• cümə, 29 Mart, 17:58
  • Baku Bakı 14°C

Xəyalların gerçəkləşdiyi yer - Fotolar

06.08.19 09:30 16969
Xəyalların gerçəkləşdiyi yer - Fotolar
Çeşmə Türkiyənin zövqlü olduğu qədər də bahalı kurortu hesab edilir. "Türk kurortları arasında daha çox avropalaşan, qitə mədəniyyətini mənimsəyən məhz Çeşmədir” fikri artıq türklərin özləri tərəfindən də qəbul olunub. Özünün termal qaynaqlarına görə "Çeşmə” adlanan yarımada vaxtilə yunan şəhəri Krini kimi tanınıb.


Çeşmə Aralıq dənizi ölkələri kurortlarından təkcə öz təbiəti ilə deyil, həm də görünüşü ilə seçilir. İzmirdən 89 km qərbdə yerləşən yarımadada 2018-ci ilin statistikasına görə 42 min insan yaşayır. Çeşməyə çatmaq üçün turistlər Adnan Menderes adına İzmir Hava Limanından və şəhər avtovağzalından hərəkət edən avtobuslardan istifadə edirlər. Belə ki, İzotaş avtovağzalında "Çeşmə səyahət” şirkətinin avtobuslarından istifadə etməklə, səhər saat 6.30-dan axşam 21.30-dək yarımadaya çatmaq mümkündür. 1 saat 20 dəqiqəlik məsafəni qət etmək üçün 25 TL ödəmək lazım gəlir. Həmçinin İzmir Hava Limanından hər saatdan bir hərəkət edən Havaş şirkətinə məxsus avtobuslarla bir saat yarıma Çeşməyə gəlmək olur.

Daha çox türklərin sevdiyi yer
Bu gün Çeşmə unikal təbiətinə, yüksək turizm infrastrukturuna görə məşhurdur. Şəhər zahiri görünüşünə görə də digər türk kurort şəhərlərindən fərqlənir, xüsusən yunan arxitekturası motivləri diqqət çəkir. Şəhər haqqında danışanda təmizliyini və yaşıllığını xüsusi qeyd etmək lazımdır. Evlərin quruluşu, güllərlə örtülən görünüşü insanın əhval-ruhiyyəsinə müsbət təsir edir. "İnsanlar bu məkana xəyallarını gerçəkləşdirməyə gəlirlər” – çeşməlilər təbəssümlə deyirlər. Təsadüfi deyil ki, şəhərin dağlıq hissəsində - hündür qayalıqda "Ən gözəl xəyallar Çeşmədə gerçəkləşir” fikirləri yer alıb. Yarımadaya qədəm qoyanlar bu fikirlərə məmnuniyyətlə inanırlar.

Həqiqətən də Çeşmə turistlərlə qaynayır. Aralarında ərəblər də, ruslar da, Avropa ölkələrindən olanlar da var. Amma daha çox gələnlər Türkiyənin öz bölgələrindəndir. Yəni yarımada turizm zonası kimi əcnəbilərə o qədər tanış olmasa da, ölkə sakinləri tərəfindən daha çox sevilir.

Çeşməyə gələnlər şəhərin tarixi hissələrini gəzməyə də üstünlük verirlər. Osmanlı sultanı II Bəyazit tərəfindən tikilən, 16-cı əsrə məxsus Çeşmə qalasına səfər edirlər. Qala bir neçə dəfə dağıdılsa da, hazırda təmir olunaraq ziyarətçilərin ixtiyarına verilib. Qaladan Egey dənizinə gözəl mənzərə açılır. Abidə aprel ayından oktyabradək hər gün səhər 9.00-dan 17.00-dək turistlərə açıqdır.


Çeşmə buxtası da turistlər üçün çox maraqlıdır. Buxtanın yaxınlığında rus və türk donanmaları arasındakı məşhur dəniz döyüşünə abidələr qoyulub. Məşhur vuruşmada ruslar türk donanmasını məğlub edərək Dardanel boğazına nəzarəti ələ keçiriblər.

Şəhərin görməli yerlərinə tarix muzeyi və digər arxitektura tikililəri də aiddir. Egey dənizinin füsunkar gözəlliyi isə öz yerində. Palma ağacları ilə örtülü sahillərin əsrarəngiz görünüşü yarımadanın qonaqlarını heyran edir. Sahil boyu kafe və restoranlar çeşidli yeməklər, dondurmalar, çay və digər içkilər təklif edirlər. Ən xoşagələn dar küçələrdə fərqli dizaynlı kafelərin xidmətləridir. Rəngbərəng, çeşidli görkəmləri ilə müştəriləri səsləyirlər... Yay mövsümündə xüsusən tələbələr Türkiyənin müxtəlif bölgələrindən otellərdə işləməyə gəlirlər.

İyuldan sentyabradək
Şəhərin turizm infrastrukturu yüksək səviyyədədir. Çeşmə ərazisindəki dəniz sahili boyunca 3-5 ulduzlu otellər sıralanıb. Burda yay mövsümi iyuldan sentyabra qədər davam edir. Həmin müddətdə yarımadaya gələnlər burada turizm mövsümünün bütün ləzzətini görə və yaşaya

bilərlər. Bir şərtlə ki, otelləri və ya qonaq evlərini öncədən bron etmək lazım gəlir. Çeşmədə, həmçinin şəxsi evlər də kirayə verilir. Demək olar ki, qəfil gələn turistə otellərdə yer tapmaq çətin ola bilər. Otellərin və ya qonaq evlərinin qiymətləri də ucuz deyil. Axşamlar otellər sanki canlı musiqi yarışmasına qoşulur, bir-birindən gözəl ifalar təqdim etməklə müştəri cəlb edirlər. Ümumiyyətlə, Çeşmə Türkiyənin bahalı kurort yeri hesab olunur. Varlı türklər buralarda istirahət etdiyindən, ucuz qiymətlər gözləməyə dəyməz. Həmçinin Çeşmənin rus oliqarxlarının yaxtalarının saxlandığı yer olması ilə də bağlı sosial şəbəkələrdə rəylər yer alır.


Çeşmədə məşhur çimərliklər var ki, avtobuslar turistləri gün ərzində həmin çimərliklərə daşıyır. Şəhər mərkəzindən 10 km məsafədə yerləşən Altınkum və Brilyant çimərlikləri turistləri daha çox cəlb edir. Çeşmənin küçələrində yarımada sakinlərinin hazırladıqları əl işləri və yerli ərzaq məhsulları satılır. Sızma zeytun yağı, lokumlar, paxlavalar dadları ilə seçilir. Türklər müxtəlif bölgələrdən Çeşməyə gələrək hazırladıqları məhsulları təklif edirlər.

Turizm mövsümü bitəndən sonra isə Çeşməyə sanki sükut çökür. Otelçilərlə söhbətimdə qazanclarının yalnız yay mövsümündə olduğunu deyirdilər: "Sentyabrdan sonra buralarda həyat donur. Qış aylarında turistlər Çeşməyə gəlmirlər. Yerli əhali dolanışığını balıqçılıqdan çıxarır. Bir də Çeşmənin sənaye məhəlləsi var ki, yerlilər orada çalışırlar. Yarımadanın sakinləri Çeşmənin səs-küyü, qonaq-qarası, ən əsası, insanlarının pul qazanmasından ötrü növbəti yay mövsümünü gözləyirlər...

Şirin Egey kəndi

Çeşməyə ən yaxını Alaçatı kəndidir. Bu kənd Çeşmənin bir parçasıdır. Alaçatı dəyirmanları kəndin simvoludur. Kəndin yuxarı hissəsində yerləşir. Adamla qaynayan küçələri, güllü daş evləri, suvenir dükanları, çeşidli yeməklər təqdim edən zəngin kafe və restoranları ilə hər mövsüm turist gözləyir. Türklər söyləyir ki, Alaçatı deyəndə ilk ağla gələn külək, sörfinq (yelkənli qayıq) yarışları, damla saqqızlı dondurma olur.


Qədim Egey kəndi olan Alaçatı hazırda Türkiyənin ən elit turizm nöqtələrindən sayılır. Təkcə ölkənin dörd bir yanından deyil, Avropa ölkələrindən də buranı görməyə gələnlər, tətillərini bu nağılvarı kənddə keçirənlər hədsiz saydadır. Dar küçələri, yunan dövründən qalma köhnə evləri ilə diqqət çəkir Alaçatı. Kəndin daş evlərində Roma və Osmanlı memarlığının izləri yer alıb. Tarixi tikililər əslinə uyğun biçimdə restavrasiya edilərək qonaqlarını heyran etməkdədir. Alaçatı axşamüstünə qədər səssiz, sakit, axşamlar isə qələbəlikdir. Ən məşhur yeri Hacı Memiş sokağıdı – hər şey bu küçənin ətrafındadır. Mağazalar, barlar, restoranlar, Hacı Memiş və paralel küçədədi. Bir gündə hamısını görmək mümkündür. Alaçatıya gələnlər həftənin altıncı günü açılan Alaçatı bazarına baş çəkirlər ki, bu bazar bölgədə çox məşhurdur.


Alaçatı təkcə dəniz həvəskarları üçün deyil, həmçinin sörfinq yarışı həvəskarları üçün də sevimli məkandır. Alaçatının mərkəzi dənizdən aralıdır. 5 km məsafədə Port Alaçatı yerləşir. Yelkənli qayıq həvəskarlarının mərkəzi də burdadır. Maraqlıdır ki, Alaçatıda bu yarışlar üçün dalğalar var. Alaçatı yarış iştirakçıları üçün türk kurortları arasında ən ideal yer hesab olunur. Bu ərazidə tez-tez beynəlxaq yarışlar keçirilir.

Alaçatının turizm məkanı kimi digər üstünlüyü saqqız ağaclarının Türkiyə üzrə yalnız bu kənddə yetişməsidir. Sayları 300-ü keçməyən bu ağaclar Alaçatı bələdiyyəsinin qoruması altındadır. Bu ağaclardan ləzzətli saqqız cemi və rakı hazırlanır. Saqqızlı dondurmaların da fərqli dadı var.

Alaçatı öz tarixi mədəniyyətini qoruyub saxlamaqla, onu qonaqlarına yüksək səviyyədə təqdim edir. Qədim dövrlərə qədər uzanan keçmişi isə dünyanın bir çox ölkələrindən turistləri bu gözəl kəndə gəlməyə sövq edir. Çeşmədən fərqli olaraq, bura turistlər soyuq aylarda da gəlir, ölkə insanları həftə sonlarını Alaçatıda keçirməyə üstünlük verirlər.

Alaçatı Çeşmənin bir kəndi olsa da, yerli sakinlər maraqla turistlərə "Çeşmə xoşunuza gəldi, ya Alaçatı” sualını verməkdən çəkinmirlər.
Yunan adasına doğru

Çeşmə həm də liman olduğu üçün gəmilər insanları adalara səyahətə aparır. Gün ərzində davam edən səyahətlər 3-4 ada daxil olmaqla 80-150 TL arası dəyişir. Ən əhəmiyyətlisi isə yunan adalarına turlardır. Ən yaxını Xios (Saqqız) adasıdır ki, 35 avroya gündəlik turlar təşkil olunur. Təbii ki, açıq Şengen vizası olanlar bu fürsətdən yararlana bilirlər. Xios adasına – Homerin vətəninə səfər etmək isə hər kəs üçün maraqlıdır.

(Ardı var)

Təranə Məhərrəmova
Çeçmə-Alaçatı-Bakı
banner

Oxşar Xəbərlər