• çərşənbə axşamı, 23 aprel, 18:17
  • Baku Bakı 20°C

XİN rəhbərlərinin onlayn görüşü əvvəlkilərdən heç nə ilə fərqlənmədi

01.07.20 18:27 839
XİN rəhbərlərinin onlayn görüşü əvvəlkilərdən heç nə ilə fərqlənmədi
Ekspertlərin fikrincə, Ermənistanın məskunlaşdırma siyasətini davam etdirməsi müharibə ehtimalını ortadan qaldırmadığı kimi, xalqları da sülhə yaxınlaşdırmır

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən mütəmadi olaraq Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüşlər keçirilib. Lakin COVİD-19 pandemiyası ilə əlaqədar olaraq, hazırda görüşlər videokonfrans vasitəsilə təşkil edilir. İyunun 30-da növbəti dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında onlayn görüş keçirilib.
Azərbaycan XİN-in görüşlə bağlı yaydığı məlumata görə, bir saat davam edən videokonfransda tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər. Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırıb.
Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını qeyd ediblər. Elmar Məmmədyarov Ermənistanın təxribat xarakterli hərəkətlərinin ritorikanın alovlanmasına gətirdiyini vurğulayıb.
Tərəflər qarşıdan gələn ay ərzində həmsədrlərin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti videokonfrans formatında görüşünün təşkilinə razılaşıblar. Həmçinin həmsədrlər nazirlərin birbaşa təmaslarının imkan olan ilk fürsətdə təşkili imkanlarını araşdıracaqlarını qeyd ediblər.
Belə görüşlərin keçirilməsi danışıqlar prosesinə hansı təsir göstərir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirdi ki, həmsədrlərin konfransla bağlı yaydığı bəyanatda bir neçə məqam diqqəti çəkir: "Bunlardan birincisi, həmsədrlər bölgədəki nisbi sabitliyi müsbət qiymətləndiriblər. Onlar tərəflərin gərginliyin artmaması üçün mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə davam etmələrindən məmnunluqlarını ifadə ediblər. Eyni zamanda həmsədrlər son təxribat xarakterli bəyanatların, təhrikedici ritorikanın münaqişənin nizamlanma prosesinə xələl gətirə biləcəyini narahatlıqla vurğulayıblar. Bundan başqa, Minsk qrupu həmsədrləri münaqişənin hərbi həllinin olmadığını bildiriblər. Onlar tərəfləri atəşkəs rejimini möhkəmləndirmək və xalqları sülhə hazırlamaq üçün əlavə addımlar atmağa çağırıblar. Həmsədrlər vurğulayıblar ki, şərtlər imkan verdiyi halda, ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin rəhbərliyi altında monitorinqlər yenidən bərpa olunacaq.
Onu da xatırladaq ki, həmsədrlər və xarici işlər nazirləri iyul ayında növbəti birgə videokonfrans keçirmək və ən qısa zamanda birbaşa görüş barədə razılığa gəliblər”.
E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin onlayn konfrans barədə yaydığı bəyanatda isə qeyd olunur ki, nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırıb: "Lakin həmsədrlərin yazılı bəyanatında bu barədə bir cümlə belə yoxdur. Başqa sözlə, həmsədrləri Ermənistanın işğal altındakı torpaqlar üzərindən Dağlıq Qarabağa qanunsuz çəkdiyi yol narahat etmir. Necə ki, həmsədrlər erməni separatçılarının Şuşa, Laçın və Kəlbəcəri məskunlaşdırması siyasətindən narahat deyillər. Halbuki, özlərinin hazırladıqları plana görə, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalı və azərbaycanlılar geri qayıtmalıdırlar.
Qeyd edim ki, həmişə olduğu kimi, bu dəfə də iki fikrin üzərində xüsusi dayanıblar: "Münaqişənin hərbi həll yoxdur” və "xalqları sülhə hazırlamaq lazımdır”. Ermənistanın baş nazirinin nümayişkaranə şəkildə Şuşaya səfərləri, burada qondarma andiçmə mərasimi keçirməsi, o cümlədən məskunlaşdırma siyasətinin davam etdirilməsi müharibə ehtimalını ortadan qaldırmadığı kimi, xalqları da sülhə yaxınlaşdırmır. Bunu həmsədrlər ya anlamaq istəmirlər, ya da vaxt uzadırlar”.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirdi ki, videokonfrans müzakirəsində atəşkəsin qorunması və danışıqların davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb: "Qeyd edim ki, Minsk qrupunun həmsədrləri "hamının hamıya" prinsipi üzrə əsirlərin dəyişdirilməsini, "Yenilənmiş Madrid prinsipləri" üzrə danışıqların aparılmasını Ermənistana qəbul etdirə bilmir. Ermənistan hakimiyyəti iki prinsipdən yayınır, yalnız atəşkəsin qorunmasına razılaşır və bununla da danışıqları məntiqsiz vəziyyətə gətirir. Rəsmi Yerevan əsirlərin dəyişdirilməsini separatçıların üzərinə qoyaraq, avantüraya əl atır. Halbuki, Nikol Paşinyan Prezident İlham Əliyevə bu məsələ ilə məşğul olacağını bildirmişdi. Amma bir ildən artıqdır ki, Paşinyan bu məsələdən də geri çəkilib. Həmçinin rəsmi Yerevan özünə xas "təkliflə” çıxış edərək, separatçıların da prosesdə yer almasını irəli sürüb, nizamlanma prosesini əngəlləyir.
Minsk qrupunun həmsədrləri isə belə videokonfranslar vasitəsilə mövcud status-kvonu qoruyur. Əgər həmsədrlər əsirlərin dəyişdirilməsi və "Yenilənmiş Madrid prinsipləri"ni Paşinyan iqtidarına qəbul etdirə bilmirlərsə, öz fəaliyyətini dayandırmalıdırlar. Belə olan təqdirdə, rəsmi Bakı təkcə danışıqlara sadiq qalmamalı, hərbi təzyiqlərə də əl atmalıdır.
Bir məsələni də qeyd edim ki, ABŞ-ın danışıqlarda passivliyi təəssüf doğurur. Görünür, ABŞ-da keçirilən prezident seçkiləri Tramp administrasiyasının konfliktin həllinə marağını azaldıb. Bu da Rusiyanın daha da güzəştsiz mövqe tutması və status-kvonun qorunması üçün əlindən gələni edəcəyinə zəmin yaradıb”.
M.Əsədullazadə vurğuladı ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqlarından ciddi bir nəticə gözlənilmirdi: "Ermənistan hakimiyyəti hazırda daxili siyasi gərginlikdən dolayı, cəbhədə atəşkəsin qorunmasında maraqlıdır. Nikol Paşinyana qarşı müxaifətin təzyiqlərinin artdığı bir dönəmdə onun kompromisə gedəcəyi mümkün deyil. O, heç əsirlərin dəyişdirilməsinə də getməyəcək. Fikrimcə, bu danışıqlardan da müsbət dinamika gözlənilmir.
Azərbaycan Qarabağa üçüncü yolun çəkilməsi, Qubadlı və Zəngilanda yaşayış yerlərinin salınması barədə Ermənistana ciddi ultimatum verməli və əks təqdirdə, bu addımlara hərbi təzyiqlərlə cavab veriləcəyini vurğulamalıdır. Ümumiyyətlə, bu il münaqişənin həllində Ermənistan tərəfinin hansısa addım atması gözlənilmir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər