• cümə, 29 Mart, 20:02
  • Baku Bakı 14°C

“Xarici İşlər Nazirliyində işləmək istəyirəm” - Soydaş

21.07.14 10:33 3377
“Xarici İşlər Nazirliyində işləmək istəyirəm” - Soydaş
Şirvan şəhərində böyüyüb boya-başa çatıb. Orta məktəbi də sözügedən şəhərdə başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub. Üçüncü kursda oxuyarkən tələbə yoldaşlarından xaricə bir neçə nəfərin yollanması ona da stimul verir və bu istiqamətdə hazırlıqlara başlayır. Müsahibimiz Yusif Məmmədli Hollandiyada Groningen Universitetində beynəlxalq iqtisadiyyat və biznes ixtisası üzrə magistr təhsilini yenicə başa vurub. Amma hələ də sözügedən ölkədədir. Məqsədi Hollandiyada iş tapıb 1-2 il orada iş təcrübəsi qazanmaq, ölkəyə təcrübəli kadr kimi geri dönməkdir.
“Hollandiyadakı 3 il mənə çox şey qazandırdı”
Yusif Məmmədli nə üçün təhsil üçün Hollandiyanı seçdiyindən danışdı: “Xaricdə təhsil almağa qərar verdikdə ailəm də məndən dəstəyini əsirgəmədi. Elə həmin il IELTS (International English Language Testing System) imtahanları üçün hazırlaşmağa başladım. İyul ayında imtahandan 6,5 bal yığıb, sənədlərimi Avropanın ən inkişaf etmiş və təhsil səviyyəsi ən yüksək olan ölkələrindən İngiltərə, İsveç, Almaniya və Hollandiyanın müxtəlif universitetlərinə göndərdim. Hollandiyanın Groningen universitetindən qəbul məktubu aldım. Universiteti araşdırdıqdan və ailəmin də razılığını aldıqdan sonra qəbul prosesini davam etdirdim və İqtisad Universitetini qırmızı diplomla bitirib həyatımın növbəti mərhələsinə başlamaq üçün Hollandiyaya yola düşdüm”.
Hollandiyada yaşamağın çox gözəl bir hiss olduğunu deyən həmsöhbətimiz orada da insanların problemləri olduğunu, stressə düşdüyünü söyləyir: “Amma öz təcrübəmdən də deyə bilərəm ki, Hollandiyada da bu problemləri həll eləməyin, stresdən xilas olmağın yolu boş vaxtlardan səmərəli istifadə etmək və maksimum şəkildə dostlarla, yoldaşlarla əylənməkdir. Oradakı insanların əksəriyyəti heç də bizim düşündüyümüz kimi, soyuqqanlı deyil. Tam əksinə, istiqanlı və lazım olan bir-birlərinə anda kömək etməyə hazırdırlar. Ümumiyyətlə, burada yaşadığım 3 il mənə unudulmaz xatirələr və qiyməti ölçülə bilməyəcək təcrübə qazandırdı. Azərbaycandakı hər bir tələbənin bu cür mühitdə yaşaması və bu cür təcrübəni qazanması inanıram ki, vətənimizdə ixtisaslı və dünyagörüşlü kadrların artmasına və ən nəhayət ölkəmizin inkişafına öz töhfəsini verəcək”.
Velosiped şəhəri
Hollandların Azərbaycan haqda məlumatlı olub olmamasına gəlincə, Yusif deyir ki, bəziləri ölkəmizi tanısa da, bir çoxları tanımır: “Xüsusilə Hollandiyaya ilk getdiyim ildə ölkəmizi tanıyanların sayı çox az idi. Amma ətrafımda olan hollandlarla dostluq etdiyim müddətdə Azərbaycanın iqtisadi, siyasi vəziyyətindən, əsas da Qarabağ problemindən bəhs etdim. Hətta bir çoxu təəccübləndi ki, bu qədər yaxınlıqda baş verən hadisələrdən çox az və ya birtərəfli məlumatları var. Orada olduğum müddətdə Azərbaycanın tanınmasında “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsi də böyük rol oynadı”.
Groningenə ilk getdiyində şəhərdəki velosiped şəbəkəsinin mükəmməlliyi həmyerlimizin təəccübünə səbəb olub: “Təsəvvür edin, yalnız Groningendə 50 minə yaxın velosiped var, şəhərin hər tərəfində velosiped üçün ayrılmış yollar, işıqforlar və yol işarələri mövcuddur. Hətta 2013-cü ildə Groningen şəhərinin dünyanın ən çox inkişaf etmiş velosiped şəhərlərindən biri olması haqqında sənədli film çəkilib”.
“Burada gənclər bakalavrdan sonra işləyib magistraturaya hazırlaşır”
Hollandiyadakı gənclərlə Azərbaycan gəncləri arasında fərqlərdən də danışan Yusifin fikrincə, Hollandiyada gənclər daha sərbəstdir: “Orada sərbəstlik təkcə geyimlə ölçülmür. Məsələn, orada hər hansı 20 yaşlı qız və ya oğlanın xeyriyyə təşkilatına müraciət edib könüllü şəkildə Afrika ölkələrinə getməsi və oradakı yaşam tərzi ilə yaxından tanış olması heç də təəccüb doğurmur. Bu, onlarda həyat təcrübəsi qazanmaq baxımından çox yaxşı qarşılanır. Amma eyni hadisənin Azərbaycanda baş vermə ehtimalı olsa, əksər ailələrin buna reaksiyası bəllidir”.
Həmsöhbətimiz Hollandiyadakı təhsillə ölkəmizdəki təhsil arasındakı fərqlərə də toxundu: “Azərbaycanda təhsilin böyük hissəsi nəzəriyyə əsasında qurulur və təhsildən sonrakı dövrdə məzunlarımız iş həyatında təcrübənin əksikliyini hiss edirlər. Məsələn, bizdə əksər tələbələr bakalavr təhsilini bitirdikdən sonra magistr təhsilinə başlamaq üçün tələsirlər. Amma Avropanın əksər ölkələrində tələbələrin həyatında bakalavr təhsilindən sonra bir və ya iki illik təcrübə qazanmaq daha böyük rol oynayır. Bu 1-2 il ərzində bakalavrdan məzun olmuş gənclər ixtisaslarına uyğun 3-4 müxtəlif işdə işləyib, bu işlərdən ən uyğununu, özlərinə yaxın bildikləri sahə üzrə magistraturaya sənəd verirlər”.
“Xarici İşlər Nazirliyində işləmək istərdim”
Yusif gələcək planlarından da danışdı. Artıq Hollandiyada magistratura təhsilini başa vurduğunu deyən müsahibimiz 6-7 aydır təcrübə keçmək məqsdilə orada iş axtardığını bildirdi: “Bu müddət ərzində, Holland dilimi təkmilləşdirmək məqsədilə xeyriyyə təşkilatları üçün işləyən marketinq şirkətində iki ay satış mütəxəssisi vəzifəsində işlədim. Bu iki ay ərzində həm holland dilim inkişaf etdi, həm də çox gözəl iş təcrübəsi qazanmaq şansı əldə etdim. Əgər imkan olarsa, 1-2 il də burada qalıb işləmək istərdim. Amma təbii ki, müəyyən müddətdən sonra Azərbaycana qayıdacağımı düşünürəm”.
Azərbaycana qayıtdıqdan sonra harada işləmək istədiyinə gəlincə, Yusif deyir ki, Xarici İşlər Nazirliyinə müraciət edəcək: “Həm xaricdə təhsil almış azərbaycanlı gənc kimi, həm də xaricdə təcrübə almış iqtisadçı kimi Azərbaycan üçün əlimdən gələni edəcəyimə inanıram”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər