Xaricdə təhsil alıb, regionda işləyən müəllim - Örnək
Elvin Bəkirov: "Maaşım kifayət qədər yüksək idi,
amma məktəbi buraxmaq istəmirdim”
90-cı illərdə Azərbaycanın çətinliklərini görə-görə böyüyüb. Deyir
ki, uşaq vaxtı televiziyada gördüyümüz vəziyyət, ata-analarımızdan
eşitdiklərimiz onu daim sarsıdıb. "İstəyirdim ki, Azərbaycanı həmişə gözəl
təmsil edim və güclü görüm. Düşünürdüm ki, ölkəmizi, vətənimizi təhsil xilas
edə bilər. Finlandiyalı həmkarımla söhbət edəndə, anladım ki, Sovet
İttifaqından ayrılandan sonra onları ölkə kimi xilas edən təhsil sistemi olub.
Yaponiyanı fikirləşin. Onları da təhsil sistemi xilas edib. Kasıblıqdan,
gücsüzlükdən çıxıb, təhsillə bu səviyyəyə çatıblar. Bəlkə də balaca görünürəm,
amma məqsədim böyükdür”.
Müsahibimiz
gənc müəllim Elvin Bəkirovdur.
Elvin
1985-ci ildə Gəncədə anadan olub. 9-cu sinfi bitirdikdən sonra Texniki Kollecə
daxil olub. Kollecdə təhsilini başa vuraraq, Gəncə Dövlət Universitetinin
xarici dillər fakültəsinin ingilis dili müəllimliyinə qəbul olub. Universitetin
3-cü kursunda Cənubi Qafqaz ölkələri üçün təqaüd proqramının Azərbaycanda
qaliblərindən biri olub və Erasmus proqramı ilə Yunanıstanda təhsil alıb.
Təhsilini bitirdikdən sonra Gəncə Dövlət Universitetində təhsilini davam
etdirib. Hərbi xidmətdən qayıtdıqdan sonra isə mərkəzləşdirilmiş qaydada
imtahan verib, maksimum bal toplayaraq Şəmkir rayon tam orta məktəbinə işə
qəbul olunub. 3 il orada çalışdıqdan sonra yerdəyişmə ilə Gəncə şəhər 27 saylı
məktəb-liseyə gəlib və həmin məktəbdə ingilis dili müəllimi işləyir.
- Adətən oğlan uşaqları polis, hüquqşünas, pilot
olmaq istəyir. Siz nə üçün müəllimliyi seçib bu sahədə peşəkar təhsil
almısınız?
-
Təbii ki, hər bir peşəni seçəndə, insanın qarşısında öz məqsədi olur. Mənim
oxuduğum fakültədə 7 oğlan, 33 qız idik. Hamımız müəllim olmağa hazırlaşırdıq.
Hələ peşə seçməzdən öncə mənim məqsədim var idi. 5-ci sinifdə oxuyandan
fikirləşirdim ki, öz ölkəmin həyatında mühüm rolum olmalıdır. Necə yararlı ola
bilərəm - sualını özümə verir, peşələr fikirləşirdim. Düşünürdüm ki, hakim
olaram, ədalətli qərarlar verərəm. Sonra 7-8-ci sinifdə oxuyarkən fikirləşirdim
ki, jurnalist olsam, daha yaxşı olar. Daha sonra hərbçi olmağa qərar verdim. Ən
sonda düşündüm ki, ən yaxşısı müəllimlikdir. Çünki müəllim olmaq bütün peşələrə
yiyələnmək deməkdir. Ölkənin həyatında mühüm rol oynayacaq bütün peşə
sahiblərini müəllimlər yetişdirir və müəllimin cəmiyyətə təsiri saydığım bütün
peşələrdən çoxdur.
- İndi vəziyyət dəyişsə də, bir neçə il öncəyə
qədər kişi müəllimlər bu sahədə gəlirin azlığını əsas gətirərək, başqa işlərə
üz tuturdu. Məhz buna görə, müəllimlik qız sənəti kimi ifadə edilirdi. Siz necə
düşünürsünüz?
-
İnsan öz işini yaxşı görərsə, onun maddi imkanları da yaxşı olacaq. 2011-ci
ildə mənim ilk maaşım 120 manat idi, məktəbdə günortadan sonra işləyirdim.
Səhər saat 6-dan günorta saat 2-yə kimi isə mebel şirkətində işləyirdim.
Satınalma meneceri idim və xarici ölkələrdən həmin şirkət üçün mebel alırdım.
Maaşım kifayət qədər yüksək idi, amma mən məktəbi buraxmaq istəmirdim, çünki
uşaqlıqdan ideyalarım var idi. Günortadan sonra məktəbə gedir, uşaqlarla məşğul
olur, onlara ingilis dili, vətənpərvərlik, müstəqil və tənqidi düşüncə
öyrədirdim. Fikirlərimi onlara aşılamağa çalışırdım. Həqiqətən də görürdüm ki,
uşaqlarla mənim aramda çox yaxşı münasibət, sevgi formalaşır və mən də işimdən
zövq alıram. Baxmayaraq ki, mən həmin kəndə qədər 5 km yolu piyada getməli idim.
Bunu sevə-sevə edirdim. Azərbaycanın tarixində iz qoymaq istəyirəm. Məncə, bunu
yalnız müəllimliklə edə bilərəm.
- Xaricdə təhsil alıb
regionda müəllim işləmək... Üstəlik, bunun ilk 3 ilini ucqar kəndə həsr
etmisiniz.
- Amerikaya da, Yunanıstana da, Malayziyaya da sırf müəllimlik
biliklərimi artırmaq, təcrübə qazanmaq üçün getmişdim. Mən Amerikada olarkən
tək ABŞ-ın deyil, orada olan 50 ölkənin müəllimlərinin hər biri ilə tək-tək
danışmağı qarşıma məqsəd qoymuşdum və hər birinin təcrübəsini, onların sistemini
öyrənməyə çalışırdım. Xüsusi qeyd dəftərim var idi. Dərslərin hansı ölkədə necə
keçirildiyini öyrənir, dəftərimə qeyd edirdim. Malayziyada da elə, orada 18
ölkədən müəllimlər var idi və onlarla birlikdə təcrübə keçirdik. Orda da eyni
fəaliyyəti fikirləşirdim. Mənə elə gəlir ki, təhsil bütün cəmiyyətin dayağıdır.
Bu təhsilin formalaşmasının da əsas dayağı müəllimlərdir. Əgər bir ölkədə
müəllim ordusu güclü olarsa, o ölkə güclü olar. Mən bunu inkişaf etmiş
ölkələrin müəllimləri ilə söhbət edərkən başa düşdüm. Həmçinin inkişaf etməmiş
ölkələrin müəllimlərilə söhbətimdə də anladım ki, onların zəif cəhətləri
təhsillərindədir. Müəllim olmaq yerində
saymaq, hər gün eyni sinfə girib dərs keçərək bununla kifayətlənmək deyil. Sən
müəllim kimi daha yaxşı inkişaf etməyə çalışmalısan. Bəlkə də mənim xaricdə
oxumağım, təlim keçməyim bu peşə üçün azdır. Fikirləşirəm, daha çox biliklərə,
təcrübələrə malik olmalıyam ki, daha yaxşı təhsil verə, kadrlar yetişdirə bilim.
- Amerikadan iş təklifi də
almısınız.
- Amerikada 80 ölkənin müəllimləri olaraq qruplara ayrılmışdıq və mən
18 nəfərin qrup lideri seçilmişdim. Onlar fikirləşirdilər ki, mənim belə bir
bacarığım varsa, Amerikada qalmağa qərar verəcəyəm. Amma mənim öz ölkəmlə bağlı
qarşıma qoyduğum məqsəd və planlarım var idi. Mütləq Azərbaycana qayıtmalı,
təhsilimizə, cəmiyyətimizə öz töhfəmi verməli idim.
- Peşənizi və
şagirdlərinizi sevirsiniz. Onlarla bağlı hansı xatirənizi bölüşə bilərsiniz?
- Mənim məktəblə bağlı ən böyük xatirəm şagirdlərimdən birinin Amerikada
iki aylıq təcrübə alması xəbərini eşitmək oldu. Digər bir şagirdim də əvvəl bu
təcrübəni keçmişdi. Ona mən 10-cu sinifdən dərs deyirdim. Digər şagirdimi isə,
lap aşağı siniflərdən gətirmişdim. O, ingilis dili bacarıqlarını məndən
öyrənmişdi. Ona öz yetişdirdiyim kadr kimi baxırdım. Mənim bir neçə şagirdim
keçmişdi, amma müsahibə mərhələsinə tək onu dəvət etmişdilər. Müsahibə zamanı
mənə yazdı ki, müəllim, məndən xarici pasportumu istəyirlər, bu nə deməkdir?
Başa düşdüm ki, o həmin proqram üçün seçilib. Demək olar ki, bu mənim həyatımda
ilk uğurum idi. Özüm təcrübə proqramına seçiləndə, bu qədər sevinməmişdim. Başa
düşdüm ki, mən missiyamı artıq yerinə yetirə bilirəm. Şagirdim dünya üzrə
seçilən 20-25 şagirddən bir idi. Bu
mənim üçün ən böyük uğur, xatirə hesab olunur. Şagirdlərim ingilis dilində
danışdıqda, öz bacarıqlarını göstərdikdə, onlara baxıb sadəcə zövq alıram və
inanıram ki, gələcəkdə yüksək vəzifələrdə işləyən vicdanlı kadrlar olacaqlar.
- Şagirdlərinizi xaricdə
təhsil üçün hazırlaşdırır, motivasiya edirsiniz. Onlara geri qayıtmaq lazım
olduğunu da deyirsinizmi?
- Həmişə şagirdlərimə deyirəm ki, mən qayıtmasaydım, sizin Elvin
müəlliminiz olmazdı. Düşünün ki, indi də siz qayıtmasanız, sizə ehtiyacı
olanların sizi olmayacaq. Ona görə də sizin qayıtmağınız çox mühümdür. Xaricə
gedib oxuyub gəldikdən sonra da vicdanlı şəkildə işləməlisiniz. Hamısına
demişəm ki, fərqi yoxdur, hansı vəzifədə işləsəniz və mən nə vaxtsa eşitsəm ki
sizin işinizdən, fəaliyyətinizdən narazılıq var, gələcəyəm, qapınızı döyüb
içəri girəcəyəm, özümü sizə xatırladacağam və haqqımı halal etmədiyimi deyəcəyəm.
Sizdən tam vicdanlı, dürüst olmağınızı tələb edirəm. Mən bunu onlara 5-ci
sinifdən deyirəm. Onlara nəinki ingilis dilini öyrədirəm, çalışıram ki, həyat
bacarıqları verəm və gələcəyin vicdanlı, düzgün kadrları kimi yetişdirəm.
- Elvin müəllim, "yaxşı
müəllim” ifadəsini necə açardınız?
- Yaxşı müəllim olmaq üçün yaxşı münasibət qurmağı bacarmalısan.
Müəyyən bir ixtisası yaxşı bildikdən sonra onu uşaqlara yaxşı çatdırmaq
istəyirsənsə, sən ilk növbədə yaxşı əlaqə, ünsiyyət qurmağı bacarmalısan. Sən
auditoriya, şagirdlərinlə yaxşı əlaqə qurarsansa, onlar sənin nə öyrədəcəyindən
asılı olmayaraq, onu istəyərək öyrənəcəklər. Yaxud da sən onlara öyrədəcəksən.
Amma mütləq bunu sonunda öyrənəcəklər. Əgər sən onlarla yaxşı münasibət qura,
onların qəlbini ələ ala bilsən, onları həvəsləndirməyi, özünü, vətənini
sevdirməyi bacarsan, demək ki, yaxşı müəllimsən.
Aygün ƏZİZ