• cümə axşamı, 18 aprel, 18:59
  • Baku Bakı 21°C

Xəzər rayonunda sahibkarların iştirakı ilə işgüzar forum keçirilib

28.11.14 16:03 1364
Xəzər rayonunda sahibkarların iştirakı ilə işgüzar forum keçirilib
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, bu istiqamətdə növbəti tədbir - Xəzər rayonunun Binə qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Xəzər rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib. 70-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış yaşıl marketin, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli istixana və zeytunçuluq təsərrüfatlarının, plastik qapı-pəncərə və üzlük daş istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Eyni zamanda, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 949 investisiya layihəsinin maliyyələşdirilməsinə 205.9 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodlarının, istixana, quşçuluq təsərrüfatlarının, ət emalı, metal konstruksiya və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 6500-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində Bakı qəsəbələrində fəaliyyət göstərən 22 sahibkara 3.4 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, quşçuluq, tərəvəzçilik, un məmulatları, qapı-pəncərə, mebel, üzlük daş istehsalı, müasir istixana kompleksin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 5401 sahibkara 280 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 12 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Həmçinin, indiyədək bügünkü kreditlər də daxil olmaqla Xəzər rayonundan olan 255 sahibkara 53.6 milyon manat dövlətin güzəştli kreditləri verilib.
İşgüzar forumda əsas diqqət sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlərin qurulmasına yönəldilib. Tədbirdə çıxış edənlər forumun müvəkkil kredit təşkilatlarının sahibkarlarla daha intensiv işləməsində, potensial sahibkarların üzə çıxarılmasında və nəticədə daha çox kiçik və orta həcmli layihələrin maliyyələşdirilməsində əhəmiyyətli olduğunu qeyd ediblər.
Tədbir çərçivəsində Binə qəsəbəsində güzəştli kreditlər hesabına inşa olunmuş müasir istixana kompleksinin fəaliyyətinə baxış keçirilib.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər