Xarkov şəhərindəki kitab mağazasından reportaj
Ukraynadayam. Səması gözəl, torpağı bərəkətli, insanları
mehriban ölkədə. Kiyevdən sonra ölkənin ən böyük şəhəri və elm mərkəzi
sayılan, əsası 1656-cı ildə qoyulan Xarkov təmizliyi, gözəlliyi, qədimliyi,
binaları ilə seçilir. Onun da mərkəzi küçələri muzeylər, tarixi abidələr, universitetlərlə
yanaşı, elə Bakıdakı kimi butiklər, dükanlar, "KFC”lər,
"McDonalds”lar, gözəllik salonlarıyla doludur. "Nauka"
prospekti də şəhərin bu başından başlayıb, ta o biri başına qədər uzanan
prospektlərdən biridir. Karazin adına Xarkov Milli Universitetinə doğru
sağa-sola boylana-boylana addımlayıram. Xarkovda da gözüm elə kitab dükanı
axtarır. Ölkənin bu şəhərindəki mütaliə səviyyəsini, hansı müəlliflərin
əsərlərinin oxunduğunu bilmək mənə ən azı elə Bakıdakı qədər maraqlı
oldu. Ukrayna filosofu Qriqori Skovoradanın "Ağıl kitabdan yox, kitab
ağıldan törəyir” aforizmini xatırlayıb, "Nauka” prospekti 17 ünvanındakı
kitab dükanına girdim. Olduqca gözəl, səliqə-sahmanlı mağazadır. Kitablar
rəflərdə janrına görə müxtəlif bölmələr üzrə – klassika, detektiv, romantika,
fantastika, idman, turistik və uşaq ədəbiyyatı bölmələri üzrə müəyyən
ardıcıllıqla düzülmüşdür. Hər bölməyə də müştərilərə xidmət göstərən –
kitablar, müəlliflər və s. haqqında məlumat verən personal dayanıb. Onlar
alıcıları maraqlandıran suallara cavab verir, ehtiyac olduqda
istiqamətləndirir, lazım olan kitabları əldə etməkdə köməklik göstərirlər.
Kitabları gözdən keçirəndən sonra dükanın aparıcı
mütəxəssisi İnna xanım İvanovnayla kitab və mütaliənin səviyyəsi haqqında
söhbətləşdik. Xanımın dediyinə görə, klassik ədəbiyyat hər zaman dəbdədir.
Tolstoy, Çexov, Bulqakov, Cek London, Şoloxov, Puşkin, Bunin, Turgenyev,
Şevçonko və bu kimi bir sıra ədiblərin kitabları rəflərdə qalmır. Maraqlısı
budur ki, bir müddət ancaq bir müəllifin kitablarını alırlar. Məsələn, bir neçə
ay ancaq Remarkın kitablarına tələbat yaranır. Gələn-gələn Remark soruşur. Bir müddətdən sonra Remark "dəb”i
unudulur, hamı Markeslə maraqlanır. Qeyd edim ki, Ukraynada "Vəba
günlərində eşq" romanı Markesin ən çox alınan əsəridir.
Gənc qızlar
belletristikanı çox sevirlər. Yüngül sevgi romanlarını həvəslə alırlar. Ən çox
da məzuniyyət vaxtı, istirahət üçün bu cür rahat oxunulacaq kitablara üstünlük
verilir. Detektiv janr da heç vaxt dəbdən düşmür. Jan-Kristof Qranje, Aqata
Kristi, Coan Ketlin Roulinqin əsərləri tez satılır. Ancaq ən çox sevilən,
ən çox tələbat olan müəllif, sevindirici haldır ki, Azərbaycan yazıçısı Çingiz
Abdullayevdir. İnna xanım Çingiz Abdullayevin bir rəf kitabına əlini
uzadıb göstərdi ki, bax, bunlar rəflərdə, qalmır, sevilir, çox alınır.
Mütəxəssis
kitab satışında reklamın da önəmindən danışdı. Bu, istər-istəməz satışa təsir
edir. Sosial şəbəkələrdə çox reklam olunan, danışılan, bölüşülən kitablar çox
soruşulur. Bundan başqa, nəşriyyatlar müəyyən seriyayla kitablar çap
edirlər və onlar çox yaxşı satılır. Məsələn, "Sevginin 100 çaları”
seriyasında onlarla kitab nəşr edib, satışa buraxırlar. Sosial şəbəkələrdə
həmin kitabların reklamını təşkil edirlər və bundan sonra alıcıların əlindən
mağazada tərpənmək olmur.
Poeziya nümunələrinin satışı elə bizdəki
kimi prozaya nisbətən axsayır. İnna xanım deyir ki, poeziyanı hər adam rahat
qəbul edib başa düşmədiyinə görə daha çox proza alınır. Lakin poeziyanı da
sevənlər çoxdur. Onların da öz sevəni, öz müştərisi var. Anna Axmatova, Marina
Svetayevanın kitablarına tələbat çoxdur. Müasir Ukrayna şairlərindən Lina
Kostenski, Sergey Jadan, İqor Pavlyuk, yazıçılardan Mariya Vasilyevna Matios,
Lüko Daşvar, Kurkov Andrey Yuryeviçin əsərlərinə maraq var.
O ki qaldı,
tərcümə edilmiş kitablara, bu sahədə Ukrayna və Xarkov şəhərinin öz
nəşriyyatları xeyli püxtələşiblər. Hətta bir sıra dünya nəşriyyatlarına meydan
oxuya biləcək qədər inkişaf ediblər. Olduqca nəfis tərtibatda, peşəkarcasına
tərcümə edilmiş kitablar çap olunaraq oxucuların ixtiyarına verilir. Və bu
əsərlər tərcüməsinə görə keyfiyyət baxımından çox yüksəkdir. Hətta rus dilində
çap olunan xarici əsərlərdən heç nəylə geri qalmır.
Kitabların
qiymətiylə də maraqlandım. Qalın cildli kitablar nisbətən baha, nazik
cildlənmiş kitablarsa təbii ki, ucuzdur. Lakin İnna xanım bildirdi ki, kimlərsə
gəlib 15 qrivinlik kitabı görüb "bahadı, mən bunu internetdə pulsuz oxuya
bilərəm" deyir. Başını bulayıb kitabın bahalığından şikayətlənir və almır.
Lakin bir başqaları – dünyada nə baş verdiyini bilənlər, daimi mütaliə edənlər,
kitaba dəyər verənlər kitaba pul verməkdən çəkinmir, əksinə yeni çap olunmuş
kitablarla maraqlanır, istədikləri, amma bizdə satışda olmayan kitabları da
sifariş edir və onlar bizim daimi müştərilərimizdirlər.
Dükanda
hədiyyə üçün çap olunan rəngarəng kitablar var. Tarix, incəsənət,
mədəniyyət, muzeylər, rəssamlıq, memarlıqla bağlı müxtəlif seriya kitabları
var. Onlar qiymətinə görə bahalı olsalar da, hədiyyə üçün əladır. Sanki həm
suvenirdir, həm də suvenir olmağıyla yanaşı onu təkcə yaraşıq üçün deyil, həm
də ondan müəyyən bilgi əldə etmək üçün istifadə etmək olar. Bu kitablar həcmcə
böyük və ağır kitablardır. Belə kitablardan kolleksiya seriyasından
kitabları da var. Məsələn, "100 ən yaxşı avtomobil”, "100 ən yaxşı
motosiklet”, "Dünya muzeylərinin şedevrləri”, "Tibbdə böyük
ixtiralar”, "Planetin 50 ən gözəl adası”, "Dünya incəsənətinin 70
şedevri”, "Dünya incəsənətində üslublar”, "Barokko”, "Qotika” və
s. bu tipli kitablar da satışda var, onlar adətən hədiyyəlik nəşrlər
sayılır.
Müxtəlif yönümlü kitablarla yanaşı aforizmlər olan
kitablara çox tələbat var. Bu kitablar konkret nəyəsə həsr olunmayıb. Lakin
içində hər şey haqqında yazılıb. Oxuyan hər bir kəs orada özünə lazım olan nəsə
mütləq tapır. Həyatla, taleylə, elmlə, təbiətlə, yaşamla bağlı aforizmləri oxumağı
ukraynalılar çox sevir və gündəlik danışıqlarında onlardan istifadə edirlər.
Elmi populyar ədəbiyyata da maraq böyükdür. Dünyagörüşünü
genişləndirən, maraqlı biliklər verən kitabları, demək olar ki, hər gün
soruşurlar. Uşaq ədəbiyyatı bölməsində də kitablara tələbat çoxdur. Ukrayna
uşaq ədəbiyyatı ilə yanaşı, dünya uşaq ədəbiyyatının da nümunələrinə üstünlük
verilir. Valideynlər uşaqları üçün çap olunmuş rəngarəng, nəfis tərtibatlı
gözəl kitabları sevə-sevə alırlar.
Dini ədəbiyyat bölməsində müxtəlif illərdə və müxtəlif
tərtibatda çap olunmuş, irili-xırdalı Bibliyalar var. Onlarla yanaşı,
Uşaq Bibliyası da satılır.
İnna İvanovna bildirdi ki, klassik əsərlər seriyasında çap
olunmuş kitablar daha çox satılır. İstər tələbələr, istərsə də orta və yaşlı
nəsil ən çox klassika oxuyur.
Xarkov şəhərindəki bu gözəl kitab mağazasından xoş
əhval-ruhiyyədə ayrıldım. Bu şəhərdə kitaba, ədəbiyyata, mədəniyyətə olan sevgi
məni sevindirdi. Elə yolboyu – metroda, avtobusda, parkda kitab oxuyan
gəncləri, təqaüdçüləri görmək də xoş oldu. Və elə bu xoş təəssüratlarla bu
gözəl şəhərlə sağollaşdım...
Hazırladı: Xanım AYDIN