• çərşənbə axşamı, 16 aprel, 09:47
  • Baku Bakı 14°C

Xırda qəpiklərə ehtiyac varmı?

22.08.13 09:32 2445
Xırda qəpiklərə ehtiyac varmı?
1, 3, 5 qəpikliklərin qalıq olaraq qaytarılmasına yalnız iri supermarketlərdə rast gəlmişəm. Adətən alış-veriş etdiyimiz, reklam olmasın deyə adını çəkmədiyim böyük marketlərdən birinin kassasında alıcıların yaxın durmadığı və üst-üstə yığılan xırda nominallı dəmir pulları görəndə hər dəfə bir sual məni narahat edir: əcəba, bunların istehsalının dayandırılması vaxtı çatmayıbmı?
Qeyd edək ki, Azərbaycanda kiçik nominallı pul nişanları ilk dəfə 1992-ci ildə dövriyyəyə buraxılıb. Lakin həmin vaxtlar pul sürətlə dəyərini itirdiyindən onlar özünü doğrultmayıb və dövriyyədən yığışdırılıb. Xırda pullar ikinci dəfə 2006-cı ildə manatın denominasiyası zamanı dövriyyəyə buraxılıb. Zaman keçdikcə bu pul nişanları da dəyərini, demək olar ki, itirib. Müşahidələr göstərir ki, bu gün bəzi böyük marketlərdə 3 və 5 qəpikliklərdən az da olsa istifadə olunur, lakin 1 qəpiyin istifadəsi demək olar ki, tamamilə dayandırılıb.
İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, xırda pulların istehsalının dayandırılması, dövriyyədən yığışdırılması nəzəri baxımdan mümkündür: “Amma praktiki olaraq bu, arzuolunan deyil. Hazırda bir sıra məhsullar var ki, onların qiyməti 1, 3, 5 qəpikdir. Bundan əlavə və daha əsası, iri supermarketlər adətən 1, 3, 5 qəpiklə rəqabət aparırlar. Məsələn, 90 qəpiklik məhsulu tutaq ki, 87 qəpiyə təklif edirlər. Bu baxımdan həmin nominallı pulların dövriyyədən çıxarılması bu marketlərin rəqabət imkanını məhdudlaşdırır. Odur ki, texniki və praktik baxımdan bu pulların yığışdırılması arzuolunan deyil. Daha məqsədəuyğundur ki, Mərkəzi Bank nağdsız ödənişləri stimullaşdırmaqla 1, 3, 5 qəpikliklərə tələbatı azaltsın. Qara pullar adlandılıran xırda pullara tələbatın azaldılmasının və dövriyyəsinin aşağı düşməsinin yeganə yolu məhz nağdsız ödənişlərin miqyasının genişləndirilməsidir”.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev isə hesab edir ki, xırda nominallı pullar dövriyyədən yığışdırılmalıdır: “Bir sıra ölkələrdə aşağı nominallı pulların dövriyyədən çıxması gündəmdədir. Məsələn, Rusiyada, Avropada xırda dəmir pulların istehsalının dayandırılması müzakirə edilir. Əslində bu dəmir pullar bu gün ayrı-ayrı ticarət mərkəzlərinin marketinq fəaliyyətinin tərkib hissəsidir. Yəni xarici ölkələrdə böyük supermarketlərə girəndə qiymətlərin 99 qəpiklə bitdiyinin şahidi oluruq. Bu, psixologiyaya hesablanmış xüsusi bir texnologiyadır. Alıcıda qiymətin ucuz olması təsəvvürünü yaradır. Məsələn, 10 dollarlıq məhsul 9 dollar 99 sentə qoyulur və alıcıda belə bir təəssürat yaranır ki, həmin məhsul 9 dollaradır. Ona görə də iri marketlərdə xırda qəpiklər istifadə edilir”.
S.Əliyevin sözlərinə görə, Rusiyada 1 qəpikliyin istehsalının dayandırılması ilə bağlı qərar qəbul edilib: “Hesablamalara görə, onlarda 1 qəpikliyin istehsalı təxminən 40-50 qəpiyə başa gəlir. Yəni kağız pulun üstünlüyü ondan ibarətdir ki, onun üzərinə nə qədər nominal qoysan, yenə qədəri üzərindəki qədərdir. Amma dəmir pullarda bir qədər fərqlidir. Metal pulun üstünlüyü onun gec xarab olması, dövriyyədən gec çıxmasıdır, çatışmazlığı isə onun istehsal qiymətinin daha baha olmasıdır. Problem isə pulun getdikcə qiymətdən düşməsi nəticəsində qəpik pulların hazırlandığı materialın onun özünün dəyərindən baha olmasıdır. Dəmir pullara onun dəyərindən, nominalından asılı olaraq mis, litium, yaxud bahalı metallar qatılır. Ucuz pullarda isə adətən alüminiumdan istifadə edilir. Hər bir halda onların istehsal dəyəri öz dəyərindən yüksək olur. Ona görə də hökumətə sərf etmir ki, aşağı nominallı qəpik pullar istehsal etsin”.
Rusiya puluna nisbətən Azərbaycanda pulun daha dəyərli olduğunu deyən ekspert qeyd etdi ki, bu ölkədə artıq 5, 10 rublluq qəpiklərin istehsalının dayandırılması müzakirə mövzusudur: “Azərbaycan pulunun dəyərinə uyğun olan dollar və ya avronun xırda nominallı sentləri döriyyədən çıxarılmaq üzrədir. Azərbaycanda ən çox işlənən 10 qəpiklikdi ki, ona da daha çox şəhər nəqliyyatında müraciət edirlər. Amma avtobuslarda kart sisteminə keçiləcəyi təqdirdə, onların da istifadəsi sual altına düşəcək. Fikrimcə, artıq ölkədə 1, 3, 5 qəpikliklərin istehsalı dayandırılmalıdır. Nağdsız dövriyyənin həcmi artdıqca bunlara ümumiyyətlə ehtiyac qalmayacaq. Hələ ki bizdə pulun dəyəri var və yüksək nominallı dəmir pullar özünü doğruldur, amma bunu xırda pullara aid etmək olmaz”.
Mərkəzi Bank: Yeni dəmir qəpikliklərin istehsalı sifariş edilib
Qeyd edək ki, mövzu ilə bağlı Mərkəzi Bankdan da rəy aldıq. Qurumdan bildirildi ki, xırda nominallı qəpik pulların dövriyyədən çıxarılması nəzərdə tutulmur: “Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına əsasən ölkədə həyata keçirilən denominasiya çərçivəsində Mərkəzi Bank tərəfindən 01 yanvar 2006-cı ildən etibarən tədavülə 1, 3, 5, 10, 20 və 50 qəpiklikdən ibarət yeni nəsil metal pul nişanları buraxılıb.
Tədavülə buraxıldığı 7 il ərzində metal pul nişanları kifayət qədər populyarlıq qazanıb və ödənişlərdə geniş istifadə edilməkdədir. Belə ki, tədavülə buraxıldığı dövrdən metal pul nişanlarının həcmi ümumilikdə ədədlə 3 dəfə artıb. Eləcə də dövr ərzində 1 qəpikliklər ədədlə 2.3 dəfə, 3 qəpikliklər 2.5 dəfə, 5 qəpikliklər isə 2.2 dəfə artıb. Təkcə 2012-ci il ərzində Mərkəzi Bank tərəfindən tədavülə buraxılan xırda nominallı metal pul nişanları 1 qəpiklik üzrə 2.5 mln. ədəd, 3 qəpiklik üzrə 2.3 mln. ədəd, 5 qəpiklik üzrə 3.0 mln. ədəd təşkil edib.
Tədavüldə xırda nominallı pul nişanlarına tələbin qalmasını inflasiyanın məqbul səviyyədə olması, xırda nominallı metal pul nişanlarının pərakəndə ticarətdə və qiymətlərin formalaşmasında istifadəsinin genişlənməsi, eləcə də əhalinin metal pul nişanları ilə davranış mədəniyyətinin yüksəlməsi ilə izah etmək olar. Eyni zamanda, aparılmış araşdırmalar yaxın 2 ildə iqtisadiyyatın xırda nominallı metal pul nişanlarına olan tələbatının qalacağını göstərir və mövcud şəraitdə onların tədavüldən çıxarılması nəzərdə tutulmur”.
MB-nin müvafiq sualımıza verilən cavabında bildirilir ki, denominasiya tədbirləri çərçivəsində 2006-cı ilədək 20 mln. ədəd 1 qəpiklik, 20 mln. ədəd 3 qəpiklik və 26 mln. ədəd 5 qəpiklik istehsal olunub, ölkəyə gətirilərək tədavülə buraxılıb.
Ölkə iqtisadiyyatının xırda nominallı metal pul nişanlarına olan tələbatı nəzərə alınaraq, Pul İslahatı Komitəsinin müvafiq qərarına əsasən 2013-cü ildə əlavə olaraq 5 mln. ədəd 1 qəpiklik, 5 mln. ədəd 3 qəpiklik və 10 mln. ədəd 5 qəpiklik metal pul nişanlarının istehsal olunması və ilin sonunadək ölkəyə gətirilməsi nəzərdə tutulub.
Dəmir pulların hər birinin istehsalının neçəyə başa gəlməsi ilə bağlı suala isə qurumdan konkret cavab verilmədi: “Pul nişanlarının istehsalı Pul İslahatı Komitəsinin müvafiq qərarlarına əsasən həyata keçirilir. Pul nişanlarının istehsalı beynəlxalq təcrübəyə uyğun olaraq bazar qiymətləri əsasında müəyyən olunur”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər