AZE | RUS | ENG |


Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması

Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması
XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü

XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə "Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Hər dəfə Dağlıq Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılmışdır.

1988-ci il hadisələri başlananda ilk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndidə və Yerevanda davamlı tətillər keçirilir, müəssisələr dayandırılır və kütləvi mitinqlər təşkil edilirdi. Lakin baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların Mərkəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olduğunu göstərdi.

Artıq ilin ikinci yarısında vəziyyət o qədər mürəkkəbləşdi ki, DQMV-nin azərbaycanlı əhalisinə qarşı silahlı təcavüz oldu. Belə ki, avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı üzərinə ermənilərin kütləvi hücumu baş verdi. Sentyabrın 18-də ermənilər Xankəndidə yaşayan 15 minə qə-dər azərbaycanlını şəhərdən zorakılıqla çıxardılar, onların evləri yandırıldı.

Bununla yanaşı, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haq-qında Konstitusiyaya zidd qərar qəbul etdi. Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu – 1991-ci ilin əv-vəllərində vəziyyətin getdikcə kəskin-ləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı.

Bu illərdə Moskva-Bakı sərnişin qatarlarında, Tbilisi-Bakı, Tbilisi-Ağdam, Ağdam-Şuşa, Ağdam-Xocalı marşrutları üzrə avtomobillərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu. Təəssüf ki, hadisələrin başlanğıcında erməni separatçılarının qar-şısının alınmaması vəziyyəti get-gedə kəskinləşdirirdi. Nəticədə, Ermənistandan göndərilən silahlı dəstələr və hərbi texnikanın köməyi ilə azərbaycanlılara qarşı daha qanlı cinayətlər törətdilər ki, bu da münaqişənin böyüyüb irimiqyaslı müharibəyə çevrilməsinə səbəb oldu.

1991-ci ildən Qarabağın dağlıq hissəsində baş verən hadisələrin gərginliyi get-gedə artırdı. Həmin ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbay-canlı yaralandı. 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Belə ki, fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, 33 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar. Əsir götürülənlərdən 68 nəfəri amansızlıqla öldürülmüş, 50 nəfəri isə böyük çətinliklə əsirlikdən azad edilmişdir. Azad olunanların 18 nəfəri aldıq-ları sağalmaz yaralardan sonra vəfat etmişdir. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranıl-ması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin zorla çıxarıl-ması, ac-susuz saxlanılması, işgəncə verilərək öldürülməsi insanlığa qarşı törədilmiş ən ağır cinayət hadisəsi idi. Qaradağlı kəndində 2 ailənin hər birindən 4 nəfər öldürülmüş, 42 ailə öz başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdır. Ümumilikdə, əhalisi ermənilər tərəfindən əsl soyqırımına məruz qalmış bu kənddə 91 nəfər, yəni kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir.

Xocalı soyqırımı – XX əsrin sonunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi ən ağır cinayətdir

XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adı çəkilən hadisələr mü-haribələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.

Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Çünki Xocalı Xankəndidən 12 km şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi.

Bununla yanaşı, xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı (ərazisi: 926 kv.km.) ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi.

Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. 1992-ci ilin fevralında erməni silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qırarkən, soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar.

Hələ faciədən 4 ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün avtomobil yolları bağlanmış və Xocalı faktiki olaraq mühasirəyə alınmışdı. Bununla yanaşı, yanvarın 2-dən Xocalıya verilən elektrik enerjisi də kəsilmişdi. Beləliklə, artıq Xocalının Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmiş, yalnız yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Ancaq bir neçə ay sonra Xocalı ilə vertolyot əlaqəsi də kəsildi. Yəni, 1992-ci ilin yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotu şəhərə çatmamış, Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən raketlə partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu (32, s.282). Bundan sonra isə Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və digər strateji əhəmiyyətə malik Azərbaycanlılar yaşayan kəndlər ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi (8, s.63).

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə da-ğıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi.

Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində

- 8 ailə tamamilə məhv edilmişdir;
- 56 insan işgəncə ilə öldürülmüşdür;
- 27 ailənin yalnız 1 üzvü qalmışdır;
- 25 uşaq hər iki valideynini itirmişdir;
- 130 uşaq valideynlərindən birini itirmişdir;
- 230 ailə öz başçısını itirmişdir;
- 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır);
- 1275 insan əsir götürülmüşdür;
- 1165 insan girovluqdan azad edilmişdir;
- 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

Qüvvələr nisbəti qeyri-bərabər olan döyüşlərdən sonra Xocalıda olan özünümüdafiə qüvvələri son nəfərinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Bunun özü də o dövrdə şəhəri müdafiə edən insanların göstərdiyi ən böyük qəhrəmanlıq nümunəsi idi. Xocalıya hücum zamanı erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyindən xilas ola bilmədi.

İstintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeniy Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişlər.

Bununla yanaşı, erməni-rus birləşmiş silahlı qüvvələrinin azərbaycanlı əhaliyə qarşı Xocalıda insanlığa sığmayan və misli görünməmiş qəddarlığı hadisədən az sonra dünyanın ən nüfuzlu mətbuat orqanlarının səhifələrində də öz əksini tapmışdır. Erməni lobbisinin geniş fəaliyyət göstərdiyi Fransada nəşr olunan "Valer aktuel” jurnalı 14 mart 1992-ci il sayında ermənilərin ən müasir texnikası və muzdlu dəstələri haqqında məlumat verərək yazırdı: "Bu "muxtar regionda” erməni hərbi birləşmələri Yaxın Şərqdən gələnlərlə birlikdə ən müasir hərbi texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Livanda və Suriyada hərbi düşərgələri və silah-sursat anbarları var. Ermənilər Qarabağ azərbaycanlılarını məhv etmiş, 100-dən çox müsəlman kən-dində qırğın törətmişlər”.

Bundan əlavə, Fransanın "Le Mond” qəzetində 1992-ci il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşiliklər haqqında deyilirdi: "Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır”.

Ermənilərin törətdiyi vəhşilikləri sağ qalmış xocalılıların dili ilə İngiltərənin "The Sunday Times” qəzeti 1992-ci il 1 mart tarixli sayında belə təsvir edirdi: "Erməni əsgərləri yüzlərlə ailəni qırdılar. Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə adam itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla və uşaq-larla bir yerdə Ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara ardı-arası kəsilmədən atəş açırdılar. İnsanları diri-diri yandırır, başlarının dərisini soyurdular. Dediyinə görə, əri, qaynı və kürəkəni qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür” (83). Bundan başqa, Ermənistan hərbi qüvvələrinin müasir hərbi texnika ilə Xocalıya geniş miqyaslı hücum etməsi, eləcə də yüzlərlə ailəni məhv etməsi haqqında 1992-ci il fevralın 28-də "Washington Post” (ABŞ), martın 8-də "The Sunday Times” (London) qəzetlərinin və martın 25-də "Krua l`Eveneman” (Paris) jurnalının və bir sıra dövri nəşrlərin səhifələrində də əsaslı faktlar vardır.

Hətta, Rusiya mətbuatında da erməni qəddarlığını sübut edən məqalələr yer almışdır. Belə ki, "İzvestiya” qəzetinin 1992-ci il 13 mart tarixli sayında rus hərbçisinin dili ilə aşağıdakı məlumat öz əksini tapmışdı: "Mayor Leonid Kravets: mən təpənin üstündə 100-ə yaxın meyiti gözlərimlə gördüm. Bir oğlanın başı yox idi, hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq və qoca meyiti görünürdü” (79). Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri faktlarla sübut edən Rusiyanın "Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatında hətta, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür (38, s.8). Bundan əlavə, İngiltərənin "Financial Times” qəzeti 1992-ci il 14 mart tarixli sayında rus ordusunun tərkibində ermənilərin olması haqqında yazırdı: "General Polyakov bildirdi ki, 366-cı alaydan olan 103 erməni hərbi qulluqçusu Dağlıq Qarabağda qalmışdır”.

Bununla yanaşı, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının Xankəndindən çıxarılması zamanı 25 tank, 87 zirehli döyüş maşını, 28 piyada döyüş maşını, 45 artilleriya top sistemi ermənilərə qanunsuz verilmişdir. Belə ki, Xocalıya hücum zamanı 366-cı motoatıcı alayın 3-cü batalyonunda onlarca erməni zabiti və giziri iştirak etməsi istin-taqla da sübuta yetirilmişdir. Xocalı soyqırımında izləri itirmək üçün 1992-ci il martın 2-də keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürülmüş, martın 10-da isə həmin alay ləğv edilərək, şəxsi heyəti və hərbi texnikası başqa hərbi hissələrə paylanmışdır.

Həmin silahlı birləşmələr Xocalı sakinlərinə qarşı soyqırımı törədərkən 111 nəfəri Xocalıda, mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş Xocalı sakinlərini təqib edərək 16 nəfəri Kətik meşəsində, 130 nəfəri Naxçıvanik yolunda, 23 nəfəri Qaraqaya ətrafında, 23 nəfəri Dəhraz kəndi yaxınlığında, 8 nəfəri Şelli istiqamətində, 6 nəfəri Əsgəran asfalt yolunun 86-cı kilometrində və s. yerlərdə, əsir götürülən-lərdən 18 nəfərini isə Əsgəran rayon daxili işlər şöbəsində işgəncə verərək xüsusi amansızlıqla qətlə yetirmişlər (8, s.68-69). Meyitlərin xarici müayinəsi, məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin ifadələri ilə ermənilərin və 366-cı alayın hərbi qulluqçularının azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz işgəncə, vəhşilik faktları müəyyən edilmişdir.

Bu təcavüz zamanı Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilərək, onların bir qismi öldürülmüş və şikəst edilmişdir. 1988-ci ildən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistan ərazisində saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməklə, bir qisminin öldürülməsi və şikəst edilməsi, təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrində maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri başlanmış, istintaq aparılmışdır (4).

İstintaqla müəyyən edilmişdir ki, Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin Xankəndində dislokasiya olunmuş 366-cı alayının hərbçiləri ilə birlikdə törətdikləri bu əməldə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 1948-ci il 9 dekabr tarixli konvensiyasında və Azərbaycan Respublikası CM-in 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi vardır.

Həmçinin cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistanın hərbi bir-ləşmələri, Dağlıq Qarabağdakı silahlı birləşmələr və keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının hərb-çiləri tərəfindən beynəlxalq hüquq normalarına da riayət edilməmişdir. Xüsusilə, 1949-cu il 12 avqust tarixli "Döyü-şən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, "Hərbi əsirlərlə rəftar haqqında” və "Müharibə zamanı mülki əhalinin qorunması haqqında” Cenevrə Konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan – döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən təhqira-miz və alçaldıcı tərzdə rəftar edilməsi kimi hərəkətlərin qadağan olunması barədə tələblər kobud surətdə pozulmuşdur.

Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş 38 nəfər – 366-cı alayın hərbi qulluqçuları və digər şəxslərin Azərbaycan Respublikası CM-in soyqırımına görə məsu-liyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan CM-in 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma) maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılmış, barələrində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilmiş və beynəlxalq axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azər-baycan Respublikası Milli Bürosuna göndərilmişdir.

İstintaq zamanı Xocalı soyqırımı ilə bağlı 2213 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilmiş, 800-dən artıq ekspertizalar keçirilmişdir. 366-cı alayın həlak olmuş və yaralanmış hərbi qulluqçularının siyahısının təqdim edilməsi, hərbi texnikasının ermənilər tərəfindən ələ keçirilməsi və ya onlara verilməsi, habelə azərbaycanlıların yaşayış məntəqələrinin 366-cı alaya məxsus hərbi texnika ilə atəşə tutulması ilə əlaqədar məlumatların alınması və digər məsələlərlə bağlı Rusiya Federasiyası, Özbəkistan və Qazaxıstan Respublikaları Baş prokurorluqlarına hüquqi yardım göstərilməsi barədə təqdimatlar göndərilmişdir.
Xocalı soyqırımının törədilməsində iştirak etmiş 366-cı alayın 2-ci batalyonunun komandiri olmuş mayor Seyran Ohanyanın (2016-cı ilin oktyabrına qədər Ermənistan Respublikasının müdafiə naziri vəzifəsində işləmiş), 366-cı alayın 3-cü batalyonunun komandiri olmuş Yevgeni Nabokixin və qeyrilərinin iştiraklarını sübuta yetirən materialların toplanması və Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilən şəxslər kimi cəlb olunmaları, eləcə də əsir və girovlarla amansız rəftar edərək onlara işgəncələr verməklə qəddarlıqla qətlə yetirmiş, habelə Meşəlidə, Qaradağlıda, Bağanıs-Ayrımda və digər yaşayış məntəqələrində soyqırımı, həmçinin Azərbaycan millətindən olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi surətdə didərgin salınaraq deportasiya etməklə xüsusilə ağır cinayətlər törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması 
 
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərmişdir: "Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.

Hazırda bu soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Eləcə də, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.

Bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir.

2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan "Təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdı-rılması üçün həmin il fevralın 19-26-da Türkiyənin İstanbul və daha 25 vilayətində "Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirilmişdir. Bundan başqa, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur.

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin 20-ci ildönümü 2012-ci ildə dünyanın 100-dən artıq nöqtəsində qeyd olunmuşdur (55). Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər Fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir. Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiya Federasiyasındakı nümayəndəlik tərəfındən İslam Əməkdaşlıq Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu (İƏT GF) çərçivəsində uğurla davam edir.

İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyan beynəlxalq təşkilatdır

2008-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsinin ildönümündə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniy-yətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” kampaniyası təsis edilmiş və 2009-cu ilin fevralından bu kampaniyaya start verilmişdir.

"Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyasının əsas məqsədi dünya ictimaiyyətini Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama bey-nəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya bir çox ölkələrdə uğurla həyata keçirilir. Bununla yanaşı, 2009-cu ilin iyulunda İƏT GF ilə ISESCO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq əldə edilmişdir.

2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə "İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında” qətnamə imzalanmışdır. "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və "İnsanlığa qarşı cinayət” kimi qiymət verilmişdir. Qətnamədə "Xocalıya ədalət” beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapmışdır. Bu, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini "insanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir.

2011-ci il yanvarın 19-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə İƏT Pİ Şurasının XIII sessiyasında "Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək olaraq Xocalı faciəsini "insanlığa qarşı törədilmiş kütləvi cinayət” kimi tanımağa çağıran Əbu-Dabi Bəyannaməsi qəbul edilmişdir. 2012-ci il yanvarın 31-də İƏT Pİ-nin üzvü olan dövlətlərin İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyası "Xocalıya ədalət!” beynəlxalq kampaniyasını dəstəklədiyini bir daha təsdiq etmişdir. "Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü” adlı son illər davamlı olaraq qəbul edilən qətnaməyə forumun təşəbbüsü ilə xüsusi bir bənd də əlavə olunmuşdur. Xocalı faciəsinə həsr edilən bölmədə qeyd edilir: "Konfrans üzv ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını tanımağa çağırır və Xocalı qırğınını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir”.

Bu tanınma 2009-cu ildən həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyətinin məntiqi nəticəsi olmuşdur. Onu da qeyd etmək vacibdir ki, münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlər arasında bu qətnamədə ilk dəfə olaraq Xocalı faciəsinə soyqırımı aktı səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Nəzərə alsaq ki, İƏT Parlament İttifaqı öz sıralarında dünya parlament-lərinin dörddə birini cəmləşdirən və ən böyük parlamentlərarası beynəlxalq qurumlardandır, onda bu qətnaməni Xocalı faciəsinin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırımı siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması və bu cinayəti törə-dənlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün çox mühüm əhəmiyyətli bir sənəd kimi qiymətləndirmək olar.

2012-ci il noyabrın 15-17-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) Cibutidə keçirilən 39-cu sessiyasında İƏT XİNŞ Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanımışdır. İƏT XİNŞ üzvü olan ölkələri və İƏT-in qurumlarını kampaniyanın fəaliyyətində fəal iştirak etməyə və dəstək olmağa, bu soy-qırımı aktının beynəlxalq və milli səviyyələrdə insanlığa qarşı cinayət kimi tanınması üçün səy göstərməyə çağırmışdır.

İƏT-in ali orqanı olan və təşkilatın dövlət və hökumət başçılarının iştirakı ilə 2013-cü il fevralın 6-7-də Misirin paytaxtı Qahirə şəhərində keçirilən 12-ci Zirvə Toplantısın-da Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanınmışdır. 2013-cü il dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakridə keçirilmiş 57 ölkənin üzv olduğu İƏT XİNŞ-nin 40-cı sessiyası Xocalı faciəsini soyqırımı aktı kimi tanıdığını bir daha bəyan etmişdir. Qətnamə layihəsində "Xocalıya ədalət!” kampaniyasına dair xüsusi bənd yer almışdır. Həmin bənddə deyilir: "İƏT XİNŞ "Xocalıya ədalət!” beynəlxalq məlumat kampaniyasını alqışlayır və üzv dövlətlərdən bu soyqırımı aktını milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırır”.

2014-cü il fevralın 18-19-da İranın paytaxtı Tehranda İƏT Pİ-nin Konfransının 9-cu sessiyasında "İƏT Parlament İttifaqı ilə İƏT GF arasında əməkdaşlıq" adlı qətnamədə növbəti dəfə Xocalı faciəsi "soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət" kimi qiymətləndirilmişdir. 2015-ci il mayın 27-28-də İƏT XİNŞ Xocalı faciəsinin soyqırımı aktı olduğunu bir daha təsdiqləmişdir. Şuranın Küveytdə keçirilən 42-ci sessiyasında qəbul edilən qətnamədə, üzv dövlətlər və İƏT qurumları "Xocalıya ədalət!” kampaniyasında fəal iştirak etməyə çağırılır, həmçinin Xocalı faciəsini törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyi bildirilir.

2016-cı il yanvarın 25-də İƏT Pİ-nin 11-ci konfransında "İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu ilə İƏT Pİ arasında əməkdaşlıq” adlı yekdilliklə qəbul edilən qətnamədə Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmışdır. Qətnamədə, həmçinin Xocalı soyqırımını törədən cinayətkarların cəzalandırılması üçün İƏT-ə üzv ölkələrin parlamentlərini zəruri addımların atılmasına çağıran müddəa öz əksini tapmışdır.

"Xocalıya ədalət” kampaniyasının fəaliyyətinin bu il 9 ili tamam olur. Bu müddət ərzində kampaniyanın qarşıya qoyduğu məqsədlərə çatmaq üçün İKGF müxtəlif səviyyələrdə geniş iş aparmışdır. Bu baxımdan, Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi və mənəvi qiymətin verilməsinə nail olmaq üçün Gənclər Forumu faciənin beynəlxalq sənədlərdə insanlığa qarşı cinayət və soyqırımı kimi tanınmasını kampaniya çərçivəsində əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Ötən illər ərzində aparılan iş nəticəsində İƏT çərçivəsində bütün səviyyələrdə, o cümlədən İƏT-in ali orqanı olan dövlət başçılarının sammitində Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmışdır.

Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi daha geniş tanınması

Soyqırımın tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir. Belə ki, Xocalı soyqırımının 14-cü, 15-ci və 16-cı ildönümü Türkiyədə, Rusiyada, Almaniyada, ABŞ-da, Ukraynada, Qazaxıstanda, Gürcüstanda, Küveytdə və dünyanın bir çox ölkələrində qeyd olunmuşdur. 2005-2007-ci ilin fevral aylarında Türkiyə Böyük Millət Məclisinin xüsusi iclaslarında Xocalı soyqırımı ilə bağlı məsələ geniş müzakirə olunmuşdur. 2011-ci il fevralın 19-dan 26-dək isə Türkiyənin ayrı-ayrı şəhərlərində "Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində müxtəlif anım mərasimləri, aksiyalar keçirilmiş və bu tədbirlər hər il davam etdirilir. Dünyanın bir sıra şəhərlərində də artıq bu tədbirlər geniş miqyas almışdır.

Xocalı soyqırımının ABŞ-da tanınması istiqamətində ilk addım 2010-cu il fevralın 25-də atılmışdır. Həmin gün Massaçusets ştatının Nümayəndələr Palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir. 2011-ci il iyunun 11-də isə ABŞ-ın Texas ştatı Ermənistan tərəfindən Xocalıda çox ağır cinayət törədilməsi faktını tanımışdır. Ştatın Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş 535 nömrəli qətnamədə Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinin Ermənistan silahlı qüvvələri tərəfindən qırğına məruz qalması pislənilir.

Bu prosesin davamı olaraq 2012-ci il fevralın 22-də Nyu-Cersi ştatı, daha sonra isə Corciya ştatı Xocalı qətliamı ilə bağlı qətnamə qəbul etmişdir. Corciya ştatının Nümayəndələr Palatasında 1594 saylı qətnamə Azərbaycan və türk diasporunun həyata keçirdiyi kampaniya nəticəsində qəbul edilmişdir. 2012-ci il martın 23-də isə daha bir Amerika ştatı - Men ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar qətnamə qəbul etmişdir.

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması 2013-cü ildə daha geniş vüsət aldı. Belə ki, yanvarın 28-də Nyu-Meksiko ştatının əvvəlcə senat, sonra isə Nümayəndələr Palatasında Xocalı soyqırımının tanınmasına dair qətnamə qəbul edilmişdir. Bunun ardınca, ABŞ-ın Arkanzas ştatının Nümayəndələr Palatası fevralın 8-də, senatı isə fevralın 11-də, fevralın 25-də isə Missisipi ştatı Xocalı soyqırımına dair qətnamələr qəbul etmişdir. Daha sonra martın 4-də Oklahoma ştatı, 8-də İndiana ştatı, 18-də Pensilvaniya ştatının Baş Assambleyası və Tennesi ştatının qanunverici orqanının Nümayəndələr Palatasında, aprelin 3-də Vest Virciniya ştatının qanunverici orqanının Nümayən-dələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı qətnamə qəbul edilmiş, mayın 3-də isə Konnektikut ştatının Baş Assambleyası Xocalı qətliamını rəsmən tanımışdır.

2015-ci ilin fevralında Arizona ştatının Senatı (yuxarı palata) Xocalı hadisələrini soyqırımı kimi tanıyan qətnamə qəbul etmiş, mart ayında isə Yuta ştatının qubernatoru tərəfindən Xocalı qətliamının tanınması ilə bağlı sənəd imzalanmışdır. 2016-cı ildə ABŞ-ın Nebraska, Havay, Montana və Aydaho ştatları Xocalı soyqırımının tanınması ilə bağlı xüsusi bəyannamə imzalamış və bununla da ABŞ-da Xocalı soyqırımını tanıyan ştatların sayı 21-ə çatmışdır.

2011-ci il dekabrın 20-də Meksika Konqresinin Deputatlar Palatası erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalını, xüsusilə də Xocalıda soyqırımı törədilməsini kəskin pisləyən qərar qəbul etmişdir. 2012-ci il fevralın 1-də Pakistan Senatı Xocalı soyqırımının tanıması barədə qətnamə qəbul etmişdir. Qətnamədə Xarici Əlaqələr Komitəsi ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilmiş soyqırımını pisləmişdir. Latın Amerikası ölkələri arasında Meksikadan sonra Kolumbiya Senatı da 2012-ci il aprelin 23-də Xocalıda baş verən hadisələrə soyqırımı kimi qiymət vermişdir. Bütün bunlarla yanaşı, may ayının 28-də İordaniya Senatı Xocalı soyqırımı ilə əlaqədar bəyanat qəbul etmiş, iyunun 13-də Peru parlamenti, iyulun 30-da isə Kolumbiya Konqresinin Nümayəndələr Komitəsi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair qərarlar qəbul etmişdir.

Bunun ardınca, həmin il avqustun 13-də Panama Milli Assambleyasında "Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi”nə dair 4 saylı qətnamə qəbul edilmişdir. Sənəddə azərbaycanlılara qarşı Xocalıda təcavüzkar ölkə tərəfindən törədilmiş soyqırımı qətiy-yətlə pislənilmiş, həmçinin BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə əməl edilməsi üçün Ermənistan Respublikası hökumətinə çağırış ifadə edilmişdir.

2014-cü il yanvarın 17-də Honduras Milli Konqresi Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan 333-2013 saylı Qərar qəbul etmişdir. Honduras Milli Konqresinin qəbul etdiyi bu qərar Konqresin Prezidenti və katibləri tərəfindən təsdiq edilmiş, 2014-cü ilin 24 yanvar tarixində Honduras Respublikasının Prezidenti və xarici işlər naziri tərəfindən təsdiq edildikdən sonra, 2014-cü ilin 13 fevral tarixində ölkənin rəsmi mətbuat orqanı olan "The Gazette” mətbu orqanında dərc edilərək qüvvəyə minmiş və ölkənin qanunu statusunu almışdır.

2014-cü il sentyabrın 1-də Sudan Respublikası Milli Assambleyasının xarici əlaqələr komitəsinin qəbul etdiyi sənəddə 1992-ci ilin fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş qətliam soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmışdır. Sənəddə Xocalıda mülki insanların öldürülməsi və Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilir və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad olunaraq, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, sənəddə Xocalı soyqırımı qurbanlarının və onların qohumlarının mənəvi və maddi itkilərə görə ədalətli və hüquqi əsasda təzminat almaq hüququ da tanınır.

Xocalı soyqırımının dünya miqyasında tanıtdırılması istiqamətində ardıcıl fəaliyyət bundan sonra da davam etdirilmiş və məsələ Avropa ölkələrinin parlamentlərində də müzakirə olunaraq siyasi sənədlər qəbul edilmişdir. 2013-cü il fevralın 12-də Rumıniya parlamentində Demokrat Liberal Partiyası fraksiyası tərəfindən "Dağlıq Qarabağ münaqişəsi” adlı siyasi bəyanat verilmişdir. Siyasi bəyanatı sözügedən fraksiyadan deputat Luçian Militaru parlamentin kürsüsündən səsləndirmiş və Xocalı şəhərində xüsusi amansızlıqla azərbaycanlılara qarşı qırğın törədildiyini qeyd edərək, soyqırımı qurbanları haqda məlumat vermiş, beynəlxalq ictimaiyyət tərəfindən bu aktın insanlıq əleyhinə cinayət kimi tanınmasının vacibliyini vurğulamışdır.

Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında dinc Xocalı sakinlərinin qətliamına görə Ermənistanı rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət olmuşdur. 2013-cü il fevralın 7-də ölkənin ali qanunvericilik orqanının Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsi 21 il əvvəl "erməni hərbi bölmələri tərəfindən Azərbaycanın işğal olunmuş Xocalı şəhərində 613 müdafiəsiz dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi ilə törədilmiş qırğına görə” adlı qətnaməni yekdilliklə qəbul etmişdir. Çexiya bu qətnamə ilə Dağlıq Qarabağ regionunu Azərbaycan Respublikasının tərkib hissəsi kimi, Ermənistanı isə bu ərazini işğal etmiş, Xocalıda ən ağır cinayətin törədilməsində təqsirkar olan dövlət kimi tanıdığını bir daha rəsmən təsdiq etmişdir.

Daha sonra Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının 2013-cü il fevralın 26-da keçirilən iclasında mütləq səs çoxluğu ilə Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair rəsmi sənəd – "Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması” adlı qətnamə qəbul olunmuşdur. Bütün bunlarla yanaşı, 2015-ci il yanvarın 29-da İsrail Prezidenti Reuven Rivlin BMT-nin Baş Məclisində Beynəlxalq Holokost Qurbanlarını Anma Günü ilə əlaqədar keçirilən tədbirdəki çıxışında dünyada törədilən soyqırımları və kütləvi qətillər barədə danışarkən Xocalı soyqırımını da qeyd etmişdir.

2017-ci il yanvarın 11-də Cibuti Respublikasının Milli Assambleyasının (Parlament), fevralın 2-də isə Pakistan İslam Respublikasının Milli Assambleyası xarici əlaqələr üzrə daimi komitəsinin qəbul etdiyi qətnamələrdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı qeyd edilir. Sənədlərdə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş qətliam soyqırımı aktı və insanlıq əleyhinə cinayət kimi tanınır, günahkarların müvafiq beynəlxalq qanunlara uyğun olaraq cəzalandırılmalı ol-duğu bəyan edilir. Qəbul edilən sənədlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin yerinə yetirilməsi tələb edilir. Eyni zamanda, sənəddə beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar bu qərarların yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırılır.

Beləliklə, Xocalı soyqırımının tanıdılması və soyqırımına siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr vermiş və bu proses genişlənməkdə davam edir. Heç şübhəsiz, bütün bunlar Azərbaycan dövlətinin apardığı mühüm işlərin nəticəsidir və Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Ermənistan dövlətin yürütdüyü təcavüzkar siyasət artıq 25 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir. Mono-etnik dövlət yaratmağa nail olan Ermənistan rəhbərliyi silahlı təcavüz nəticəsində Dağlıq Qarabağı (4,4 min km²), bu bölgənin hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etmişdir. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Belə ki, Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağın erməni icmasının "öz müqəddəratını təyin etmək” cəhdi kimi qələmə verdiyi bu proses Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin (ümumi əhalinin 15 faizi) öz torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə gətirib çıxardı.

Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olun-muşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfərdən çox azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur (8, s.92). Eyni zamanda, dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı Metropoli-tenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.

Hazırda Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi-əlyazmalar məhv edilmişdir. Sonadək dəqiqləşdirilməmiş məlumata görə, mənəvi-psixoloji zərbələrdən əlavə, Azərbaycan iqtisa-diyyatına təxminən 320 milyard ABŞ dollarından çox ziyan dəymişdir.

Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın 12-dən qüvvəyə minən "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.

Yuxarıda göstərilən faktlar işğalçı Ermənistanın təcavüzkar siyasətini ifşa edir. Ona görə də Azərbaycan dövləti bu konvensiyanı rəhbər tutaraq Ermənistan Respublikasına qarşı BMT-nin beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirminci ildönümü haqqında imzaladığı sərəncamda deyilir ki, "Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.
 
Əli HƏSƏNOV
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN