• çərşənbə axşamı, 19 mart, 08:50
  • Baku Bakı 8°C

Xarkov şəhərindəki kitab mağazasından reportaj

24.07.17 10:45 9035
Xarkov şəhərindəki kitab mağazasından reportaj
Ukraynadayam. Səması gözəl, torpağı bərəkətli, insanları mehriban ölkədə. Kiyevdən sonra ölkənin ən böyük şəhəri və elm mərkəzi sayılan, əsası 1656-cı ildə qoyulan Xarkov təmizliyi, gözəlliyi, qədimliyi, binaları ilə seçilir. Onun da mərkəzi küçələri muzeylər, tarixi abidələr, universitetlərlə yanaşı, elə Bakıdakı kimi butiklər, dükanlar, "KFC”lər, "McDonalds”lar, gözəllik salonlarıyla doludur. "Nauka" prospekti də şəhərin bu başından başlayıb, ta o biri başına qədər uzanan prospektlərdən biridir. Karazin adına Xarkov Milli Universitetinə doğru sağa-sola boylana-boylana addımlayıram. Xarkovda da gözüm elə kitab dükanı axtarır. Ölkənin bu şəhərindəki mütaliə səviyyəsini, hansı müəlliflərin əsərlərinin oxunduğunu bilmək mənə ən azı elə Bakıdakı qədər maraqlı oldu. Ukrayna filosofu Qriqori Skovoradanın "Ağıl kitabdan yox, kitab ağıldan törəyir” aforizmini xatırlayıb, "Nauka” prospekti 17 ünvanındakı kitab dükanına girdim. Olduqca gözəl, səliqə-sahmanlı mağazadır. Kitablar rəflərdə janrına görə müxtəlif bölmələr üzrə – klassika, detektiv, romantika, fantastika, idman, turistik və uşaq ədəbiyyatı bölmələri üzrə müəyyən ardıcıllıqla düzülmüşdür. Hər bölməyə də müştərilərə xidmət göstərən – kitablar, müəlliflər və s. haqqında məlumat verən personal dayanıb. Onlar alıcıları maraqlandıran suallara cavab verir, ehtiyac olduqda istiqamətləndirir, lazım olan kitabları əldə etməkdə köməklik göstərirlər.
Kitabları gözdən keçirəndən sonra dükanın aparıcı mütəxəssisi İnna xanım İvanovnayla kitab və mütaliənin səviyyəsi haqqında söhbətləşdik. Xanımın dediyinə görə, klassik ədəbiyyat hər zaman dəbdədir. Tolstoy, Çexov, Bulqakov, Cek London, Şoloxov, Puşkin, Bunin, Turgenyev, Şevçonko və bu kimi bir sıra ədiblərin kitabları rəflərdə qalmır. Maraqlısı budur ki, bir müddət ancaq bir müəllifin kitablarını alırlar. Məsələn, bir neçə ay ancaq Remarkın kitablarına tələbat yaranır. Gələn-gələn Remark soruşur. Bir müddətdən sonra Remark "dəb”i unudulur, hamı Markeslə maraqlanır. Qeyd edim ki, Ukraynada "Vəba günlərində eşq" romanı Markesin ən çox alınan əsəridir.
Gənc qızlar belletristikanı çox sevirlər. Yüngül sevgi romanlarını həvəslə alırlar. Ən çox da məzuniyyət vaxtı, istirahət üçün bu cür rahat oxunulacaq kitablara üstünlük verilir. Detektiv janr da heç vaxt dəbdən düşmür. Jan-Kristof Qranje, Aqata Kristi, Coan Ketlin Roulinqin əsərləri tez satılır. Ancaq ən çox sevilən, ən çox tələbat olan müəllif, sevindirici haldır ki, Azərbaycan yazıçısı Çingiz Abdullayevdir. İnna xanım Çingiz Abdullayevin bir rəf kitabına əlini uzadıb göstərdi ki, bax, bunlar rəflərdə, qalmır, sevilir, çox alınır.
Mütəxəssis kitab satışında reklamın da önəmindən danışdı. Bu, istər-istəməz satışa təsir edir. Sosial şəbəkələrdə çox reklam olunan, danışılan, bölüşülən kitablar çox soruşulur. Bundan başqa, nəşriyyatlar müəyyən seriyayla kitablar çap edirlər və onlar çox yaxşı satılır. Məsələn, "Sevginin 100 çaları” seriyasında onlarla kitab nəşr edib, satışa buraxırlar. Sosial şəbəkələrdə həmin kitabların reklamını təşkil edirlər və bundan sonra alıcıların əlindən mağazada tərpənmək olmur.
Poeziya nümunələrinin satışı elə bizdəki kimi prozaya nisbətən axsayır. İnna xanım deyir ki, poeziyanı hər adam rahat qəbul edib başa düşmədiyinə görə daha çox proza alınır. Lakin poeziyanı da sevənlər çoxdur. Onların da öz sevəni, öz müştərisi var. Anna Axmatova, Marina Svetayevanın kitablarına tələbat çoxdur. Müasir Ukrayna şairlərindən Lina Kostenski, Sergey Jadan, İqor Pavlyuk, yazıçılardan Mariya Vasilyevna Matios, Lüko Daşvar, Kurkov Andrey Yuryeviçin əsərlərinə maraq var.
O ki qaldı, tərcümə edilmiş kitablara, bu sahədə Ukrayna və Xarkov şəhərinin öz nəşriyyatları xeyli püxtələşiblər. Hətta bir sıra dünya nəşriyyatlarına meydan oxuya biləcək qədər inkişaf ediblər. Olduqca nəfis tərtibatda, peşəkarcasına tərcümə edilmiş kitablar çap olunaraq oxucuların ixtiyarına verilir. Və bu əsərlər tərcüməsinə görə keyfiyyət baxımından çox yüksəkdir. Hətta rus dilində çap olunan xarici əsərlərdən heç nəylə geri qalmır.
Kitabların qiymətiylə də maraqlandım. Qalın cildli kitablar nisbətən baha, nazik cildlənmiş kitablarsa təbii ki, ucuzdur. Lakin İnna xanım bildirdi ki, kimlərsə gəlib 15 qrivinlik kitabı görüb "bahadı, mən bunu internetdə pulsuz oxuya bilərəm" deyir. Başını bulayıb kitabın bahalığından şikayətlənir və almır. Lakin bir başqaları – dünyada nə baş verdiyini bilənlər, daimi mütaliə edənlər, kitaba dəyər verənlər kitaba pul verməkdən çəkinmir, əksinə yeni çap olunmuş kitablarla maraqlanır, istədikləri, amma bizdə satışda olmayan kitabları da sifariş edir və onlar bizim daimi müştərilərimizdirlər.
Dükanda hədiyyə üçün çap olunan rəngarəng kitablar var. Tarix, incəsənət, mədəniyyət, muzeylər, rəssamlıq, memarlıqla bağlı müxtəlif seriya kitabları var. Onlar qiymətinə görə bahalı olsalar da, hədiyyə üçün əladır. Sanki həm suvenirdir, həm də suvenir olmağıyla yanaşı onu təkcə yaraşıq üçün deyil, həm də ondan müəyyən bilgi əldə etmək üçün istifadə etmək olar. Bu kitablar həcmcə böyük və ağır kitablardır. Belə kitablardan kolleksiya seriyasından kitabları da var. Məsələn, "100 ən yaxşı avtomobil”, "100 ən yaxşı motosiklet”, "Dünya muzeylərinin şedevrləri”, "Tibbdə böyük ixtiralar”, "Planetin 50 ən gözəl adası”, "Dünya incəsənətinin 70 şedevri”, "Dünya incəsənətində üslublar”, "Barokko”, "Qotika” və s. bu tipli kitablar da satışda var, onlar adətən hədiyyəlik nəşrlər sayılır.
Müxtəlif yönümlü kitablarla yanaşı aforizmlər olan kitablara çox tələbat var. Bu kitablar konkret nəyəsə həsr olunmayıb. Lakin içində hər şey haqqında yazılıb. Oxuyan hər bir kəs orada özünə lazım olan nəsə mütləq tapır. Həyatla, taleylə, elmlə, təbiətlə, yaşamla bağlı aforizmləri oxumağı ukraynalılar çox sevir və gündəlik danışıqlarında onlardan istifadə edirlər.
Elmi populyar ədəbiyyata da maraq böyükdür. Dünyagörüşünü genişləndirən, maraqlı biliklər verən kitabları, demək olar ki, hər gün soruşurlar. Uşaq ədəbiyyatı bölməsində də kitablara tələbat çoxdur. Ukrayna uşaq ədəbiyyatı ilə yanaşı, dünya uşaq ədəbiyyatının da nümunələrinə üstünlük verilir. Valideynlər uşaqları üçün çap olunmuş rəngarəng, nəfis tərtibatlı gözəl kitabları sevə-sevə alırlar.
Dini ədəbiyyat bölməsində müxtəlif illərdə və müxtəlif tərtibatda çap olunmuş, irili-xırdalı Bibliyalar var. Onlarla yanaşı, Uşaq Bibliyası da satılır.
İnna İvanovna bildirdi ki, klassik əsərlər seriyasında çap olunmuş kitablar daha çox satılır. İstər tələbələr, istərsə də orta və yaşlı nəsil ən çox klassika oxuyur.
Xarkov şəhərindəki bu gözəl kitab mağazasından xoş əhval-ruhiyyədə ayrıldım. Bu şəhərdə kitaba, ədəbiyyata, mədəniyyətə olan sevgi məni sevindirdi. Elə yolboyu – metroda, avtobusda, parkda kitab oxuyan gəncləri, təqaüdçüləri görmək də xoş oldu. Və elə bu xoş təəssüratlarla bu gözəl şəhərlə sağollaşdım...
Hazırladı: Xanım AYDIN
banner

Oxşar Xəbərlər