XİN rəhbəri: Azərbaycan-Türkiyə-Rusiya formatı çərçivəsində əməkdaşlıq regionda sabitliyi möhkəmləndirəcək
"Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı çərçivəsində əməkdaşlıq Cənubi Qafqaz regionunda sabitliyi möhkəmləndirə bilər".Trend-in məlumatına görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Alanyada keçirilən Rus Mətbuat Şurasının konfransında, "Baku Network" Ekspert şurasının rəhbəri, Trend BİA-nın baş direktorunun müavini Elxan Ələsgərovun sualına cavab olaraq bildirib.
Çavuşoğlunun sözlərinə görə, Türkiyənin Azərbaycan ilə münasibətləri yüksək səviyyədədir və Rusiya ilə yaxşı münasibətləri var.
Nazir əminliklə bildirib ki, Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı üç ölkənin əməkdaşlığının müsbət nümunəsi olacaq.
Bu gün regionda bir sıra üçtərəfli formatlar mövcuddur, belə ki, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Gürcüstan-Türkiyə.
Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putin ilə görüş çərçivəsində deyib ki, Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli əməkdaşlıq mexanizmi formalaşdıra bilər və Moskvada və Ankarada təklif olunan sxemə çox müsbət yanaşırlar.