• cümə, 29 Mart, 01:37
  • Baku Bakı 7°C

Xərçəngə qalib gəlmək mümkündür

29.10.13 11:07 5629
Xərçəngə qalib gəlmək mümkündür
Xərçəngə yalnız bir şərtlə – klinik mərhələyə qədər onu üzə çıxarmaqla qalib gəlmək olar. Bəs hazırda buna nə mane olur? Nə etmək lazımdır ki, bu səddi adlaya biləsən?
Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu, Bloxin adına Rusiya onkoloji elmi mərkəzinin direktoru, akademik Mixail Davıdov hesab edir ki, 94 faiz erkən diaqnostika qadınları öz həyatlarını qoruyub saxlamağa və xəstəlikdən xilas olmağa kömək edir.
Klinik vəziyyətə qədərki dövr
- Mixail İvanoviç, bu gün də xərçəng xəstəliyi diaqnozu həmişəki kimi dəhşətə çevrilib. Bu sahədə uğurlardan danışılmasına baxmayaraq, xəstəlikdən qaçma faktları və vəziyyət dəyişmir. Nə üçün?
- Mən 40 ildir ki, onkologiyadayam. 40 ildir ki, mənim müəllimlərim, həmkarlarım və özüm eyni mövzunu təbliğ edirik: onkologiyada uğursuzluğun əsas səbəbi bədxassəli şişin gec aşkar olunmasıdır. ABŞ, Yaponiya, Skandinaviya ölkələri və başqa bir çox ölkələr problemi həll etməyə “skrininq” proqramları (mamoqrafik tədqiqatlar) – xərçəngin əmələ gəlməsinin klinikaya qədərki dövrünə tuşlanmış proqramları həyata keçirməklə nail olublar. Əlbəttə, söhbət əhalinin aktiv müayinəsindən gedir. Başa düşmək lazımdır ki, bu proqramlar müxtəlifdir. Süd vəzi xərçənginə görə fərqlidir, ağciyər xərçənginə görə ayrı. Eyni zamanda, uşaqlıq yolu xəstəliyinə və digər göstəricilərə görə də fərqlidir. Biz bu proqram haqqında danışanda söhbət sağlam əhalinin öyrənilməsindən gedir. Bu, həmçinin ixtisaslaşmış onkoloji məntəqələrin üzərinə də böyük məsuliyyət qoyur.
- Bəs insanı necə istiqamətləndirmək lazımdır ki, o özünə diaqnostikanın lazım olduğunu başa düşsün? Hansı mütəxəssisə getmək lazımdır? Axı, o, bilmir ki, onun hansı orqanında gələcəkdə xərçəng şişi inkişaf edə bilər?
- Biz hansı mütəxəssisə müraciət etməyin lazım olduğu haqda məsləhət verəndə onların diqqətini kişi və qadınlarda bu və ya digər orqanlara yönəltmiş oluruq. Həmçinin diqqəti istehsal olunan məhsulların ziyanına, irsi, xroniki xəstəliklərə, yaşa və s. amillərə yönəltməyə çalışırıq.
- Skrininq və dispanserləşdirmə ayrı-ayrı şeylərdir?
- Əlbəttə, dispanserləşdirmənin daha geniş məqsədləri var. O, müxtəlif patologiyaların əmələ gəlməsinə tuşlanıb. Skrininq isə konkret şişin əmələ gəlməsinin klinik vəziyyətinə qədərki dövrünü hədəfə götürüb. Bu proqram xərçəngi erkən dövrdə aşkarlamaq üçün çox mühümdür. Sadəcə, insanlar öz səhhətlərinə diqqətlə yanaşmalıdırlar.
- Başqa ölkələrdə bu cür proqramlar mövcuddurmu?
- Nəinki mövcuddur, hətta dövlət onları maliyyələşdirir. Çünki texnoloji inkişaf təkcə bu proqramlarda texniki təminatın səviyyəsini qorumur, həmçinin genetik laboratoriyalarda müasir, molekulyar-bioloji və genetik tədqiqatların aparılmasına şərait yaradır. Hal-hazırda sağlam insanda onkoloji xəstəliyin klinik dövrünə çatmasını aşkarlamaq o qədər də asan deyil. Elm bu istiqamətdə iş görür. Müəyyən nailiyyətlər də əldə olunub.
94 faiz ümid
- Bəs Rusiya mentallığı ilə bu cür tədqiqatlarla sağlam adamları aldatmaq mümkündürmü? Axı, bizdə məşhur bir prinsip var: özün haqqında nə qədər az bilirsənsə, o qədər çox mürgüləyirsən.
- Əlbəttə, belə bir problem var... Onu deyim ki, bu, xərçəngə görə daimi qorxu diktə edir. Daha dəqiq desəm, bu, bizim avamlığımızdır ki, sağlamlığımıza əhəmiyyət vermədən yaşayırıq. Bəzən illərlə yatırlar, ağrılara da əhəmiyyət vermir, “keçib gedər”deyirlər. İş-işdən keçəndən sonra isə həkimə üz tuturlar. Onda da bəzən xəstəni tam sağaltmaq mümkün olmur. Ona necə yalandan ümid verəsən? Bütün hallarda xəstəliyin qarşısını almaq istiqamətində ilk addımlar atılıb. Məsələn, ictimai yerlərdə və təyyarələrdə siqaretin çəkilməsi qadağan edilib. Bu, ağciyər xərçənginin aradan qaldırılmasının ən aktiv yollarından biridir. Epidemioloji tədqiqatlar göstərir ki, bir gündə 20 siqaret çəkən adam çəkməyən adamdan ağciyər xərçənginə 20 dəfə çox tutulur.
- Rusiyada bu cür məlumatlar demək olar ki, yoxdur. Qadağaları bəzən süngü kimi qəbul edirlər. Tibb işçilərinin sadə məsləhətləri ümumiyyətlə, diqqətdən kənarda qalır. Onları yalnız xəstəlik başlayanda və sağlamlıq əldən gedəndən sonra xatırlayırlar.
- Ona görə də hər il Rusiyada 70 min adam ağciyər xərçənginə tutulur. Amerikalılar dövlət proqramlarının köməyi ilə ağciyər xərçəngini 2 dəfə azalda biliblər. Bu, profilaktik tədbirlərin effektiv nümunələrindən biridir.
- Artıq 20 ildən çoxdur ki, oktyabr ayı bütün dünyada “Süd vəzi xərçəngi ilə mübarizə günü” kimi qeyd olunur. Bu, vəziyyətin qorxulu olması ilə bağlıdır?
- Çünki bütün dünyada qadınlar arasında onkoloji xəstəliyin bu növü birinci yerdədir. Rusiyada da liderlər sırasındadır. Hər il 54 min rusiyalı bu xəstəliyə tutulur. Demək olar ki, onlardan 22 mini xəstəlikdən vəfat edir.
Çox təəssüf ki, çox qadınlar öz səhhətlərinə laqeyd yanaşırlar. Onlar erkən diaqnostikaya getməkdən qorxurlar. Ancaq sübut olunub ki, erkən diaqnostika olunduqda 94 faiz ehtimalla onların həyatını qurtarmaq mümkündür. Bərpa cərrahiyyəsi ilə qadının döşünün estetik gözəlliyini tamamilə saxlamaq olur. Ancaq bir şərtlə ki şiş başlanğıc mərhələdə aşkarlansın. Kütləvi skrininq proqramları dövlətin köməyi və xeyriyyəçi təşkilatların dəstəyi ilə həyata keçirilir. Ancaq bu hələlik kifayət qədər diqqət cəlb etməyib. Xüsusilə regionlarda.
40 yaşdan sonra
- Süd vəzi xərçənginin yaranma səbəbləri elmə tam olaraq məlumdurmu?
- Bu suala cavab vermək çox çətindir. Yəni problem çox ağırdır. Süd vəzi xərçənginin baş verməsində daha çox genetik amillər şərti rol oynayır. Məsələn, əgər desək ki, anada və ya nənədə döş xərçəngi var, onda qadın ehtiyatlı olmalıdır.
- Daha çox profilaktikada süd vəzi əzələlərini kəsib götürürlər. Ancelina Colinin etdiyi kimi?
- Hər iki süd vəzi əzələlərinin kəsilib götürülməsi yalnız o zaman həyata keçirilir ki, onların ikisindən birində mutasiya geni aşkarlansın.
- Siz bu profilaktikaya dəstək verirsiniz?
- Yalnız xəstəlik 40 yaşdan sonra müəyyən olunanda... Əgər bizim ölkəmizdə süd vəzi xərçənginə münasibətdə skrininq sistemi varsa, əminəm ki, çox qadınlar bu bəd hissədən qaça bilərlər. Başqa ölkələrdə xərçəngin lokallaşdırılmasından da misal gətirə bilərəm. Məsələn, Yaponiyada mədə xərçəngi dünyada ən yüksək yeri tutur. Ona görə də 30 yaşdan sonra hər bir kəs hər altı aydan bir qastroskopik müayinədən keçir. Mədə xərçənginin ilkin müəyyən edilməsi 85 faizdir. Onlarda demək olar ki, bu cür yoxlamalardan heç kəs kənarda qalmır. Bu, Yaponiya üçün normaldır. Bizdə isə tamamilə əksinədir. Biz hər gün məhz vaxtında müalicə olunmayan xərçəng xəstələri üzərində böyük əməliyyatlar həyata keçiririk. Bəzən onlar o qədər gecikmiş vəziyyətdə gəlirlər ki, mədə ilə birgə ciyərin, yoğun bağırsağın və mədəaltı vəzinin bir hissəsini də kəsməli oluruq.
- Bəs həyatını xilas etmək mümkün olmayan, dəhşətli ağrılardan əzab çəkən xəstələrlə nə etmək lazımdır? Onlara ən məşhur çarə - “müvəqqəti çarə” ilə kömək etmək lazımdır?
- Burda tibbi komponentlərlə yanaşı, sosial komponentlər də mövcuddur. Söhbət müasir hospislərin təşkilindən, pasiyentlərə son nəfəslərinə qədər tibbi və mənəvi köməkdən gedir. Bu xəstələrin ağrısızlıq problemi həll olunmayıb. O vaxtdan bəri narkotik maddələrin qəbulu problem kimi qalır. İsveçrədə ağrıkəsici kimi narkotik vasitələr Rusiyadakından 40 dəfə çoxdur. Bizdə isə hələ onları kəsirik – narkomaniya ilə mübarizə aparırıq. Baxmayaraq ki, çoxdan məlumdur ki, narkoman öz dozasını həmişə əldə edəcək. Pasiyent isə əzablar içində qalır. Bu, sonadək xilas yolu deyil, yalnız müəyyən mərhələni adlamaq üçündür. Belə də demək olar, insanın öz-özünü aldatmasından ötrüdür.
- Siz dediniz ki, skrininqi ixtisaslaşmış onkoloji məntəqələrdə həyata keçirmək lazımdır. Bu cür məntəqələr Rusiyanın bir sıra iri şəhərlərində var. Ancaq bunu onkoloji xidmətin olmadığı yerlərə də tətbiq etmək olar. Siz ölkənin baş onkoloqusunuz. Bu vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
- Yeganə çıxış yolu mövcud onkoloji mərkəzlərin potensialından istifadə etməkdir. Ya da onların mütəxəssisləri skrininqi necə təşkil etmək və keçirməyin lazım olduğunu başa düşməlidirlər. Hər bir vilayətin özünün onkoloji dispanseri var. Təəssüf ki, onların bir çoxu özündə çoxprofilli xəstəxanaları birləşdirir. Gələcəkdə xərçənglə mübarizədə bu proqramların perspektivliyi ixtisaslaşmış onkoloji köməyin saxlanılması və gücləndirilməsidir. Bizim ölkəmizdə Yaponiya və ABŞ-da olduğu kimi, vahid təşkilat və kordinəedici struktur yoxdur. ABŞ-da xərçəng əleyhinə milli mərkəz fəaliyyət göstərir. O, onkologiya üzrə bütün proqramların təşkilinə cavabdehdir. Yaponiyada da bu cür mərkəz var. 70 onkoloji hospital vahid proqramla və onun rəhbərliyi ilə işləyir.
- Nə üçün bu, bizdə mümkün deyil?
- Fikrimcə, bu, bizdə də mümkündür. Xüsusilə bu cür xidməti yaratmağın vacibliyini başa düşəndən sonra.
- Bəs onda nə mane olur? Axı, xərçəng xəstəliyi get-gedə ölkədə çoxalır. Demək olar ki, hər il yarım milyon rusiyalı xərçənglə xəstələnir, 300 mini vəfat edir. Hazırda onkoloji siyahıda 2,5 milyon insan var.
Mən bu cür təkliflə çıxış etməyə hazıram və Səhiyyə Nazirliyinin və Rusiya hökumətinin dəstəyinə ümid edirəm.
“Rossiyskaya qazeta”dan tərcümə etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər