AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xətaidə yaşıl «soyqırımı» davam edir - reportaj

Xətaidə yaşıl «soyqırımı» davam edir - reportaj

İqtisadiyyat
07 Mart 2013, 09:56 2511
Bir neçə gündür ki, mətbuatda Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 51 ünvanında və 6 nömrəli şəhər poliklinikasının qarşısındakı ərazidə yaşıllıqların məhv edilməsi, çoxsaylı şam ağaclarının kəsilərək yerində obyektlər tikilməsi barədə məlumatlar dərc olunur. Biz də mövzunun aktuallığını nəzərə alıb adıçəkilən ünvanlara baş çəkdik. Gördüyümüz mənzərə yazılanların həqiqət olduğunu bir daha təsdiqlədi. Ukrayna dairəsindən üzü Əhmədli metrosuna tərəf hərəkət etdikdə yolun sağ tərəfində 9 mərtəbəli binanın qarşısında kiçik tikinti meydançasının olduğunu müşahidə etdik. Burada şam ağacları ilə əhatə olunmuş ərazinin düz ortasında eni təxminən 6, uzunluğu 15-20 metr olan iki tikili var idi. Məhəmməd Hadi küçəsi bina 51-in sakinləri ilə söhbət zamanı öyrəndik ki, 1 həftə bundan əvvələ kimi burada qızğın iş gedib. Tikinti işləri aparanlar heç kimə əhəmiyyət vermədən, gecəykən 20-yə yaxın şam ağacını kəsib yük maşınlarına yığıb, harasa aparıblar. Bunun ardınca fəhlələr gecə-gündüz işləyərək həm özül qazıblar, həm də hörgü hörüb karkas qurublar. Srağagün axşam isə sement-beton işləri görülüb.
 
 

Həmin ərazidə yaşayan və hazırda təqaüddə olan Telman dayı bizimlə söhbətində maraqlı bir fakta da diqqət çəkdi. Bildirdi ki, o, ağaclar kəsilən günün səhərisi buradan keçərkən təbiətə qarşı qəddarlığa dözməyib. Tikinti işləri aparanlara yaxınlaşıb öz narazılığını çatdırıb. Lakin iş icraçıları ağsaqqala heç əhəmiyyət verməyiblər. Ağızucu deyiblər ki, ağacların kəsilməsindən və tikintidən lazımi adamların xəbəri var, getsin kimə şikayət edir-etsin: 

"Bu binaların tikintisi, burada ağacların əkilməsi, bütün bunlar hamısı mənim kimi yaşlı adamların gözü qarşısında baş verib. Uzun illərdir, bu ağaclara qulluq edilirdi. Ətraf bütün yaşıllıq idi. Amma son vaxtlar bu ərazidə yaşıllıqların kütləvi şəkildə qırılmasına başlanılıb. Heç kimi veclərinə almadan 20-30 illik ağacları doğrayıb tökürlər. Bunlara biganə qalmaq, susmaq olmur. Yaxınlaşıb bir söz deyəndə də adamı peşman edirlər”.
 
 

Ətraf binada yaşayan Azər Həmidov isə yaşıllıq zolaqlarının qəsdinə dayananlara qarşı yerli polisin biganəliyindən gileyləndi. O, ağacların kəsilməsinin qanunsuz olduğunu diqqətə çatdıraraq, qanun keşikçilərinin bu hadisəni görməməzlikdən gəlməsini təəssüflə qeyd etdi: "Məhəmməd Hadi küçəsi bina 51-in birinci mərtəbəsində müxtəlif obyektlər fəaliyyət göstərir. Binanın başlanğıcında birinci mərtəbədə Xətai rayon polis idarəsinin yol polis şöbəsi yerləşir. Ağacların qırıldığı yer isə burdan cəmisi 30-40 metr aralıdır. Məgər bu qanunsuzluğu heç kim görmür? Məgər ağacların kəsilməsindən bixəbərdirlər? 2-3 gün bundan əvvəl bir neçə nəfər gəlib tikinti gedən ərazi ilə üzbəüz sahənin də ölçülərini götürüblər. Yəqin yaxın vaxtlarda oradakı ağacları da qıracaqlar. Təkcə burada olsa nə var idi ki. Məhəmməd Hadi küçəsi boyu yolun sağ və sol hissəsində bütün yaşıllıqlar məhv edilir, ağaclar kəsilir. Çox istərdim ki, əlaqədar qurumlar bu hadisədən xəbər tutsunlar, ağacların kəsilməsinin qarşısını alsınlar”.
 
 

Sakinlərlə bir qədər söhbət etdikdən sonra Xətai rayonu 6 nömrəli şəhər poliklinikasının qarşısındakı əraziyə də baş çəkdik. Buradakı tikinti sahəsi daha geniş idi. İş icraçılarına yaxınlaşıb tikintiyə aid sual versək də, bizimlə danışmaq istəyən olmadı. Fəhlələr «işim var» deyərək bizdən uzaqlaşdılar. Lakin müşahidələrimiz əsasında belə qənaətə gəldik ki, burada hündürmərtəbəli obyekt tikilir. Ətrafda gəzişib yenə də yerli sakinlərdən bu ərazi barədə məlumat toplamağa çalışdıq. Təqaüdçü Səmayə xanım bizimlə söhbət zamanı tikinti meydançasına çevrilən sahənin vaxtıilə istirahət parkı olduğunu bildirdi. Qeyd etdi ki, əvvəllər ətrafdakı bina sakinləri bu parkda istirahət edib, uşaqları gəzdiriblər, asudə vaxtlarını keçiriblər. Ancaq, sonradan park baxımsızlıqdan olduqca bərbad vəziyyətə düşüb. Bununla da park yavaş-yavaş bina sakinləri tərəfindən unudulub: "Nəvəmi də götürüb tez-tez bu ərazidə gəzintiyə çıxardıq. Amma sonralar baxımsızlıqdan istirahət meydançası, park tamam dağıldı. Nə icra hakimiyyəti, nə də yerli "JEK” bu parka fikir vermirdi. Bəzi adamlar da bundan istifadə edib parkın bir hissəsini hasarlayıb özününküləşdirdi. Ondan sonra da bütünlüklə ərazini hasarladılar ki, burada tikinti gedəcək. İmkan vermirlər ki, binalar arasında bir qarış boş yer qalsın. Yaşlı adamam, mənim kimi qocalar üçün istirahət meydançasının, parkın, yaşıllığın böyük əhəmiyyəti var. Yayda burdakı ağacların kölgəsində oturub dincəlirdik. Bunu da bizlərə çox görürlər? Bu tikinti başlayandan yolumuzu da kəsiblər. Məcburuq palçığa bata-bata, tikinti meydançasının düz ortası ilə işə-gücə gedək”.
 
 

Yerli sakinlərlə söhbət etdikdən sonra ərazidə bir neçə çəkiliş də aparıb bəzi qeydlər etdik. Material hazırlanan zaman isə Xətai rayon icra hakimiyyəti ilə əlaqə yaratdıq. Məqsədimiz rayon ərazisində yaşıllıqların məhv edilməsi, tikintinin işlərinin aparılması ilə bağlı onların da mövqeyini öyrənmək, hadisəyə aydınlıq gətirmək idi. Telefonda bizimlə danışan şəxs zəng etməyimizin səbəbini öyrəndikdən sonra icra başçısının, həmçinin müavinlərin ərazidə olduğunu bildirdi və ictimai-siyasi şöbənin müdiri Kamran müəllimlə danışmağı tövsiyə etdi. Adıçəkilən şəxs də belə məsələlərin memar Vadim müəllimin sahəsinə aid olduğunu dedi. Memarın əlaqə vasitələrini öyrənmək istəyəndə isə, o, redaksiyanın əlaqə telefonunu alaraq, - "Mən memara bildirəcəm sizinlə danışsın” – dedi. Lakin günün sonuna kimi redaksiyaya zəng vuran olmadı. Beləliklə də Xətai rayon icra hakimiyyətindən münasibət öyrənmək üçün bütün cəhdimiz boşa çıxdı.
 
Yuxarıda qeyd edilən ünvanlarda ağacların kəsilməsi faktına münasibət öyrənmək üçün Ekologiya və təbii sərvətlər nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə də əlaqə yaratdıq. O, harada baş verməsindən asılı olmayaraq, yaşıllıqların məhv edilməsi hallarını pislədi və bildirdi ki, nazirlik bununla bağlı araşdırma aparacaq. 

Günün sonunda ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqif Mirzəyev bizimlə əlaqə yaradaraq, yuxarıda adları çəkilən ünvanlara departament əməkdaşları tərəfindən baxış keçirildiyini söylədi. Qeyd etdi ki, hələlik tikintinin sahibi müəyyənləşmədiyi üçün hər hansı tədbir görülməyib. Lakin yaxın günlərdə bununla bağlı rəsmi mövqe ictimaiyyətə açıqlanacaq.

Rufik İSMAYILOV