” Tənqidçinin fikrincə, dünya ədəbiyyatında məşhur romanların qəhrəmanları elə müəlliflərin özüdür: "Demək, real yaşantılardır bədii mətnə gələn, uydurmalar yox... Məncə, insanlar haqlı olaraq, böyük kitabları vacib hesab edirlər. Ola bilər ki, qısa bir hekayə və hekayələr toplusu irihəcmli bir əsərdən daha yaxşı, daha mükəmməl olsun, amma daha effektiv, daha yaddaqalan ola bilməz. Con Steynbek romanlarında qəhrəmanları ilə bərabərhüquqlu şəxslər kimi davranır. Dostoyevskini oxuyanda düşünürsən ki, bir vücudda neçə insan çeşidinin xisləti, tipi, obrazı olar? Lev Tolstoy müxtəlif sosial təbəqənin, müxtəlif cəmiyyətlərin insanları ilə harda, nə zaman birgə yaşayıb ki, onları özü, doğma insanları qədər yaxından tanıyır... Ekzüperi, Heminquey qəhrəmanlarının daxili aləminə, düşüncə və yaşantılarına o qədər dərindən nüfuz etdi ki, əlindəki çırağın və ya böyüdücü şüşənin əksetdirməsindəki həqiqətdən diksindi, hər ikisi intihar etdi.... Qəribədir, intihar edən qəhrəmanlarının ölümünü təkrarlamaq dünya ədəbiyyatında yüzlərlə müəllifin taleyinə yazılıb. Bəlkə, əksinə, öz faciələrini, ağrılı yaşantılarını bədii laboratoriyada, qəhrəmanlarının həyatında təcrübədən keçirmək, onların üzərində eksperiment aparmaq "qəddarlığı” vadar edir ki, özləri də onların yolunu təkrarlasın...”
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər