• cümə, 19 Aprel, 21:53
  • Baku Bakı 24°C

Xoşbəxt ailə sənətdən daha önəmlidir - Debüt

19.11.16 10:47 4286
Xoşbəxt ailə sənətdən daha önəmlidir - Debüt
Hər bir insan öz həyatının rejissorudur - deyirlər. Hər kəs çatmaq istədiyi məqsədi qarşısına qoyub, addım-addım ona doğru irəliləyir. Elə müsahibimiz - gənc aktrisa, aparıcı Cəmilə Tağızadə kimi.
Aktrisanın ailəsində ona müəyyən qadağalar qoyulsa da, o öz istəyindən dönməyib. Qarşıya qoyduğu məqsədə çatmaq üçün bir çox əziyyətlərə qatlaşmalı olub. Nəhayət ki, istədiyinə çatıb.
Siz Cəmiləni "Səndən sonra”, "İkinci bahar”, "Göyçək Fatimə 1”, "Göyçək Fatimə 2”, "Taksi parkı”, "Dəfnə ağacı” seriallarından və "Ana yurdu” adlı İran filmindən daha yaxşı tanıyırsınız. Hazırda Xəzər televiziyasında yayımlanan "Cehizsiz gəlinlər” serialında Hicran obrazını canlandırır. Biri-birindən maraqlı obrazları ilə tamaşaçıların qəlbində taxt sahibi olan müsahibimiz "MYvideo” internet televiziyasının da sevilən aparıcılarındandır.

- Cəmilə xanım, istərdik, ilk olaraq aktrisalığa gedən yoldan danışasınız. Sizi bu sənəti seçməyə nə vadar etdi?
- Uşaqlıqdan filmləri izləməyi çox sevirəm. Özümü bir növ həmin filmlərin içərisində hiss edirdim. Aktrisa olmaq mənim uşaqlıq arzum idi. Bunun həyatımda arzu olaraq qalmasını istəmədim və bu arzumun ardınca getdim. 11 il 46 nömrəli orta məktəbdə təhsil almışam. Atamın istəyi ilə Kooperasiya kollecində təhsilimi davam etdirmişəm. Məni bu kollecdə oxutdurmaqda əsas məqsədi isə elə həmin universitetdə də təhsil almağımı istəməyi idi. Ancaq etiraz etdim və sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim. Elə sənədlərimi həmin ildə də universitetə qəbul oldum.

- Aktrisa olmaq istədiyinizi deyəndə sizə qarşı çıxanlar oldumu? Onlara hansı reaksiyanı göstərdiniz?
- Atam bu sənəti seçməyimi istəmirdi və bunun qəti əleyhinə idi. Mən qismətə inanan insanam. Demək ki, qismətim bu imiş. Bu sənəti seçmək üçün xeyli mübarizə apardım. Ancaq bu xoşagəlməz münaqişədən qalib çıxdım. Ailə məsələləri barədə çox danışmağı sevmirəm. Onun üçün çox da dərinə getməyəcəyəm.

- Bəs gələcəyə dair hədəfləriniz nələrdir?
- Gələcəyə dair hədəflərim çox böyükdür. Bir il ərzində Azərbaycanda böyük işlər görmək niyyətindəyəm. Bildiyiniz kimi, mən yalnız aktrisa deyil, həm də aparıcıyam. Müxtəlif telelayihələrim var ki, onların gerçəkləşməsi üçün əlimdən gələni edəcəm. Bəzi layihələrim də var ki, onları reallaşdırmaq fikrindəyəm. Böyük layihələr həyata keçdikdən sonra ölkəni tərk edəcəyəm. Bir müddət ölkədən uzaqlaşacağam. Hədəfim isə qonşu ölkələrdir.

- Öz sənətinizdə nəyinsə əsasını qoymaq və nəyisə dəyişmək istəyirsinizmi?
- Öz sənətimdə sənətin əsasını qoyan peşəkar insanlar kifayət qədərdir. Hələ ki nəyisə dəyişmək fikrində deyiləm. Əsas istəyim odur ki, Azərbaycanda aktyor və aktrisalara hörmət olsun. Layiq olduğumuz qonorarları alaq, layiq olduğumuz yerdə olaq. O günü görməyi çox istəyirəm.

- Hazırda Xəzər televiziyasında yayımlanan "Cehizsiz gəlinlər” serialında Hicran obrazını canlandırırsınız. Obrazınızı necə xarakterizə edərsiniz?
- Həmin serialda əsas obrazlardan biri olan Hicran çox fərqli qızdır. Bir az eqoistdir və özünü sevəndir. Canlandırdığım obraz məndən çox fərqlənir, xarakterimlə ziddiyyət təşkil edir. Dikbaşdır, öz məqsədindən ötrü ailəsini də məhv etməyə hazırdır. İçərisində sevgi də, qəddarlıq da, yumşaqlıq da var. Hicranın eqosu çox yüksəkdir. Zənginliyə can atır, öz məqsədi yolunda hər şeyi qurban verən biridir. Belə görürəm ki, o öz məqsədinə nail olacaq. Düzdür, serialın sonluğundan xəbərim yoxdur. Əslində hər bir insanın bir məqsədi var və ona doğru gedir. Təbii ki, hər kəs həyatını dəyişmək istəyir. Lakin baxır hansı yolla. Hicran elə bir xarakterə malik insandır ki, həyatının hansı yolla dəyişməsinin onun üçün heç bir fərqi yoxdur.

- Sizi işdən nə soyuda bilər?
- İşimi o qədər çox sevirəm ki... Çətinliklər olsa da, dayanmadan çalışıram. Heç nəyə baxmayaraq öz işimdən soyumamışam. Heç inanmıram ki, bu işdən nə vaxtsa soyuyam. Bütün çətinlikləri gözə alıb, işimi davam etdirirəm. İşimdən yalnız bir şərtlə ayrıla bilərəm.

- Hansı şərt?

- Yalnız ailə qurduğum insan sənətimi davam etdirməyimi istəməsə. O da ki, əgər ürəyim ələ alan, sevdiyim şəxslə ailə həyatı qursam. Məni xoşbəxt edə biləcək bir insan olsa və belə istəsə, məhz ona görə sənətimdən imtina edərəm. Düzdür, sənətim mənim üçün çox önəmlidir, ancaq xoşbəxt ailə sənətdən daha önəmlidir.

- Sizcə, tanınmaq üçün efirdə tez-tez görünmək vacibdirmi?
- Məşhur olmaq üçün efirdə görünmək vacibdir və hətta deyərdim ki, mütləqdir. Efirdə tez-tez görünmək lazımdır. Efirdə görünəndə insanların yaddaşına həkk olunursan. O zaman səni üzdən tanıyırlar. Təbii ki, efirdə özünü göstərmək də bir iş deyil. Efirə çıxırsansa, oradan insanlara təqdim edəcəyin nə isə olmalıdır. İş görmək lazımdır. Gördüyün işinlə tanınmaq və sevilmək daha gözəldir. Boş-boşuna efirə çıxmaqla iş bitmir. Efirə çıxıb, orada mənasız danışmaq, sadəcə olaraq vaxt itkisidir. Həm özünün, həm də tamaşaçının vaxtının hədər yerə sərf olunması deməkdir.

- Sizə "Cəmilə özündənrazıdır” deyən olubmu?
- Təəssüf... İnsanlarda elə təəssürat yaranır ki, guya özümdən razıyam. Məni şəxsən tanımayan elə düşünür ki, özümü bəyənirəm. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən çox səmimi və sadə insanam. Hər kəsi özüm kimi qəbul edirəm. Ancaq onu da deyim ki, səmimiliyim, sadəliyim başıma çox bəla olub.

- Cəmilə xanım, istərdik söhbətimizin sonunda yeni layihələrinizdən danışasınız.
- "Üç badam bir qoz” filmində çəkilirəm. Bundan başqa, yeni telelayihəm var. Rəfiqəmlə birgə həmin veriliş üzərində çalışırıq. Bu layihəni məhz rəfiqəmlə bərabər hazırlamışıq. Ümumiyyətlə, görəcəyim işlə bağlı öncədən demək mənə düşmür. Ona görə zamanı gələndə tamaşaçılar özləri hər şeyi görəcəklər. Düzdür, əslində belə şeylərə inanan deyiləm, ancaq bəzi məqamlar var ki, inanmaq lazımdır.
Xəyalə Rəis


banner

Oxşar Xəbərlər