Xaricdəki azərbaycanlılar çəkici eyni nöqtəyə vurmalıdır
"Hər
kəs özünə «Mən xalqım üçün nə etmişəm» sualını verməyi bacarmalıdır. Hər kəs öz
fikrini, gücünü Azərbaycanın mədəniyyətini, tarixini yaşadığı ölkədə tanıtmağa
yönəltmək haqda düşünməlidir”. İsveçrədə - paytaxt Bern yaxınlığında yaşayan
diaspor fəalı Qasım Nəsirov belə deyir. İsveçrə
Miqrasiya İdarəsinin İnteqrasiya bölümündə çalışır. İsveçrəli məktəblilərə,
gimnaziya və universitet tələbələrinə dərs keçir, həmçinin Polis
Akademiyasında, Federal Polis Qurumunda tədrislə məşğuldur. Eyni
zamanda, Azərbaycan Mədəniyyət Mərkəzinin prezidentidir. Azərbaycan Diaspor
Komitəsi tərəfindən yaradılan Azərbaycanlıların Avropadakı Şurasının İsveçrə
üzrə əlaqələndiricisidir.Bakıda
olarkən redaksiyamızda qonaq olan Qasım Nəsirov gələcək planlarından da söhbət
açdı.
Fərqli təqdimatlar
- Rəhbərlik etdiyiniz Mədəniyyət
Mərkəzi İsveçrədə ölkəmizin mədəniyyətinin tanıdılması istiqamətində hansı işləri
görür?
-
15 ildir ki, İsveçrədə yaşayıram. Mədəniyyət Mərkəzi 2006-cı ildə rəsmi
qeydiyyatdan keçib. Bu mərkəzi yaratmaqda məqsədimiz Azərbaycan mədəniyyətini,
musiqisini və Azərbaycan həqiqətlərini İsveçrədə yaşayan insanlara
çatdırmaqdır. Bir az da geniş götürsək, məqsədimiz isveçrəlilərə Azərbaycanı
daha yaxından tanıtmaqdır. Qoy onlar Azərbaycanın nə qədər qədim və zəngin tarixə
malik olduğunu, qədim mədəniyyəti, musiqisi, rəngarəng və çeşidli mətbəxinin
olduğunu bilsinlər. Əlbəttə ki, ilk növbədə Qarabağ problemi, Xocalı soyqırımı,
20 Yanvar faciələri haqqında da məlumatlı olsunlar. Həmçinin gələcəkdə bu
problemlərin həllində bizə dəstək olsunlar. Bu, bizim əsas məqsədimizdir.
- Sirr deyil ki, Qərb cəmiyyəti
bir qədər öz qayğıları ilə yaşayan, ilk baxışda başqalarının qayğılarına laqeyd
görünən cəmiyyətdir. Belə olan tərzdə, siz Azərbaycanla bağlı məlumatları
onlara nə qədər anlada bilirsiniz?
-
Düz deyirsiniz, Avropada yaşayan insanlar daha çox öz problemləri və qayğıları
ilə məşğuldurlar. Başqa insanları da asanlıqla qəbul etmirlər. Ancaq onlar
başqa ölkələrin mədəniyyəti ilə maraqlanmaq istəyirlər. Bu, onlara informasiyanı
hansı formada çatdırmaqdan çox asılıdır. Həm də informasiyanın kim tərəfindən
verilməsi önəmlidir. Biz İsveçrədə yaşayan azərbaycanlılar, ölkənin gündəlik həyatı,
mədəniyyəti, insanları haqqında məlumatlıyıq. Məqsədimiz də odur ki, öz həqiqətlərimizi
onlara qəbul etdikləri şəkildə çatdıraq. Bəzən azərbaycanlılar fikirləşir ki,
özümüzün başa düşdüyümüz kimi, öz mentalitetimizə uyğun olan informasiyanı versək,
o zaman avropalılar qəbul edəcək. Bu, yanlış fikirdir. Çünki avropalıların
informasiyanı qəbul etmə və qavrama tərzi başqadır. Bir bilgini onlara anlatmaq
üçün onların qəbul etdiyi tərzdə vermək lazımdır. Yəni bu, dil məsələsi deyil,
təqdimat məsələsidir. Təqdimatı düzgün qurduğun zaman isveçrəlilər həmin
informasiyanı başa düşüb qəbul edirlər. Yox, əgər informasiya düzgün şəkildə
onlara təqdim olunmursa, nə qədər əhəmiyyətli olsa belə onlar bunu qəbul etmir
və inanmırlar.
Kağız üzərindəki təşkilatlar
- İsveçrədə çoxmu azərbaycanlı
yaşayır?
-
Ən son məlumatlara görə, İsveçrədə azərbaycanlıların sayı 2000-ə yaxındır. Bu
ölkədəki azərbaycanlıların əsas qismini 3 qrupa ayıra bilərik. Birinci qrup ya
xanımları, ya da ərləri isveçrəli olan azərbaycanlılardır. İş və ya oxumaq üçün
gələn insanlar da var. Orda bir neçə il yaşamalarına və işləmələrinə baxmayaraq,
onlar diaspor işində o qədər də fəal deyillər. Digər bir kateqoriya isə Azərbaycandan
qaçqın şəkildə gələnlərdir ki, müxtəlif səbəblərdən Avropaya üz tutublar. Bu
kateqoriyaların bəziləri çox, bəziləri də az halda diasporumuzun özülünü
yaradır.
- Bir çox ölkələrdə diaspor təşkilatları
arasında müəyyən soyuqluğun olduğu faktdır. Bu baxımdan İsveçrədə vəziyyət necədir?
-
Bu çox vacib məsələdir. İsveçrədə fəaliyyət göstərən diaspor təşkilatlarının
sayı bəlkə də çox görünə bilər. Ancaq o təşkilatların çoxunun kağız üzərində
olması üzücü bir haldır. Onlar Azərbaycan diasporu ilə bağlı heç bir işlə məşğul
olmayan insanlar və ya qruplar tərəfindən yaradılıb. Və yaxud adını «diaspor»
qoyub başqa işlərlə məşğul olmaq istəyənlər də var. Mən kimisə günahlandırmaq və
ya yaxşı və ya pis olduğunu demək fikrində deyiləm. Sadəcə deməyim odur ki, əgər
bir insan və ya qrup özünü "Azərbaycan diasporu” adı ilə ortaya çıxarırsa, o,
ölkəmiz üçün nəsə bir iş görməlidir. Əgər fəaliyyəti yoxdursa, bu təşkilatın nə
üçün yarandığını və kimin istəklərinə xidmət etdiyini başa düşə bilmirəm. Çox təəssüf
ki, tək İsveçrədə deyil, Avropanın başqa ölkələrində də təşkilatlar arasında əlaqələr
sıx deyil. O təşkilatlar həmişə özlərini partiya mənsubiyyətinə görə bölməyə
çalışırlar. «Siz müxalifətsiniz», «biz iqtidarıq» və s. kimi mənasız
diskussiyalar adamı çox kədərləndirir. Çünki bizim hər birimiz Azərbaycan
övladlarıyıq. Hansı siyasi mənsubiyyətə xidmət etmələrindən asılı olmayaraq, bu
insanlar harada olursa-olsunlar, heç olmasa bir-birilərinə dəstək verməlidirlər.
Əgər biz hansısa mənsubiyyətlərə görə ayrı-seçkilik ediriksə, o zaman bizim
diasporun sonu da yaxşı olmaz. Bu baxımdan bütün azərbaycanlıların diqqətli
olması lazımdır. Bizim təşkilatın başqa ölkələrdəki diaspor təşkilatları ilə əlaqəsinə
gəlincə, sevindirici haldır ki, Diaspor Komitəsi ölkələrdəki dağılmış təşkilatları
bir yerə toplayıb «Şura» adı altında birləşdirməyə çalışır. Bu istiqamətdə çox
işlər görülsə də, işlər yavaş gedir. Bu, sadəcə bizim insanların günahıdır ki,
birləşməyimiz həmişə ləng gedir. Ancaq biz bütün ambisiyalarımızı kənara qoyub əsas
məqsədlər uğrunda – Qarabağ, faciələrimiz, mədəniyyətimiz, tarixi həqiqətlərimiz
və s. mövzular istiqamətində çalışa bilərik. Hesab edirəm ki, heç bir siyasi
düşüncə bu məqsədlərin qarşısını ala bilməz. Heyf ki, insanlar məqsədə görə
yox, şəxsə görə bu təşkilatlara qiymət verirlər. «Orada filankəsdir, mən
qatılmaram» düşüncələri hakimlik edir. Bütün bunlar adama çox pis təsir edir.
- Yeri gəlmişkən, xarici ölkələrdəki
diaspor təşkilatlarının nəzdində Ana dili məktəblərinin yaradılması Komitənin də
diqqətindədir. Bu istiqamətdə İsveçrədə hər hansı işlər görülürmü?
-
Nəzərə almaq lazımdır ki, biz İsveçrədə başqa Avropa ölkələri ilə müqayisədə ən
az sayda azərbaycanlıların toplaşdığı diaspor təşkilatlarından biriyik. Azərbaycanlıların
öz uşaqlarını toplayıb bu məktəbə göndərməsi bizdə çox çətindir. Çünki İsveçrənin
bütün bölgələrində azərbaycanlılar dağınıq şəkildə yaşayır. Bir şəhərdən o biri
şəhərə getmək üçün nəqliyyat xərcləri çox bahadır. Bildiyiniz kimi, İsveçrə
Avropanın ən bahalı ölkələrindən biridir. Ona görə mən həftədə və ya iki həftədə
bir dəfə bir bölgədən digər bölgəyə getməyə çətinlik çəkən azərbaycanlıları
başa düşürəm. Buna baxmayaraq, bir il əvvəl Azərbaycanın İsveçrədəki və
Lixtenşteyndəki səfiri Xanım İbrahimovanın və Azərbaycan Diaspor Komitəsinin
böyük istəyi və dəstəyi nəticəsində mənimlə əlaqə qurub bir Azərbaycan məktəbi
açmaq qərarına gəldilər. Artıq bir ilə yaxındır ki, Berndə «Qarabağ» adlı Azərbaycan
dili məktəbi fəaliyyətdədir. Bu, İsveçrə qanunlarına görə qeydiyyatdan keçmiş
bir məktəbdir. Məktəbdə gözəl şəraitimiz var. Paytaxtın mərkəzində yer icarə
etmişik. Burada Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan rəqsləri və musiqisi
tədris olunur. Dərs deyən müəllimlər də peşəkar insanlardır. Uşaqların da bu məktəbə
gəlməyə maraqları var. Məktəbdə 13 nəfərə yaxın şagird var. Get-gedə bu rəqəmin
artacağını düşünürük. Çünki orada yaşayan azərbaycanlılar belə bir səviyyəli məktəbin
olduğunu bilincə övladlarını ora gətirməyi düşünürlər. Novruz bayramı şənliyində
"Qarabağ məktəbi” Azərbaycan şeirləri, mahnıları ilə çıxış etdi. Onların
ifaları bayram şənliyinə gələnlərin böyük marağına səbəb oldu. Bu, mənə çox
qürur verir və məktəbin gələcəyinin yaxşı ola biləcəyi ilə bağlı optimizmə kökləyir.
- Sizcə, təkcə Avropada deyil, həm
də bütün dünyada yaşayan azərbaycanlıların lobbiçilik fəaliyyətinin gücləndirilməsi,
belə deyim, çəkici bir nöqtəyə vurmaları üçün nə etmək lazımdır?
-
Bəli, biz hamımız birlikdə çəkici eyni nöqtəyə vurmalıyıq. Ayrı-ayrılıqda
vurulan zərbələr effekt verməyəcək. Nəticədə zəhmətimiz də hədər gedəcək. Sadəcə,
sırf Azərbaycanın mənafeyi, ölkəmizin tanıdılması üçün bir yumruq şəklində
olsaq, onda gördüyümüz işlər də öz bəhrəsini verəcək. Bəzi insanlar başqa bir
ölkəyə köçdükləri zaman öz köklərini unudurlar. Xüsusən uşaqlarda assimilyasiya
baş verə bilir. Biz öz kökümüzü unutmamalı, azərbaycanlı olduğumuzla hər zaman
fəxr etməliyik. Bu hissləri övladlarımıza da təlqin etməyi bacarmalıyıq. İsveçrəlilərin
öz mədəniyyətini bilməyən, tarixindən xəbərsiz insanlara hörməti yoxdur.
Övladlarımız da bilməlidir ki, onlar azərbaycanlıdırlar və Azərbaycanın da
qürur duyacağı çox şeyləri var.
Pedaqoji kvest modeli
- Bayaq dediniz ki, bir ölkə
haqqında həqiqətlərin tanıdılması üçün təqdimat önəmlidir. Yeri gəlmişkən,
Xocalı faciəsi günündə siz tətbiqi pedaqoji kvest üsulu ilə faciənin ali məktəblərdə
tanıtımını həyata keçirmisiniz. Metodun effektindən razı qaldınızmı?
-
Bir neçə ildir ki, biz bu faciə haqqında Avropada məlumatlar yaymağa, soyqırımı
tanıtmağa çalışırıq. Mən inanıram ki, Azərbaycanda bayraqlarla çıxıb Xocalı
şüarları ilə çıxış etməyin və ya faciə ilə bağlı plakatlar sərgiləməyin təsiri
ola bilər. Ancaq hər dəfə eyni təbliğatla çıxış etmək olmaz. Həmçinin bu cür təqdimatları
burda qışqıra-qışqıra da etmək olmaz. Çünki insanlar belə mənzərələri görüb
geri çəkilirlər. Təqdimatları dəyişdirmək lazımdır. Biz özümüzü hərbsevər yox,
sülhsevər insanlar kimi göstərməyə çalışmalıyıq. Qeyd edim ki, İsveçrədə insan
ölümləri, genosidlə bağlı plakatların gəzdirilməsinə qadağa qoyulub. Xüsusən
uşaqlara qətllərlə, insan ölümü, faciələrlə bağlı şəkilləri göstərmək olmaz.
Bu, onların psixoloji vəziyyətinə pis təsir edə bilər. Mən də bu metodu düzgün
qiymətləndirirəm. Çünki bir meyiti göstərməklə nəyəsə nail olmaq olmaz. Sadəcə,
kiminsə psixologiyasına təsir edə bilərsən. Ancaq ağlayan bir uşağın və ya əlində
çanta olan yetim bir uşağın üzünü göstərdiyiniz zaman avropalı insana daha çox
təsir etmək mümkündür. Əgər biz "ermənilər soyqırımı etmişlər” desək, hamı bizi
dərhal başa düşməyəcək. Mərhələni addım-addım keçib onlara anlatmaq lazımdır.
Biz bu mərhələləri keçib Xocalı soyqırımını parlamentdə rəsmi olaraq soyqırımı
səviyyəsinə gətirə bilərik.Təqdimatın
kvest modelinə gəlincə, mən son illər İsveçrədə Xocalı ilə bağlı tədbirləri
modern şəkildə təşkil etməyə çalışıram.4 il əvvəl üzərində "Xocalı 1992”
yazılan 613 ədəd qara rəngli şarların Berndə göyə buraxılması, iki il əvvəl isə
İsveçrə Parlament binasının qarşısında İsveçrə ənənəsinə uyğun şam hazırlama
aksiyalarının müəllifi mənəm. Kvest metodu ilə hazırlanan tədbir isə BMT-nin
Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) 1997-ci ildə hazırladığı "Qaçqın səfərlərinin
mərhələləri” adlı təlim əsasında hazırlanıb. İstəyim tələbələri Qarabağ və
Xocalı mövzusuna yaxınlaşdırmaqdır. Bu təqdimatda səhv məlumatların verilməməsinə,
insanların başqa insanlara qarşı qəzəblənməməsinə xüsusi diqqət yetirmişəm.
Avropalıların əksəriyyəti Xocalı hadisələrindən xəbərsizdir. Olanlar bu barədə
ya çox qəddar məlumat eşidib, ya da eşitdikləri məlumatlara inanmayıb, güvənməyiblər.
Məncə, ilk növbədə gənclərdən başlamalıyıq, əsas informasiyanı tədricən onlara
çatdırmalıyıq.
- Təşkilatlanma istiqamətində gələcək
planlarınız nədir?
-
Mən hər il yeni-yeni tədbirlər keçirmək, daha modern şəkildə, insanların anlaya
biləcəyi tərzdə problemlərimizi isveçrəlilərə çatdırmaq niyyətindəyəm. Bu cür
proqramları təqdim etmək üçün təbii ki, dəstəyə də ehtiyacım var. Dəstəkdən
asılı olmayaraq da həmişə bu işləri görməyə çalışmışam. Azərbaycan üçün hər
hansı bir iş görə bilirəmsə, bu, mənə qürur verir. Hər birimiz bu dövlətin bir
parçasıyıq. Azərbaycan birlikdə gözəl bir mozaikadır. Hamı birlikdə iş görməlidir
ki, sonda gözəl bir mozaika ortaya çıxsın və hər kəs də bu gözəllikdən zövq ala
bilsin. Hər kəs özünə «mən xalqım üçün nə etmişəm» sualını verməyi
bacarmalıdır. Mən öz fikrimi, gücümü Azərbaycanın mədəniyyətini, tarixini
yaşadığımız ölkədə tanıtmağa yönəltmək haqda düşünürəm. Bu, mənim tərəfimdən
mozaikanın bir qisminin yaradılmasıdır.
Söhbətləşdi
Təranə
Məhərrəmova