• cümə axşamı, 25 aprel, 01:02
  • Baku Bakı 19°C

Xocalı–25: şəkillərdən boylanan 613 şəhid

26.02.17 17:30 902
Xocalı–25: şəkillərdən boylanan 613 şəhid
Fevralın 26-da Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Bakıda keçirilən yürüş təkcə iştirakçılarının sayı (yürüşdə qırx mindən çox insan iştirak edirdi) ilə deyil, digər diqqətçəkən məqamlarla da yadda qalıb.
İzdihamın keçdiyi yolun üstündəki binalardan birinin divarlarında Xocalı şəhidlərinin böyüdülmüş fotoşəkilləri vurulub. Ermənilərin amansızlıqla qətlə yetirdikləri günahsız insanlar – aralarında uşaqların, qadınların və qocaların da olduğu 613 şəhid bu şəkillərdən sanki izdihama boylanır, ədalətin zəfər çalacağı günü gözləyir.
Yol boyu quraşdırılmış monitorlarda Xocalı soyqırımının dəhşətli səhnələri nümayiş etdirilir: çöllərə səpələnmiş, eybəcər hala salınmış cəsədlər – uşaqlar, qadınlar, qocalar... Onların yeganə təqsiri azərbaycanlı olmaları idi.
Bu simalar və dəhşətli mənzərələr təkcə yürüş iştirakçılarına deyil, bütün azərbaycanlılara yaxşı tanışdır. Azərbaycan xalqı 25 ildir ki, bu amansız cinayəti törədənləri lənətləyir, 25 ildir ədalət axtarır.
Erməni cəlladları Xocalıda bir gecədə 613 nəfəri, o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı xüsusi amansızlıqla qətlə yetiriblər. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirib, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb, 197 nəfər itkin düşüb.
Azərbaycan xalqı faciənin 25-ci ildönümündə izdihamlı yürüşə çıxmaqla dünyanın diqqətini bir daha bu dəhşətli soyqırımına yönəltmək istəyir, yatmış vicdanların oyanacağına ümid bəsləyir. Yürüş iştirakçıları haqlı olaraq soruşurlar: "Ədalət haradadır?”.
Dünya ortada heç bir dəlil-sübut olmadığı halda uydurma erməni soyqırımına inanır, mifik hadisə üçün az qala göz yaşı axıdır. Xocalı soyqırımı isə günümüzün, ən yeni tariximizin göz qabağında baş vermiş reallığıdır. Monitorlarda nümayiş olunan dəhşətli səhnələr montaj olunmayıb, bu soyqırımı mif deyil. Yürüş iştirakçıları haqlı olaraq tələb edirlər ki, beynəlxalq ictimaiyyət miflə reallığı ayırd etsin, Xocalı faciəsini soyqırımı kimi tanısın.
Yürüş iştirakçısı Əməkdar Artist Novruz Qartal: Xocalı faciəsi müasir dövrümüzdə, bütün dünyanın gözü qarşısında törədilib. Bu, çox böyük bir cinayət, görünməmiş faciədir. Dünya bu bəşəri cinayətə biganə qalmamalı, Xocalı faciəsi soyqırımı kimi tanınmalıdır.
banner

Oxşar Xəbərlər