• şənbə, 20 Aprel, 13:34
  • Baku Bakı 23°C

Xəstəliklər artır, həkimlərin sayı azalır

31.08.16 12:43 1870
Xəstəliklər artır, həkimlərin sayı azalır
Ötən bir neçə illə müqayisədə Azərbaycanda həkimlərin və orta tibb işçilərinin sayı azalıb. Fins.az-ın Dövlət Statistika Komitəsinin statistik göstəricilərinə istinadən verdiyi məlumata görə, 2015-ci ildə Azərbaycanda 32 756, 2016-cı ilin əvvəlində isə 32 458 həkim olub.
Ölkədə əhalinin hər 10 000 nəfərinə düşən həkimlərin sayı 2013-cü ildə 35 nəfər, 2014-cü ildə 34,7 nəfər, 2015-ci ildə 34,6 nəfər, 2016-cı ilin əvvəlində isə 33,9 nəfər olub.
Ölkədəki həkimlərin çoxu terapevtlərdir. Bu ilə olan məlumata görə, ölkədəki həkimlərin 8 212-i terapevt, 3 493-ü cərrah, 1 884-ü ginekoloq, 3 882-i pediatr, 2 641-i stomatoloq və diş həkimi, 1 309-u şüa diaqnostikası üzrə həkim, 900-ü oftalmoloq, 505-i otolarinqoloq, 986-sı nevropatoloq, 311-i psixiatr, 91-i narkoloq və s.-dir. Azərbaycanda həkimlərlə yanaşı, orta tibb işçilərinin də sayı azalır.
2015-ci ildə tibb ixtisasları üzrə dövlət ali təhsil müəssisələri tərəfindən hazırlanmış mütəxəssislərin sayında da azalma müşahidə edilir. Bəs bu azalma nə ilə bağlıdır?
Professor Adil Qeybulla deyir ki, həkim sayının azalmasının müxtəlif səbəbləri var. Ekspertin sözlərinə görə, əsas səbəblərdən biri Tibb Universitetinə qəbulun sayının xeyli azaldılmasıdır. Digər bir səbəb isə xarici ölkələrə həkim axınının olmasıdır: "Tibb Universitetində təhsil alanların böyük əksəriyyəti hazırda Almaniyada, Türkiyədə təcrübə keçirlər, bəziləri təcrübə keçdikdən sonra ölkəyə qayıtmırlar. Bütün bunlar ümumi statistikaya öz təsirini göstərir”.
A.Qeybulla bildirdi ki, Azərbaycanda adambaşına düşən həkimlərin sayı azdır. Eyni zamanda, mütəxəssislərin ərazilər üzrə düzgün paylanmaması halları var: "Ailə həkimlərini də saysaq, 50-70 adama bir həkimin düşməsini normal hesab edirəm. Regionlarda peşəkar həkimlərin sayı xeyli azdır. Peşəkar həkim çoxluğu mərkəzi yerlərdə daha çoxdur. Əslində səhiyyə elə olmalıdır ki, hər bir rayonda yüksək səviyyədə peşəkar həkimlər olmalıdır. Türkiyədə İzmirdə də, Ankarada da, İstanbulda da səhiyyənin səviyyəsi eynidir”.
A.Qeybulla onu da bildirdi ki, Azərbaycana xarici ölkələrdən həkimlər müvəqqəti olaraq gəlirlər. Daimi olaraq burada qalıb işləməyə meyilli olmurlar.
Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, Əmək Məcəlləsinə görə, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan şəxslər üçün yaş senzi 65 yaş həddində müəyyənləşdirilib. Bu qaydaların tibb işçilərinə də tətbiq edilməsi ilə xeyli sayda əkim və tibb bacısı işdən kənarlaşdırılıb. O cümlədən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır. İ.Hüseynli deyir ki, bu qayda tətbiq edildikdən sonra xeyli sayda tibb işçisi bu və ya digər səbəblərə görə mərkəzləşdirilmiş imtahanlardan keçə bilməyib, yaxud elektron olaraq müraciət belə etməyiblər.
Ekspertin sözlərinə görə, 2011-ci ildən etibarən Azərbaycanda hər bir ali tibb təhsili diplomu olan şəxs hər hansı ixtisası əldə etmək üçün rezidentura imtahanında mütləq şəkildə iştirak edir. Səhiyyə Nazirliyinin müvafiq qərarı əsasında internatura səviyyəsində hər hansı bir ixtisasa malik həkimin Azərbaycan sərbəst işləmək hüququ yoxdur. Bunun üçün vətəndaşlarımız xaricdə diplom əldə etdikdən sonra Təhsil Nazirliyində diplomu tanıtmalı və daha sonra isə qəbul imtahanında iştirak etməlidir. Rezidentura imtahanından sonra namizədlər ixtisaslarını topladıqları bal əsasında seçirlər. İxitsas seçimindən sonra nəticələr elan olunur. Daha sonra isə Səhiyyə Nazirliyində ixtisas əldə etmiş həkimlərin yerləşdirilməsi mərhələsi baş tutur. Rezidentura imtahanında iştirak edən bir həkim işlədiyi tarixdən etibarən Azərbaycanda həkim kimi fəaliyyətə başlayır. İ.Hüseynli deyir ki, sadaladığı bu amillər həkimlərin sayının azalmasına ciddi şəkildə təsir edir: "Rezidentura müddəti 5 ildir. Bu o deməkdir ki, bu səbəb də Tibb Universitetinin bakalavr dərəcəsini bitirib tibb müəssisələrinə göndərilən həkimlərin işə daxilolma müddətində 5 il fasilə yaratdı. Eyni zamanda, hazırda ölkədə fəaliyyət göstərən və ali təhsili başa vuran gənc həkimlər regionlara getməkdə maraqlı deyillər. Əksinə, xaricdə rezidentura və ya uzman təhsili almağa maraq göstərdikləri üçün ölkəni tərk edirlər”.
Ekspert Səhiyyə Nazirliyinin istər sertifikasiya, istərsə də mərkəzləşmiş işə qəbul prosesi ilə bağlı narazılığını bildirdi: "Məsələn, işə qəbul zamanı praktik həkimə səhiyyə sahəsində qanunvericilik və hətta Konstutsiyanın maddələri üzrə sualların verilməsi məncə uyğun deyildir. Həmçinin testi keçən həkimin yenidən şifahı sorğuya dəvət alması başadüşülən deyil. Bu kimi hallar aradan qalxmalıdır. Regionlardan olan həkimlərə isə xüsusi güzəştlərin və stimullaşdırıcı təkliflərin olması vacibdir ki, bu da regiona həkimlərin getməsində rol oynaya bilər”.
İ.Hüseynli qeyd etdi ki, həkimlərin sayı əhalinin sayına və yaşayış məntəqələrinə adekvat deyil: "Kənd və qəsəbələr var ki, ali təhsilli həkimə, o cümlədən tibb bacısına belə möhtacdır. Məncə, həmin problemlər olan bölgələrə imtahansız və xüsusi güzəştlər tətbiq etməklə həkimlərin işə qəbulunu elan etmək olar. Bu güzəştlər əmək haqqının artırılması, yaşayış və sosial infrastruktur şəraitinin yaxşılaşdırılması, kommunal xərclərə güzəştlər və s. şəkildə ola bilər”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin də mövqeyini öyrənmək istədik. Nazirliyin mətbuat xidmətindən bildirildi ki, mövzu ilə bağlı suallarımıza Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan cavab verilə bilər. İnstitut isə sentyabrın 5-dən sonra işləyəcək.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər