• cümə axşamı, 25 aprel, 10:34
  • Baku Bakı 14°C

Xaricdə alınan diplomun tanınması prosesi - Müsahibə

16.06.20 17:52 3597
Xaricdə alınan diplomun tanınması prosesi - Müsahibə
Vətəndaşlar necə addım atmalıdırlar ki, əziyyətləri və xərcləri boşuna getməsin?

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) isə xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Hazırda Azərbaycan ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 63 saylı qərarı ilə tənzimlənir. Bu yaxınlarda xarici ali təhsil ixtisasının ölkəmizdə tanınması və nostrifikasiyası qaydaları ilə bağlı əsas məqamlar açıqlanıb.
Qeyd edək ki, xaricdə müxtəlif ali məktəbləri bitirib qayıdan məzunlar, bəzən diplomlarının tanınması və ya ixtisaslarının nostrifikasiyası (ekvivalentliyin müəyyən edilməsi) ilə bağlı müəyyən problemlərlə üzləşirlər. Vətəndaşlar necə addım atmalıdırlar ki, əziyyətləri və xərcləri boşuna getməsin?
Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi mövzu ilə bağlı "Kaspi”nin suallarını cavablandırıb:
- Xarici ali təhsil ixtisaslarının ölkəmizdə tanınması və nostrifikasiya prosesi hansı qaydalar əsasında keçirilir?
- Xaricdə əldə olunmuş ali təhsil ixtisasların tanınması ölkəmizin də tərəfdaş çıxdığı Lissabon Konvensiyasının prinsipləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın müddəaları əsasında həyata keçirilir.
- Azərbaycanın qonşu ölkələrlə diplomların qarşılıqlı şəkildə qeyd-şərtsiz tanınması ilə bağlı razılaşması olubmu? Müqavilə tərəfdarları şərtləri yerinə yetirirmi?
- Sözügedən mövzuda bir neçə MDB dövlətləri ilə Azərbaycan Respublikası arasında müvafiq Sazişlər imzalanıb. Bu ölkələrə misal olaraq Rusiya Federasiyasını, Belarus Respublikasını və Ukraynanı göstərmək olar. Lakin sözügedən Saziş ali təhsil sənədlərinin qarşılıqlı tanınması zamanı tərəfləri hər iki ölkənin qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir. Eyni zamanda, hazırkı Sazişlərin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək fikir ayrılıqları diplomatik kanallar və məsləhətləşmələr vasitəsilə həll edilir.
- Bütün ixtisaslar ekvivalentini (nostrifikasiya üzrə) tapırmı?
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.4-cü bəndinə əsasən, ekspertiza zamanı sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu, tədris planının və proqramlarının məzmunu, eləcə də öyrənilmiş fənlərin həcmi nəzərə alınaraq müəyyən olunur. Bu səbəbdən, xaricdə alınan ali təhsil ixtisasının ekvivalentinin Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində nəzərdə tutulmuş ixtisasların təsnifatında olması zəruridir. Əks təqdirdə, Qaydaların 3.7-ci bəndinə uyğun olaraq, əldə olunmuş ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün hesab edilmir.
- Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan ali məktəblərindən məzun olanlar təhsil sənədlərinin tanınması üçün müraciət edəndə hamısının diplomu tanınırmı?
- Ali təhsil sahəsində əldə edilmiş ixtisasların tanınması prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda nəzərdə tutulmuş meyarlar üzrə həyata keçirilir. Sözügedən meyarlar üzrə təhlilin nəticəsi müsbət qiymətləndirilərsə, əldə olunmuş ali təhsil ixtisasının tanınması mümkün hesab edilir.
- Diplom tanınması ilə bağlı imtinanın əsas səbəbləri nədir? Mənfi rəy alanların taleyi necə olur? TN onlara hansı dəstəyi göstərə bilir?
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, Qaydaların 3.6-cı bəndində göstərilən əsasların biri üzrə mənfi rəy, ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Yekun olaraq mənfi rəy bir sıra hallarda verilə bilər: Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddət Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; Təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); Xarici ölkələrdə verilən təhsil, istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə; Sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan digər tələblərin uyğunsuzluğu (təhsil müddətində ciddi fərqlər, təhsil formasının distant olması, ali təhsil müəssisəsinin akkreditasiyasının olmaması və s.) aşkarlandıqda.
Verilən qərarla razılaşmadığı təqdirdə, vətəndaşlar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəmədə iddia qaldıra bilərlər.
- Saxta təhsil sənədi verən, «diplom fabriki» kimi tanınan müəssisələrin cəmiyyətdə tanınması istiqamətində hansı işlər görülməlidir ki, insanlar aldanmasın?
- İlkin olaraq, vətəndaşların təhsil almaq istədikləri ali təhsil müəssisəsini və təhsil proqramını (ixtisası) seçərkən həmin müəssisəsinin (eləcə də, onun digər ölkələrdə fəaliyyət göstərən filiallarının) və tədris proqramının (ixtisasın) akkreditasiyasının olmasına diqqət yetirmələri tövsiyə olunur. Bu məqsədlə, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri - Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin (www.enic-naric.net) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə etmək mümkündür.
- Ümumiyyətlə, gənclərin xaricdəki diplomu tanınmayan universitetlərə oxumağa göndərilməsində rol oynayan təhsil şirkətləri ilə bağlı hansı addımlar atılır?
- Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya proseduru ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və onların fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Qeyd etmək istərdik ki, xarici dövlətlərin səlahiyyətli qurumları tərəfindən tanınan ali təhsil müəssisələrinin siyahısı hər il yeniləndiyindən, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib.
- "Təhsil haqqında” qanunu və qaydaları pozan şəxslər hansı məsuliyyət daşıyırlar?
- Sözügedən mövzuda hər hansı qanun pozuntusuna rast gəlinməsi halında "İnzibati Xətalar Məcəlləsi”nin 181-ci Maddəsində nəzərdə tutulmuş təhsil sahəsində qanunvericiliyin pozulması ilə bağlı bəndlər rəhbər tutulur və aidiyyəti tədbirlər görülür.

Təranə Məhərrəmova

Xarici ali təhsil ixtisasının ölkədə tanınması və nostrifikasiyası üçün Təhsildə Keyfiyyət və Təminatı Agentliyinə müraciət edilməlidir.
Ərizələrin qəbulu yalnız elektron qaydadawww.tkta.edu.azinternet səhifəsi vasitəsilə həyata keçirilir. İnternet səhifəsində "Nostrifikasiya – Tələb olunan sənədlər” bölməsində müvafiq sənədlərin siyahısı və yüklənmə qaydası barədə məlumat verilir.
Proses zamanı rast gəlinən hər hansı problemlə bağlı şəxsiyyət vəsiqəsinin FİN kodu qeyd edilməklə,[email protected]ünvanına müraciət etmək olar.
Agentliyin fəaliyyəti istiqamətində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün 1 iyul tarixinədək müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi, eləcə də[email protected]ə [email protected] poçt ünvanları vasitəsilə cavablandırılacaq.
Vətəndaşların Agentliyin internet saytının (www.tkta.edu.az) "Nostrifikasiya” və "Mütəmadi verilən suallar" bölmələri ilətanış olması tövsiyə olunur.


banner

Oxşar Xəbərlər