• cümə, 29 Mart, 10:28
  • Baku Bakı 5°C

“Xəcalət çəkərək dekanın təklifini qəbul etmədim” - Keçmişdəki mən

28.06.19 14:45 9204
“Xəcalət çəkərək dekanın təklifini qəbul etmədim” - Keçmişdəki mən
1959-cu ildə Tehranda doğulub. Uşaq olarkən ailəsi ilə birgə Azərbaycana köçüb. Deyir ki, o illəri xatırlaya bilmir, çünki Azərbaycana köçəndə onun cəmi iki yaşı var imiş. O həyatı valideynlərinin, bacı və qardaşlarının dilindən eşidən müsahibim deyir ki, mühacirət etdiklərinə görə onlara sovet vətəndaşlığı verilməyib. Müsahibimiz politoloq Tofiq Abbasovdur. Söhbət zamanı onun uşaqlıq, gənclik illərinə nəzər saldıq.

Həmsöhbətim deyir ki, beşuşaqlı ailədə evin sonbeşiyi olaraq dünyaya gəlib: "İki bacı, üç qardaşıq. Atam diş həkimi idi. Evin kiçiyi olduğuma görə valideynlərim həmişə mənə daha çox diqqət ayırırdı. Çox mehriban ailəmiz var idi. Bunun əsasını isə valideynlərimiz qoymuşdu. Çünki biz Azərbaycana İrandan mühacirət etmişdik. Burada müəyyən bir çevrəmiz və azsaylı qohumlarımız var idi, amma həmişə çalışırdıq ki, özümüz öz mühitimizi formalaşdıraq.

O dövrdə mühacirət etmək və yeni həyata alışmaq indiki kimi asan deyildi. İndi insanlar tez bir zamanda öz ölkəsini tərk edir, okeanın o başına mühacirət edirlər. Əlbəttə, bu məsələlər insana emosional olaraq təsir edir. Ancaq mühacirət gərgin, ağrılı və həssas məqamdır. İnsanlar yeni həyata uyğunlaşmaqda müəyyən çətinliklər çəkir və bir sıra əziyyətlər qaçılmaz olur. Çünki insan mühitə uyğunlaşdırmaq üçün özünü dəyişdirmək məcburiyyətində qalır. Bu, həm də insanın qarşısında yeni vəzifələr, tələblər və sınaqlar çıxarır.

Mən enerjili və dəcəl uşaq idim. Çox vaxt nadincliklər edirdim, amma buna görə adətən, mənə güzəşt edilirdi. Uşaq olanda futbola həvəsim var idi, həm azarkeşlik edirdim, həm də küçə futbolu oynayırdım. Biz küçə futbolunun yetirməsi sayılırdıq. İndi bu ənənə yaddan çıxıb. Futbol bizə digər uşaqlarla dostluq etməyi öyrədir, komanda ruhu formalaşdırırdı. Biz Yasamal rayonunda yaşayırdıq, amma şəhərin mərkəzində, o vaxtı "Baksovet” deyilən yerdə 134 nömrəli orta məktəbdə oxuyurdum. Bizim o uşaqlarla futbol həmrəyliyimiz, möhkəm dostluğumuz var idi. Təbii ki, bəzən aramızda müəyyən narazılıqlar da olurdu. Hətta futbol zəminində küçə davalarımız da az olmayıb. Lakin çalışırdıq ki, həmişə kollektiv ruhunu qoruyub saxlayaq. Ümumilikdə, uşaqlığım çox rəngarəng və maraqlı keçib. Çünki çox sağlam mühitdə böyüyürdük. Düzdür, sonrakı illərdə müəyyən problemlər oldu. Brejnev dövründə əksər ailələr ərzaq problemi yaşayırdı. Ərzaqla bağlı müəyyən məhdudiyyətlər var idi, talonlarla verilirdi. Amma atam ailə təsərrüfatını çox yaxşı idarə edirdi. O, həmişə deyirdi ki, mənim ailəm böyükdür, gərək elə edim ki, onlar çətinlik çəkməsin. Bu mənada bizim bir o qədər də böyük çətinliyimiz yox idi”.


Çox vaxt dərsdən qaçıb kinoya gedirdik

Hamı kimi onun da məktəb illərində dərsdən qaçdığı vaxtlar olub: "Bütün dəcəl uşaqlar kimi bizim də məktəb macəralarımız çox maraqlı olub. Dərsə hazır olmayanda müxtəlif bəhanələrlə məktəbdən yayınırdım. Hətta müəllimlərimi inandırmaq üçün özümü yalandan xəstə kimi qələmə verdiyim vaxtlar da olub. Çox vaxt dərsdən qaçıb kinoya gedirdik. Bir dəfə kinoya getmək üçün öz çantalarımızı gizlətmişdik. Sən demə, çantalarımızı bizdən əvvəl kimsə tapıb. Bəxtim gətirdi ki, mənim çantam itməmişdi. İndi o illərə qayıdanda fikirləşirəm ki, hər dövrün öz dinamikası, nüansları və gözəlliyi var. Həyatın süjet xətti həmişə mürəkkəb olub. O baxımdan əgər uşaq yaşından çətinlik və sınaqlarla üzləşməsən, həyat məktəbini keçə bilmərsən”.

T.Abbasov deyir ki, hələ orta məktəbdə oxuyarkən humanitar elmləri özünə daha yaxın hiss edirmiş: "Dəqiq elmlərlə aram o qədər də yaxşı deyildi. Düzdür, qiymətlərim zəif olmurdu, bütün fənləri ayrı-seçkilik qoymadan oxuyurdum. Ancaq tarix, "İnsan və cəmiyyət” kimi fənlərə böyük marağım var idi. "İnsan və cəmiyyət” ən sevdiyim fənlərdən idi. Bu fənn zündə fəlsəfə və həyatın müxtəlif qanunauyğunluqlarını ehtiva edirdi. Müəllimlərimiz məktəbdə dərsləri dinamik tərzdə keçirdilər, bizi diskussiyalara sövq edir, öz fikirlərimizi ifadə etməyə şərait yaradırdılar”.


Seçki yolu ilə qrup rəhbəri mən oldum

Orta məktəbi bitirdikdən sonra universitetə sənəd verən müsahibim ilk iki il uğur qazana bilmir: "Məktəbdə oxuyarkən ən sevdiyim fənn coğrafiya idi. Xüsusilə, siyasi coğrafiyaya böyük maraq göstərirdim. Bizim vaxtımızda kitablar, xəritələr indiki kimi asan tapılmırdı. Bunun üçün kitabxanalarda nə qədər növbə gözləyirdik. İlk dəfə sənədlərimi coğrafiya fakültəsinə verdim, lakin bir balım çatmadığına görə qəbul ola bilmədim. İki il ard-arda sənəd versəm də, istədiyim fakültəyə qəbul ola bilmədim. Nəhayət üçüncü il, yəni 1977-ci ildə belə qərara gəldim ki, istiqamətimi dəyişim. Beləcə üçüncü cəhddə BDU-nun jurnalistika fakültəsinə qəbul oldum. O dövrdə bizim dekanımız Tofiq Rüstəmov idi. Bəxtimiz onda gətirmişdi ki, müəllimlərimiz həqiqətən işinin peşəkarı idi. Onlar bütün həyatlarını jurnalistikaya fəda etmişdilər və öz biliklərini bizimlə paylaşırdılar. Bu mənada müəllimlərimin üzərimdə çox böyük əməyi var. O müəllimlər öz şəxsi nümunələri ilə tələbələri yaradıcılığa sövq edirdilər. Bizim jurnalistikaya marağımızı və sənəti sevməyimizi onlar yaratdı. Bu mənada özümü hər zaman şanslı hesab etmişəm. İkinci kursda oxuyanda qrup rəhbəri müəyyən səbəbdən təhsilini yarımçıq qoydu. Seçki yolu ilə qrup rəhbəri mən oldum”.


O vaxt AZTV-də işə düzəlmək çox çətin idi

Təhsilini başa vurduqdan sonra ona universitetdə qalıb elmi işlə məşğul olmaq təklif edilir. Lakin "yox” deməli olur: "1983-cü ildə universitetin son kursunda idim. Bitirdiyim il Tofiq Rüstəmov mənim diplom işimdə elmi rəhbərim oldu. Diplom işimi müdafiə etdikdən bir həftə sonra o, bizim evə zəng vurub. Mən onda işdə idim. Evə qayıdanda anam dedi ki, dekan səni axtarır, dedi ki, evə gələndə mənimlə əlaqə saxlasın. Təəccübləndim ki, universiteti bitirib müdafiəmi etmişəm, dekan mənə niyə zəng vurub? Zəng vurdum, dedi ki, sabah saat 11-də fakültədə ol. Səhəri gün dediyi vaxtda artıq fakültədə idim. Tofiq Rüstəmov dedi ki, sənə hədiyyəm var, istəyirəm ki, jurnalistika fakültəsində qalıb elmi işlə məşğul olasan. Bütün müəllimlərlə məsləhətləşmişəm və hamı sənin burada qalmağını istəyir. Bu təklif məni həm təəccübləndirmişdi, həm də mütəəssir olmuşdum. O dövrdə kafedrada qalıb elmi işlə məşğul olmaq çox çətin məsələ idi. Hətta yüksək vəzifəli adamlar bunun üçün xahiş etsələr də, qəbul edilmirdi. Üzr istəyərək bildirdim ki, bu "hədiyyə”ni bəlkə yuxuda görsəm, inanmazdım, amma artıq AZTV-də ştatda olan işçi, kiçik redaktoram. Həm də mənim jurnalistikanın elmi yox, praktiki hissəsinə marağım var. Beləcə xəcalət çəkərək dekanın təklifini qəbul etmədim. O gün hər dəfə yadıma düşəndə yenə eyni hissləri keçirirəm. Tofiq müəllim dedi ki, səni başa düşürəm, ancaq gərək təklifimi qəbul edərdin. Yeri gəlmişkən qeyd edim ki, o vaxt AZTV-də işə düzəlmək çox çətin idi. Televiziyanın keçmiş sədri rəhmətlik Elşad Quliyev məni işə qəbul etmişdi. Bu hadisə mənim karyeramda ən vacib məqamlardan biri idi. Bununla həyatımda gözləmədiyim fürsətlər əlimə düşdü və irəli gedə bildim. Orada da mənim yeni nələrsə öyrəndiyim müəllimlərim var idi”.


1999-cu ildə Azərbaycan vətəndaşlığı aldım

Həmsöhbətim ilk gəlirini fəhləlik edərək qazanıb: "1976-cı ildə mən Rus-Dram Teatrında fəhlə olaraq işləyirdim. Mənə o vaxtın pulu ilə 60 manat maaş təyin edilmişdi. İlk ayın yarısında 30 manat pul qazanmışdım. Sevincək halda mağazaya gedib şirniyyat, şokolad alıb evə getdim. Anama, atama göz aydınlığı verdim ki, bu, mənim ilk maaşımdır”.

Tofiq Abbasov deyir ki, çox istəməyinə baxmayaraq, onun hərbi xidmətə getməyinə icazə verilməyib: "İrandan mühacirət etdiyimizə görə bizə daimi SSRİ vətəndaşlığı verilməmişdi. Mənim hərbi xidmətə getmək, seçki hüququm yox idi. Yalnız 1999-cu ildə Azərbaycan vətəndaşlığı aldım”.

38 yaşında ailə həyatı quran müsahibim deyir ki, bunun üçün heç vaxt tələsməyib: "Özüm bilərəkdən gec ailə qurdum. İki övladım var, biri üçüncü kursda oxuyur, digəri isə bu il tələbə adını qazanıb. Həmişə çalışmışam ki, onların tərbiyəsində nəciblik və xeyirxahlıq prinsipini əsas götürüm. Mənim üçün ən əsas meyar məhz budur. Kin, revanş hissi ilə yox, qurub-yaratmaq eşqi ilə yaşamaq lazımdır”.


İnsanın keçmişi onu öyrədir

T.Abbasov bildirdi ki, həyat elə bir prosesdir ki, onu film kimi geriyə döndərmək mümkün deyil. Yaşadığımız hər şeyin üzərindən keçib getmək məcburiyyətindəyik və heç nəyi dəyişmək iqtidarında deyilik: "Əlbəttə, mənim də müəyyən səhvlərim olub və onları xatırlayanda həmişə özümə acıyıram. Xəcalət hissini yaşadığım anlar da olur. Amma yəqin ki, o səhvləri etməsəydim, bugünkü yerə gəlib çıxa bilməzdim. İnsan hər zaman diqqətini gələcəyə kökləməlidir. Böyük mütəfəkkirlərdən Mahmud Hoca Behbudi deyir ki, keçmiş gələcəyin meyarıdır. İnsan heç vaxt öz keçmişi ilə əlaqəsini itirməməlidir. İnsanın keçmişi onu öyrədir, tənbeh edir və gələcəyinə işıq salır”.

Sonda rubrikanın ənənəsinə uyğun olaraq müsahibim gənclərə öz məsləhətini də verdi: "Bəxtim gətirib ki, pedaqoji fəaliyyətim zamanı gənclərlə işləmək şansım oldu. Bir müddət jurnalistika fakültəsində dərs demişəm. Ən böyük tövsiyəm budur ki, gənclər gərək həmişə özlərinə inansınlar. İnsan əvvəlcə öz məqsəd və məramını müəyyən etməli, sonra bunu edə biləcəyinə inanmalıdır. Buna necə nail olmaq isə həyatın qaydalarından və baş verən hadisələrdən asılıdır. Önəmli olan insanın çətinliklərdən qorxmayıb, özünü itirməməsidir. Yalnız bu halda uğur qazana bilər”.

Şəbnəm Mehdizadə




banner

Oxşar Xəbərlər