• çərşənbə axşamı, 19 mart, 09:35
  • Baku Bakı 8°C

“Xocalıda baş verən qətliamdan sonra böyük sarsıntı keçirdim” - Fotolar

23.02.17 10:00 4048
“Xocalıda baş verən qətliamdan sonra böyük sarsıntı keçirdim” - Fotolar
Ermənistan silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərini işğal ediblər. İşğal zamanı şəhərin azərbaycanlı əhalisinə qarşı misli görülməmiş soyqırımı törədilib. Xocalı Soyqırımı kimi tanınan bu qanlı faciə nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilib, 1275 nəfər girov götürülüb. 150 nəfər Xocalı sakininin taleyindən isə bu günə qədər məlumat yoxdur. Faciə zamanı Xocalının 487 sakini əlil edilib. Yetkinlik yaşına çatmamış 76 uşaq, 6 ailə tamamilə məhv edilib, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Qətlə yetirilənlərdən 56 nəfər xüsusi qəddarlıqla öldürülüb. Xocalının yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən silahlı münaqişə zamanı törədilmiş ən qanlı cinayətlərdən biri sayılır. Bu qanlı cinayətlərin törədildiyi ərəfədə Xocalıda milis bölməsinin rəisi işləmiş Sabir Məmmədov "Kaspi”nin suallarını cavablandırır.

- Sabir müəllim, oxucularımızın sizi daha yaxından tanıması üçün, əvvəlcə özünüz barədə ətraflı məlumat vermənizi istərdik. Nə zamandan Xocalıda milis bölməsinin rəisi işləməyə başlamısınız?
- Mən 1945-ci ildə Ağdam rayonunun Göytəpə sovetliyinin Kəngərli kəndində anadan olmuşam, ilk təhsilimi də elə bu kənddə almışam. 1962-1966-cı illərdə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi texnikumunda oxumuşam. Bunun ardınca isə Gəncədəki Həsən bəy Zərdabi adına pedaqoji institutda ali təhsil almışam. Bir il hərbi xidmət çəkdikdən sonra qardaşım Sadir Məmmədovun tövsiyəsi ilə 1982-ci ildə Özbəkistan Respublikasına köçmüşəm, Buxara vilayətində milis orqanında işə düzəlmişəm. 1990-cı ilə qədər Buxara vilayətində işlədiyim müddətdə nümunəvi xidmətimə görə dəfələrlə rəhbərlik tərəfindən mükafatlara, təşəkkürnamələrə layiq görülmüşəm. Ötən əsrin 80-ci illərinin sonundan etibarən Ermənistandakı soydaşlarımızın deportasiyası, 1990-cı ilin Qanlı Yanvar hadisəsi, Dağlıq Qarabağda separatçılıq hallarının baş qaldırması bir azərbaycanlı kimi məni də narahat edirdi. Məhz bu narahatlıqdan irəli gələrək, 1990-cı ildə növbəti dəfə məzuniyyət götürüb Bakıya gəldim, o vaxt daxili işlər naziri işləyən Məhəmməd Əsədovun qəbuluna yazıldım. Qəti qərar qəbul edərək nazirə dedim ki, Vətənimin çətin günlərində həmvətənlərimlə bir yerdə olmaq, öz ölkəmdə, el-obamda düşmənə qarşı mübarizə aparmaq istəyirəm. Bu istəyimdən irəli gələrək, nazirə raport da yazdım. Bu müraciətin, raportun, nazirlə görüşün nəticəsini gözləmədən təkrar Buxara vilayətinə, öz iş yerimə qayıtdım. Çünki, məzuniyyətim artıq bitmişdi. Ona görə də milis mayoru kimi öz işimin başına qayıtmalı idim. Onu da qeyd edim ki, kiçik qardaşım Sadir Məmmədov Özbəkistandan qayıtdıqdan sonra əvvəlcə Şuşa şəhər daxili işlər şöbəsinin rəisi, ardınca Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdi. Və mənim məqsədim heç də qardaşımın yanına getmək, yaxud onun tabeliyində işləmək deyildi. Sadəcə öz Vətənimə qayıtmaq, bir qədər əvvəl qeyd etdiyim kimi, lazım gələrsə düşmənə qarşı həmvətənlərimlə birgə mübarizə aparmaq idi. Daxili işlər naziri Məhəmməd Əsədovla görüşdən bir müddət sonra işlədiyim Buxara vilayətinin milis orqanına mənimlə bağlı məlumat daxil oldu. Həmin məlumatda mən Azərbaycana – milis orqanına işə dəvət olunurdum. O vaxt Buxaradakı rəhbərliyim şəxsi söhbət zamanı təklif etdi ki, Azərbaycana getməkdən imtina edim. Əgər onun şərtini qəbul etsəydim Buxara vilayətində daha rəhbər vəzifəyə təyinat alacaq, rütbəmi də artıracaqdılar. Bu, olduqca yaxşı təklif olsa da, mən öz Vətənimə qayıtmağa üstünlük verdim. Azərbaycana gəldikdən sonra isə daxili işlər naziri Məhəmməd Əsədov məni Əsgəran rayon daxili işlər şöbəsinin nəzdində yeni yaradılmış Xocalı milis bölməsinin rəisi vəzifəsinə təyin etdi. Beləliklə də taleyim həmin andan etibarən Xocalı yaşayış məntəqəsi ilə bağlandı.

- Azərbaycanda milis bölməsinin rəisi vəzifəsinə təyin olunduğunuz vaxt Xocalı soyqırımından xeyli öncəyə təsadüf edib. Maraqlıdır, həmin vaxt Xocalıda vəziyyət necə idi?
- Xocalı milis bölməsinə təyinatımı 1990-cı il iyun ayının 5-də almışam. O vaxt işimi demək olar ki, sıfırdan başladım. Təsəvvür edin, əmrim əlimdə, təyinatım var, ancaq milis bölməsinin binası, şəxsi heyəti və zəruri avadanlıqları yox idi. Ən çətini də bu idi ki, rəhbərlik etdiyim milis bölməsi Əsgəran rayon daxili işlər şöbəsinin tabeliyində olduğundan hər bir işi ya Əsgəran, yaxud da Stepanakertin daxili işlər şöbələrinin razılığı ilə etməli idim. O dövrdə vəziyyət çox çətin idi. Ermənilər hər vasitə ilə atacağım hər bir addıma maneə yaradırdılar. Uzun-uzadı danışıqlardan, əsaslandırmalardan sonra çox böyük çətinliklə iki vaqon əldə edib Xocalıya gətirməyə nail oldum. Beləliklə də həmin iki vaqon Xocalı milis bölməsinin yerləşdiyi yer, inzibati binası oldu. Bundan başqa, hər tərəfdən erməni kəndləri ilə əhatə olunan Xocalıya cəmi 58 nəfərdən ibarət milis ştatı ayırmışdılar. Düşmənlə müqayisədə ştat sayımız çox az idi. Üstəlik bu ştatı da yerli əhalidən toplamaq lazım idi. Qapı-qapı düşüb cəsur, çevik, hərbi xidmət çəkmiş, Vətəninin müdafiəsinə hər zaman hazır olan insanları topladıq, asayiş keşikçilərinin ştat üzrə sayını təmin etdik. Bu insanların qarşısında duran əsas vəzifə ictimai asayişin təmin olunması ilə bərabər, hər an düşmən təcavüzünə məruz qala biləcək rayonun və əhalinin təhlükəsizliyini də qorumaq idi. Bütün çətinliklərə rəğmən işimizi qurmağı bacardıq. Hətta az müddət sonra milis bölməsi üçün Xocalıda iki mərtəbəli, 52 otaqdan ibarət inzibati bina da tikdirə bildik. Bu işdə Azərbaycanın Milli Qəhrəmanları Tofiq Hüseynovun, Aqil Quliyevin, Əlif Hacıyevin bizə çox böyük köməklikləri dəydi. O vaxt Əlif Hacıyev Xocalı aeroportunu qoruyan milis dəstəsinin komandiri idi. Adlarını çəkdiyim şəxslərlə birlikdə postları gəzib döyüşçülərlə vəziyyəti müzakirə edib, qeydlər götürür, vəziyyətə uyğun qərarlar qəbul edirdik. Hətta yadımdadır ki, o vaxt Ermənistandan Xocalı aeroportuna hər gün 30-32 təyyarə reysi olurdu. Son dərəcə məxfi saxlanılsa da, hiss edirdik ki, bu reyslər sadəcə insan daşımır, eyni zamanda ermənilərə silah-sursat gətirir. Məhz mənim təşəbbüsümlə bu reyslər sonradan minimuma endirildi. Oradakı ümumi vəziyyətə dair Bakıda yüksək vəzifə səlahiyyəti olan məmurlara müəyyən məlumatlar da ötürülürdü. Ancaq təəssüflər olsun ki, bu məlumatlar ölkənin paytaxtında qiymətləndirilmir, bizim həyəcanımıza əhəmiyyət verilmirdi. Mən DQMV daxili işlər idarəsinin rəis müavini, polkovnik, qardaşım Sadir vasitəsi ilə də müvafiq dairələrə olduqca dəqiq informasiyaların çatdırılmasına nail oldum. Ancaq bütün bu cəhdlər, verilən məlumatlar nəticəsiz qaldı.

- Siz qeyd etdiniz ki, müvafiq dairələrə olduqca dəqiq məlumatlar ötürmüsünüz, amma bunun heç bir faydası olmayıb. O zaman cavab olaraq sizə nə isə deyilirdimi, yoxsa ümumiyyətlə reaksiya vermirdilər?
- Həmin vaxt ölkədəki ictimai-siyasi vəziyyət çox gərgin idi. Mərkəzdə AXC funksionerləri və Ayaz Mütəllibov komandası vəzifə kürsüsü uğrunda mübarizə aparırdılar. Hökumətin başı öz kürsüsünü qorumağa, AXC-nin başı isə bu kürsünü ələ keçirməyə qarışmışdı. Təsəvvür edin, o vaxt Dağlıq Qarabağda olan rus hərbçiləri vasitəsilə əhalidən bütün silah-sursat yığılmışdı. Adi ov tüfəngi nədir ki, onu da təhlükəsizlik tədbiri çərçivəsində yeri əhalidən almışdılar. 58 nəfərlik Xocalı milis bölməsində 7-8 Makarov tipli tapanca, elə bir o qədər də avtomat var idi. Silah-sursat, çörək, qida lazımınca yox, nəqliyyat yolu bağlı, döyüş sursatı çatışmır. Ancaq vertolyotun ümidinə qalmışdı hamı. Vertolyot isə hər zaman havaya qalxmırdı. Bizim həyəcan dolu məlumatlarımıza, kömək tələb etməyimizə isə mərkəzdən biganə yanaşırdılar. Deyirdilər ki, vəziyyəti şişirdir, əbəs yerə insanlar arasında təşviş yaradırsınız. Tabeliyimdə olan iki milis nəfərini – Vəliyev Əli və Əhmədov Natiqi xidməti maşında Əsgəran qalasının yanında güllələyib öldürmüşdülər. Onlar səhər tezdən Ağdamdan gəlib Xocalıya daxil olmaq istəyərkən ermənilərin silahlı hücumuna məruz qalmışdılar. Hadisə yerinin müayinəsi üçün Şuşadan gələn istintaq qrupunu da Xankəndində ermənilər güllələyib geri qaytarmışdılar. Məcbur qalıb mən və müavinim Hafiz Adilov hadisə yerinə getdik, müayinələr apardıq. Hətta həlak olanların meyitini də çox əzab-əziyyətlə gətirib Ağdamda dəfn edə bildik. Belə hadisələrlə dəfələrlə üzləşmişdik. Ağdamdan Şuşaya qədər 8 post var idi. Bu postları sağ-salamat keçmək üçün mütləq rus hərbçilərinin müşayiəti olmalı idi. Əks təqdirdə oradan sağ-salamat gedib-gəlmək olmurdu. Bu gərginliyin, hər an ölüm təhlükəsinin altında işimizi görür, eyni zamanda vəziyyəti rəhbərliyə xəbər verirdik.

- Xocalı soyqırımı törədilən zaman Siz harada idiniz? Yerli əhalini bu qətliamdan xilas etmək üçün hansı tədbirlər görüldü?
- Yüzlərlə hərbi texnikanın, iri çaplı silahların müşayiəti ilə 3 mindən artıq təlim keçmiş erməni və rus hərbçilərinin Xocalıya hücumu müqabilində oradan kiminsə sağ-salamat çıxması möcüzə idi. O gecə yalnız özünü Ağdama çatdıra bilənlər sağ qalmağı bacardılar. AXC Ağdam rayon şöbəsinin sədri, 845 saylı Eldar Bağırov adına Ağdam özünümüdafiə batalyonunun komandiri, ölümündən sonra Milli Qəhrəman adına layiq görülmüş Allahverdi Bağırovun şəxsi təşəbbüsü sayəsində 1200-dən artıq Xocalı sakini də əsirlikdən xilas edildi, sağ qaldı. Bundan başqa, Xocalı soyqırımından əvvəl belə bir faciənin yaşanacağını hiss edib çox az sayda yerli əhalini də şəhərdən çıxara bilmişdik. Hadisədən əvvəl yerli əhalini şəhərdən çıxarmaq üçün şəhər rəhbərliyi ilə bərabər vertolyot əldə etməyə çalışırdıq. Həmin vaxt Xocalıya iki hərbi vertolyotun müşayiəti ilə daha böyük tutuma malik bir vertolyot da gəlmişdi. Xocalıya un və sair bu kimi şeylər gətirilmişdi. Biz fevralın 13-də bu vertolyota 300-dən artıq qoca, qadın və uşağın mindirilməsinə nail olduq. O zaman müavinim Xocalıya yeni qayıtdığı üçün həmin adamlar mənim müşayiətimlə əvvəlcə Gəncəyə, oradan isə avtobuslarla Ağdama gətirildi. Sonrakı planımız bu idi ki, bu vertolyot vasitəsilə əldə edə bildiyimiz silah-sursatı Xocalıya çatdıraq, şəhərin özünümüdafiəsini daha da gücləndirək. Lakin uçuşun təhlükəli olduğu bəhanə edilərək sonradan bizə vertolyot verilmədi. Beləliklə də 300-dən artıq Xocalı sakini və mən Ağdamda qalası olduq. Xocalı ilə əlaqə yalnız hava nəqliyyatı vasitəsilə mümkün olduğundan oraya təkrar qayıtmaq cəhdlərim də boşa çıxdı. Soyqırımının baş verdiyi tarixdən sonra dövlət televiziyasında Xocalıda cəmi iki nəfərin həlak olduğunu bildiriləndə biz bunun yalan olduğunu dərhal anladıq. Çünki, oradakı real vəziyyəti, Xocalını gözləyən təhlükəni bilirdik. Hər bir Azərbaycan vətəndaşı kimi mən də Xocalıda baş verən qətliamdan sonra böyük sarsıntı keçirdim. İndi də həmin hadisənin kadrlarını izləyəndə dəhşətə gəlirəm.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər