AZE | RUS | ENG |


Xəbərin içində olan aparıcı - Fotolar

Xəbərin içində olan aparıcı - Fotolar
Vüsalə Nürəddinqızı: “Məsuliyyətimi dərk etdiyimdən, vicdan əzabı çəkirəm, özüm özümü qınayıram”

Peşəsindən asılı olmayaraq, hər bir insan gündəlik  xəbərləri izləyir. Belə ki, gün ərzində zaman tapıb xəbərləri izləməsə belə, iş sonrası ana xəbərin yayımlandığı zaman televiziya qarşısına keçib, ölkədə baş verən xəbəri izləmə ehtiyacı duyur.  Bu məqamı nəzərə alan telekanal rəhbərləri də xəbər aparıcıları məsələsinə həssas yanaşırlar. Danılmaz faktdır ki, televiziyaya aparıcı qismində gələn hər kəsin ən böyük arzusu isə ana xəbərin yayım zamanı iş başında olmaqdır. Ancaq bu, hər kəsə qismət olmur. Bu gün sizlərə təqdim edəcəyim müsahibim daim xəbərin içərisində olan Vüsalə Nürəddinqızıdır. "Xəzər Xəbər”in ana xəbər aparıcısı Vüsalə xanım.  
 
- Bu gün jurnalistikaya üz tutan gənclərin əksəriyyətinin  arzusu telekanallarda çalışmaqdır. Bunun səbəbini necə izah edərsiniz? 
- Bu, kütlədən asılı olan bir şeydir. Bilirsiniz ki, tamaşaçı kütləsi daha çox televiziyanı sevir. İstedad elə bir şeydir ki, hansı sənəti seçirsən seç, səni daim izləyir. Hərdən elə olur ki, özün-özünü deyil, istedadın səni idarə edir. Daxilində olan o istedad həmişə istəyir ki, sənin iç dünyanı, potensialını nümayiş etdirsin və bunun üçün can atır. Bu, tamam başqa bir şeydir. Ən tanınmış jurnalistlər belə televiziyada məşhurlaşandan sonra qəzetlərdə və saytlarda öz məqalələrini çap etdirirlər.  Ancaq televiziyadan başqa bir alternativ olsaydı, jurnalistika fakültəsini bitirənlər və bu sahəyə maraq göstərənlər həmin sahəni də seçərdilər.
 
 
 
- Jurnalistikadan söhbət düşmüşkən, sizə görə yazılı jurnalistika ilə televiziya jurnalistikası arasında nə kimi fərqlər var?
- Qəzet jurnalistikasında işləməmişəm. Ona görə də bələd olmadığım sahə üzrə danışmaq mənə bir az çətindir. Ancaq təcrübəmdən, ətrafımdakı insanların iş təcrübəsindən bu nəticəyə gələ bilirəm ki, aradakı fərq o qədər də çox deyil. Məncə, mətbuatın bu hər iki qolu çox çətin və məsuliyyətlidir. Əsas odur ki, işini peşəkarcasına görəsən və bu yöndə öz üzərində çalışasan. Bizim işin də öz çətinliyi var. Xəbər aparıcısı məlumatı dəqiq verməlidir. Çünki tamaşaçılara təqdim etdiyi hər bir xəbərin altında onun imzası gedir. Söhbət məsuliyyətini daşıya biləcəyin işdən gedir. 
 
- Adətən, gənc aparıcılar şou, əyləncə xarakterli verilişləri aparmağa üstünlük verirlər. Nədənsə ciddi və sosial yükü ağır olan verilişlərdən bir qədər çəkinirlər. Siz necə oldu ki, ana xəbər kimi ağır və kütlənin diqqət mərkəzində olan proqramın aparıcısı kimi çıxış etməyə razılıq verdiniz?
- Televiziyaya müraciət etdiyim ilk gündən xəbər aparıcısı kimi çıxış etməyi özümə uyğun hesab etmişəm. Əgər mənə əyləncəli bir veriliş həvalə olunsaydı, böyük ehtimal ondan imtina edərdim. Hər bir insan öz daxilini tanımalıdır, potensialına bələd olmalıdır. Özünü görmədiyin sahədə peşəkar olmamaqdansa, bacardığın bir işlə məşğul olmaq  daha faydalıdır. Sevdiyim işlə məşğul olduğum üçün yorulmuram.  İş saatı bitəndən sonra belə, üzərimdə heç bir yorğunluq hiss etmirəm. Hansı peşənin sahibi olursan ol, əgər işini sevərək görürsənsə, heç zaman yorulmazsan, əksinə, ondan həzz alarsan. Çox şükürlər olsun ki, mənə də sevdiyim işlə məşğul olmaq nəsib olub. Bu sənətə gəldiyim üçün heç də peşman deyiləm. Özümü bundan başqa sahədə görə bilmirəm. 
 
 
 
- Aparıcılıq sahəsində telekanallar arasında rəqabət hiss edirsinizmi?
- Təsəvvür edin ki, hansısa idman növündə yarışa gedibsiniz və qalib gəlmək üçün mübarizə aparırsınız. Ancaq burada heç bir rəqabət yoxdur və siz qalib gəlirsiniz. Sizcə, bunun mənası olarmı? Təbii ki, heç bir marağı olmaz. Hansı sənətdə çalışmağınızdan asılı olmayaraq, daima irəliyə baxmaq və o yöndə çalışmaq lazımdır. O ki, qaldı sualınıza, istər xarici, istər yerli telekanallarımızın aparıcılarını izləyirəm, aparıcıların xəbəri necə təqdim etdiklərinə baxıram. Onlardan bəyəndiklərim də olur, bəyənmədiklərim də. Yaxşı mənada örnək götürdüklərim də  az deyil. Xəbər elə bir şeydir ki, bu, bir praktikadır. Daim öz üzərində işləməlisən.
 
- Vüsalə xanım, bəzən Türkiyə və Rusiyanın aparıcıları bizə  örnək kimi göstərilir. Ümumiyyətlə,  siz hansı məktəbi özünüzə nümunə hesab edirsiniz? 
- Biz gözümüzü açandan Rusiya kanallarına daha çox baxmışıq. Və həmişə Rusiya aparıcılarının ciddiyyətli geyimlərinə, xəbəri şərh vermədən bir istiqamət üzrə oxumalarına həsədlə baxmışam. Uşaq yaşlarımda əlimə qəzet alıb, otaqları gəzə-gəzə özüm üçün oxuyurdum. Elə hesab edirdim ki, guya mən aparıcıyam. İndinin özündə də Rusiya telekanallarının aparıcılarının necə geyindiklərinə, ciddiyyətlərini necə qoruduqlarına baxıram, ancaq bununla bərabər türkləri də izləyirəm. Çünki bir növ "Xəzər” televiziyasının istiqaməti türk xəbərlərinə və aparıcılarına daha çox uyğunlaşır. Türkiyənin, Rusiyanın xəbər aparıcılarına böyük sevgi ilə baxıram, çalışıram ki, özüm üçün nələrisə götürəm.
 
 
 
- Onlardan indiyə qədər nələri götürməyə çalışıbsınız?
- Rus aparıcılarının geyiminə, saç düzümünə, qadınların özlərini necə aparmağına baxırdım. Türklərdə isə xəbəri necə təqdim etmələrinə, hətta süjetlərinin ən xırda detallarına qədər diqqət edirəm. Yəni, bunların hər ikisi mənim üçün bir məktəbdir. 
 
- Məktəb demişkən, ölkəmizdə xəbər aparıcıları necə hazırlanır? Universitetlərimizdə də belə bir ixtisas yoxdur. 
- Heç kim 17-18 yaşında, televiziyaya gələn kimi aparıcı olmur. Aparıcı olmaq üçün uzun bir yol qət etmək şərtdir. Çünki illərlə bu işlə məşğul olan peşəkarlar var. İstər redaktoru olsun, istər rejissoru. Televiziyada birdən birə ixtisaslaşmaq olmur.  Burada təcrübə əsasdır, bu sahədə öz sözünü demiş adamlardan hər dəfə nəyisə öyrənirsən. Məsələn, vurğu problemin varsa, peşəkar insanlardan bir-iki ay dərs alırsan. Beləliklə, zamanla ixtisaslaşırsan. Heç bir aparıcı müxbir olmadan aparıcı ola bilməz. 
 
 
 
- Canlı efirdə çıxış etmək heç də asan məsələ deyil. Canlı veriliş üçün özünüzü psixoloji baxımdan necə hazırlayırsınız?  
- 6 ildir ki, xəbər aparıcısı kimi çalışıram. Bu 6 il ərzində məsuliyyətim, həyəcanım zərrə qədər də azalmayıb. Eyni məsuliyyətlə mən bu gün də xəbər aparıram. Xəbərləri təqdim edən zaman bir cümlədə hansısa səhv edən kimi içimdə narahatçılıq keçirməyə başlayıram. Karıxıramsa, əlimi stola elə möhkəm vururam ki, bəzən ovcumun içi ağrıyır. Özlüyümdə düşünürəm ki, bunu deməməli idim. Bəlkə də səhv dediyim sözün o qədər də böyük bir mahiyyəti yoxdur. Lakin, mən məsuliyyətimi dərk etdiyimdən, vicdan əzabı çəkirəm, özüm özümü qınayıram. 
 
- Gündəlik qəzetləri, saytları izləyirsinizmi?
- Səhər saat 9-dan, axşam saat 10-a qədər o saytların içində oluruq. Hətta sosial şəbəkədə kimsə şou ilə bağlı nəsə paylaşanda belə, mənim diqqətimi çəkmir. Gözüm xəbər yüklü yazılar axtarır (gülür).
 
 
 
- Deyəsən, artıq siz də peşə xəstəliyinə yoluxubsunuz? 
- Elədir (gülürük). Artıq başa düşmüşəm ki, mən bu dünyanın adamıyam. Maraqlarım, istəklərim, diqqətim ancaq bu sahə üzərində qurulub.   
 
- Bəzən faciəli xəbərlərin çatdırılması zamanı bir çox aparıcıların simasında hadisəyə uyğun kədər hiss olunmur. Sizcə, bu, təcrübə ilə bağlıdır? 
- Mən bunu təcrübə ilə bağlamazdım. Ola bilər ki, 20 ildir aparıcı kimi çalışır, ancaq xarakteri dəyişmir. Hər bir insan öz xarakteri ilə doğulur. Biz müharibə  şəraitində yaşayan ölkəyik. Belə bir mövzuda aparıcıların üz cizgilərinin etinasız qalmasının tərəfdarı deyiləm. Oxuduğum bütün qəza xəbərlərində ən azı qəzaya düşən insanın ailələrinin keçirdikləri hissləri keçirirəm. O, insanları tanımıram, bəlkə də həyatımda onları heç tanımaq şansım da olmayacaq, ancaq doğrudan da onların kədərinə qatılıram. Tanımadığın insan kədərinə şərik olmaq əvəzolunmaz bir hissidr. Qanında, damarında, canında bunu hiss edirsən. Çalışıram onu çox büruzə verməyim. Hərdən o qədər qəmli oxuyuram ki, düşünürəm xəbərə şərh qatmasam, daha yaxşı olar...  
 
 
 
- "Xəzər xəbər”də xəbər hazırlayarkən ən çox nəyə üstünlük verilir?
- Fərqi yoxdur, sən "Xəzər xəbər”də işləyirsən, yaxud digər kanallarda. Əsas odur ki, hər kəs işinə məsuliyyətli yanaşmalıdır. Bir şeyi dərk etməlisən ki, sən xəbər təqdim edirsən. Bizdə bu məsuliyyət müxbirindən redaktoruna qədər var. Çalışırıq ki, verdiyimiz hər xəbərdə dəqiqlik, operativlik və məsuliyyət olsun. Xəbər elə bir sahədir ki, burada hər iki tərəfin mövqeyi olmasa, onu təqdim etmək mümkün deyil. Qərəzsizlik mütləq şəkildə olmalıdır. Biz burada vasitəçiyik, hadisəni tamaşaçıya olduğu kimi göstəririk. Hadisəni törədəni, zərərçəkəni təqdim edirik. Məsuliyyət, diqqət və ən vacib olanı operativlikdir. Xəbər elə bir şeydir ki, onu 5 dəqiqə gec versən, artıq tamaşaçı onu başqa vasitələrdən öyrənib yararlanacaq.
 
- Sizcə, ciddi xəbər yükü olan verilişin aparıcısı daha sonra əyləncəli bir verilişi aparmaqda çətinlik çəkərmi?
- Bu, hər bir aparıcının özündən asılı olan bir şeydir. Ümumilikdə, hamımızı bu istiqamətdə dəyərləndirmək düzgün deyil. Elə istedadlı insanlar var ki, bir yox, bir neçə sahədə sözlərini deməyi bacarıblar. Niyə də olmasın? Ola bilər ki, bir aparıcı öz yaradıcılığında fərqlilik etsin. Ancaq bu, bir az tamaşaçıda çaşqınlıq yaradar. Hər şey tamaşaçının qəbul etməsindən asılıdır. Misal üçün, əgər sən ana xəbərin aparıcısısansa, həmin anda  şou-verilişi apara bilməzsən. Bu, mənim subyektiv fikrimdir. Əgər xəbərlə sağollaşmısansa, təbii ki, başqa profilli bir verilişin aparıcısı ola bilərsən. Düşünürəm ki, ikisini eyni arada aparmaq mümkün deyil. 
 
 
 
- Çox zaman xəbər aparıcıları xəbəri tamaşaçılara çatdırarkən jestlərdən, mimikalardan həddən ziyadə yararlanır, hətta kameralarla oynayırlar. Belə halın xəbərin çatdırılmasına hər hansısısa təsiri olur?
-  Əvvəllər düşünürdüm ki, aparıcılıq elə bir sahədir ki, aparıcı şərh verməməlidir. Söhbət jestlər, mimikalarla olan şərhlərdən gedir. Amma indi düşünürəm ki, əgər tamaşaçı sənin təqdim etdiyin xəbəri mənimsəyirsə, bu istiqamətdə atılan bütün yollar gözəldir. Fərqi yoxdur, amma hər şey əndazəsində olmalıdır. Həddindən artıq mimikalar, jestlərin əleyhinəyəm. Ancaq sən qəza xəbəri oxuyursansa, buna necə kədərlənməyəsən?  Tutaq ki, söhbət ölkənin xaricdə təmsil olunmasından gedir. 7 yaşlı bir uşağın əldə etdiyi uğurdan gedir söhbət. Buna necə sevinməyəsən? Bu, mümkün deyil. Ona görə də düşünürəm ki, sakit xəbər aparıcısı olanlarını da sevənlər var, əl-qolla danışanlarını da. Bu illər ərzində belə olub, belə də davam edəcək. Bu suala  dahi şairimiz Nizami Gəncəvinin sözləri ilə yekun vurmaq istəyirəm: Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir o da. Ona görə də çalışmaq lazımdır ki, hər şey öz əndazəsində olsun. 
 
 Xəyalə Rəis
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7084
GBP 1 İngilis funt sterlinqi 2.1911
TRY 1 Türk lirəsi 0.4862
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2104
EUR 1 Avro 2.0081
CHF 1 İsveçrə frankı 1.7650
USD 1 ABŞ dolları 1.7008