Xocalı hava limanı ilə bağlı növbəti təxribat
Ermənilər növbəti dəfə Azərbaycanı təxribata çəkmək niyyəti ilə bəyan
ediblər ki, işğal altındakı Xocalı hava limanından Şuşa və Kəlbəcərə kiçik
tutumlu təyyarələrlə turistik uçuşlar həyata keçiriləcək. Xatırladaq ki, bir
neçə il öncə də həmin hava limandan uçuşlar həyata keçirmək istəyən Ermənistana
təyyarələrin vurulacağı ilə bağlı Azərbaycan xəbərdarlıq etmişdi. O zaman bu
xəbərdalıqdan çəkinən ermənilərin indi birdən-birə Xocalıdan uçuşlar həyata
keçirmək xəyalına düşməsi heç də təsadüfi görünmür.
Artıq bu məsələ ilə bağlı Azərbaycanını xarici siyasət idarəsi
münasibət bildirib. Belə ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevbəyan edib ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal
olunmuş ərazilərindəki Xocalı hava limanından guya turizm səyahətləri adı
altında uçuşların həyata keçirilməsi planları Ermənistanın növbəti
təxribatıdır. Onun sözlərinə görə, Ermənistanın qəsdən həyata keçirməyə
çalışdığı bu kimi təxribat əməlləri münaqişənin danışıqlar yolu ilə həlli
prosesinə ciddi zərbə vurur və məqsədyönlü şəkildə vəziyyətin
gərginləşdirilməsinə xidmət edir: "İşğal olunmuş ərazilər üzərindəki hava
məkanı Azərbaycanın suveren ərazisidir. Xocalı hava limanı Beynəlxalq Mülki
Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycanın mülkiyyəti kimi təsbit
olunub. Azərbaycan işğal olunmuş ərazilər üzərindəki hava məkanını uçuşlar üçün
qadağan edib. Belə ki, Azərbaycanın
suveren hava məkanının bu hissəsində təhlükəsizliyi təmin etmək mümkün deyil. Dövlətimizin bu mövqeyi Beynəlxalq Mülki Aviasiya Təşkilatı və
Mülki Aviasiya üzrə Avropa Konfransı tərəfindən dəstəklənir”.
XİN sözçüsü bildirib ki, Ermənistanın Xocalı hava limanından istifadə etmək
və qanunsuz uçuşlar həyata keçirmək cəhdləri Azərbaycanın "Aviasiya haqqında” Qanunu, beynəlxalq hüququn imperativ norma və
prinsiplərinin, "Mülki Aviasiya haqqında” Çikaqo Konvensiyası, Beynəlxalq Mülki Aviasiya
Təşkilatının təlimat və qaydalarının kobud şəkildə pozulmasıdır:
"Münaqişənin həllinə məsul tərəf kimi ATƏT-in Minsk qrupunun həmsədrlərini Ermənistanın bu növbəti
təxribatının qarşısının alınması üçün ciddi münasibət bildirməyə və tədbirlər
görməyə çağırırıq. Azərbaycan tərəfi Ermənistanın bu növbəti təxribatının
qarşısını almaq üçün beynəlxalq hüquqi vasitələrdən istifadə edəcək, aidiyyəti
beynəlxalq təşkilatlara, xüsusilə Mülki Aviasiya Təşkilatına, Aviasiya və Hava
Məkanından istifadə üzrə Dövlətlərarası Aviasiya Şurasına müraciət edəcək”.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadəbildirdi ki, Ermənistan müstəqil dövlət deyil və Rusiyanın Cənubi Qafqaz
regionunda öz nüfuzunu saxlamaq, siyasətini həyata keçirməsi üçün bir alətidir:
"Ermənistan hər zaman bölgədə baş verən münasibətlərdən, gərgin vəziyyətlərdən
istifadə edib. Bu gün də ermənilərin bu məkrli siyasəti davam edir. Onlar belə
təxribatlara hər zaman hazırdırlar. Elə ona görədir ki, ermənilər bir əlaltı
kimi nifrətə, təxribata köklənmiş siyasəti həyata keçirirlər. Xocalı hava
limanı ilə bağlı məsələnin gündəmə gəlməsi heç də ermənilərin düşündüyü bir
məsələ deyil”.
Politoloq Fikrət Sadıxov söylədi ki, Ermənistan
hər zaman geosiyasi qarşıdurmadan istifadə edib: "Hansısa dövlətlərin
bir-birilə soyuq münasibətlərinin
ermənilər tərəfindən istifadə edilməsi məqamları hər zaman olub. Bu, birinci
dəfə deyil və biz hər zaman bunu müşahidə etmişik. Xocalı hava limanından
ermənilərin uçuşlar həyata keçirməsinə gəlincə, guya onlar dünyaya bəyan
edirlər ki, turistləri qəbul edə bilərlər və sair. Lakin bu gülünc məsələdir.
Çünki turistlərin orada baxması üçün ermənilərin hansısa obyektləri yoxdur.
Bütün tarix və mədəniyyət ocaqları, məscidlər, evlər dağıdılıb. Özünə hörmət
edən turist işğal olunmuş torpaqlara heç vaxt gəlməz”.
Politoloqun sözlərinə görə, ermənilərin atdıqları bu addım tam
təxribatdır: "Bu təxribatın arxasında təbii ki, müəyyən səbəblər var. Həmin
səbəblərdən biri ondan ibarətdir ki, guya ermənilər işğal etdikləri torpaqlara
tam nəzarət edirlər və bundan irəli gələrək istədikləri addımları ata bilərlər.
Amma məsələ orasındadır ki, istər mülki, istərsə də hərbi təyyarə olsun, fərqi
yoxdur, Azərbaycan Ermənistanla hərbi vəziyyətdə olduğu üçün belə addımlara
reaksiya verəcək. Buna qarşı hətta biz lazımi cavab da verə bilərik. Təbii ki,
Azərbaycan ilk növbədə diplomatik addımlar atacaq. Artıq ATƏT-in Minsk qrupu
həmsədrlərinə məsələ ilə bağlı bəyanat verilib. Eyni zamanda Azərbaycan dövləti
aidiyyəti beynəlxalq təşkilatlara, xüsusilə Mülki Aviasiya Təşkilatına,
Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Aviasiya Şurasına mövcud
vəziyyətlə bağlı ölçü götürmələri və cavab addımı atılması üçün də müraciət
edib. Hesab edirəm ki, Azərbaycan işğal altındakı ərazilərin hava məkanında
hansısa obyektlə bağlı cavab addımı atacaq və Ermənistan bunu bilməlidir”.
Bəxtiyar Məmmədli