• çərşənbə axşamı, 19 mart, 10:27
  • Baku Bakı 8°C

“Xocalıları yaşadan Xocalıya qayıtmaq ümididir”

24.02.17 11:00 3364
“Xocalıları yaşadan Xocalıya qayıtmaq ümididir”
1991-94-cü illərdə Dağlıq Qarabağ bölgəsi uğrunda gedən müharibə nəticəsində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ və ətraf 7 inzibati rayonu işğal edib, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu müharibə zamanı Ermənistan silahlı birləşmələri 366-cı rus motoatıcı alayının köməkliyi ilə XX əsrin ən qanlı faciəsini Xocalı şəhərində törədiblər. Xocalı soyqırımı mövzusunda "Kaspi”nin bu dəfəki müsahibi Xocalıda dünyaya gəlib böyüyən, elə bu yaşayış məntəqəsində müxtəlif vəzifələrdə çalışan, hazırda isə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı olan Şahmar Usubovdur.

- Şahmar müəllim, bu il Xocalı soyqırımının töədilməsindən 25 il ötür. Hər il xalqımız o məşum gecəni xatırlayır, qanlı faciə zamanı şəhid olanların ruhunu ehtiramla yad edir. Soyqırımı ərəfəsində Xocalıda və ətraf ərazilərdə cərəyan edən hadisələri Siz necə xatırlayırsınız?
- Ötən əsrlər boyunca ermənilərin daim Azərbaycan ərazilərinə torpaq iddiaları olub. Azərbaycanın yerində olmayan rəhbərlərinin bacarıqsızlığı, çar Rusiyasına, sonradan isə SSRİ-nin mərkəzi sayılan Moskvaya təpki göstərmək bacarığında olmamaları səbəbindən tarixi torpaqlarımızı hissə-hissə düşmənə bəxş ediblər. Zaman-zaman istəklərinə nail olmuş ermənilər XX əsrin sonlarında SSRİ-nin süqutunun baş verdiyi bir vaxtda və Azərbaycan dövlətçiliyinin qorunmasında rəhbərliyin zəif olduğu anda yenidən ərazi iddiaları ilə çıxış etməyə başladılar. Bunun ardınca isə Azərbaycan torpaqlarının işğal edilməsi prosesi başlandı. Bədnam qonşularımız öz havadarlarına arxalanaraq, azərbaycanlıların gözünü qırmaqdan ötrü silsilə soyqırımılar törətməkdən də çəkinmirdilər. Xocalıdan öncə belə soyqırımılar Meşəlidə, Kərkicahanda, Qaradağlıda baş verdi. O zamankı siyasi rəhbərliyin təcrübəsizliyi, cəsarətsizliyi, xalqın taleyini düşünə bilməməsi ucbatından ermənilərin törətdiyi soyqırımıları Xocalıda öz kulminasiya nöqtəsinə çatdı. Çox təəssüflər olsun ki, həmin vaxtlar bütün ətraf yaşayış məntəqələrindən təcrid olunan, yalnız hava nəqliyyatı yolunun ümidinə qalan Xocalıya, bu şəhərin özünümüdafiəsinə mərkəzdən yardım edən olmadı. Məhz bu laqeydlik üzündən Ermənistan silahlı qüvvələri 366-cı rus motoatıcı alayının yardımı ilə Xocalıya hərtərəfli hücuma keçdilər, dinc, əliyalın mülki əhaliyə divan tutdular. Xocalı sakinləri həmin vaxt olduqca dəhşətli anlar yaşadı. Biz xocalılar hər zaman torpağına, xalqına, elinə-obasına bağlı insanlar olmuşuq. O dövrdə də xocalılar vətənini, torpağını qoyub kiminsə diqtəsi ilə öz dədə-baba yurdundan çıxmağı özlərinə ar sayıblar. O zaman görəndə ki bizə mərkəzdən, ölkə rəhbərliyindən heç bir kömək yoxdur, biz xocalılar torpağımızı qoyub qaçmaqdansa, torpaq uğrunda ölməyi üstün tutduq. Təpədən dırnağa qədər silahlanmış, yüzlərlə hərbi texnikanın, tankın, topun qarşısında Xocalı sona qədər düşmənə layiqli müqavimət göstərməyi bacardı. Xocalının müdafiəsi zamanı həlak olan igid oğul-qızlarımız, milli qəhrəmanlarımız var. Erməni gülləsinə tuş gələn körpələr, qadınlar, qocalar da var. Bu gün də biz fəxrlə deyirik ki, Xocalı olaraq döyüşmüşük, torpaq uğrunda qan tökmüşük. 366-cı alay ilə erməni silahlı birləşmələrinin müqayisəolunmaz dərəcədə hərbi üstünlüyü səbəbindən işğala, soyqırımına, qanlı faciəyə məruz qalmışıq. Ancaq indi dövlətimizdən, ölkə rəhbərliyindən aldığımız güc bizə inam verir ki, doğma torpaqlarımıza mütləq qayıdacağıq. Bu gün Cocuq Mərcanlıya olan qayıdış yaxın gələcəkdə Xocalıya doğru da istiqamətlənəcək. Bax həmin vaxt biz sosial layihələrimizi, quruculuq və abadlıq işlərimizi Xocalıda da davam etdirəcəyik.
- Sizcə, Xocalı soyqırımının törədilməsində, xüsusən də mülki əhaliyə divan tutulmasında Ermənistanın başlıca məqsədi nə idi?
- Bu sualı cavablandırmaq üçün bir məlumatı diqqətinizə çatdırmaq istərdim. Faciənin təşkilatçılarından və bilavasitə iştirakçılarından biri, hazırda Ermənistanın prezidenti olan Serj Sarkisyan özü əməllərindən indi fəxrlə danışır. O, xarici mediaya müsahibəsində bildirir ki, azərbaycanlılar bizim dinc əhaliyə əl qaldıracağımızı gözləmirdilər, amma bizim Xocalıda mülki əhaliyə qarşı etdiklərimizi gördülər və nəyə qadir olduğumuzu bildilər. Bu etirafları Ermənistan adlı oyuncaq dövlətin prezidenti bu gün heç kimdən çəkinmədən dilə gətirir, lovğalanır. Budur erməni xisləti, erməni siyasəti, ermənilərin dövlətçilik qurmaq iddiaları və ən nəhayət, Xocalıdakı qətliamın törədilməsində başlıca məqsəd. Bu soyqırımının törədilməsində Ermənistanın indiki siyasi rəhbərliyi, eləcə də sabiq prezident Robert Köçəryan, sabiq müdafiə naziri Seyran Ohanyan və başqaları şəxsən iştirak ediblər. Çox təəssüflər olsun ki, beynəlxalq aləm, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə məsul olan həmsədr dövlətlər, böyük güclər bu həqiqətləri bilsələr də, buna seyrçi qalırlar. Ümumiyyətlə, ermənilər həmişə törədəcəkləri cinayətlərdən əvvəl öz məkrli planlarını hazırlayırlar. Onlar Xocalı soyqırımını törətməmişdən qabaq Sumqayıt şousunu hazırladılar. Sumqayıtdakı şounu SSRİ-nin Dövlət Təhlükəsizliyi Komitəsi ilə birgə həyata keçirdilər. Sumqayıtda guya yüzlərlə erməninin "öldürülməsini” dünya miqyasında yayaraq, özlərinə gələcəkdə bəraət qazandırmaq və onun "qisasını almaq” adı altında silsilə faciələr həyata keçirdilər. Onlar girdiyi oyunlarla özlərini yazıq, əzilmiş, sahibsiz bir xristian ümməti kimi təqdim edirdilər. Xristian ölkələrin tərəfini saxlayan beynəlxalq təşkilatlar da əsl gerçəklikdən xəbərsiz halda Azərbaycana müəyyən təzyiqlər etdilər. Bu baş verənlərin bir səbəbi də Azərbaycanı kölə kimi öz müstəqilliyindən vaz keçirməyə məcbur etmək idi. Digər tərəfdən isə ermənilər həmin məsələləri öz niyyətləri üçün istifadə etmək məqsədi güdürdülər. Mənfur qonşularımız Qərbi Azərbaycandakı soydaşlarımızı öz dədə-baba yurdlarından qovub çıxartdıqdan sonra Azərbaycanın daxilində yaşayan ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsini istəyirdilər. Ona görə də Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı soyqırımılar törədir və Azərbaycan ərazisində yaşayan ermənilərin qorunmasını tələb edirdilər. Buna görə də Sumqayıt hadisələrinin törədilməsini Xocalı soyqırımının həyata keçirilməsi planının ilk başlanğıcı saymaq olar. Beləliklə, dünyaya özlərini məzlum, əzilmiş xalq kimi göstərən ermənilər Xocalıdakı vəhşiliklərlə öz mənfur xislətlərini aşkar etdilər. Üstəlik, həyasızcasına Xocalıda öldürülən insanları azərbaycanlıların erməniləri öldürməsi yalanı ilə ilkin olaraq dünya mətbuatına yayırdılar. Çünki plana əsasən, düşmənlər xarici mətbuatda işləyən yüzlərlə ermənini və ermənipərəst jurnalistləri Dağlıq Qarabağa cəlb etmişdilər. Soyqırımının səhərisi törətdikləri faciəni çəkərək, guya azərbaycanlıların ermənilərə qarşı etdiyi hərəkət kimi, Sumqayıt hadisələrinin davamı kimi yayırdılar. Ancaq fakt faktlığında qalırdı. Sonradan bu məsələnin üstündə Azərbaycan Respublikası işlədi, xarici media, beynəlxalq təşkilatlar Xocalı müsibətinə şahid kimi cəlb olundu. Lakin əfsus ki, o dövrdə həqiqət ortaya çıxsa da, soyqırımını dünya dövlətlərinə çatdırmaq bir qədər vaxt tələb ediridi. Azərbaycan bir neçə ildən sonra buna nail ola bildi.
- Hazırda Xocalı sakinlərinin aqibəti nə yerdədir, onlar Azərbaycanın hansı ərazilərində məskunlaşıblar, vəziyyətləri necədir?
- Xocalı əhalisi soyqırıma məruz qaldı. Xocalılar öz doğma yurdlarından didərgin düşəndən sonra respublikanın əlliyədək rayonuna səpələndilər. Sonra isə əhali müəyyən yerlərdə toplaşdı. Əhalinin bir hissəsi Bakı şəhərində, qalan hissəsi də Qarabağa yaxın ərazilərdə müvəqqəti məskunlaşıb. Xocalı dərdi ağır dərddir. Əsirlikdən azad olunan yüzlərlə insan sonradan dünyasını dəyişdi. Faciəni görmüş, faciəni yaşamış, itki vermiş anaların gözləri illərlə ağlamaqdan tutulub. 150 nəfər itkin düşmüş insanın intizarından, onların öldü-qaldısından məlumat ala bilməyən yaxınlarının gözləri ağlamaqdan tutulub. Bu gün də xocalılar 25 il bundan öncə Xocalıda törədilmiş soyqırımının acısını, kədərini yaşayırlar. Faciə o zaman insanlar üçün yüngülləşir ki, başqaları ilə bölüşürsən. Yaxınlarınla, qohumlarınla, dövlətinlə, dövlətçiliyinlə, millətlə dərdini bölüşürsən. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, Xocalı soyqırımına qiymət verməsi, Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi, Xocalı soyqırımının 2010-cu ildən başlayaraq dünya səviyyəsində qeyd olunması və dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın gördüyü işlər insanlarımıza bir növ təsəllidir, onların yaşamaq ümidinı daha da artırır. Biz xocalılar inanırıq ki, tökülən qanlarımızın qisasını mütləq alacağıq, doğma yurd-yuvamıza qayıdacağıq, şəhərimizi, qəbiristanlıqlarımızı yenidən bərpa edəcəyik. İtkin düşmüş, şəhid olmuş insanların qəhrəmanlıq abidəsini Xocalıda ucaldacağıq. Xocalıları yaşadan Xocalıya qayıtmaq ümididir. Xocalıya qayıtdıqdan, orada müəyyən abadlıq işləri apardıqdan sonra şəhidlərimizin ruhu şad olacaq. Biz xocalılar bu ümidlə yaşayırıq və inanırıq ki, ölkə başçıçızın rəhbərliyi ilə tezliklə torpağımıza qayıdacağıq.
- Bir qədər əvvəl Siz Xocalı soyqırımının dünyaya tanıdılmasına toxundunuz. Elə sonuncu sualım da bununla əlaqədardır. Bu soyqırımının beynəlxalq aləmdə tanıdılması və lazımi hüquqi-siyasi qiymət alması üçün görülən işləri necə dəyərləndirirsiniz?
- Xocalı soyqırımı tək xocalıların dərdi deyil. Bu, ümumxalq dərdidir. Bu dərdin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılması yönündə dövlətimiz çox böyük işlər həyata keçirib. 2011-ci ildən başlanan "Xocalıya ədalət” kampaniyasına demək olar ki, hər kəs qoşulub. Əvvəllər respublika daxilində gedən təbliğat kampaniyası indi dünyanın bir çox ölkələrində davam etdirilir. Beynəlxalq təşkilatlarda soyqırımı günü və şəhidlərimizin ruhu anılır. Eyni zamanda, 68 müsəlman dövlətinin parlamentində və İslam Əməkdaşlıq Təşkilatında soyqırımı günü yada salınır. Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 24 yanvar 2017-ci il tarixli Sərəncam imzalanıb. Bu Sərəncama əsasən, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev də Xocalı soyqırımının 25-ci ildönümünün qeyd edilməsi ilə bağlı hazırlanmış tədbirlər planını təsdiq edib. Tədbirlər planında bütün orqanlara Xocalı soyqırımının keçirilməsi üçün məsuliyyətləri əks olunub. Bütün nazirliklərə, xaricdəki diaspora və digər qurumlara tapşırıqlar verilib. Tədbirlər planına əsasən, bütün şəhər və rayonlarımızda olduğu kimi, Xocalı rayonunda da silsilə tədbirlər keçirilir. Şəhid ailələri ziyarət edilir, erməni əsirliyində olmuş, yaxınları itkin düşmüş insanlarla söhbətlər aparılır. Soyqırımına məruz qalmış hər bir sakinə mənəvi dəstək oluruq. Xaricdəki səfirliklərimiz, diaspor təşkilatlarımız, türk qardaşlarımızla birgə soyqırımının dünyada tanıdılması istiqamətində mühüm təbliğat işləri aparırlar. İlbəil Xocalı soyqırımı, təcavüzkar Ermənistanın vəhşilikləri dünyada daha çox tanıdılır. Artıq 11 dövlət və ABŞ-ın 21 ştatı Xocalı soyqırımını tanıyır və ermənilərin törətdiyi vəhşilikləri qınayır. Xocalı rayon İcra Hakimiyyəti də soyqırıma məruz qalmış rayon kimi öz üzərinə düşən məsuliyyəti çox yaxşı dərk edir. Aidiyyatı təşkilatlarla əlaqə saxlanılır. Xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin nümayəndələrinin xocalıların məskunlaşdığı qəsəbələrə səfəri zamanı rayonumuzun tarixi, Xocalı soyqırımının acı nəticələri haqqında məlumatlar verilir. Ümumu götürsək, dövlətimiz Xocalı soyqırımının tanıdılması məqsədilə siyasi xəttini çoxdan formalaşdırıb və uğurla inkişaf etdirir. Məqsədimiz Xocalı soyqırımına bütün dünya ictimaiyyətinin rəyini almaq və bu soyqırımı törədən vəhşilərin cəzalandırılmasına nail olmaqdır.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər