• şənbə, 27 Aprel, 07:21
  • Baku Bakı 12°C

Xocalı soyqırımı: Yalanlar və həqiqətlər

28.02.17 13:30 1694
Xocalı soyqırımı: Yalanlar və həqiqətlər
Tariximizin qanlı yaddaşına həkk olunan Xocalı soyqırımı xalqımızın taleyində ən dəhşətli səhifələrindən biridir. Bu faciə mahiyyət etibarı ilə yalnız bir qətliam, böyük bir cinayət deyil, eyni zamanda əsrlərdən bəri xalqımızın xeyirxahlığına yamanlıq cavabı, yurdsuz-yuvasız qalmış ermənilərə sığınacaq vermək alicənablığına qarşı bir nankorluq sübutu idi.
Sonralar xarici mətbuatın bu faciəni xatırlamağa həvəsi olma­mış­dır
1992-ci il fevralın 25-dən 26-na keçən gecə, yerlərin və göylərin məhkəməsinin susduğu gündə Seyran Ohanyanın (1962-ci ildə Şuşada anadan olmuş erməni, 1969-1979-cu illərdə Şuşada Nəcəf bəy Vəzirov adına 2 saylı rus məktəbində təhsil alıb, 1983-cü ildəBakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmiş, 1989-cu ilin avqust ayından erməni hərbi dəstəsinin 2-ci batalyon komandiri olmuş) başçılığı ilə erməni silahlı dəstələri 366-cı motoatıcı alayla birlikdə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki yalnız azərbaycanlıların yaşadığı 57 yaşayış məntəqəsindən biri olan Xocalı şəhərini və yaxınlığında yerləşən hava limanını zəbt edərək, yerli əhaliyə qarşı dəhşətli soyqırımı törətdilər. Dövrün səriştəsiz vəzifəli şəxslərinin spekulyativ fəaliyyəti, hərbi qüvvənin zəifliyi ermənilər tərəfindən mühasirəyə alınmış Xocalıya heç bir yardım əlini uzatmağa imkan vermədi. Ermənilərin Xocalıdakı vəhşiliyini əks etdirən çoxsaylı sənədlər göstərir ki, Ermənistan Respublikası silahlı qüvvələrinin, onların tabeliyində olan muzdlu əsgərlərin, terrorçu dəstələrin törətdikləri vəhşilik məhz soyqırımı aktıdır və bunu o qanlı günlərin şahidləri də açıq-aydın etiraf edirlər.Tarixin müəyyən dövrlərində Azərbaycan mətbuatının inkişafında ləngimələr müşahidə olunmuş, baş verən proseslərin obyektiv şəkildə işıqlandırılmasında çətinlik yaşanmışdır. Faciənin törədildiyi 1992-ci ildə Azərbaycan mətbuatının konkretlik və birbaşa ünvanlılıq funksiyasını tam formada yerinə yetirə bilməməsinin səbəbi senzura qorxusu ilə bağlı idi. Beynəl­xalq hüquq normalarına görə soyqırımı anlayışına uyğun gələn bu faciə hələ də dünya mətbuatında "Xocalı qətliamı”, bəzən "insanlıq əleyhinə cinayət” hadisəsi kimi qələmə verilir.
Xocalı soyqırımı mövzusu 1992-ci ildə çap olunan yerli ("Azərbaycan”, "Xalq”, "Səhər” qəzetləri, "Azərbaycan” jurnalı), xarici (Krua l'Eveneman jurnalı (Paris), "The Sunday Times” (London), "Faynenşl Times” (London), "Times” (London), "İzvestiya” (Moskva), "Le Mond” (Paris), "İzvestiya” (Moskva) qəzetləri) və digər mətbuat orqanlarında öz əksini tapmışdır. 1992-ci ilin fevral-mart aylarında çap olunan "Azərbaycan”, "Xalq” və s. qəzetlərdə Xocalıya edi­­lən maddi yardımlar barədə məlumatlar, bu yardımlara görə minnətdarlıq məktub­ları çap olunurdu. Xarici mətbuatın report­yor­ları - Tomas Qolts (erməni əsgərlərinin tö­rət­dikləri qırğınlar barədə məlumat ve­rən ilk reportyor, "Sandi Tayms" qəzeti), Vi­olet­ta Parvanova ("Nie" qəzeti, Bolqa­rıstan), Mayor Leonid Kravest ("İzvestiya" qəzeti) faciənin törədildiyi zamanda informasiyanın yayılmasında aktivlik göstər­mə­lərinə baxmayaraq, sonralar xarici mətbuatın bu faciəni xatırlamağa həvəsi olma­mış­dır.
Sovet xofunu yaşadan senzura nəzarətinin təzahürü
Əhalinin informasiyaya böyük ehtiyac duyduğu 1992-ci ilin fevral ayında dövrün ən böyük xəbər agentliklərindən olan "Azərinform” hadisə ilə bağlı məlumat verməkdə çətinlik çəkirdi: "Xocalı ilə əlaqə 25 fevrala keçən gecə kəsildiyindən Xocalıda baş verən hadisələrin tam şəkli və soyqırımın həcmi dəqiq müəyyən olunmayıb. "Azərinform”un jurnalisti Z. Rüstəmov böyük möcüzə ilə canlarını qurtararaq Ağdama çatmış Xocalıdan olan məcburi köçkünlərlə danışıb. Onların dediklərinə görə, Xocalıda çoxlu insan öldürülüb”. "Azərinform”un 1992-ci il 26 fevral tarixli məlumatında konkret statistik məlumatlar yoxdur, ilkin rəy xarakterlidir, şahid dindirmələrinə əsaslanır. Azərbaycan mətbuatında Xocalı faciəsi haqqında məlumat ilk dəfə "Səhər” qəzetində işıqlandırılmışdır. "Səhər” qəzeti Xocalıda ölənlə­rin sayının 1000-dən çox, itkin düşənlərin sayının isə 15 nəfər olması ilə bağlı məlumat verirdi. Bu da təbii ki, hadisənin tam faciəsini əks etdirmirdi. "Səhər” qəzetinin 1992-ci il 27 fevral tarixli sayında Süleyman Qaradağlı "Xocalı işğal olun­du” başlıqlı məqaləsində faciə ilə bağlı ilk məlumatı Azərbaycan ordusunun döyüşçüsü Şamil Sabiroğlunun telefon zəngi ilə bildirdiyini qeyd edir. Münaqişə zonasına ezam olunmuş əməkdaşlar Şamil Ələkbərov və Səriyyə Müslümovanın sayə­sində hadisə ilə bağlı xəbər bütün yerli ictimaiyyətə yayıldı. Yerli qəzetlər içərisində publisist, şair Sabir Rüstəmxanlının baş redaktorluğu ilə çap olunan Qarabağa Xalq Yardımı Komitəsinin mətbu orqanı olan "Azərbaycan” qəzeti Xocalı faciəsinin işıqlandırılmasında xüsusi aktivlik göstərmişdir. Əlbəttə ki, hadisənin baş verdiyi zaman konkret statistik məlumat vermək müm­kün­süzdür, ancaq dünyada sensasiyalı xəbər kimi qarşılanan Xocalı faciəsinin dolğun işıqlandırılmaması ölkədə Sovet xofunu yaşadan senzura nəzarətinin təzahürü idi. Faciə ilə bağlı verilən statistik məlumatlarda jurnalist qeyri-peşəkarlığı özünü göstərir. Həmin dövrdə dünya mətbuatında Xocalıda 2000 adamın itkin düşməsi (Thomas Goltz. Corpses Litter Hills in Karabakh. "The Times” newspaper, 2 march 1992), 1000 ölü, 4000 yaralı (HIATT Fred. Killings Rife in Nagorno-Karabakh. "The Washington Post” newspaper, 3 march 1992), 1000-dən çox insanın vəhşicəsinə öldürül­məsi (Brian Killen. Attrocity Reports Horrify Azerbaijan. "The Washington Times”, 3 march 1992), Qarabağ mühari­bəsində ölkəni qoru­mağı bacarmayan ölkə prezidenti Ayaz Mütəllibovun günahlan­dırılması (Thomas Goltz. Massacreby Armenians Being Reported. "The New York Times”, 3 march 1992) və s. kimi faktiki məlumatlar qəzet­lər­də yer almışdı. Fransada nəşr olunan "Le Mond" qəzeti 1992-ci il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşilikləri işıqlandırmaqla yanaşı, erməniyönlü mətbu orqanların yalanlarına arqumentlərlə cavab vermişdir: "Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, reallıqdır”.
Azərbaycan mətbuatı ermənilərə qarşı "xalqlar dostluğu” tendensiyası təbliğatı ilə məşğul olan zaman...
1992-ci ilin bəzi məqalələrin headlaynları (xronika sərlövhəsi) cəlbedici görünsə də, məzmun baxımından daha çox müəllifin emosional mövqeyi, səbəbkarları təqsir­ləndirməkdə bir çəkingənliyi özünü biruzə verir. 70 il avtoritar Sovet rejiminin Qərb jurnalistika təcrübəsindən uzaq düşmüş Azərbaycan mətbuatı ermənilərə qarşı "xalqlar dostluğu” tendensiyası təbliğatı ilə məşğul olan zaman erməni mətbuatı azərbaycanlılara qarşı siyasətdə artıq zəngin təcrübə qazanmışdı. Həmin dövrün mətbuatında erməni qüvvələrinin arxasında dayanan səbəblər aydınlaşdırılırdı. El Messanyan Qriqoryan Beyrutda çıxan "Zartunk” ("Oyanma”) qəzetində (1992-ci il 24 mart) "Bir erməni yardımı” yazısında dünyanın 24 ölkəsində zəngin erməni iş adamının hesabına maliyyələşən "Arsax yardım fondu”nun vəsaitinin Xocalıda döyüşən "qəhrəmanlar” üçün ayrıldığını qeyd edir: "Məlumatımız var ki, dünyanın 24 ölkəsində varlı və zəngin erməni iş adamları "Artsax yardım fondu” təsis ediblər. O fond həm də bizim gələcək nəsillərin taleyi üçündür... Londonda erməni iş adamı satdığı villasının dəyərini, Vaşinqtonda erməni biznesmeni Araz Süleyman öz ticarət mərkəzindən gələn illik gəlirləri... Parisdə "Erməni ana dili” cəmiyyətinin üzvləri topladıqları ianələri... Xocalı qəhrəmanları üçün ayırdılar...” (El Messanyan Qriqoryan. Bir erməni yardımı. "Zartunk” qəzeti (Beyrut), 24 mart 1992, http://files.preslib.az/projects/khojali/azkhojali/gl1.pdf, s. 51).
Azərbaycan və erməni mətbuatında yayılmış informasiyalar, absurd və doğru xəbər arasında analitik təhlillər "Nyu York Tayms” qəzetinin 3 mart 1992 tarixli sayında öz əksini tapmışdır: "Dağlıq Qarabağın ikinci böyük Azərbaycan şəhəri olan Xocalının təpədən dırnağadək silahlanmış erməni hərbçiləri tərəfindən ötən çərşənbə axşamı işğal olunmasından sonra ermənilər azərbaycanlıların soyqırımını inkar etdilər. Azərbaycan 1000 nəfərin öldürüldüyünü deyir” (Thomas Goltz. Massacreby Armenians Being Reported. "The New York Times”, 3 march 1992).
"Haydad”, "Asala” erməni terror təşkilatlarının maliyyə dəstəyi ilə qurmaq istədik­ləri "Böyük Ermənistan"a xidmət üçün Xocalıya Avropadan gəlmiş erməni jurnalistləri ermənilərin öldürüldüyü barədə absurd xəbərlər yaymışdır. 1992-ci il fevral ayında Xocalı faciəsindən az sonra Xankəndinə dünyanın 32 ölkəsindən 47 nəfər erməni jurnalisti reportaj hazırlamaq üçün gəlir. Onların bir qismi polkovnik Y.Zarviqarovun ayırdığı zirehli maşınların gözlüklərindən, qərargah mərkəzlərindən hadisələri izləyir, qeydlər götürür, bəziləri də operativ çəkilişlər aparırdı. Dağılmış, viranə qalmış yerləri dünyaya göstərir və acı bir təəssüflə qeyd edirdilər: "... Azərbaycanlılar günahsızları qırırlar...” Dünya mətbuatında erməni jurnalistləri nə qədər absurd fikirlərə meyl etsələr də, bizim hadisələrlə bağlı ictimaiyyətdə obyektiv məlumatlar yayan mətbuat orqanları az deyildi. "Krua l'Eveneman” jurnalı (Paris) 25 fevral 1992-ci il, "Sandi Tayms” qəzeti (London) 1 mart 1992-ci il (16), "Faynenşl Tayms” qəzeti (London) 9 mart 1992-ci il, "Tayms” qəzeti (London) 4 mart 1992-ci il, "İzvestiya” (Moskva) 4 mart 1992-ci il, "Faynenşl Tayms” qəzeti (London) 14 mart 1992-ci il, "Le Mond” qəzeti (Paris) 14 mart 1992-ci il, "İzvestiya” (Moskva) 13 mart 1992-ci il, "Valer aktuel” jurnalı (Paris) 14 mart 1992-ci il sayları və s. (7).
Bu qəzetlərdə gedən yazılar janr etibarı ilə xəbər, xəbər korrespondensiya, qısa reportajdır. 1992-ci ildə yerli mətbuatda Xocalı faciəsi ilə bağlı fakt xəbər üstünlük təşkil etsə də, sonrakı illərdə hadisə ilə bağlı analitik şərh önə keçdi.
Xocalı faciəsinin törədilmə səbəbləri də jurnalistləri 1992-ci il mətbuatında daha çox düşündürürdü. Əlbəttə ki, dövlətdə məsul vəzifə tutmuş şəxslərin biganəliyi də mətbuatda tənqid olunmuşdur. Xocalı faciəsinin törədilməsinə səbəb olan amil kimi bəzən jurnalistlər hadisənin mətbuatdan gizli qalmasını hesab edirdilər. R.Atayevanın "Azərbaycan” qəzeti, 12 mart 1992-ci il sayında "Laqeydlik, susmaq, geno­sid..” məqaləsində "əgər Daşaltıda, Malıbəylidə və Azərbaycanın digər rayonla­rın­da baş verən faciəni dünya xalqlarına vaxtında çatdırsaydıq, Xocalıda belə bir fəlakət olmazdı” fikirləri yer almışdı.
Güclü silahlarla təmin edilmiş ermənilər, öz cəbhəmizdə rabitə, kəşfiyyat, döyüş texnikasının zəifliyi jurnalistlərin nəzərində məğlubiyyətin səbəbləri kimi göstərilir. "Xalq” qəzetinin 3 mart 1992-ci il tarixində çap olunan Tahir Aydınoğlunun "Uğursuzluqlar nədən doğur?” məqaləsində XTMD-nin üzvü, milis kiçik serjantı İlqar Cəfərov məğlubiyyətin səbəbini döyüş iştirakçısı kimi belə aydınlaşdırır: "Ən başlıcası, XTMD, Milli Ordu, yerli milis, kəndin özünümüdafiə qüvvələrini idarə edən vahid komandanlıq yoxdur. Hamı özü üçün əməliyyat keçirir”.
Hal-hazırda xarici dövlətlərdə yaşayan azərbaycanlılar hər il Xocalı faciəsinin törədildiyi günü "Justice for Khojaly” (Xocalıya ədalət) kompaniyasını həyata keçirməklə, faciənin dünya ictimaiyyətinə çatdırılması yolunda mühüm addımlar atırlar. Ümumiyyətlə, bu məsələdə həm beynəlxalq, həm də yerli mətbuat materiallarının araşdırılması, həqiqətlərimizin dünya miqyasında tanıdılmasına böyük ehtiyac var.
Aynurə Paşayeva
AMEA Nizami adına Ədəbiyyat İnstitutununMətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi
banner

Oxşar Xəbərlər