• cümə, 19 Aprel, 08:10
  • Baku Bakı 13°C

Xocalı faciəsi haqda dünyaya çıxarılası filmimiz niyə yoxdur?

18.02.20 09:30 4300
Xocalı faciəsi haqda dünyaya çıxarılası filmimiz niyə yoxdur?
Böyük vəsait lazım olduğunu deyən də var, "müharibədə qalib gələk, sonra çəkərik” deyən də...
28 ildir ki, qisas gözləyirik. 28 ildir ki, xalqımızın başına gətirilən Xocalı faciəsini dünyaya çatdırmağa və qəbul etdirməyə çalışır, bu istiqamətdə siyasət və informasiya sahəsində müxtəlif işlər görürük. Mədəni siyasət isə siyasətin ən effektiv üsullarından biridir. Bu istiqamətdə necə, hansı şəkildə mübarizə aparmağımız isə birmənalı deyil. Beynəlxalq müstəvidə bu faciə az-çox tanınır, dünya mediasında zaman-zaman işıqlandırıldığının da şahidi oluruq.
Bir neçə gün əvvəl Münxendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair fikir mübadiləsi aparıldı. Elə həmin gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirildi. Panel müzakirələri zamanı dövlət başçımız Paşinyanı diplomatik nokauta saldı.Bu fakt bütün dünyanın diqqətindən yayınmadı.
Bütün bunların fonunda ortaya haqlı bir sual çıxır: Niyə torpaqlarımızın işğalı, o cümlədən Xocalı faciəsi mövzularını təsirli şəkildə təsvir edən, dünyaya çıxarıla biləcək film çəkə bilmirik? Müasir dövrdə yüksək texnologiyaların verdiyi imkanlar varkən, biz bu "savaş”da niyə önə çıxmırıq?
Xalq yazıçısı Sabir Rüstəmxanlı deyir ki, biz dünyaya film vasitəsi ilə sözümüzü çatdırmaqda çətinlik çəkirik: "Film bizdə problemli məsələ olaraq qalıb. Hətta Litva rejissoru Xocalı faciəsi ilə bağlı səmimi və son dərəcə təsirli bir film çəkmişdi. Ancaq biz daha çox ritorik şeylər çəkirik. Film çəkərkən yalnız quru faktlara əsaslanırıq və bu da heç kimin marağını çəkmir. Belə ki, həm faktları, həm də insan taleyini göstərə bilən, insanlara təsir edən film çəkmirik. Əsas məsələ odur ki, "Azərbaycanfilm” kinostudiyası çox dağılmış bir vəziyyətdədir, ağır günlərini yaşayır”.
S.Rüstəmxanlı kinonun hər bir millətin taleyində mühüm rol oynadığını vurğuladı: "Dünyanın müxtəlif ölkələrində kino sənətinə dövlət maliyyə ayırır, diqqət yetirir. "Cavad xan” filminin çəkilişində gördüm ki, çəkiliş prosesində adi qrim ustasından tutmuş, filmin operatoruna qədər əsas yaradıcı heyətin üzvlərini xaricdən dəvət etmişdilər. Axı bizim də çox istedadlı yaradıcı heyətimiz var. Onlara da özlərini təsdiq etmək üçün şərait yaradılmalıdır. Bizim müharibəmiz hələ də davam edir. Müharibə ölkəsində yaşayanlar üçün psixoloji mühit önəmlidir. Düzdür, Xocalı dünyanın hər nə qədər qəbul olunmuş faciəsi olsa da, bu gün gənclər o ruhda böyüməlidirlər. Azərbaycanda bu və keçən əsrdə törədilmiş soyqırımlarının tarixini onlara göstərən bir neçə seriala, filmlərə ehtiyac var. Yeni nəsil bunlardan xəbərsizdir. Bunu düşünmək lazımdır. Heç kim deməsin ki, belə ssenarilər yazılmır. Azərbaycan tarixinin ən önəmli hadisələri ilə bağlı müxtəlif ssenariləri var. Təəssüf ki, onların heç birinə əhəmiyyət verən yoxdur. Çəkilən filmlərdə isə bizi, müharibədə uduzan bir xalqı ən bahalı maşınlarda gəzən, bahalı villalarda yaşayan, heç nəyi vecinə almayan bir məmləkət kimi təqdim etməyə çalışırlar. Ancaq biz bir millətin faciəsini təsirli çəkib, nə öz gənclərimizə, nə də beynəlxalq arenada göstərə bilirik. Ya rejissorlarımız film çəkməyi bacarmırlar, ya da mane olan qüvvələr var”.
Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev isə məsələ ilə bağlı açıqlamasında 90-cı illərdə Xocalı faciəsindən bəhs edən "Fəryad” və bir neçə başqa filmlərin çəkildiyini vurğuladı: "Son bir neçə ildə yeni filmlər çəkilib. Onlardan Anar Usubovun "Xocalı soyqırımı” adlı sənədli, Şamil Nəcəfzadənin "Müharibə uşaqları” adlı filmlərinin adlarını çəkə bilərəm. Adlarını qeyd etdiyim filmlər dövlət sifarişi əsasında çəkilib. Bunlardan başqa, "Natiq Qasımov” adlı sənədli film var ki, onun ikinci adı da "İgid”dir. Bu film də Xocalı hadisələri ilə bağlıdır”.
E.Əliyev 2012-ci ildən başlayaraq dövlət sifarişi ilə silsilə şəkildə milli qəhrəmanlara həsr olunmuş filmlərin çəkildiyini qeyd etdi: "O filmlərin də bir çoxunda Xocalı hadisələrinə toxunulub. Çünki milli qəhrəmanlarımızın bir çoxu Xocalı hadisələrində iştirak edib. Bu filmlər hər il müxtəlif vaxtlarda nümayiş olunur. Bakıda və bölgələrdə yerləşən mədəniyyət mərkəzlərində, təhsil ocaqlarında, hərbi hissələrdə yeniyetmə və gənc auditoriyaya nümayişi keçirilir. Xocalı soyqırımının ildönümləri ərəfəsində tək bu filmlər deyil, digər vətənpərvərlik mövzusunda çəkilən filmlərimizin nümayişi təşkil olunur. Bu il də nümayişlər nəzərdə tutulub. Bundan başqa, səfirliklərimiz vasitəsilə xarici ölkələrdə bu filmlərin nümayişi təşkil olunur. Belə ki, müxtəlif ölkələrdə Azərbaycan mədəniyyəti günləri təşkil edilir. O günlər çərçivəsində bu filmlər nümayiş edilir. Qeyd edim ki, bu nümayişlər dövlət sifarişi ilə həyata keçirilir. Bir neçə il bundan qabaq Heydər Əliyev Fondunun dəstəyi ilə "Sonsuz dəhliz” adlı sənədli film çəkilmişdi. Film Leyla Əliyevanın "Xocalıya ədalət” layihəsi çərçivəsində çəkilmişdi. Sözügedən film bir çox ölkədə nümayiş olundu”.
"Çölçü” filmi ilə 5 qitədə festivallarda qalib olan rejissor Şamil Əliyev filmin bir ürək işi olduğunu deyir: "Bizdə zaman-zaman istər sənədli, istərsə də bədii filmlərin çəkilməsinə cəhd olunub. "Muğam və başqaları” adlı sənədli filmimdə Xocalı faciəsini göstərməyə çalışmışıq. Ancaq bu sahədə böyük film çəkməmişəm. Leyla Əliyeva hər ilə Xocalı faciəsi ilə bağlı layihələr həyata keçirir. O ki qaldı bu istiqamətdə çəkilən filmlərin dünya kino arenasına çıxmasına, dünyaya çıxmaq asan məsələ deyil. Dünyada bu faciəni tanımaq istəməyən qüvvələr də az deyil. Bu faktorun özü də böyük rol oynaya bilər. İki gün bundan qabaq Prezident İlham Əliyev Xocalı ilə bağlı Ermənistan prezidentini lazımi səviyyədə yerində otuzdurdu. Bu yöndə böyük işlər gedir. Siyasi müstəvidə belə addımlar atmaq isə böyük nəticələrə gətirər. Azərbaycan kino sənayesini qurmaq əzmindədir, o yoldadır. Biz kino sənayesinin səviyyəsinə görə nə Hollivud, nə də Bollivud deyilik, heç Rusiya da deyilik. Sadəcə, müstəqil olduqdan sonra o yolda addımlayırıq. Azərbaycan kino sənayesini qurmaq məcburiyyətində qaldı, buna illər lazımdır. Azərbaycan faktiki olaraq Ermənistanla müharibə şəraitindədir. Bu məsələ hələ bitməyib. Mübarizə davam edir. Əgər o mövzuda film çəkmiriksə, bu o demək deyil ki, biz Xocalını unutmuşuq. Biz Xocalını heç vaxt yaddan çıxarmırıq. Vaxt gələr, kino sənayemizi daha dərindən qurarıq, o vaxt Xocalı ilə bağlı daha sanballı filmlər çəkərik”.
Xalq artisti Şeyx Əbdül kinonun qələm-kağızla çəkilmədiyini deyərək, bu müstəvidə film çəkməyin çətinliyindən danışdı: "O masştabda, beynəlxalq səviyyəli film çəkmək üçün, sözsüz ki, böyük də vəsait lazımdır. Təkcə "Dolu” filmimiz buna nümunədir. Ötən gün Prezident dünya ictimaiyyətinin gözü qarşısında Paşinyanı rəzil vəziyyətinə qoydu. Bildirdi ki, siz bu işdə yalançısınız. Bunun kökündə min ildən başlayan səlib yürüşləri dayanır. Bu boş yerə deyil. Qərəz də ondadır ki, onlardan vasitə kimi istifadə etsinlər, türk dövlətləri arasında ədavət yaratsınlar. Oyunun içində oyunlar gedir. Burda iqtisadi siyasi məsələlər, türkə qarşı min illər davam edən ədavət var. Çünki hələ də türkün xofu canlarından çıxmır. Dünyaya olmayan bir hadisəni ermənilərin soyqırımı kimi tanıtmağa çalışırlar. Biz böyük bir xəyanətin qurbanıyıq. Bu şeylər ideoloji təbliğat baxımından dünyaya əsil həqiqəti göstərməyəcəksə, bu birtərəfli təbliğat böyük dövlətlərin qərəzli maraqları xeyrinə həll olunaraq gedəcək. Burda kino şapalaqla üz qızartmaq kimi bir şeydir. Söhbət daha ciddi qərəzçilikdən gedir. Bunu kino və tamaşa ilə yoluna qoymaq mümkün deyil. Böyük dövlətlər və beynəlxalq hüquq müstəvisində bu məsələlər həll olunmalıdır. Ondan sonra kino da çəkiləcək, dünya da onu tanıyacaq. Bu məsələni kino vasitəsi ilə yoluna qoymaq mümkün deyil”.
Xalq artisti yaşanan hadisələrin film kimi təqdim olunmasına qarşıdır: "Biz danışırıq, əsəbiləşirik, düşmənin qəddarlığını göstərməyə çalışırıq. Biz bu faciələri yaşamışıq, ancaq istəmirəm ki, onlar film halında özünü göstərsin. Çünki belə olduqda, özümüzü aşağılamış olacağıq. Niyə özümüzü qaçqın, köçkün kimi təqdim edək? Niyə dünyaya deyək ki, ermənilər uşaqlarımızın, balalarımızın başına bu hadisələri gətirib? Vay-şüvən qoparmaq, ağlaşma qurmaq vaxtı deyil. Mətinləşmək, mübarizə aparmaq lazımdır. Düşməni ağlatmalıyıq, nəinki özümüzü yazıq kimi təqdim etməliyik. Bizim bir şüarımız var: "Torpaq, uğrunda ölən varsa, vətəndir”. Olmazmı ki, "torpaq, uğrunda öldürən varsa, vətəndir” olsun? Bəzi bu kimi şüarlarımız da dəyişməlidir. Hər şey mübariz, inqilabi ruhda olmalıdır. Bizim mübariz ruhumuz, müvafiq də təbliğat olmalıdır. Təbii ki, kino da bu təbliğatın bir vasitəsidir”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər