• cümə, 29 Mart, 15:21
  • Baku Bakı 14°C

Xəyalə Meydanova: “Səhnə məni öz ağuşuna alır... daha heç nə hiss etmirəm”

04.12.17 12:02 19479
Xəyalə Meydanova: “Səhnə məni öz ağuşuna alır... daha heç nə hiss etmirəm”
Dövlət Gənc Tamaşaçılar Teatrına yeni gəlməsinə baxmayaraq öz gülərüzlüyü, istedadı, tərbiyəsi və bacarığı ilə hər kəsin ürəyinə yol tapan Xəyalə Meydanova son zamanlar parlaq rollarla, daha çox uşaq tamaşalarındakı obrazları ilə balaca seyrçilərin sevimlisinə çevrilib. Onun, daim içində olan parlaqlığı, enerjini, uşaq ehval-ruhiyyəsini ətrafındakılara da yansıtmaq bacarığı var. Tək qaldıqda özünə qapanan, sevdikləri əhatəsində üzü həmişə gülən Xəyaləni biz də yaxından tanıyıb, oxucularımıza tanıtmaq istədik.
-Səni bir az yaxından tanıyaq, Xəyalə?
-Mən, Meydanova Xəyalə 1991-ci il iyunun 25-də anadan olmuşam. 26 nömrəli orta məktəbi bitirdikdən sonra 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr Kollektivləri Rejissorluğu fakultəsinə qəbul olmuşam. Birinci kursdan həm oxuyurdum, həm də Sidqi Ruhulla adına Buzovna Mədəniyyət evində rejissor kimi işləyirdim. İkinci kursun yarısından Bakı Uşaq Teatrına aktrisa kimi göndərdilər məni. Əslində aktrisa olmaq istəmirdim, çünki evdən qoymurdular (gülür). Ona görə dedim az müddət işlədikdən sonra istədiyim vaxt çıxaram. Ancaq teatrın "tozunu udduqdan” sonra çətin oldu ayrılmaq. Düz deyirmişlər ora gələndən sonra ayrılmaq olmur.
-Bu sənətə həvəs necə yarandı?
-Əslində beşinci sinifdən bu həvəs yarandı məndə. Şeirlərə maraq çox olub, çoxlu şeirlər öyrənirdim, məktəb tədbirlərinə qatılırdım. Bir də xalam qızı o vaxt Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşdu. Məni bəzən özüylə dərslərə aparırdı, hətta, mən beşinci sinifdə oxuyanda onların tamaşasında Qırmızı papağı oynamışdım. Beləcə həvəsim daha da artdı və qərara aldım rejissor olum, çünki o da rejissor idi. Artıq seçim vaxtı gələndə evdə qərarımı bildirdim ancaq qarşı çıxdılar, çünki valideynlərimin arzusu məni həkim görmək idi. Amma məktəbi bitirəndə evdən gizlin xalam qızı ilə Tədris Teatrında birinci imtahanı verib keçdim, lakin anam biləndə yenə də ciddi qəbul etmədi, düşünürdü ki, qəbul olmayacağam. Ancaq qismətdə varmış, qabiliyyət imtahanından da, testdən də keçdim və beləcə arzuladığım təhsil ocağının tələbəsi adını qazandım.
-Gənc Tamaşaçılar Teatrına gəlişin necə oldu?
-Burda işləmək mənim arzum idi, ancaq həmişə alçatmaz baxırdım. Çünki tanıdığımız çox sayda əməkdar artistlər, xalq artistləri yetişdirmiş professional bir teatrdır. Uşaq Teatrında işləməyə başlayanda səhnə komplekslərim vardı, sağ olsun İntiqam Soltan, onların hamısını atlatmağa kömək etdi. Bilirsiniz ki, orada yalnız uşaqlar üçün tamaşalar olur. Sadəcə beş il yalnız uşaq obrazları oynayırdım və hardasa insanın içində böyük obrazlar da yaratmaq həvəsi yaranır. Mənim də içimdə bir istək daha da qabağa getməyin vaxtı olduğunu deyirdi. Mən teatrın direktoru Mübariz müəllimin yanına gəlib istəyimi bildirdim və çox sağ olsun ki, fikrimi müsbət qarşıladı, mənim kimi aktrisaya burda hər zaman ehtiyac olduğunu dedi. Amma 3 ay sınaq müddətində hər dəfə işə gələndə içimdə bir qorxu vardı - birdən deyərlər ki, sabahdan gəlmə. Şükürlər olsun sınaq müddətimin öhdəsindən layiqincə gəldim və ştata götürüldüm. Bu gün burda özümü evimdəki kimi hiss edirəm, bütün aktyorlar, rejissorlar, truppa mənə dəstəkdi.
-Niyə məhz Gənc Tamaşaçılar Teatrı?
-Bilirsiz, hər kəs özünü tanıyır, mən özümü ancaq burda görürəm. Düzdü neçə illər teatrın tamaşalarını izləyirdim, aktyorlarla şəxsi tanışlığım olmasa da çoxunu tanıyırdım. Bura gəlmək çoxdankı arzum olsa da risk etmirdim. Bu qədər sevmişkən birdən gələrəm də işə qəbul etməzlər, bütün ümidlərim qırılar, bir də gələ bilmərəm bu teatra. Dəfələrdə Uşaq teatrına ərizə yazmışam getməyə amma qərar verə bilməmişəm bura gəlmək üçün.
-İndiyədək oynadığın obrazların içərisində daha məsuliyyətli və səni bir az da qorxudan olubmu?
-Düzünə qalsa hamısı. Bu teatra gələn gündən kiçikli-böyüklü obrazlar oynamışam. Hətta bir neçə tamaşada baş rollarda oynamışam, hamısının da öz həyəcanı, məsuliyyəti olub. Amma içlərində ən həyəcanlandığım, indiki kimi xatırlayıram, Şövqü Hüseynovla birlikdə oynadığım, rejissoru Emil Bakuvi olan "Aciz” tamaşası idi. Çünki ilk dəfə idi ki, böyük bir obraz yaradacaqdım. Haradasa üç-dörd ay o tamaşanın məşqləri getdi və həmin müddət mən ətrafımı tamamilə unutmuşdum, yalnız tamaşanı düşünürdüm, öz aləmimdə olurdum, bir növ ruh kimi gəzirdim. Bəzən elə anlar olurdu ağlayırdım da, rejissorun istədiyini tam şəkildə verə biləcəyəmmi deyə fikirləşirdim. Amma uşaq tamaşalarında da həyəcanlarım az olmur. Məsələn, "Çipollino”da Çipollino, "Uzuncorab Peppi”də Peppi, "Aycan”da Gülyaz, "Qaraca qız”da Qaraca qız kimi obrazlarda çox həyəcan keçirmişəm.
-Həyəcanlarına necə qalib gəlirsən?
-Bu hal məndə sanki adiləşib. Hətta səhnəyə çıxmağa az qalmış birdən alınmaz deyə çox qorxuram. Ancaq ilk addımımı səhnəyə qoyduğum andan həyəcan da keçir, narahatlıq da, qorxu da. Səhnə məni öz ağuşuna alır və mən artıq obrazımın sehrinə düşürəm, daha heç nə hiss etmirəm, təkcə obrazımı yaşayıram. Yəqin səhnənin "sehri” də belə bir şeymiş (gülür).
-Səhnədəki Xəyalə ilə, həyatdakı Xəyalənin oxşar və fərqli cəhətləri?
-Maraqlı sualdır. Əslində hamının tanıdığı Xəyalə deyib-gülən, şən biridir. Amma hərdən özüməqapanmağım, görünməyən tərəflərim var. Tək qalanda tamamilə başqa oluram. Sakit, düşünən biriyəm. Təklikdə özümə hesabat verirəm, bəyənmədiyim şeylər haqqında düşünürəm, hansısa problemim varsa özlüyümdə həll etməyə çalışıram. Dostlarımın dərdinə şərik oluram, yaxşı-pis günlərində yanlarında olmağa çalışıram, lazım gəlsə məsləhət verirəm, amma kiməsə ağlamıram, problemlərimi danışmıram. Bəlkə elə də yaxın dostum, sirdaşım yoxdu deyə (bir az qəhərlənir). Obrazlarıma gəlincə bütün obrazlarımda Xəyalədən bir parça olur. Uşaq tamaşalarında elə olur ki, bəlkə də Xəyalənin uşaqlıqda yaşamadıqlarından, arzu etdiklərindən nə isə var.
-Özünə kimləri ustad bilirsən, kimlərdən öyrəndiyini hiss edirsən?
-Mənim kurs rəhbəri rəhmətlik Firdovsi Naibov olub. Birinci kursda biz onu itirdik. Sonradan işləməyə başladım və bir növ "qırıldım”, ancaq Uşaq Teatrında ustadım İntiqam Soltan olub. Səhnədə yeriməyi, mizanları, işıqların nə olduğunu, obrazları - bir sözlə hər şeyi mənə o öyrətdi, bu danılmazdı. Ancaq Gənc Tamaşaçılar Teatrına gələn gün Uşaq Teatrında öyrəndiyim hər şeyi sıfırladım və yenidən başladım öyrənməyə. Bu gün də teatrdan çox şey öyrənirəm, istər olsun yaşlı nəsil, istərsə də cavan nəsil. Hamısından nə isə öyrənirəm. Elə bir adam yoxdur deyəm ki, sırf təkcə ondan öyrənirəm, xeyr, inkişafım üçün hər birindən nələrsə öyrənirəm. Bəhram Osmanovdan çox şey öyrənirəm, yanına gedirəm bir çətinliyim olanda, pyesi daha dərindən anlamaq istədikdə, hansısa xırda nüansları başa düşmədikdə səbrlə mənə başa salır.
-Səhnəyə ilk çıxışını necə xatırlayırsan?
-İlk dəfə Uşaq Teatrında "Şrek və onun dostları” tamaşasında dovşan rolunda çıxmışam, tərəf müqabilim də hazırda Musiqili teatrın aktyoru olan Ruslan idi. Həmin tamaşada dovşanla canavarın rəqsi vardı. Həyəcandan o qədər özümü itirmişdim ki, tərəf müqabilim məni idarə edirdi, ayaqlarım tamam dolaşırdı, az qalırdım yıxılam. Tamaşadan sonra o qədər ağladım ki... Gənc Tamaşaçılar Teatrında isə böyük obraz kimi ilk həyəcanımı Ağalar İdrisoğlunun "Aycan”ında Gülyaz obrazında yaşamışam. İlk premyeram idi, çox həyəcanlı idim ki, direktor, bədii şura hamısı mənə baxacaq, necə qəbul edəcəklər. Düşünürəm ki, elə də pis alınmamışdı.
-Gələcəkdə oynamaq istədiyin, arzuladığın hansı obraz var?
-Biraz qəliz, düşündürücü sual oldu (fikrə gedir). Deyir aktyor ac olur (gülürük), mən böyük tamaşalar üçün acam, ancaq deyim sırf bu əsər, bu obraz, yoxdur. Düzü çox kitab oxuyuram, amma düşünməmişəm ki, sırf bu personajı oynamaq istərdim. Uşaq obrazlarında özümü daha rahat hiss edirəm. Düzdü uşaqları da indi aldatmaq çətindir, kitablardan, cizgi filmlərindən personajları yaxşı tanıyırlar, bu mənada məsuliyyətlidir, insanın içində qəribə bir hiss olur, bax onu böyük tamaşalarda yaşamaq istəyirəm. Əslində bu günəcən həqiqətən düşünməmişdim bu barədə, amma bu sualdan sonra düşünəcəm.
-Bir müddət seriallara çəkilirdin, indi nədənsə görünmürsən. Təklif yoxdu, yoxsa özün istəmirsən?
-Yox var. Keçən sezon "28 iyun” serialında oynamışdım. Bu sezon bir filmdən təklif gəldi baş rola, çəkildim. Sadəcə hələ efirə getməyib. Nicat Kazımovun "Yol ayrıcı” filmidi. Başqa təkliflər oldu, ancaq baş rolda olduğum üçün gedə bilməzdim. Bu obrazım çox xosuma gəlir, dramdır.
-Asudə vaxtlarında nə edirsən?
-Düzü asudə vaxtım demək olur olmur. Gəzməyi çox sevdiyim üçün azacıq vaxt tapan kimi ailəmlə, qohumlarımla rayonda, təbiət qoynunda dincəlməyə, gəzməyə gedirəm. Teatrdakı dostlarla hardasa oturub söhbət edirik, amma orda da teatrdan, rollardan danışırıq (gülür). Bircə bazar ertəsi istirahətim olur həftədə, onu da çalışıram yaxınlarımla keçirəm. Son zamanlar məktəblərdə tədbirlər hazırlamağa dəvət edirlər deyə vaxtım heç qalmır.
-Əvvəllər rejissor kimi fəaliyyət göstərmisən. Yenidən tamaşa hazırlamaq istərdinmi?
-Bəlkə beş-on ildən sonra olar. Amma indi hələki fikirimdə yoxdur, ola bilsin təzəyəm bu işdə, öyrənməli çox şey var deyə. Olur ki, hansısa tamaşaya hazırlaşanda fikrimdən keçir ki, bu belə olsa idi necə olardı, ancaq rejissorun öz yozumu var. Hələki özümü bu sahədə möhkəmlətmək, təsdiq etmək istəyirəm.
-Gələcəklə bağlı hansı planların var?
-Əvvəl düşünürdüm Gənc Tamaşaılar Teatrına gəlim, gəldim də. Hələ ki, heç nə. Daha doğrusu mən elə bir insanam ki, bu günlə yaşayanam, reallıqla barışan insanam. Hər şeyi zamanın axarına buraxıram. Amma nəyisə istəyirəmsə, onu əldə etməyə çalışıram. Hələ ki, burda özümü sübut etmək istəyirəm.
-Təşəkkür edirik Xəyalə, gələcək işlərində uğurlar arzulayırıq.
-Çox sağ olun
Nigar Pirimova
Teatrşünas
banner

Oxşar Xəbərlər