• cümə, 19 Aprel, 20:05
  • Baku Bakı 24°C

Xəlqilik, millilik və sənətkarlıq

30.11.17 11:30 4481
Xəlqilik, millilik və sənətkarlıq
"Cövdət Hacıyev Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdəndir. Onun milli və dünya musiqi sənəti ənənələrinin novatorcasına vəhdətində insanın mənəvi gözəlliyini tərənnüm edən yaradıcılığı daim özünün yüksək vətəndaşlıq qayəsi və dərin estetik məzmunu ilə səciyyələnib. Ustad sənətkar ölkəmizdə professional bəstəkarlıq məktəbi üçün yeni musiqiçilər nəslinin hazırlanması sahəsində də təqdirəlayiq fəaliyyət göstərib”. Görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, xalq artisti, professor Cövdət Hacıyevin anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə prezidentinin sərəncamında yer alan bu fikirlər böyük bəstəkarın Azərbaycan musiqi tarixində tutduğu yeri dəyərləndirir.
Xalq musiqisindən bəhrələnmə
İki dahi müəllimdən - Üzeyir Hacıbəyov və Dmitri Şostakoviçdən dərs alıb Cövdət Hacıyev. Bu dahilərin hər birindən ən qiymətli ənənələri öyrənib, bəstəkarlığın sirlərinə dərindən yiyələnib. Xalq musiqisinə böyük sevgi və ehtiram, onun qanunauyğunluqlarına tam yiyələnmək istəyini onda məhz Ü.Hacıbəyov formalaşdırmışdı. "Xalq ruhunu kamil, klassik formalarda canlandıran Üzeyir musiqisi mənim üçün həmişə nümunə olub” deyə bəstəkar bildirirdi.
1937-ci ildə dahi Bülbülün rəhbərliyi altında elmi-tədqiqat musiqi kabinetində fəaliyyət göstərməyə başlayan C.Hacıyev tələbə dostları – Qara Qarayev, Zakir Bağırov və başqaları ilə birgə Azərbaycanın rayonlarına folklor ekspedisiyalarına gedib. Bu səfərlər onun qarşısında milli musiqinin dərin, açılmamış qatlarını açıb. 1938-ci ildə Qara Qarayevlə birgə Moskvaya, dünyanın mötəbər və ən nüfuzlu musiqi mərkəzlərindən birinə oxumağa yollanan Cövdət Hacıyev tamamilə Qərb, Avropa mühitinə düşməsinə baxmayaraq, aldığı savadı, biliyi, yiyələndiyi texnikanı milliliyin, xəlqiliyin təcəssümünə yönəldir. Müasir musiqi dili bəstəkar üçün məhz milli ruhun, milli xüsusiyyətlərin açılması üçün bir vasitəyə çevrilir. Şostakoviç məktəbinin təsiri bəstəkarın bütün yaradıcılığında – istər monumental simfonik konsepsiyalarda, istərsə də kamera – instrumental əsərlərdə özünü büruzə verir. C.Hacıyev yazırdı: "Hamımız üçün nümunə, zirvə təkcə Şostakoviçin partituraları deyildi. Onun özü ilə ünsiyyətin əhəmiyyəti daha güclü və təsirli idi – bu ünsiyyətdən yaradıcılıq alovu ilə yanırdıq, olduğumuzdan da yaxşı görünməyə, bacardığımızdan da çox etməyə can atırdıq. Biz Şostokoviçdən dərin psixologizm, intellektual təfəkkür, ciddi və dəqiq dramaturji inkişaf xətləri, həyat təzadlarının qabardılmasını əxz etmişdik”. Öz növbəsində D.Şostakoviç də daim yetirmələri Q.Qarayev və C.Hacıyevin yaradıcılığı ilə maraqlanır, onlara sanki himayədarlıq edirdi.
C.Hacıyevin "1 saylı simfoniya” kimi təqdim etdiyi əsər isə ilk dəfə 1944-cü ildə dinləyicilərin ixtiyarına veriləndə böyük maraqla qarşılanır. Tbilisidə keçirilən Zaqafqaziya respublikalarının musiqi ongünlüyünün proqramında ifa edilmiş bu əsər ilk Azərbaycan simfoniyalarından biri idi. Bu simfoniya Ü.Hacıbəyov, R.Qliyer və S.Vasilenko kimi bəstəkarlar tərəfindən mətbuatda yüksək qiymətləndirilmişdi. Gənc bəstəkar isə özünün «Ən mühüm nəticə» başlıqlı məqaləsində belə yazmışdı: «Mən özümün gələcək fəaliyyətimə üç əsas tələbi irəli sürürəm – xəlqilik, millilik və sənətkarlıq». Ömrünün sonuna kimi də C.Hacıyev bu tələblərə sadiq qalmışdı.
Bəstəkarın növbəti uğuru 1945-ci ildə Q.Qarayevlə birgə yazdığı «Vətən» operası oldu. Ağır müharibə illərində tamaşaya qoyulmuş və «Koroğlu» operasının ənənələrini özünəməxsus tərzdə təcəssüm etdirən bu əsər C.Hacıyevin yaradıcılığında bu janrın yeganə nümunəsidir. Bütövlükdə o dövrün yaradıcılıq eksperimenti kimi maraq doğuran operanın bir çox səhifələri indi də gözəlliyini və təravətini itirməyib. Bu operaya görə müəlliflər SSRİ Dövlət mükafatına layiq görülüblər. C.Hacıyev yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin intibah dövrünə – 50-ci illərə təsadüf edib. Bəstəkar bu illərdə iki şah əsərini – «Sülh uğrunda» simfonik poemasını və IV simfoniyasını yazır. 1951-ci ildə ilk dəfə səslənən «Sülh uğrunda» poeması bənzərsiz üslubu ilə tezliklə ölkənin sərhədlərini aşır, Çexiya, Polşa, Bolqarıstanda özünə çoxsaylı pərəstişkarlar tapır. Bu əsərə görə bəstəkar II dəfə SSRI Dövlət mükafatına layiq görülür.
Cövdət Hacıyevin 1947-ci ildə diplom işi kimi yazılmış 3 saylı «Gənclik» simfoniyasını musiqi ictimaiyyəti yüksək qiymətləndirir. Bəstəkarın şəxsi arxivinə D.Şostakoviçin ona yazdığı belə bir məktub daxil olur: «Əziz Cövdət, məktubunuzu almamışdan azca əvvəl Niyazinin idarəsi ilə Sizin simfoniyanızın 1-ci hissəsini dinləmişdim, gözəl səslənir. Mənə son dərəcə həyati təsir bağışladı». Lakin onu da xatırlatmaq lazımdır ki, bu gözəl əsəri tənqid edib, formalizmdə günahlandıranlar da tapılır. 1948-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin «çox məşhur» bir qərarında D.Şostakoviç və S.Prokofyev kimi sənətkarlar «başda» olmaqla bir çoxlarını formalizmdə suçlayırlar. C.Hacıyev də belə bəstəkarların sırasında idi. Bu, gələcəyə böyük ümidlə baxan gənc bəstəkar üçün güclü sarsıntı idi. Lakin mənəvi zərbə bəstəkarı ruhdan salmır. Əksinə, C.Hacıyevin sonrakı əsərləri Azərbaycan musiqisinin qızıl fonduna daxil olur.
C.Hacıyevin musiqi sahəsində ictimai xadim kimi fəaliyyəti də son dərəcə önəmli olub. O, uzun illər – 1957-ci ildən 1969-cu ilədək Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışdığı zaman burada Azərbaycan xalq musiqisi kafedrası açılıb, Konservatoriyanın nəzdində Opera studiyası, habelə xalqın ən müxtəlif təbəqələrini musiqi sənətinə cəlb edən Xalq Konservatoriyası yaradılıb.
1956-cı ildə bəstəkarın "IV simfoniya”sı respublikanın musiqi həyatında hadisəyə çevrilir. Bu əsər Azərbaycan musiqi tarixində yeni, bütöv bir mərhələni açır. Simfoniya sözün əsil mənasında ölkəmizin tarixi haqqında bütöv bir dastan, ürəkdən gələn bir hekayətdir. Əsər ilk dəfə 1956-cı ildə Azərbaycan Bəstəkarlarının I qurultayında ifa olunub. Daha sonra onu maestro Niyazinin idarəsi ilə Moskva Dövlət Filarmoniyasının orkestri çalıb və bu əsərlə SSRİ Bəstəkarlarının III Qurultayı açılıb. Şostakoviç bu simfoniyanı yüksək qiymətləndirərək: «Cövdət Hacıyevin simfoniyası ölkəmizdə son dövrdə yazılmış ən yaxşı simfonik əsərlərdən biridir»- deyə qeyd edib.
C.Hacıyevin bəstəkarlarımızın bütöv bir nəslinin yetişdirməsində rolu olub. Nəinki gənc bəstəkarlar, habelə musiqidə öz sözünü demiş yaşlı nəslin nümayəndələri də öz yeni əsərlərini Cövdət müəllimə göstərir, onun rəyini eşitmək istəyirdilər. "Cövdət müəllimin ölümü ilə bizim ötən əsrin nəhəng musiqi epoxası ilə canlı əlaqəmiz də qırıldı” deyə musiqişünaslar bildirirlər. O, 40 ildən çox işlədiyi Konservatoriyanın bəstəkarlıq kafedrasında Azərbaycan musiqisini ən tələbkar auditoriya qarşısında layiqincə təmsil edən bəstəkarlar tərbiyə edib, yüksək keyfiyyətli musiqiçi kadrları hazırlayıb. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri olan Aqşin Əlizadə, Ramiz Mirişli, Nəriman Məmmədov kimi bəstəkarlar onun tələbələri olublar.
Görkəmli bəstəkarın ömür-gün yoldaşı, tanınmış rəqqasə Əminə Dilbazi Cövdət Hacıyevlə keçən ömrünü şirin xatirə kimi danışırdı: "Mənim bəxtim onda gətirdi ki, Cövdət Hacıyev kimi gözəl bir bəstəkarla ailə həyatı qurdum. Biz onunla həm də sənət dostu olduq” deyirdi Əminə xanım.
Onların maraqlı sevgi hekayətləri olmuşdu: "Cövdət mənə yaxınlaşıb öz sevgisini, evlənmək istədiyini söyləmirdi. Müharibə illəri idi. Qohumlarımın təkidi ilə Fikrət Əmirova ərə getməyə razılıq verdim. Cövdətə məktub yazdım: "Mən yalnız səni sevirəm. Ancaq Fikrətlə evlənirəm”. Gəncə səfərindən geri döndükdən sonra Cövdət məni vağzaldan birbaşa "ZAQS”-a apardı. Evləndik. Nikah mərasimində Səməd Vurğun və Mirvarid Dilbazi iştirak etdilər”. Əminə xanım danışırdı ki, xasiyyətcə bir-birlərinin tamamilə fərqli adamlar olublar. Əminə Dilbazi insanlar arasında olmağı çox sevən, ötkəm, açıq-saçıq, Cövdət Hacıyev isə, əksinə qapalı insan idi: "Cövdət əsərinin ifa olunub-olunmayacağını belə, düşünmədən yazıb-yaradırdı. Bizi çoxları ayırmağa çalışdı. Amma buna nail olmadılar. Mən Cövdətin yaradıcılıqla məşğul olmasına şərait yaradırdım. O, Moskvada Dmitri Şostakoviçin yanında təhsil alanda, sirkdə ikinci işə başladım ki, Cövdət təhsilini davam etdirə bilsin. Beş il hər ay ona pul göndərdim”.Ailə həyatlarında mübahisələri də olurdu. Cövdət Hacıyev ən çox da Əminə Dilbazinin tez-tez qastrollara getməsindən narazılıq edirdi: "Mən uzun müddətlik xaricə qastrola gedəndə, uşaqların qayğısına Cövdət özü qalırdı. Ancaq o, mənim qastrollara getməyimi istəmirdi. Buna görə bəzən evdə narazılıq yaranırdı. Ancaq mən onun fəaliyyəti üçün əlimdən gələni edirdim. Bilirdim ki, bu qayğı onun üçün əsasdır”.
Əminə xanım danışırdı ki, son illər böyük bəstəkar əsasən ailə üzvləri ilə ünsiyyət qururmuş: onu konsertlərdə, tədbirlərdə və yaxud illər boyu dərs dediyi Konservatoriyada çox nadir halda görmək olarmış. Buna səhhəti mane olurdu. Ancaq Cövdət Hacıyev artıq XX əsrin əvvəllərində başlanan musiqi sənətimiz üçün öz sözünü demiş - zəngin yaradıcılıq irsi Azərbaycan musiqi mədəniyyətinin klassikasına çevrilmişdi. Elə bir irs ki, zaman keçdikcə musiqi tariximizdə əbədi qalacaq, insanları daim saflığa, yüksək ideallara səsləyəcək...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər