Xatirələr niyə bu qədər zövqsüzdür?

Xatirələr niyə bu qədər zövqsüzdür?

13 Yanvar 2020, 12:30 1153
Onun hələ 10 yaşı vardı. Bəmbəyazdı, təmizdi.
Bu yazı ona –  Nərminə ithaf edilir!
 
Quşlar intihar edirmi? Bəli, edir. Gözlərimlə şahid olmuşam. Ancaq quşların da, insanların da intiharından daha qəliz bir məqam var. İntihar edə bilməmək? Axı ölmək daha asandır. "Yaşamaq isə dəlilikdir”. Zahid Sarıtorpağın "Quşların intiharına ağlamayın” romanının antiqəhrəmanı Qaraqız intihar edə bilməyəcək qədər dərin psixoloji sarsıntının içindədir. Modernist ədəbiyyata təsir edən "Madam Bovari” romanında Emma intiharı seçə biləcək qədər ayıq idi. Qaraqız isə hələ uşaq ikən cinsi təcavüzə məruz qalır. Travmatik şüuraxını ömrü boyu onu izləyir. Evli Xəlillə eşq macəraları, dayəsi olduğu Gilənara qarşı erotik istəkləri təsadüf deyildir. "Quşların intiharına ağlamayın” romanında bir fərdin kəşf edilməyən, qaranlıq və anlaşılmayan yönləri üzə çıxır.
 
Flober Kafka və Coysa təsir etdi.  "Madam Bovari” romanında Emmanın şüuraltında yerləşən, kodlaşmış instinktlərin koordinatları yeni idi.  "Madam Bovari” ənənəvi roman mərhələsinə tarixi planda  son qoydu. Zahid Sarıtorpaq "Quşların intiharına ağlamayın” ilə qadın antiqəhrəman yaradır. "Madam Bovari”  xalis modernist hadisə deyil. Şeiriyyətli  dili daha çox klassik romanın epik və natural xüsusiyyətləri ilə uzlaşır. Marsel Prust "İtmiş zaman axtarışında” keçmişi modern dünyaya  transformasiya edir. "Sodom və Homorra”da Albertinenin miflərə eyham edən monoloqları modern insanın hiss və duyğularının, cinsi arzularının simvolik ifadəsidir. Bədənimdə hiss etdiyim həzlərin, ləzzətlərin əvəzində alacağım yeganə həzz keçmişi dəyişdirib nənəmin bir vaxtlar çəkdiyi əzabları azaltmaq istəyidir. İtirilmiş zamanı tapmaq isə modernizm epoxasında hardasa mümkünsüz və müşkül işdir. Zahid Sarıtorpaq həmişə aldadılan, təhqir və istismar edilən Qaraqızın həyatı ilə zamansızlığı göstərir. Qaraqazın həyatı ucsuz-bucaqsız, qara bir enerjinin içində itib-batır. Bu məqamda romanın zəif cəhətləri olan ictimai hadisələrə meyl etməsi də, sosial hadisələrin qabarıqlığı da yada düşmür. Heç ehtiyac da qalmır. Qaraqız təkcə arxetip deyil, o həm də bir qadının cinsi travmalardan sonrakı vəziyyəti, pataloji və bədii ifadəsidir.
 
Zahid Sarıtorpaq qadınla kişinin psixoloji və bioloji fərqlərini Qaraqız – Xəlil xəttində işləyir. Qadının eqosu, paroniya və disparoniyası, isterik halları Qaraqızın erotik duyğularında kəşf edilir. Qadınlar niyə çox danışır və onları motivasiya edən nədir? Bu sualların cavabı bir fərdin, Qaraqızın həyatında romantizmlə erotizmin bir-birinə qarışdığı anda konkretləşir. Çünki qadınlar daha çox sol beyinə meyl edirlər. Sol beyində yerləşən linqvistik çalarlar ilə sağ beyinin duyğusal romantikası qadınlarda güclü bir hiperhəssaslıqla birləşir. "Quşların intiharına ağlamayın” romanında qadın psixologiyasına aid bu xüsusiyyətlər əyani, praktiki bir təcrübəyə çevrilir. Qaraqızın beyninin dərinliklərində duyğusal bir ovqat hakimdir. Həmin ovqat psixoloji bir dinamika periodu yaradır. Qaraqız üzgün və kefsiz olanda danışmağa, bu yolla özünü ovutmağa çalışır. Xəlil isə susur. Arvadından şübhələnməyə başlayanda isə bu susqunluq daha da artır. Nəticədə arvadını öz arşını ilə ölçür.  Qaraqızla yaşadığı eşqbazlığı arvadına da aid edir. Düşünür ki, arvadı da ona xəyanət edir. Və psixoloji sarsınıtının dinamikası Xəlilin arvadını qətlə yetirməsi ilə nəticələnir. Qaraqız həmişə yüksək səslə düşünür. Nə istədiyini, daha doğrusu, nə istəmədiyini yüksək səslə axtarır. Yaşadığı travmalar və dərdlərini bölüşmək istəyi Qaraqızı danışmağa sövq edir. Dərdlərlə üzləşməmək, yalqız qalmamaq üçün danışma, ünsiyyət qurma ehtiyacını artırır. Erotik münasibət isə genetik profili tənzimləyir.
 
Anatomiyası və fiziologiyasındakı natarazlıq öz cinsindən olan birinə qarşı maraq və şəhvətə səbəb olur. Zahid Sarıtorpağın musiqili dili ardıcıl olan zaman anlayışını pozur.  Keçmiş və xatirələrin təkrar-təkrar indiyə aid edilməsi pozulan psixoloji dinamikanın düzəlməyəcəyini göstərir. Qaraqızın alın yazısına çevrilən qəddar, disharmonik bir həyatın lənəti nəyi ifadə edir?  Zahid Sarıtorpağın romanı nəyi kəşf edə bilir? Qadın və ya kişi hansısa yolla cinsi ehtiyacını qarşılayır. Lakin psixoloji ehtiyaclar qarşılanmayanda fərdin də, cəmiyyətin də, bəşəriyyətin də gələcəyi təhlükədədir. Bəs xatirələr? Xatirələr isə zövqsüzdür, bayağıdır. Qaraqızın nə keçmişi, nə də gələcəyi var. Gələcəyə gümanı olmadığı kimi, keçmişə də istinad edə bilmir. O, indiki zamanda mövcud olmaq, keçmişi də, gələcəyi də silmək istəyir. İndiki zamanda ya Gilənarın, ya da ki, Xəlilin qucağında hər şeyi unutmağa çalışır. "Quşların intiharına ağlamayın” romanı cinsi travma alan bir qadının gizli yönlərini kəşf etməsi ilə yeni və uğurludur. Artıq romanda baş verən hadisələri və qəhrəmanların adını sadalamağa gərək yoxdur. O da qalsın oxucuya.
Zahid Sarıtorpaq "Dərdin sarı çəpkəni”  və "Quşların intiharına ağlamayın” romanlarında duyğuların mərkəzinin ürəyin, yoxsa beynin olduğuna ədəbi müstəvidə cavab verir. Ürək duyğu və hisslərin simvolikasıdır. Əsas olan yaddaşdır. Bizi kölgətək izləyən yaddaşdan xilas olmaq mümkün deyil. Necə ki bəzi insanların beyinlərindən amiqdala çıxarılanda duyğusal və hissi korluq yaşayır. Beyini və bədəni zədələnən qadın da nə istədiyini bilmir. Quşlar kimi intihar belə edə bilmir ki, canını qurtarsın. Məhz buna görə də, xatirələr zövqsüzləşir. Qaraqızın isə ruhunun amiqdalası zədələnib, zədələyiblər. "Dərdin sarı çəpkəni” romanında isə dünyanı sarı görmə xəstəliyinə tutulmuş Buluddan başqa hər kəs bayağı bir gələcəyə can atır. Sarı çəpkəni dərən Bulud ölümlə zamansızlığa, əbədiyyətə, sevdiyi qadına qovuşur.
 
Nəhayətdə "Quşların intiharına ağlamayın” romanı bir fərdin bioloji, psixoloji və sosial harmoniya ilə insan kimi yaşaya biləcəyini ədəbi-estetik sferada ifadə edə bilir. Bioloji, psixoloji və sosial kimliyindən imtina edənlər Qaraqızın gələcəyini oğurlayır, keçmişini zövqsüzləşdirirlər. Məhz belə bir kimliksizlik balaca Nərminin yaşama haqqına da təcavüz etdi. Və sənət pataloji səviyyədə amiqdalasızlıqlara qarşıdır. Eynilə  "Quşların intiharına ağlamayın” romanında olduğu kimi.
 
Ülvi Babasoy