• çərşənbə axşamı, 19 mart, 07:29
  • Baku Bakı 8°C

Xarkov Ədəbiyyat Muzeyi

04.07.17 10:40 6287
Xarkov Ədəbiyyat Muzeyi
Xarkovdayam... Xarkov, şəhər qeyri-adi parkları, abidələri, binaları, muzeyləri, kilsələri olan, küləkli, cökə qoxulu bir şəhərdir. Hardasa mənə köhnə Bakını xatırladır. Hər səfərimdə bu şəhəri daha çox sevirəm.Xarkov şəhərindəki ən gözəl muzeylərdən biri Xarkov Ədəbiyyat Muzeyidir. Muzeyin yaranma ideyası hələ 1930-cu ilin əvvəllərində olub. O zamanlar muzey Vasili Ellan-Blakitnov adına ədəbiyyatçılar evində olmasını düşünürmüşlər. Lakin həmin dövrlərdə Sovet İttifaqında kütləvi repressiya başladı. Və bu ideya elə ideya olaraq qaldı. Və beləliklə, Xarkovda Ədəbiyyat muzeyi 1988-ci ildə inadkar xarkovlu təşəbbüskarların təkidi nəticəsində həmin bu Frunze küçəsi 6 ünvanında yerləşən malikanədə açıldı.
Əvvəla onu deyim ki, Muzeydə qeyri-adi ab-hava var. Bura elə bil həm ədəbiyyat, həm tarix muzeyi, həm təhsil mərkəzi, həm də fəlsəfə ocağıdır. Çünki sadaladıqlarımın hamısı bu qədim, gözəl divarların arasında var.Muzeydə ən maraqlısı dahi Ukrayna və rus səyyah-filosofu, şair, şərq slavyan mədəniyyətinə böyük töhfələr vermiş pedaqoq, mütəfəkkir Qriqori Savviç Skovorodanın (1722-1794) həyat və yaradıcılığı, xidmətləri, səyahətlərinə interaktiv ekskursiyadır. Q.Skovoroda rus dini fəlsəfəsinin banisi hesab olunur. Əsərləri bir sıra rus mütəfəkkirlərinin düşüncələrinə, xüsusilə də, Vladimir Ernə (1882-1917) təsir etmişdir. Burda həmsöhbətim muzeyin elmi işçi Tatyana Trofimenko oldu. Bakıdan gəldiyimi bilib mənə muzey haqqında məlumat verdi.
Muzeyin birinci mərtəbəsində ardıcıl olaraq bir neçə otaq Q.Skovoradanın ömür yolunu əks etdirir. Otaqları gəzdikcə, traktatları, poeziyası, həyatını öyrəndikcə, Skovorada üçün xoşbəxt və azad olmaq anlayışlarının nə demək olduğunu, "iki natura" və "üç dünya" metaforalarına hansı fikirlərini yüklədiyini anlamaq olur. Dəhlizdə – ilk otağın girişində Skovorodadan belə bir sitat var: "Dünya məni tutmaq istədi, amma tuta bilmədi!" O, bütün ömrünü səyahətlərdə keçirmiş, bir çox elmlərə yiyələnmiş, dini, fəlsəfəni dərindən öyrənmişdir. Saysız-hesabsız şagirdləri olmuş, müxtəlif yerlərdə yaşamışdır. Ümumiyyətlə, həyatını bir yerdə keçirməmiş daim səfərlərdə olmuşdur. İlk otaq onun doğuluşu, ailəsi, təhsiliylə bağlı eksponatlardan ibarətdir. Bir divar döşəmədən tavana kimi Skovoradının nəhəng rəsmidir. İkinci otaqda şagirdi Mixail Kovolevskinin dövrümüzə qədər min əziyyətlə gətirib çıxartdığı əlyazmaları, kitabları, müxtəlif yazıları yer alıb. Divarlarında meyvə ağaclarının əsrarəngiz rəsmləri üzərində Skovordanın fəlsəfi düşüncələrindən ibarət sitatlar yazılıb. Hər bir sitat, hər bir rəsm insan düşüncəsində yeni bir fikir dünyası açır, desəm yanılmaram. Onun əsas fəlsəfi fikrini əks etdirən "Fəvvarəli otaq" xüsusilə maraqlıdır. Otağın tən ortasında simvolik fəvvarə qurulmuş, "suyun" üstündə Bibliyadan müxtəlif sitatlaryazılmışdır. Skovoradanın fikrincə insan xoşbəxtliyi fəvvarəyə bənzəyir. Allah insana xoşbəxt olmaqçün ona lazım olan qədərini verir. Sanki fəvvarə suyunun dolduğu qab insanın xoşbəxtliyi üçün lazım olan qədərini simvolizə edir. İnsan tamahı, daha çox əldə etmək, daha çox ləl-cəvahirata yiyələnmək arzusu, dolub qablardan daşan fəvvarə suyunun artığı kimi bir şeydir. Və bu otaq, bütün otaqları – bütün keçdiyi ömür yolunu keçəndən sonra onun cənnətə çatmasının simvolik görünüşüdür. Otağın divarları bədii ədəbiyyatdan cənnət süjetlərini xatırladan rəsmlərlə bəzənmişdir. Ümumiyyətlə, otağın aurası adamın ürəyində qəribə bir rahatlıq gətirir. Sanki insanın keçdiyi ömür yolunun sonunda çatacağı rahatlığı – cənnəti göstərir. Burda nəfəs də bir ayrı cür alınır. Otağın döşəməsindən tavanına kimi səadət bərq vurur.
Muzeydə uşaqlarda kitaba maraq oyatmaq, onlarda mütaliə vərdişləri yaratmaq və ümumiyyətlə, ədəbiyyata sevgi aşılamaq üçün xüsusi "Uşaq otağı" var. Otaq müasir uşaqların təfəkkürünə, dünya görüşünə, müasir tələblərə cavab verən, internet və uşaq ədəbiyyatının ən gözəl nümunələri ilə zəngindir. Deyim ki, otaq elə bil göyqurşağıdır. O qədər gözəl, o qədər rənagərəndir ki...Burda yaradılmış dərnəklərə məktəblilər həvəslə gəlir, oxuduqları nağıllardan müəyyən parçaları tamaşaya qoyur, bölüşür, nisbətən böyüklərsə oxuduqları əsərləri müzakirə edirlər. Muzeyin işçisi – dərnək rəhbəri uşaqlara mütaliədə istiqamətləndirir, hər birinin yaş dövrünə uyğun kitabları oxumağı təklif edir. Bundan başqa, burda "sehrli torba" adlı əyləncəli oyun var. Hər dəfə bir uşaq həmin torbada olan kitablardan birini çıxarır, uşaqlar həmin həftə məhz o kitabı oxuyur və növbəti dərsdə müəllimlə birlikdə müzakirə edirlər. Qonaq olduğum üçün uşaqlar məndən kitab çıxarmağımı xahiş etdilər. Özümə də maraqlıydı, görəsən, hansı kitab çıxacaq. Bu, Uşaq Bibliyası oldu. Əlavə olaraq, slayd-ekskursiyalar da keçirilir. Deyərdim, həddindən artıq maraqlıdı. Uşaqlara qoşulub "Alisa möcüzələr aləmində" əsərinin illüstrasiyalarını izlədim, daha sonra müzakirə etdik. Bu məşğələlər uşaqlarda ədəbiyyata, kitaba sevgi yaratmaq üçün çox gözəl vasitələrdir.
Muzeyin ikinci mərtəbəsinə ekskursiya zamanı 1920-30-cu illərdə Xarkovda yaradıcılıqla məşğul olmuş yazıçıları, ədəbi üslubları, mühiti əks etdirən foto-şəkillər, əsərlər, kitablar var. Burdakı eksponatlardan həmin illərdə yazılmış şeirləri də analiz etmək mümkündür. Dəhliz boyu Ukraynada və dünyada eyni dövrdə paralel parlayan ədəbiyyat nümayəndələrinin fotoları var.
Önümüzdə açılan digər bir otaq repressiya olunmuş Ukrayna şairlərinə həsr olunmuşdur. Burda müəlliflərin fotoları, əsərləri, onlar haqqında məlumatlar var.Elə bircə bu məkanda beş dəqiqə vaxt keçirməklə Ukrayna ədəbiyyatının repressiya dövrünü canlı-canlı görüb öyrənmək olar.Digər bir otaq "Qonaq otağı"dır. Ukrayna və dünya ədəbiyyatının nadir inciləri, yüzlərlə dəyərli kitab rəflərdə düzülüb. Şairlərin 30-cu illərdə görüşlər zamanı oturduğu divan, masa, müxtəlif əşyalar bu otaqdadır. Onlar təkcə eksponat kimi baxmaq üçün deyil, indi də qonaqlar görülər zamanı onlardan istifadə edirlər. Burda ən maraqlı eksponat köhnə "lampalı" televizorun çıxarılmış ekran yerinə düzülmüş kitablardır. Bu, kitabların televiziyaya qalib gələcəyinin simvolik göstəricisidir. Otağın bir divarında müxtəlif ölkələrdən gələn yazıçıların avtoqrafı var.
Muzeydə mütəmadi olaraq musiqili ədəbi görüşlər, tədbirlər, müxtəlif kitab təqdimatları, poeziya gecələri, ustad dərsləri keçirilir. Yeni kitablar oxuculara təqdim olunur, oxunulmuş əsərlər müzakirə və tənqid olunur.Muzeyin həyətində "açıq kitabxana” da var. Açıq havada talvar altında skamyalar düzülüb. Vitrinlərin altında klassik və çağdaş dövrün ən populyar əsərləri var. Kim istəsə oturub oxuya bilər. Təkcə muzeyin ziyarətçiləri yox, yoldan ötənlər də.Xarkov ədəbiyyat muzeyindən xoş təəssüratlarla ayrıldım. Yolunuz buralara düşsə, mütləq Frunze küçəsi 6 ünvanındakı bu gözəl cənnətməkana – ədəbiyyat və fəlsəfə dünyasına baş çəkin. Əminəm ki, burdan siz də mənim kimi ürəyinizin hansısa küncündə qəribə bir işıqla ayrılacaqsınız.

Hazırladı: Xanım Aydın

banner

Oxşar Xəbərlər