• cümə, 29 Mart, 01:29
  • Baku Bakı 7°C

Xaricdə təhsil qapılarını açan səhifələr - Araşdırma

27.09.19 12:00 1979
Xaricdə təhsil qapılarını açan səhifələr - Araşdırma
"Postları oxuduqca, xaricdə təhsilin əlçatmazlığı təəssüratı yox oldu və yerini güclü bir inam aldı. Nəticədə qızım artıq xarici universitetlərdən birində təhsil alır. YOS, TYS, IELTS, TOEFL haqqında məlumat əldə edib bu məlumatlarla hərəkət etmişəm. Bütün qrup üzvlərinə təcrübə və biliklərini bölüşdükləri üçün təşəkkür edirəm”.
Yəqin ki, güclü inam yaradan, məqsədli olmağa sövq edən, sənin üçün əlçatmaz olanı yaxın edən postlarla sosial şəbəkələrdə tez-tez rastlaşmısınız. Hələ sırf bu məqsədlə açılan qruplar bəzən bir insanın arzularına çatmasında, cəmiyyətə xeyirli olmasında ən böyük rolu oynayır. Müasir elmi texniki tərəqqinin inkişafı bütün sahələr kimi təhsilə də öz təsirini göstərib. Həyatımızın bütün sahələrini asanlaşdırmağa xidmət edən internet və sosial media xaricdə təhsili, orada işləmək imkanlarını da bizim üçün əlçatan edib. Hətta heç yerə getmədən o qədər ətraflı məlumatlar ala bilirik ki, "bilmədim” deyə, heç kim, heç nəyi bəhanə edə bilmir. Artıq xaricdə təhsil, təqaüd imkanları bizə bir telefon qədər yaxındır.
Bu dəfə yazımızda xaricdə təhsili təbliğ edən, gənclərin işini asanlaşdırmağa çalışan facebookdakı əhəmiyyətli səhifələr haqqında məlumat verəcəyik.
Xaricdə təhsil üçün gedən çörəkçilər...
Əgər "facebook”da xaricdə təhsillə bağlı status yazıb kömək istəsəniz ilk olaraq sizə "Çörək almaq adıyla çıxanlar” qrupunu məsləhət görəcəklər. Qrup həqiqətən çox faydalı və lazımlıdır. Xaricə getmək, təhsil almaq, təqaüd imkanları ilə tanış olmaq istəyirsinizsə, mütləq bu qrupa tıklayın.
Qrupun 28 min üzvü var. 28 min insan bir-birilərinə dəstək olmaq üçün can atırlar. Qrup haqqında ətraflı məlumat almaq üçün adminlə söhbətləşirik. Admin Toğrul Ələkbərov ABŞ-da təhsil almış Azərbaycanlı Məzunlar İctimai Birliyinin sədridir. O, özü də ABŞ-da Fulbirght proqramı çərçivəsində magistr təhsili alıb.
Əvvəlcə qrupun adından danışırıq. Deyir ki, fərqli və yaddaqalan olması üçün bu adı qoyub. Mənası isə, "evdən çörək almaq adıyla çıx, təhsil arxasınca get”dir:
"Əgər xaricdə təhsillə bağlı ad qoysaydıq, bu, elə də cəlbedici olmazdı. Çörək sözü o qədər yadda qalandır ki, hətta qrup üzvləri bir-birinə çörəkçilər deyə müraciət edirlər”.
Qrupu qurmaq məqsədlərindən danışan həmsöhbətimiz deyir ki, 2018-ci ildə özü xaricdə təhsil aldığı müddətdə bu platformanı yaradıb: "Təhsil alan vaxt gördüm ki, Azərbaycanda belə bir boşluq var və keyfiyyətli məlumat verən icma yoxdur. Amerikanın yarısı icmalardır. Ona görə belə bir qərara gəldim ki, bunu yaradım və bizdə tətbiq edim. Zaman göstərdi ki, buna həqiqətən ehtiyac var və hazırda Azərbaycanın ən yaxşı xaricdə təhsil icmasıdır. Qrup üzvləri bütün mövzularda yazıb məlumat alırlar. Qrupdan yararlanan insanların sayı yüzlərlədir. Hər dəfə maraqlı postlar, hekayələrlə rastlaşıram. Xüsusilə də, xanımlar deyir ki, bu qrupdan motivasiya alıb, təhsil almaq qərarına gəliblər”.
"Oxumağa getməliyəm, yoxsa məni evləndirəcəklər”
Ən gülməli paylaşımlara gəldikdə isə, admin deyir ki, xanımlar xaricə daha çox getmək istəyir: "Bir xanım yazmışdı ki, mən oxumağa getməliyəm, yoxsa məni ərə verəcəklər. Mənə təcili yol göstərin. Qrupda daha çox Polşa, Türkiyə, Macarıstan, Almaniyada təhsillə bağlı müraciətlər olur. İnsanları ən çox maraqlandıran suallar isə, qəbul şərtləri, İELTS, SAT imtahanları, müsahibə şərtləri və qaydalarıdır”.
"W” ilə yazılan postlar təsdiqlənməyəcək”
Qrupun qaydaları maraqlı və diqqətçəkəndir: "Qayda 1: Paylaşmaq: Qrupumuzu uğurlu edə biləcək 2 məqam var: faydalı olmaq istəyi və paylaşma həvəsi. Maraqlı bildiyiniz və qrup əhlinə kömək ola biləcək məlumatları qrupda paylaşa bilərsiniz. Paylaşımlar admin yoxlanışından keçəcək. Qayda 2: Dəyərləndirmək: Bu qrup sırf könüllü dəstək üzərində qurulub. Bu o deməkdir ki, heç kimin heç kimə borcu yoxdur. Ona görə də göstərilən hər bir kömək təqdir olunmalıdır. Qayda 3: Ünsiyyət: Etika və estetika qaydalarına riayət etsək, gözəl olar. Qarşınızdakı şəxslərin şəxsiyyətinə toxunacaq, alçaldacaq, xətrinə dəyəcək ifadə və hərəkətlərdən gəlin çəkinək. Onsuz da ətrafımız neqativlərlə doludur. Qayda 4: Sən və Siz: Tanımadığınız şəxslərə sən deyə müraciət etməkdən çəkinək. Gəlin can deyib, can eşidək! Bu qaydaya riayət etməyən blok olunacaq! Qayda 5: dil: Bilirik ki, xaricə getmək üçün xarici dil biliyi vacibdir, lakin bu qrup "İELTS speaking” məkanı deyil, ona görə də öz dilimizdən istifadə edək. Qayda 6: Evlilik- Hamıya aiddir: Qrupda olan xanımlardan, bəylərdən hər hansı "tanışlıq” şikayət olduğu təqdirdə xəbərdarlıq olmadan qrupdan kənarlaşdırılacaqsınız. Bura evlilik proqramı deyil. Qayda 7: Ş və W- Azərbaycan əlifbasında "W” hərfi yoxdur. Öz dilimizə hörmətlə yanaşmalıyıq deyə düşündüyümüzdən "W” ilə yazılan postlar təsdiqlənməyəcək”.
"Ölkəyə çörək verənlər”
Nurlan Rəhimli qrup üzvlərindən biridir. Qrupdan necə faydalandığı ilə bağlı soruşuruq. Deyir ki, hələ də facebook istifadə etməyinə səbəb olan qruplardan biridir: "Bu qruplar vasitəsilə keyfiyyətli insanlar tanıdım, özümə yaxşı "kruq” yığdım. "İELTS speaking” sualları və əlaqəli məsləhətlər almışam, bu qrupun köməyi ilə 7,5 nəticə göstərdim. İki təqaüd proqramının qalibi oldum( Macarıstan və Visegrad) hamısının detalları və qarşılaşdığım problemləri burada dəqiqləşdirdim. İndi viza ərəfəsindəyəm və yenə lazımı konsultasiya tipli məlumatları buradan alıram. Bir sözlə, Allah hamınızdan razı olsun. Çörəyimiz bol olsun, arzu edirəm bir gün hamımız iş-güc sahibi olub "Ölkəyə çörək verənlər” qrupu yaradacağıq”.
"Arzularınızı reallaşdırmaqda yardımçı olmaqdan qürur duyuruq”
Növbəti xaricdə təhsil qrupu "Eventaz.org Youth Azerbaijan” qrupudur. Səhifəyə daxil olduqda, "araşdırmaq”, "öyrənmək”, "böyümək” sözləri qabardılmış şəkildə yazılan örtük şəkillə qarşılaşırıq. Bu qrupda da lazımlı statuslar paylaşılır, istifadəçilərin sualları cavablandırılır. Qrupa nəzər salıb statuslarla tanış oluruq. ABŞ da Manhattan Institute of Management tərəfində 3-6 aylıq təcrübə proqramı, Avstriyanın paytaxtı Vyanada 5 günlük Beynəlxalq Gənclər Forumu, 14-18 Oktyabr - Təhsil sahəsində çalışanlar və tələbələr üçün Litvada 5 günlük təlim, İsveçrədə 1 illik EVS proqramı: Bütün xərclər qarşılanır və s. kimi postlarla zəngindir.
Haqqında danışacağımız növbəti qrup "Xaricdə Təhsil” adlı qrupdur. Onların məlumatları belədir: "Xaricdə təhsil imkanlarını paylaşmaqdan və sizə arzularınızı reallaşdırmaqda yardımçı olmaqdan qürur duyuruq”. Əsasən, Macarıstanda təhsil, təqaüd imkanları ilə bağlı postlar paylaşılır. Əgər Macarıstanda təhsil almaq istəyirsinizsə, bu qrupa baş çəkməlisiniz.
"Sənin bugünki çevrən, sabah kim olacağını müəyyənləşdirir”
Qadınların təhsili, iş imkanları üçün dəstək göstərən qruplardan biri də "WoWoman Azerbaijan” qrupudur. Qadınlara xəyal etdiyi həyatı yaratmaq üçün çalışırlar. Şüarları belədir: "Sənin bugünki çevrən, sabah kim olacağını müəyyənləşdirir”. WoWoman qadınların ən maraqlı, çılğın və mümkünsüz görünən arzularını reallaşdırmağa cəsarətləndirən, özlərini ifadə etmək üçün onlara məkan yaradan, xəyallara doğru gedən yolda xanımları istiqamətləndirən qlobal platformadır: " Bu qrup bir-birimizə dəstək olmaq, ilhamlandırmaq, cəsarətləndirmək, birlikdə öyrənmək, inkişaf etmək və böyümək üçündür. Əsas müzakirə etdiyimiz mövzular bunlardır: İçimizdə olan WoWoman, Arzularımız, Mümkünsüzü etmək, Təhsil, Karyera, Özgüvən, Qorxular ,Çətinliklər ,Uğursuzluqlar, Liderlik”.
Həmçinin Kanadada təhsil və iş imkanları yaradan Kanadada təhsil qrupu, Amerikada təhsili dəstəkləyən eyni adlı qrupları məsləhət görmək olar.
Belə səhifələr sosial şəbəkələrdə çoxdur. Əsas odur ki, istəyin, axtarın və maraqlanın. Unutmayın, təhsilin açmadığı qapı yoxdur.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər