• cümə, 29 Mart, 15:59
  • Baku Bakı 14°C

XİN: Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazisində olması regional təhlükəsizliyə təhdiddir

29.04.16 18:05 1477
XİN: Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazisində olması regional təhlükəsizliyə təhdiddir
Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazisində olması regional təhlükəsizliyə təhdiddir. Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu jurnalistlərə Ağdam rayonunda Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. XİN rəsmisi Ermənistanın təxribatçı və təcavüzkar əməllərinin kəskin şəkildə qınandığını deyib: "Xarici İşlər Nazirliyi digər qurumlarla birgə əlaqələndirilmiş şəkildə mülki əhaliyə dəymiş ziyanı və mülki əhali arasında olan itkiləri sənədləşdirir və Ermənistanın Cenevrə Konvensiyası ilə üzərinə götürdüyü öhdəlikəri kobud şəkildə pozması dünya ictimaiyyətinin diqqətinə çatdırılıb".
H.Hacıyevin sözlərinə görə, Azərbaycan bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazisində olması regional sülh və təhlükəsizliyə böyük təhdiddir: "Ermənistanın dövlət rəhbərliyi açıq və təcavüzkar siyasət yeridir, bir daha danışıqlar prosesindən imtina edib və danışıqlar prosesinə məhəl qoymur". XİN rəsmisi bildirib ki, Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətdən gözləntisi ondan ibarətdir ki, Ermənistanın bu təcavüzkar əməllərinə təcili son qoyulması üçün təsirli addımlar atılmalı və Ermənistan sülhə məcbur edilməlidir: "Azərbaycan bir daha bəyan edir ki, biz hərtərəfli, nəticə yönümlü danışıqlar prosesinə hər zaman hazırıq. Azərbaycan Respublikası bu danışıqları BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında görür ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal alındakı ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalıdır". Qeyd edək ki, bu gün Azərbaycanda akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələrindən ibarət bir qrup ermənilərin aprelin 27-dən 28-nə keçən gecə ağır artilleriyalardan atəşə tutduğu Ağdam rayonunun Qaradağlı kəndində olub. Jurnalistlər kənddə ermənilərin ağır artilleriya zərbələrindən dağılmış evlərə baxış keçiriblər. Onlar ziyan çəkən kənd sakinləri ilə də görüşüblər. Xarici və yerli media nümayəndələrini Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı müşayiət edib.
banner

Oxşar Xəbərlər