• cümə axşamı, 28 mart, 18:35
  • Baku Bakı 13°C

Xədicə İsmayıl, sən kimsən?

13.05.17 09:15 1119
Xədicə İsmayıl, sən kimsən?
2015-ci ildə "Azadlıq" radiosunun keçmiş prezidenti Ceffri Qodmin "The Boston Globe" qəzetində radionun müxtəlif ölkələrdəki bölmələrində çalışan jurnalistlərlə bağlı sensasiya xarakterli bir məqalə ilə çıxış etmişdi. Qodmin vaxtilə radionun Bakı bürosuna rəhbərlik etmiş Xədicə İsmayılın da sıralarına daxil olduğu bu media nümayəndələrinin əslində jurnalist yox, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri olduqlarını açıqlamışdı. O, jurnalistlərin MKİ tərəfindən "verbovka" olunduğunu, onlardan milli dövlətlərə qarşı istifadə olunduğunu açıq mətnlə dilə gətirmişdi. İndi Qodminin qələmə aldığı məqaləni xatırlayarkən, Azərbaycanda "beşinci kolon" təmsilçilərinin ən "parlaq" simalarından biri olan X. İsmayılın fəaliyyətinin nüvəsində hansı məqsədlərin yatdığı, onun bəzi "araşdırmalarında" hansı mənbələrdən yararlandığı və bu cızma-qaraların ərsəyə gəlməsində xarici xüsusi xidmət orqanlarının hansı rol oynadığı daha parlaq cizgilərlə ifadə olunur.

Ermənilərlə çiyin-çiyinə...

Sirr deyil ki, Xədicə İsmayıl hər platformada guya Azərbaycan hökumətinə müxalifətdə olduğunu iddia etsə də, əslində, xaricdən aldığı təlimatlar əsasında birbaşa dövlətə qarşı fəaliyyət göstərir. Ermənilərlə əməkdaşlıq etmək onun tərcümeyi-halından qırmızı xətlə keçir. Elə yaxın tarixə qısa ekskurs edərək bir neçə məqamı xatırlatmaqla bu anti-Azərbaycan yönümlü fəaliyyətin müəyyən konturlarını görmək mümkündür.

Məsələn, Xədicənin 2014-cü ilin 24 sentyabr tarixində ATƏT-in Varşava bürosunun təşkil etdiyi konfransda Dağlıq Qarabağ mövzusunda azərbaycanlı QHT təmsilçisinin çıxışı zamanı ermənilərlə birlikdə ayağa qalxaraq arxasını çevirməsi yaddaşlardan silinməyib. Yaxud cari ilin fevral ayında Avropa Parlamentinin çexiyalı deputatı, qatı ermənipərəstliyi ilə tanınan Yaromir Ştetinanın dəstəyi ilə keçirilən və əvvəldən axıradək Azərbaycan dövlətinin hədəf alındığı tədbirdə də X. İsmayıl ermənilərin tezislərinə söykənən çıxışı ilə diqqət çəkdi. Və gələk, mayın 3-də baş verən növbəti hadisəyə. Qısaca arayış verək ki, 3 May - Dünya Mətbuat Azadlığı günündə əl-Cəzirə telekanalının ingilisdilli saytında Xədicə İsmayılın"Araşdırma jurnalistikasının artan önəmi"adlı məqaləsi dərc edilib. Məqalədə Xədicə İsmayıl yenə də ənənəsinə sadiq qalaraq Azərbaycan dövlətinin ünvanına əsassız ittihamlar irəli sürüb, mövcud duruma adekvat olmayan uydurma fikirlər səsləndirib. Bundan elə həmin saytda jurnalist Azər Həsrət "Dövlət maraqları ifadə azadlığını sıxışdırırmı?" başlıqlı yazı ilə çıxış edib. Əl-Cəzirə hər iki yazını fərqli mövqe kimi yayımlayıb. Azər Həsrət məqaləsində Azərbaycanda medianın durumu ilə bağlı X.İsmayıldan fərqli mövqe ilə çıxış edib. X. İsmayıl da dərhal şərh yazıb ki, Azər Həsrət hakimiyyətin sözçüsüdür. Sitat: "Azərbaycan hakimiyyətinin sözçüsü mənə cavab verdi. Özü də o, Beynəlxalq Mətbuat İnstitutu və başqa beynəlxalq qurumların adı altında kölgələnir"...


Xədicə İsmayılın bu reaksiyasından sonra erməni dəstəkçiləri onun yazısından və şərhlərindən istifadə edərək, Azər Həsrətə və Azərbaycana qarşı hücuma start verdilər. Bu "desant" dəstəsinin ən çox diqqət çəkənlərindən biri isə Xədicənin erməni rəfiqəsi Eni Vandaryan oldu. O, özünün rəsmi "tvitter" səhifəsində belə bir paylaşım edib: "Azərbaycan hakimiyyətinə loyallığının əvəzində bu günlərdə İndoneziyaya səfərlə mükafatlandırılan rejim tərəfdarı - qulluqçusu Azər Həsrətin yazısı"

Xədicənin qondarma "erməni soyqırımı"nın fəal təbliğatçılarından olan vəkil Amal Kluni ilə əməkdaşlığı da ayrıca bir müzakirənin mövzusudur.

Cılız bazar adamı...

İnsanlarda Xədicə ilə bağlı yaranmış assosiasiyalar müxtəlifdir. Kimə görəsə qrantyeyən jurnalist və hüquq müdafiəçisi, digərlərinə görə xarici kəşfiyyat orqanlarının agenti olan Xədicəni bir çoxları ermənilərin tezisləri əsasında fəaliyyət göstərən təxribatçı hesab edirlər. Və bu qrup düşünür ki, Xədicənin ermənilərlə əməkdaşlığa hazır olması təəccüblü deyil. Çünki normal halda etik baxımdan qəbuledilməz sayılan addımları atmaq Xədicəyə "bir qurtum su içmək" kimi asandır. Bu "keyfiyyəti" X.İsmayılın çoxlarında "cılız bazar adamı" təsəvvürü yaratmasına səbəb olur. Ona görə də uzun illər eyni cəbhədə yer aldığı, ötən ilin oktyabrında isə "siyasi məhbus" məsələsində üz-üzə gəldiyi, hətta "ağılsız ambisioz" adlandırdığı Əli Kərimli və Cəmil Həsənli ilə 4-5 ay sonra mitinqdə çiyin-çiyinə "poza verməsi" Xədicə üçün qətiyyən xəcalət çəkiləcək bir nüans deyil. Yetər ki, maraqların uzlaşa biləcəyi bir nöqtə tapmaq mümkün olsun. Xədicənin ermənilərlə mənafelərinin üst-üstə düşdüyü məqamlar isə, görünür, yetərincədir.

Yeri gəlmişkən, X. İsmayılın ermənipərəst fəaliyyəti, onun müvazinətinin anti-azərbaycançı mərkəzlərin "dirijor çubuğuna" bağlı olması sosial şəbəkə istifadəçilərinin də kəskin tənqid və qınağına səbəb olur. Sosial şəbəkələrdə, o cümlədən elə X.İsmayılın özünün səhifələrində bununla bağlı çoxlu sayda şərhə rast gəlinir. "Facebook"da yaradılmış "5-ci kolon" adlı səhifədə Etibar Etibarlı adlı sosial şəbəkə istifadəçisi yazır: "… Dövlətə xəyanəti heç kimə bağışlamaq olmaz. Bu müstəqilliyi qanımız bahasına qazanmışıq. Ancaq inanmıram ki, bu Xədicə İsmayılovanın qanında erməni qanı olmasın".

Fuad Məmmədov adlı şəxs isə belə yazıb: "Bizdə müxalifət yoxdur. Anti-Azərbaycan qüvvələrin xeyrinə işləyən şəxslər var. Xədicə İsmayıl da onlardandı".

Gülhüseyn Yolçuyevin yazdığı şərhlərdə bu fikirlər yer alıb: "Mənə maraqlıdır ki, bu Xədicə İsmayıl necə dolanır? Maaşını xaricdən alır, yəqin ki... Ona görə də onların çaldığını oynayır. Əgər erməniyə dayaq durubsa, daha başqa söz deməyə ehtiyac qalmır".

Xədicə İsmayıl hesabat verməkdən niyə qorxur?

Sonuncu şərhdən yola çıxaraq, doğrudan da maraqlı olan bir məsələyə toxunmağa ehtiyac var. Əlbəttə, şəffaflıq istənilən demokratik cəmiyyətlərdə başlıca şərtlərdən, açıq cəmiyyət quruculuğu prosesində mühüm komponentlərdən biridir. Bu, sadəcə, hüquqi tələb deyil, həm də mənəvi bir öhdəlikdir. Hər bir şəxs öz fəaliyyəti ilə bağlı müvafiq strukturlara hesabat verməlidir. Bu mənada müəyyən ictimai nüfuzu olan, cəmiyyətdə populyarlıq qazanmış şəxslər, siyasətçilər, jurnalistlər, sənətçilər və digərləri daha geniş kontingent qarşısında məsuliyyət daşıyırlar. Ona görə də cəmiyyətin bu insanlardan şəffaflıq tələb etməsi tamamilə normal qarşılanmalıdır. Di gəl ki, Azərbaycanda bir qrup insan var ki, onlar hər kəsdən şəffaf olmağı, cəmiyyətə hesabat verməyi umduqları halda, özləri bu yöndə çağırışları süngü-bıçaqla qarşılayırlar. X.İsmayıl belələrindəndir.

Bəllidir ki, X.İsmayıl uzun müddətdir fəal jurnalist kimi fəaliyyətini dondurub, rəsmi olaraq başqa bir işlə də məşğul deyil. O zaman onun gəlir mənbəyi ilə bağlı suallar meydana çıxır. Ola bilər ki, o, gəlirləri ilə bağlı hesabatı yalnız xarici donorlara verir. Amma bu, Xədicəyə bu barədə sual ünvanlayanları təhqir etmək haqqı vermir. Son bir neçə gündə onun sosial şəbəkələrdəki səhifələrində müşahidə etdiyimiz reallıq bundan ibarətdir ki, nəinki digər vətəndaşlarımızın, elə bəzi jurnalistlərin də X.İsmayıla yönəltdikləri sualların əksəriyyəti cavablandırılmayıb, üstəlik sonradan həmin həmkarlarımız "bloklanıb".

Məsələn, jurnalistlər Fuad Hüseynzadə, Səbuhi Abbasov və digərləri sözügedən mövzuda ünvanladıqları suallara görə Xədicənin qəzəbinə tuş gəliblər. X.İsmayıl ona gəlir mənbələri barədə ünvanlanan sadə sualları cavablandırmaq əvəzinə, qarşı tərəfi təhqir etmək yolunu tutub: "Tvitterdə suallara cavab verib, sonra blok etmişəm. İndi də blok edəcəm. Siz gedin, yiyəniz gəlsin, lütfən. Uşaq-muşağa vaxt itirmirəm".
Plintusdan aşağı, plintusdan yuxarı...

Həmkarlarımın bu suallarının cavabları bir jurnalist kimi məni də maraqlandırdığı üçün Xədicənin "paylaşım"ının altına rəy yazaraq onun fəaliyyətinə az-çox bələd olan şəxslərin əksəriyyətində belə sualların yarandığını həmkarlarımızı "bloklamaq" əvəzinə onların qoyduğu konkret suallara cavab verməyin daha uyğun olacağını qeyd etdim. Amma X.İsmayıl daşı ətəyindən yerə qoymaq niyyətindən uzaq olduğunu, ondan şəffaflıq gözləyənlərin boşuna "xəyal qurduğunu" digər şərhləri ilə sübuta yetirdi. O, qarşı fikirdə olan hər kəsi ya hökumətin adamı, ya da "feykprofil", "troll" adlandıraraq işin içindən çıxmağa cəhd edir. Bəzən isə etik normaları bir kənara qoyaraq insanları təhqir etməkdən də çəkinmir. Xədicənin məntiqinə görə, "5-ci kolon" təmsilçilərinə qarşı fikir söyləyən adamların "səviyyələri plintusdan aşağıdır". Bəs görəsən, Xədicənin "plintusdan yuxarı olan" səviyyəsi özünü nədə göstərib? Məgər xarici xüsusi xidmət orqanlarından hazır material alıb onu öz adından araşdırma məqaləsi kimi təqdim etmək səviyyənin yüksəkliyindən xəbər verir? Ya da məhdud arsenalını öz dövlətinə, xalqına qarşı işlətmək nə vaxtdan intellekt göstəricisi sayılır? Xarici donorlar qarşısında boynubükük gəzən X.İsmayıl Azərbaycan ictimaiyyətinə hesabat verməyi niyə özünə ar bilir?

Əminik ki, bu yazıda Xədicəyə ünvanlanan suallar da cavabsız qalacaq.

Aqşin ŞAHİNOĞLU

banner

Oxşar Xəbərlər