AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xocalıda insanlığa qarşı cinayəti görəndən sonra döyüşlərə qatılmaya bilməzdim

Xocalıda insanlığa qarşı cinayəti görəndən sonra döyüşlərə qatılmaya bilməzdim

Cəmiyyət
02 İyul 2020, 15:41 296
Onun Qarabağ döyüşlərində göstərdiyi şücaəti, Azərbaycanı doğma Vətəni qədər sevdiyini eşidəndə, bir daha əmin oldum ki, hər bir insan qəhrəman kimi doğulmur. Ancaq o elə qəhrəman kimi doğulmuşdu, çünki belə olmasaydı, Vətənindən 2500 kilometr uzaqda olan Azərbaycan uğrunda döyüşməzdi.

Müsahibim 1992-1994-cü illərdə Qarabağ döyüşlərində yaxından iştirak etmiş ukraynalı pilot, ehtiyatda olan polkovnik-leytenant Aleksey Şvaryovdur. Onun AZƏRTAC-a məxsusi müsahibəsində söylədiyi ilk sözlər bu oldu: "Xocalıda insanlığa qarşı cinayəti görəndən sonra, döyüşlərə necə qatılmaya bilərdim?”.

1982-ci ildə ali hərbi aviasiya məktəbini bitirdikdən sonra bir çox ölkələrdə, o cümlədən Əfqanıstan, Özbəkistan və Tacikistanda xidmət edib. 1989-cu ilə döyüş helikopterlərinin istifadəsi üzrə peşəkar pilot kimi Azərbaycanda hərbi xidmətini davam etdirib. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan Milli Ordusunun sıralarında xidmət göstərib.

Həmsöhbətim bildirib ki, 1992-ci ilin əvvəlindən başlayaraq cəbhə bölgəsində bir neçə əməliyyat uçuşları həyata keçirib. Həmin ilin mayında isə digər ekipaj Rafael Şirinov ilə bir heyətdə Ağdam, Abdal-Gülablı istiqamətində erməni mövqelərinə hücum edən vaxt onların helikopteri vurulub. R.Şirinov helikopterdən tullansa da, A.Şvaryov ermənilərə əsir düşüb.

"Həmin günü hərbi uçuşu uğurla başa vurub geri dönərkən, ermənilərin BMP texnikasını məhv etmək qərarına gəldik. Lakin ermənilər helikopterimizi vurdular. Helikopterin idarəedilməsi mümkünsüz olduğundan, Rafaelə yerə tullanmağı tapşırdım. Son anda isə mən paraşütlə enməyə müvəffəq oldum. Lakin yerə enən zaman artıq ermənilər məni yaralamışdı. Özümü müdafiə edə bilmədim və ermənilər məni əsir götürdülər. Erməni hərbçiləri mənə işgəncə verdilər. Təxminən üç saat erməni əsirliyində qalsam da, Azərbaycanın xüsusi təyinatlılarının əməliyyatı zamanı əsirlikdən azad oldum. Dəstəmiz geri çəkilərkən, ermənilərin pulemyotdan açdığı atəş nəticəsində ağır güllə yarası aldım. Ayılanda artıq özümüzünkülərin yanında olduğunu gördüm”, - deyə ukraynalı pilot əlavə edib.

Xəstəxanada müalicədən sonra A.Şvaryova uçuş təlim mərkəzinin yaradılmasında iştirak etmək təklif olunub: "Mən bu təklifi qəbul etdim, pilot Hüseyncan Əzimovla birgə Pilotların Tədris Mərkəzini yaratdıq, 40-a yaxın pilotu yetişdirdik. Onların arasında Mİ-24, Mİ-8 helikopterləri idarə edən pilotlar var idi”.

1994-cü ildə atəşkəs rejimi haqqında saziş imzalandıqdan bir müddət sonra respublikamızdakı missiyasını başa vuraraq Vətəni Ukraynaya geri dönən pilot ötən müddət ərzində Azərbaycan dövlətinin ona göstərdiyi dəstəyi və diqqəti xüsusilə vurğulayıb: "Mənə göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanımı Mehriban Əliyevaya təşəkkürümü bildirirəm”.