Xocalı soyqırımının tanınması ilə bağlı petisiyaya cəmi 19 min imza toplanıb
Xeyli müddətdir rusiyalı tarixçi Oleq Kuznetsovun təşəbbüsü ilə
Rusiya Dövlət Duması və Federasiya Şurasına ünvanlanan Xocalısoyqırımı
ilə bağlı petisiya başlanılıb. Dünən bununla bağlı keçirilən tədbirdə çıxış
edən rusiyalı tarixçi əvvəlcə bu petisiyaya qarşı laqeyd yanaşmadan bəhs edib.
Onun sözlərinə görə, müəllifi olduğu təşəbbüs indiyə qədər cəmi 19 min imza
yığıb. Politoloq bildirib ki, Rusiyada erməni icması azərbaycanlılara nisbətən
az təşkilatlanıb: "Onlar bir iş görəndə,40 nəfəri cəlb edirlər. Lakin bu
kadrları daha uğurlu idarə edirlər və dəqiq fəaliyyət planına malikdirlər.
Petisiyada 19 min imza toplanıb. 12 mini Azərbaycandan gəlib. 10 milyonluq ölkə
üçün bu, aşağı rəqəmdir”. O. Kuznetsov bildirib ki, petisiyalar daha çox xarici
ölkələrdən gəlir. O, imzaların az toplanmasının səbəblərinə də toxunub:
"İnsanlar arasında inamsızlıq var. Onlar Dövlət Dumasının bu məsələyə münasibət
bildirəcəyini güman etmirlər. İnsanlar hesab edirlər ki, Qarabağı Rusiya işğal
edib və heç zaman öz səhvini etiraf etməz. O zaman biz bu petisiyanı niyə
yaradırıq? Bəzən insanlar petisiyaya imza atmaqla bəyənməyi dəyişik salırlar.
Bu petisiyaya imza atmaq üçün poçt ünvanından qeydiyyata düşmək lazımdır. Yəqin
ki, imzaların azlığı həm də insanların elektron media resurslarına çıxışının
məhdud olması ilə əlaqədardır”.
Tarixçi bildirib ki, imzaların böyük hissəsi
Lənkərandan gəlib. O, universitetlərdə tələbələrlə görüş keçirmək üçün Gəncə və
Mingəçevirə gedəcəyini də bildirib."Çox təəssüf ki, bu proses o qədər də
aktiv şəkildə davam etmir”, - deyən tarixçi alim əlavə edib ki, sənədin Dövlət
Dumasının müzakirəsindən keçməsi üçün minimum 100 min imza gərəkdir. "100 min
imza təqribən Azərbaycan əhalisinin bir faizi deməkdir. Əgər kifayət qədər imza
toplanarsa, onda biz Xocalı soyqırımı ilə bağlı məsələnin Rusiya Dövlət
Dumasının müzakirəsinə çıxara bilərik. Bunun özü böyük bir hadisə ola bilər.
Bu, dünya boyu insanların daha çox bu qanlı hadisə barədə xəbər əldə
etmələrinə, həqiqəti öyrənmələrinə səbəb ola bilər”, - deyə rusiyalı politoloq
vurğulayıb. O bildirib ki, "bizim əsas məqsəd Dövlət Dumasının bu sənədi qəbul
etməsidir. Bizim məqsədimiz parlamentdə soyqırımının baş verib vermədiyi barədə
müzakirələrin keçirilməsidir. Məhz bundan sonra hüquqi arqumentasiya
hazırlanacaq”.
Rusiyalı alim daha sonra o vaxtkı 366-cı alayın Rusiyaya heç bir
aidiyyəti olmadığını dilə gətirib. "Rusiya ordusuna bu alayın heç bir aidiyyəti
yoxdur. Formal olaraq bu hərbi birləşmə MDB Silahlı Qüvvələrinə aid olub. O
zaman həmin hərbi birləşmə Rusiyanın yuridiksiyasına verilməli idi. 31 mart
1992-ci ildə onu Xankəndindən çıxarmalı və Orenburqa göndərməli idilər. 366-cı
alayın dislokasiyası barədə qərar fevralın 25-də verilib. O zaman Seyran
Ohanyan rəhbərlik etdiyi batalyonda digər erməni zabitləri ilə birlikdə silahlı
qiyam qaldırdı. Yəni Rusiya ordusunun formal olaraq bu cinayətdə iştirakı
yoxdur”, - deyə politoloq vurğulayıb. O, qeyd edib ki, 366-cı alay 1992-ci il
martın 3-də Vazianidə ləğv edilib. Həmin alayın bayrağı qvardiya bayrağı
olmasına baxmayaraq, məhv edilib. Politoloq onu da deyib ki, Rusiya
ictimaiyyəti üçün Ermənistan-Azərbaycan münaqişəsi "Rusiya müharibəsi deyil”.
Rusiya cəmiyyətində buna indifferent-neytral və heç bir məna kəsb etməyən
münaqişə kimi baxırlar.
Qeyd edək ki, O. Kuznetsov 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanınması üçün
2017-ci il mart ayının əvvəlindən petisiyaya başlayıb. Petisiya RF Dövlət
Dumasına və Federasiya Şurasına ünvanlanıb. Petisiyada faciəni törədənlərin
cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və
soyqırımı aktı kimi qiymətləndirilməsinə çağırış olunur.
Azər NURİYEV