
Xərclədikcə pul qazandıran layihə - Startap
Gənclik qəzeti
19 İyun 2020, 15:30
6905
Orxan Əhmədov:
"Hamının "wow” deyib bəyəndiyi startapların uğursuz olma şansı daha yüksəkdir”
Bir çox startapçılar kimi investor yoxluğundan
şikayətlənmir. Deyir ki, pulu olan adamı tapmaq çətin deyil, əsas, onu sənin
ideyana, biznesinə pul yatırtmağa inandırmaqdır. Ona görə, hər bir şəxsin başı
çıxdığı, bildiyi, nəhayət, sevdiyi və yatırım etməyə hazır olduğu sahəsi
vardır. Düşünür ki, biznes modeli düzgün, işləyən və inkişafa meyilli olan istənilən
startap həm yerli, həm də xarici investorlardan dəstək ala bilər.
MüsahibimizBon.az layihəsinin təsisçisi Orxan Əhmədovdur. Həmsöhbətimiz Bakıda anadan olub. 2000-2004 illərdə
Qafqaz Universitetinin Bank menecmenti ixtisası üzrə bakalavr pilləsində,
2004-2006 illərdə isə sözügedən universitetin Biznesin təşkili və idarəedilməsi
ixtisası üzrə magistr pilləsində təhsil alıb. Elektron ticarət üzrə 8 illik,
sadiqlik sistemləri üzrə isə 4 illik təcrübəsi var. 2010-cu ildən başlayaraq İT
sahəsində təşəbbüskarlıqla məşğuldur. Bir neçə startap və şirkətin həmtəsisçisi
olub.
- Orxan bəy, "Bon.az”
nədir? İstifadəçilər nə üçün bu tətbiqdən istifadə etməlidir?
- "Bon.az” internet mağazalardan alış-veriş edən şəxslərə,
ödədikləri məbləğin bir hissəsini pul şəklinə geri qaytarmağa (cashback) kömək
edən platformadır. Bizim istifadəçi və üzvlərimiz müxtəlif xarici ölkələrdə
yerləşən onlayn mağazalardan tez-tez alış-veriş edən şəxslərdir. Hazırda
sistemdə Türkiyə, ABŞ, Çin və Rusiyadan 300-ə yaxın aktiv onlayn mağaza var. Bu
mağazalardan daim alış-veriş edən şəxslər "Bon.az”-dan istifadə etməklə həm xərclərinə
qənaət etmiş olur, həm də eksklüziv endirim və aksiyalar barədə məlumat əldə edə
bilirlər.

- Nə üçün bu
startapı yaratmaq istədiniz, ideya necə yarandı?
- Əslində bu, özümüzdən kəşf etdiyimiz ideya deyil
və xarici ölkələrdə illərdir belə layihələr var və fəaliyyət göstərirlər. Lakin
biz işə bir az gec başladıq. İdeya olaraq, 2013-cü ildə "Multibon” bonus
sistemi üzərində işləyərkən ağlıma gəlmişdi. "Multibon” o zaman restoran, kafe,
geyim, əyləncə və digər məkanlardan bonus şəklində cashback (kəşbək) qazandıran
sistem idi. Amma onun əsas fəaliyyət istiqaməti real dünyadakı məkanlarla iş
idi və bu sistemi qura-qura, onlayn mağazaları da sistemə inteqrasiya etdirərək,
oradan da bonus verməyi planlayırdım. Ancaq o zamanlar həm internetdən çox az
adam sifariş edirdi, həm də sistemi necə quracağımız barədə təcrübəmiz yox idi.
Buna görə də, bir neçə il layihə kənarda qaldı. Bu müddət ərzində layihə ilə
bağlı bir neçə dəfə işə başlamağa cəhd etsək də, bu və ya digər səbəbdən
yarımçıq saxlamalı olurduq. Nəhayət, 2019-cu ildə əlimizdə olan bütün işləri
bitirdikdən sonra layihəni başlatmaq qərarına gəldik və bir neçə aylıq hazırlıqdan
sonra start verdik
- "Bon.az”-ın
üstünlükləri nələrdir?
- Yuxarıda qeyd etdiyim kimi, "bon.az” internet
mağazalardan alış-veriş edən istifadəçilərə həm qənaət etməyə, həm də ödədikləri
pulun bir hissəsini geri almağa kömək edir. Bizdən əvvəl istifadəçilərimiz daha
çox Rusiya, ABŞ və Türkiyənin "cashback” xidmətlərindən istifadə edirdilər.
Burada isə bir neçə problem yaranırdı; - hər dəfə fərqli mağazalardan
alış-veriş etmək istədikdə, "cashback” provayderi də dəyişmək lazım idi. Üstəlik,
sistemlər xarici ölkələrə aid olduqlarından, ödəmə metodları da bizim ölkə vətəndaşlarına
uyğun olmadıqlarından, bir çox insan istifadə edə bilmirdi. Məsələn, Türkiyə
saytlarından toplanan "cashback” yalnız Türkiyə vətəndaşlığı və bank hesabı
olan şəxslərə, Rusiya və ABŞ isə "Paypal”, "Yandex”, "Webmoney” kimi sistemlərlə
həyata keçirilir. "Bon.az” olaraq ilk işimiz, bir platformada azərbaycanlı vətəndaşların
alış-veriş etdikləri Türkiyə, Rusiya, ABŞ və Çindən olan mağazaları bir yerə
toplamaq oldu. Toplanmış "cashback” məbləğini isə yerli ödəmə metodları ilə
nağdlaşdırma imkanı veririk.

- Komandanızla
bağlı məlumat verərdiniz? Necə tanış oldunuz?
- Komandamız beş nəfərdən ibarətdir və bundan əvvəl
bir neçə layihədə bir yerdə işləyərək dostluq münasibətlərimizi gücləndirmişik.
Layihəmizin texniki işlərinə məsul şəxs, "Multibon”dan bəri bir yerdə işlədiyimiz
və "bon.az”ın həmtəsisçisi olan Nicatdır. Digər komanda üzvləri ilə də bir yerdə
müəyyən işlər görməklə, yaxından tanış olub, komandamıza cəlb etmişik.
- Ümumiyyətlə, komanda qurarkən nələrə
diqqət edirsiniz, hansı keyfiyyətlərə məxsus insanlara üstünlük verirsiniz?
- Əslində biz layihəyə başlayırıq deyə, komanda yığmamışıq. Bir yerdə işləmişik,
bir-birimizi tanımışıq və nəticədə bir yerdə işə başlamaq qərarını vermişik.
Bununla belə, yaxşı komandada ən əsas, insani keyfiyyətlərə və dünyagörüşünə
diqqət edirik.
- Dünyanın bir çox böyük və tanınmış İT
şirkəti startap kimi yaranıb. Sizcə, ölkəmizdə yaranan startapı dünya səviyyəli
şirkətə çevirmək mümkündürmü?
- Bəli, mümkündür. Amma bunun üçün tək startap
ideyası yetmir. Dünya səviyyəli startap kimi böyümək üçün çoxsaylı faktorun bu
işə təsir etməsi lazımdır. Bunun üçün real problemi həll edən ideya, komanda,
bu ideyanın komanda tərəfindən texnoloji olaraq yaradıla bilməsi, investisiya,
beynəlxalq əlaqələr, bir az da bəxtin olması lazımdır. Öz təcrübəm əsasında gəldiyim
qənaət budur ki, hamının "wow” deyib bəyəndiyi startapların uğursuz olma şansı
daha yüksəkdir, nəinki ilk eşitdiyində qeyri-ciddi yanaşdığı layihələr. Ümumiyyətlə,
düşünmürəm ki, startapa başlayanlar, dərhal bütün dünyanı fəth etmək niyyətində
olurlar. Startap hər hansı bir biznes modelinin təcrübədən keçirilməsidir və
onun uğursuz olma ehtimalı uğurundan daha çoxdur. Buna görə də, ilk olaraq,
startapın bir biznes modeli olaraq bəsit uğuru əldə edilməlidir ki, daha sonra
qlobalda böyümə haqqında düşünülsün.

- Sizcə, yerli
startaplara və ya məhz sizin startapınıza xaricdən və yaxud yerli nəhəng şirkətlərdən
investisiya cəlb etmək şansı böyükdürmü?
- Biznes modeli düzgün işləyən və inkişafa meyilli
olan istənilən startap həm yerli, həm də xarici investorlardan dəstək ala bilər.
Burada əsas məsələ startapın fəaliyyət sahəsi, xitab etdiyi bazar və biznesin
reallaşdırılması üçün qanunların mövcudluğudur. Buna görə də startaplar həm
investisiya, həm də gələcək inkişaf baxımından ən uyğun şərtləri olan ölkəni
seçib, şirkəti orada qeydiyyatdan keçirirlər. Yerli bazarda isə texniki və digər
işləri görən komandanı saxlayırlar. Xarici investorlar, daha çox özlərinin
olduqları və ya "Silikon Vadisi” kimi startap mərkəzlərində qeydiyyatdan keçmiş
layihələrə üstünlük verirlər. Yerli investorlar isə böyüyərək xaricə çıxma
potensialı olan layihələrə yatırım etməyə çalışırlar. Təbii ki, dediklərim
bizim bazara aiddir və hər ölkənin öz fərqli yanaşması var.
- Ümumiyyətlə,
investor tapmaq çətindirmi?
- Pulu olan adamı tapmaq çətin deyil, əsas, onu sənin
ideyana, biznesinə pul yatırmağa inandırmaqdır. Bir çox adam düşünür ki, "filankəsin
pulu var” deyən kimi yatırım edəcək. Yatırmayanda da, deyir ki, adam ideyamı
başa düşmədi. Əslində isə hər bir şəxsin başı çıxdığı, bildiyi, nəhayət,
sevdiyi və yatırım etməyə hazır olduğu sahəsi vardır və mənim ideyam onun istəkləri
ilə üst-üstə düşmürsə, təbii ki, yatırım da etməyəcək. İstisnalar da var, o da
qeyd etdiyim kimi, qarşı tərəfə layihəni necə izah və nələr vəd etməkdən
asılıdır.
Aygün ƏZİZ
Digər xəbərlər