• cümə, 29 Mart, 16:44
  • Baku Bakı 14°C

“Xeyirlə şər eyni vaxtda qapımı döydü”

22.11.16 13:47 3150
“Xeyirlə şər eyni vaxtda qapımı döydü”
Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru İlham Əsədov Rusiya Federasiyası Kalmıkiya Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Biz də aktyoru təbrik edənlər sırasında olduq. Redaksiyamızın qonağı olan İ.Əsədov bizimlə söhbətində bir çox məqamlara toxundu.

Qeyd edək ki, teatrda özünəməxsus obrazları ilə yaddaşlarda qalan aktyor həm də gözəl ifaçıdır. Teatrın Həmkarlar İttifaqının sədri olan İlham Əsədov bu kollektiv tərəfindən sevilir. 19 ildir sənətdə olan aktyor 1997-ci ildən "İlham Miniatür Teatrı”nda çalışıb. Ömrünün 10 ilini bu teatrda keçirən İlham Əsədov 2005-ci ildən Gənc Tamaşaçılar Teatrına gəlib.
- İlk olaraq sizi təbrik edir, uğurlarınızın davamlı olmasını arzu edirik. İstərdik təəssüratlarınızı bizimlə bölüşəsiniz.
- Diqqətiniz üçün təşəkkür edirəm. Bu ada layiq görüldüyüm üçün teatrımızın rəhbəri Mübariz Həmidova, Kalmık Milli Dram Teatrının baş direktoru, Kalmıkiya Respublikasının əməkdar mədəniyyət işçisi Qalina Borisovna Şurayevaya təşəkkür edirəm. Çox xoşbəxtəm ki, bu ada layiq görülmüşəm. Hər bir aktyor istəyər ki, zəhmətinin bəhrəsini görsün. Mən də 19 illik öz zəhmətimin bəhrəsini gördüm. Düzdür bir balaca çox sevinə bilmədim. Eyni vaxtda, eyni saatda anamı da itirdim. Noyabrın 9-da xeyirlə şər dünyamın qonağı oldu. Ən böyük dəhşət o idi ki, mən fəxri ad alanda Bakıdan xəbər gəlmişdi ki, anam dünyada yoxdur. Biz Kalmıkiyaya gedəndə, teatrımızın rəhbəri Mübariz Həmidov bildirdi ki, axşam bizi sürpriz gözləyir. Həmin saatda mənə zəng edib dedilər ki, anam dünyasını dəyişib. Axşam bayram tədbiri olacaqdı. Bu dərd mənim dərdimdir. Ona görə də kollektivimizə də problem yaşatmaq, bayramlarını haram etmək istəmədim. Fəxri ad alanda belə, doya-doya sevinc hissləri yaşaya bilmədim. Mən tamamilə başqa cür düşünürdüm. Nə zamansa fəxri ad alsam, onu bayram kimi qeyd etməyi arzulayırdım.
- İlham bəy, həmkarlarınız arasında böyük hörmət sahibisiniz. Bu dostluğu, mehribanlığı, səmimiyyəti necə qoruyub saxlayırsınız?
- Həyat fanidir. Həyatda hər şeyi itirə bilərəm. Ancaq dostluğu, insanlığı itirməyi sevmirəm. Bu mənim üçün ən böyük faciə olar. Mən puldan çox dostluğa dəyər verirəm. Dostlarım olmasa, mən mənən ölərəm.
- 19 ildir ki, bu sənətdəsiniz. Ancaq sizi nə seriallarda, nə də filmlərdə görə bilirik. Səbəb nədir?
- Hazırda Xəzər televiziyasında yayımlanan "28 iyun” serialına 13-cü seriyadan Yalçın obrazı ilə daxil olmuşam. Ümumiyyətlə isə, çəkilməməyimin səbəbi çox sadədir - məni seriallara dəvət etmirlər. Əslində təqdimatdan da çox şey asılıdır. Bu baxımdan, gündəmdə olan dostlarımı da qınayıram. Axı onlar da təqdim edib, məsləhət görə bilərlər. Əslində, mən rejissorları qınamıram, çünki onlar teatra gəlmirlər. Dostlarımsa məni nə qədər çox istəsələr də, bu mənada məni təqdim etmirlər. Hesab edirəm ki, serialda əsas səliqə və tərbiyə böyük rol oynayır.
- Siz həm də teatrın Həmkarlar İttifaqının sədrisiniz. Böyük bir kollektivi idarə etmək çətin deyilmi?
- Çox çətindir. Ancaq onların hamısının dilini bilirəm. İş asan olsa, mənim üçün maraqlı olmaz. Çətin işləri daha çox sevirəm.
- Digər teatrlarda hər hansı bir narazılıq olan kimi bu, mətbuatda böyük müzakirələrə səbəb olur. Ancaq sizin teatrda biz belə hallarla rastlaşmamışıq. Bəlkə də bu, teatr rəhbərinin və Həmkarlar İttifaqının düzgün siyasətinin nəticəsidir?
- Hər bir ailədə problem olur. Mənim çalışdığım kollektivdə əgər bir hadisə baş verəcəksə, öncədən xəbər tuturam. Rəhbərliklə biz bunu yerindəcə həll edirik. Kollektivimizin üzvləri öz şəxsi mənafelərini, qalmaqallarını mətbuata çıxarmırlar. Aktyorlarımız daha çox uğurlarını mətbuatda dərc etdirir. Bu baxımdan, teatrımızın tərbiyəsinə, qabiliyyətinə çox vurğunam.
- Sosial şəbəkədə sizin "Ulduzun ulduz qonağı” verilişiniz yayımlanır. Belə bir verilişin açılmasının səbəbləri nədən qaynaqlanır?
- Məşhurluğu, televiziyanı sevirəm. Ancaq nə televiziyalar, nə də seriallara, filmlərə məni dəvət edirlər. Bu baxımdan dəstəyim azdır. Ona görə də özüm özümə dəstək oluram. İlk dəfə "Facebook”-da canlı efirə çıxdım. Orada özüm özümdən müsahibə alırdım. Göyçaylı bir nəfər mənə yazdı ki, "nə yaxşı, indi canlı efirdəsiniz. Bu saatlarda televiziyada baxılası heç nə yoxdur. Heç olmasa sizin verilişə baxırıq”. Bu mənə böyük bir stimul verdi. "Ulduzun ulduz qonağı” mənim üçün kiçik bir dünya idi və elə bilirdim ki, bu verilişə bütün dünya baxır (gülürük).
- Qonaqlarınızı necə seçirsiniz?
- Gündəlik ünsiyyətdə olduğum rejissorlar, aktyorlar, qiymətli insanlardan müsahibələr alıram.
- Televiziyalardan aparıcılıq təklifi gəlsə, qəbul edərsinizmi?
- İndi gözəl, peşəkar aparıcılarımız çoxdur. Aparıcılarımızdan çox razıyam. Daha çox "tok-şou” aparıcılarını bəyənirəm. Dəvət olsa, bəlkə də qəbul edərəm.
- Necə bir veriliş aparmaq istəyərsiniz?
- Şou xarakterli verilişləri aparmaq istəyərəm. Ya da xəbərləri.
- Sosial şəbəkələrdə, dost ortamlarında sizə "dünyanın İlhamı” deyə müraciət edirlər. Bu ləqəbi sizə kim verib?
- Bu ləqəbi özüm özümə qoymuşam. Ümumiyyətlə, nə edirəmsə, özüm özümə edirəm. Özümə bir ləqəb qoymaq istəyirdim. Zeynəb Xanlarovanı dinlədiyim bir zamanda düşündüm ki, mən də özümə "dünyanın İlhamı” deyə bir ləqəb seçim. Bu ad Zeynəb Xanlarovaya olan sevgimdən yarandı. Onun bütün afişalarında "Dünyanın Zeynəbi” yazılırdı. Onu bir müğənni kimi çox bəyənirəm. Mənə elə gəlir ki, bu ləqəbim dostlarımın da xoşuna gəlir.
- Hər il 8 Martda teatrda böyük konsert proqramı ilə çıxış edirsiniz. Gələn il də belə bir konsert olacaqmı?
- Artıq 8 ildir ki, bu layihə ilə xanımlarımızı təbrik edirik. Bir dəfə qastrola gedəndə maşında kollektiv üçün oxuyur, mini konsertlər verirdim. Xanım dostlarıma dedim ki, bu il 8 Martda sizə kiçik zalda konsert verəcəyəm. Mübariz müəllimə müraciət etdim. O dedi ki, dünya səni tanıyır, kiçik zal sənə çatmaz, gəl, böyük zalda konsert ver (gülürük). Mən də onu çox ciddi qəbul etdim. O gündən bu günə konsertlərimiz davam edir və anşlaqla keçir. Ancaq düşünürəm ki, bu dəfə 8 Mart konsertini anama görə təxirə salaram...
- İlham bəy, sizin Kalmıkiyada da belə bir konsertiniz baş tutmuşdu.
- Elədir. 3 il dalbadal Kalmıkiyanın paytaxtı Elista şəhərində beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Vostok - delo tonkoe” adlı konsert proqramı ilə çıxışetdim. Sonuncu dəfə Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi Arkadi Mandjiyevlə bir konsert verdik. O hər zaman özü tək oxuyur, heç kimlə birgə konsert vermir. Birdən-birə onun bakılı bir aktyorla böyük səhnəni bölüşəcəyini eşidəndə, hamı təəccüblənmişdi. Kalmıkiyanın bütün şou-biznes əhli orada idi. 800 nəfərlik zal ağzına kimi dolmuşdu. Onlar sözün əsl mənasında şokda idi. Dedilər ki, sənin səhnəndə xüsusi işıq, gözqamaşdırıcı bir şey yoxdur. Ancaq belə bir konserti çoxdandır görməmişdik. İndi də istəyirlər ki, mən orada konsert proqramı ilə çıxış edim. Qeyd edim ki, həmin səhnədə konsertimdən sonra erməni aktyor Xaratyanın da konserti olacaqdı. Xaratyanın konsertinə biletlər satılmamışdı. Orada deyilmişdi ki, İlham Əsədovun konsertinin bilet satışı dayandırılsın, tamaşaçılar həmin erməninin də konsertinə bilet ala bilsinlər. Ancaq tamaşaçılar məni üstün tutmuşdular. Onun konserti çox maraqsız oldu. Çıxıb 5 mahnı oxuyub, bununla da konserti bitib.Məlumat üçün də bildirim ki, Bakıda heç bir müğənni belə bir konsertlə çıxış etməyib. Bu konsertə hazırlaşanda 40-a yaxın konsert izlədim. Amma bunlar mənim xoşuma gəlmədi. Baxmayaraq ki, onların hamısı çox məşhur müğənnilər idi. Bizim müğənnilər elə hesab edirlər ki, nə qədər çox lirik mahnılar ifa etsələr, bir o qədər yaxşıdır. Ancaq həmin an zalda oturan tamaşaçılara nəzər salsaq, görürük ki, tamaşaçının biri əsnəyir, digəri də telefonla məşğul olur. Bizim müğənnilər zalda əyləşən tamaşaçılarla təmas qurmurlar. İndi müsahibəni oxuyan müğənnilər hesab edəcəklər ki, mən özümdən razıyam. Əsla belə deyil, onlara mesaj yollamaq istəyirəm ki, gəlin bizim konsertə baxın və ondan yararlanın. Bizim şou əhli səhnədə nəinki rəqs, heç şou belə göstərə bilmir.
- Bəs şou-biznesə necə, qatılmaq istəyirsinizmi?
- Ümumiyyətlə, hər yerdə olmaq istəyirəm. Hər zaman düşünürəm ki, mən şou-biznesdə olsaydım, maraqlı qalmaqallar yaradardım. İndi şou-biznes maraqsızdır. Nə şou var, nə də qalmaqal. Çox istəyirəm şou-biznesə daxil olum, ancaq o aləmə düşmək çox çətindir.
- Sizcə, müğənni olmaq üçün səs kifayətdirmi?
- Xeyr. İndiki zəmanədə səs o qədər də əhəmiyyət kəsb etmir. Qalmaqal, qeyri-adi geyimlər kifayət edir. Nədənsə mənə elə gəlir ki, nə zamansa şou-biznesin içində olacam. Buna ümidim çox böyükdür.
- Hansı obrazlarınızı sevmirsiniz?
- Heyvan rollarımı sevmirəm. Uşaq tamaşalarını oynayanda heç kefim olmur. Özlüyümdə düşünürəm ki, mən əsil aktyoram, aktyorlar rolları ilə püxtələşirlər. Qrim otağına gəlirəm, qrimlənirəm, heyvanın hansısa bir aksesuarını götürüb geyinəndə bütün həvəsim ölür. Hətta akvariumdakı balığın belə, evdə olmasına qarşıyam. Heyvanlar təbiətdə olmalıdır. Çox zaman deyirlər ki, heyvanları sevə bilməyən insanları da sevə bilməz. Mən bu fikirlərlə razı deyiləm.
- Dramı çox sevirsiniz, yoxsa komediyanı?
- Komediyanı. Son müşahidələrimə görə, tamaşaçıların dram janrında tamaşaları izləməyə marağı yoxdur. Bizimkilər dramı daha çox televiziyadan izləməyi sevirlər. Evdə oturub, izləyərək ağlamağa daha çox üstünlük verirlər. Bu baxımdan tamaşaçılarda kompleks var. Zalda canlı sürətdə ağlaya bilmirlər, onlar ancaq gülməyi xoşlayırlar. Hərdən deyirlər ki, dünyanı gözəllik xilas edəcək, ancaq mənə elə gəlir ki, dünyanı gülüş xilas edəcək. Nə qədər gülsən, bir o qədər gümrahsan. Amma mən anamı itirəndən sonra gülmürəm. Ona görə də mənən qocaldığımı hiss edirəm. İnşallah, özümü toparlayıb yenidən gülməliyəm.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər