• şənbə, 20 Aprel, 14:04
  • Baku Bakı 23°C

Xəyalın reallıqla qardaşlığı

01.03.17 12:31 2103
Xəyalın reallıqla qardaşlığı

21-ci əsrə qədəm qoyan dünya tarixi insanın gerçəkliklə irrasional həyəcanları arasında əlaqələr axtarmağa başladı. Psixologiyanın sosial elmlər arasında sosiologiya və fəlsəfədən liderliyi ələ alması ilə nəticələnən araşdırma və tədqiqatlar özünə tərəfdarlar toplamağa bacardı. Yunq çağdaş insanı öyrənmənin yeni üsullarını ənənəvi metodlardan üç nüansa görə fərqləndirir və üstəlik, bu yeni fərqləndirmə yalnız empirik bilgi davamçıları üçün vasitə olmur, istər media mənsubları, istərsə də hər bir peşə sahibi bu kodeksləri mənimsəməkdə əsla ləngiməməlidir. Jan Pol Sartrın fəlsəfə və ədəbiyyat arasında vertikal var-gəllərinin, Tomas Mannın kültüral araşdırmaları ilə nəsr arasındakı seçimləri və Eynşteynin fizika, kimya və metafizik fəlsəfə arasındakı periodik sıçrayışları bunun sayəsində mümkün oldu. Yunqun arxetiplərini təkmilləşdirən Fromm üç fərqi qısaca izah edir: 1) İnsan tək fiziki mövcudluq deyil, onun mənəvi aləmi də yaradıcıdır. 2) Canlının fövqündə dayanan real-təbii varlıq tərifi insana baxışda daha çox dərinlik tələb edir. 3) İnsanın xəyalları keçmişin təməli, bu günün təkanvericisi, gələcəyin müəllifidir. Təxminən eyni tezisləri müdafiə edən həyat fəlsəfəsinin ardıcılları xəyal və röyaların gücünü bütün estetik inikasa sıçratdı. Xəyalların fiziki inikası özünü müxtəlif sahələrdə yetkin formada göstərməyə başladı.
Xəyal sadəcə, mənəvi rahatlıq və özünü xoşbəxt hiss etmək vasitəsi olmayıb, fiziki inikasla əsaslı dəyişikliklərə səbəb ola biləcək hadisələrin proqnozlaşdırıcı alt qatıdır.
Xəyalın reallıq ölçüsü var, o, sadəcə, insanın bişüuri istək və hedonist arzularının cəmindən ibarət deyil. İdealist Mark Avreli yazırdı ki, insanın həyatı onun xəyallarının rənginə boyanıb. Baxmayın, bizim cəmiyyətdə neqativ bir xəyalpərəstlik izahı var. Təbii ki, insan heç bir zaman həqiqət məğzindən qaçmamalıdır, xəyalın aludəçisi olmaq sonda Haydegger dəliliyi, yaxud Ekzüperi çılğınlığı yarada bilər. Amma bir halda ki, Eynşteyn xəyalın mərkəzində həyat və yaşamaq instinktini görür, onda, nə qədər yanlış təsəvvürlərin əsirinə çevrilən bir toplumla üz-üzə qaldığımızın fərqinə daha çılpaq vararıq. Bilik xəyalın möhkəmliyi ilə əlaqədardır, Platon dialoqlarını diqqətlə araşdıranda bunun canlı şahidi ola bilərik. Ona görə də, Eynşteyn xəyalın gücünü bilikdən daha əsas sayırdı. Xəyalı konkret öyrənən bir elm sahəsi yoxdur, sadəcə, parapsixologiya xəyalın beyin hadisəsi olmaqdan daha çox şüuraltı proses olmağını izah edir, yatmadan öncə şüuraltı düşündüyümüz xəyallar yuxu prosesinə çevrilir, bu baxımdan yuxu yozmaları və sair tip şeylər də öz əhəmiyyətini tamamilə itirir
Beləliklə, bütün bu ekskursiya sadəcə olaraq xəyalın mahiyyətini açıb göstərmir, yəqin edirik ki, bizim üçün bəsit, birqatlı bir hadisə və proses kimi səciyyələnən xəyallar əslində kainatın gələcəyinə yön verir. Axı, 21-ci əsrin insana baxışı həm də onun sosial, bioloji, etik varlıq olmaqdan ziyadə, kosmik varlıq olduğunu göstərir bizə.
Xəyal qurmaq beyni düşündüyümüzdən də çox möhkəmləndirir.

Tural İsmayılov

banner

Oxşar Xəbərlər