• cümə, 29 Mart, 11:15
  • Baku Bakı 5°C

Xəstəlik saçan maşınlar və gəlinciklər... - Araşdırma

30.04.14 10:32 4602
Xəstəlik saçan maşınlar və gəlinciklər... - Araşdırma
İki uşaq anası olan qonşumun hələ qızım dünyaya gəlməmişdən əvvəl uşaq oyuncaqları haqda səsləndirdiyi fikirlər hər zaman xatirimdədir. Deyirdi ki, uşaqlarına oyuncaq alanda heç vaxt ucuzuna üz tutmur. “Kitayski” oyuncaqların zəhərli olduğunu bildirən qonşum məsləhət görürdü ki, gələcəkdə övladıma oyuncaq alanda diqqətli olum. Səbəbi isə budur ki, ucuz oyuncaqlar müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilir. Təbii ki, bu məsləhətə əməl edirəm. Bəs bu faktı – bazarlarda zəhərli oyuncaqların satıldığını hər kəs bilirmi? Bütün valideynlərin xəbəri varmı ki, qiymətinin ucuzluğuna aldanıb aldıqları oyuncaqlar uşaqlarında ən azı dəri xəstəliyinin yaranmasına səbəb ola bilər?
Bu bir faktdır ki, ticarət mərkəzlərində Cənub-Şərqi Asiya ölkələrindən, xüsusilə Çindən gətirilib satılan ucuz oyuncaqlara tez-tez rast gəlirik. O da məlumdur ki, heç də bütün valideynlər övladlarına bahalı oyuncaq almaq imkanında deyillər. Bəs, bu oyuncaqlar bazara necə daxil olur? Əcnəbi satıcılar ölkəyə hansı yollarla gəlirlər? Oyuncaqların təhlükəsizliyinə təminat varmı?
Sirr deyil ki, əcnəbi vətəndaşlar həm qanuni, həm də qanunsuz yolla ölkəyə daxil olurlar və onlar arasında ticarət və qeyri məqsədlərlə gələn var. Qanunsuz yolla ölkəyə gələnlər respublikadan kənarlaşdırılır və sanksiya tətbiq olunur. Qanuni yolla gələnlər isə vizalarında göstərilən müddətdə ölkədə qala bilərlər. Xarici vətəndaşların ölkədə satıcılıq etməsi və ya hansısa başqa yolla pul qazanması üçün isə onların mütləq işçi vizaları olmalıdır.
Vergilər Nazirliyindən mövzu ilə bağlı suala verilən cavabda bildirilir ki, qanunsuz fəaliyyət göstərən əcnəbilər var. “İşləməyə gələn əcnəbilər əsasən, iki yolla daxil olurlar: onları ya hansısa şirkət gətirir, ya da özləri fərdi şəkildə gəlirlər. Birinci halda, həmin vətəndaşın vergi məsuliyyətini bilavasitə şirkət daşıyır. İkinci halda isə əcnəbi vətəndaş qeydiyyata düşməlidir. Əks halda, onlar məsuliyyətə cəlb olunurlar”. Hər iki dövlət qurumundan bildirildi ki, küçələrdə, yol kənarlarında səliqəsiz oyuncaq, pal-paltar satanlar qanunsuz fəaliyyət göstərənlərdir və belələrinə qarşı tədbirlər görülür.
Bazarlarda satışa çıxarılan bütün məhsullar gigiyenik sertifikatla təmin olunmalıdır. Azərbaycanda isə bu işi Sanitar Karantin Müfəttişliyi həyata keçirir. Müfəttişliyin şöbə müdiri Yadulla Balışovun mətbuata verdiyi məlumata görə, məhsullar bazara daxil olana qədər gigiyenik yoxlanış həyata keçirilir. Bunun üçün məhsullar Sanitar Karantin Müfəttişliyinə təqdim olunur. “Biz əvvəlcə məhsulun mənşə sertifikatını tələb edirik” - deyən şöbə müdiri sonrakı mərhələdə məhsulun nümunələrinin laboratoriyaya göndərildiyini qeyd edib: “Laboratoriyanın nəticələri müsbət olduqda, onlar sertifikatla təmin olunur, əks halda, ya respublikadan kənarlaşdırılır, ya da yandırılaraq məhv edilir”.
Uşaq həkimi Aygün Mahmudovanın sözlərinə görə, təkcə oyuncaqlar yox, küçədə satılan pal-paltar, məişət əşyaları və s. sağlamlıq üçün real təhlükədir. Oyuncaq alarkən isə valideynlər xüsusən diqqətli olmalıdırlar: “Uşaq oyuncaqla sıx təmasda olur. Onu ağzına salır, bədəninə sürtür. Oyuncaq alarkən öncə onun materialına fikir vermək çox vacibdir. Gigiyenik tələblərə cavab verməyən oyuncaqlar böyük fəsadlar törədə bilər”. Həmsöhbətimiz az pul verib çox oyuncaq almağa üstünlük verən valideynlərə məsləhət görür ki, çox pul verib az oyuncaq alsınlar: “Onsuz da sonradan uşağın sağlamlığını bərpa etmək üçün daha çox xərc tələb olunacaq. Buna görə, bahalı və keyfiyyətli oyuncaq, bir tərəfdən, daha ucuz başa gəlir”.
A.Mahmudovanən sözlərinə görə, Çin istehsalı olan məhsullar bu cəhətdən çox zərərlidir: “Uşaq oyuncaqlarının hazırlanmasında istifadə olunan plastmaslar orqanizmlə, dəri ilə təmasda olarkən qıcıqlandırmalar yaratmamalıdır. Lakin müəyyən olunmuşdur ki, Çin istehsalı olan oyuncaqların əksəriyyətinin tərkibində bioksin adlı toksiki maddə var ki, bu uşaqlara həddindən artıq zərərli təsir göstərir. Uşaqlar bu cür oyuncaqları dişləyirlər, ağızlarına sürtürlər, əllərində uzun müddət saxlayırlar ki, bu da həddən artıq zərərli olur. Bəzən bu çox pis vəziyyətlərə gətirib çıxara bilər. Hesab edirəm ki, bu cür orqanizmə zərərli olan keyfiyyətsiz məhsulların ölkəyə daxil olmasının qarşısını almaq lazımdır. Bu cür məhsulların hara atılması məsələsi də var. Atıldıqdan sonra belə bu məhsullar haradasa qaldığı üçün toksiki təsirini göstərə bilər. Ona görə də, çalışmaq lazımdır ki, ölkəmizə nəinki plastmasdan hazırlanmış oyuncaqların, o cümlədən digər plastmas vasitələrin gətirilməsinə yol verilməsin”.
Azad İstehlakçılar Birlyinin (AİB) sədri Eyyub Hüseynov bildirir ki, Nazirlər Kabinetinin qərarı ilə bir sıra mallar, o cümlədən uşaq oyuncaqları ölkə bazarına girməzdən öncə ekspertizadan keçirilməli, sonra bazara buraxılmalıdır: “Lakin Nazirlər Kabinetinin bu qərarına ciddi əməl olunmadığından bu cür zərərli məhsulların, o cümlədən zərərli oyuncaqların bazarlarımızda satıldığının şahidi oluruq. Və bunlar əhali tərəfindən alınır. Bu dəqiqə uşaq oyuncaqlarının 80%-i sertifikatlaşdırılmır. Cürbəcür yollarla gətirilən məhsullar, təbii ki, bəzən kiçik yaşlı uşaqların zəhərlənməsinə səbəb olur. Qanunvericilikdə bu məsələyə kifayət qədər nəzarət mexanizmi var. Lakin bu nəzarət bəzi dövlət orqanlarının qeyri-fəal fəaliyyəti ilə düz gəlmir. İstehlakçılar özləri özlərini qorumalıdırlar. Uşaq oyuncaqları alarkən pis qoxu gələrsə, yaş parça ilə oyuncağı siləndə rəngi çıxırsa, oyuncağın tükləri çıxırsa, onları almasınlar. Bundan başqa, istehlakçılar məhsulları alarkən sertifikatlarını da tələb etsinlər”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər