• cümə axşamı, 25 aprel, 15:28
  • Baku Bakı 23°C

“Xanımlar, xəyal qurun və ümid edin”

23.10.19 09:00 861
“Xanımlar, xəyal qurun və ümid edin”
Türkiyənin tanınmış aktrisası Songül Öden "Lal xəyal” tamaşası ilə 7 fərqli qadını təkbaşına canlandırıb. Azərbaycan tamaşaçısı onu bir zaman Kvanç Tatlıtuğ ilə birlikdə çəkildiyi "Gümüş” filmindəki baş qəhrəman kimi tanıdı. Aktrisa "Gümüş” serialından sonra qısa zaman kəsiyində tanındı və biri-birindən maraqlı obrazlarla Türkiyə kino sənayesində tanınmış simalardan birinə çevrildi. Songül Öden yerli mətbuata müsahibə verib. O, yaradıcılığı ilə bərabər, özəl həyatından bəhs edib.
- "Bir ailə hekayəsi” serialı ilə uzun müddətdən sonra ekranlara geri döndünüz. Canlandırdığınız Reyhan xarakteri ilə xasiyyətinizdə hər hansı bir oxşarlıq varmı?
- Reyhan da mənim kimi qərarlı, ailəsinə bağlı, çalışqan biridir. Reyhan nəinki mənim xasiyyətimlə, yaxın bir dostumun xasiyyəti ilə eynilik təşkil edir.
- Serialda keçmişi xatırlayır, bir anlıq keçmişə baş çəkirsiniz. Real həyatda keçmişi ilə yaşayan birisiniz?
- Əvvəllər daha çox keçmişimlə yaşayardım. İndi isə bu günümlə yaşamağa əmək sərf edirəm. Keçmişdə olan hadisələri tez-tez xatırlamaq insana yalnız əlavə yükdən başqa bir şey gətirmir. Adı üstündə, keçmiş, keçib gedib. Sən nə edirsən et, artıq tamamlanıb.
- Siz BMT-nin təşkilatçılığı ilə keçirilən "Qadına şiddətə yox” platformasının könülü elçisisiniz. Bu layihədə hələ də yer alırsınızmı?
- Artıq 8 ildir ki, Birləşmiş Millətlər Fondu ilə birlikdə çalışıram. Onların mədəni sözçüsüyəm. Qız uşaqları ilə bağlı bir çox layihələr həyata keçirmişik və keçirməkdə davam edirik. Açığını desəm, bu layihədə yer aldıqdan sonra xeyli təcrübə əldə etdim. Bu gün teatrda oynadığım "Lal Xəyal” mono tamaşasını hazırlamaq üçün bu layihədə aldığım təcrübələrdən, yaşadığım hadisələrdən ilhamlandım. Acıları tragediya kimi bəhs olunan bir hekayənin içində 7 qadın canlandırdım. Belə ki, səhnədə tək bədən, 7 qadın mövcud oldu.
- Mübarizə əzmli, fədakar qadınlara deyəcək sözünüz varmı?
- "Mübarizə aparmaq” fikrində hər nəyə inanırlarsa, onun arxasınca getmələrini, xəyal qurmalarını, sadiq bir dost kimi arxasınca qaçmalarını məsləhət görə bilərəm. Xanımlar, xəyal qurun və ümid edin.
- "Lal Xəyal” necə bir tamaşadır?
- Qadınlardan ibarət bir yaradıcı heyətlə il yarımdır üzərində çalışıb ərsəyə gətirdiyimiz möhtəşəm bir tamaşadır. Bu tamaşa bütün kollektiv üçün müəllim rolunu oynadı. Tamaşa bir-birindən fərqli yaş kateqoriyasına və statusa sahib olan qadınlardan bəhs edir. Bütün tamaşanı suyun içində oynayırıq. Tamaşa modern rəqs, fərqli şivələr üzərində qurulub. Mənim üçün bu tamaşa çox dəyərlidir.
- "Kaş ki, etməsəydim” dediyiniz peşmanlıqlarınız varmı?
- Əlbəttə ki, var. Ancaq sonradan dönüb geriyə baxanda o təəssüfləndiyim məqamların məni mən etdiyini və formalaşdırdığını görürəm.
- Daha çox, göstərişdən uzaq, sakit bir görünüşə sahibsiniz.
- Özüm kimi olmadığım heç bir məclisdə, ortamda olmuram. Özəl həyatımda özümlə tutarlı bir həyat yaşadığımda, hər şey bir az daha asan və asta-asta həyata keçir.
- Gözəl səsə sahibsiniz. Aktrisa olmasaydınız musiqi ilə məşğul olardınızmı?
- Mən aktrisayam və musiqi istedadımın olduğu üçün də özümü çox şanslı hesab edirəm. Bizim çox əfsanəvi müəllimimiz vardı – Nedim Yıldız. O, "mahnı oxumağı, rəqs etməyi bacarmayan insandan aktrisa olmaz” deyirdi. Həyatını aktrisalarda mahnı söyləmək bacarığını inkişaf etdirmək, yetişdirməklə keçirib. Aktrisalıqdan əlavə, çox gözəl yemək hazırlayıram, ssenari yazıram və memarlığa da böyük həvəsim var.
- Bildiyimiz qədəri ilə rəqs etməyi də bacarırsınız. Hündürdaban ayaqqabı ilə rəqs etmək çətin deyil ki?
- Təhsil alddığım məktəbdə akrobatlıq və xoreoqrafiya dərsləri vardı. Məktəb illərində bu dərslərdən çox yararlanırdım. Məktəbi bitirdikdən sonra xoreoqrafiyaya yenə davam etdim. Çox istedadlı müəllimlərim var idi. Hündürdaban ayaqqabı ilə mənimlə Azra Akın məşğul oldu. O, xoreoqraf mövzusunda anadangəlmə istedaddır.
- Yaradıcılığınıza nəzər salsaq, bir çox mükafatların sahibisiniz. Uğurlarınızı nəyə borclusunuz?
- İşimə sevgi ilə bağlıyam. İnsanın sevdiyi işi görməyi, onun üçün xüsusi bir üstünlükdür. İnsan sevdiyi işlə məşğul olmaq və o sahədə uğur qazanmaq istəyir. Əgər sevgi ilə bərabər, əmək də sərf edirsə, bunun qarşılığını mütləq görəcək.
- Heyvanlara olan sevginizdən xəbərdarıq. Hətta Leyla və Əkrəm adlı iki pişiyiniz də var. Bu sevgi hardan qaynaqlanır?
- Bəli, heyvanları çox sevirəm. Əvvəllər onlardan qorxurdum. İnid dualarıma qədər gəlib çıxıblar. Üç pişiyim var – Əkrəm, Türkan və Leyla. Heyvanlarla birlikdə yaşadığınızda, insanın bütün kin-küdurətinin, "dünyada məndən başqa canlı yoxdur” fikirlərinin darmadağın olduğunu rahatlıqla görə bilirsiniz. Heyvanlara diqqət və qayğı göstərmək bizim boynumuzun borcudur. İnsanların çoxu heyvanları sevmir. Dövlətimiz heyvanları insanların zalımlığına və sevgisinə buraxmamalıdır. Bunun üçün də heyvan haqlarının qorunması üçün dövlət tərəfindən güclü qanunlar qəbul olunmalıdır. Həmişə maşınımın arxasında heyvanlar üçün yemək, su ayırıb qoyuram. Əlbəttə ki, Türkiyədə kifayət qədər heyvan haqları dərnəkləri var. Onları gördükləri işə görə də alqışlayıram. Kaş ki, əlimdən daha artıq iş gəlsə… Bəzən çəkilişlərə gedəndə uşaqlara hədiyyə alınıb sonra küçəyə atılan cins heyvanları görürəm. Hədiyyə paketi rolunu oynayan canlıları görəndə çox pis oluram. Bu səhnə mənə çox təsir edir. Qanunlarımızın heyvanlar, uşaqlar, qadınlarla bağlı şiddətin qarşısının alınması üçün cılız cəsarətini heç zaman anlamayacam.
- Qəlbinizlə məntiqiniz arasında qalsanız hansını seçərdiniz?
- Çox çətin bir sualdır. Heç nəyə baxmayaraq, yenə qəlbimi dinləyərdim. Çünki insanın qəlbindən başqa, daha yaxşı bir yol-yoldaşı yoxdur.
- "Hər kəs mütləq şəkildə dinləməlidir” dediyiniz mahnı və kitab nümunələri varmı?
- Hər kəsə tövsiyə edəcəyim kitab Qabriel Qarsiya Markesin " Yüz ilin tənhalığı”dır. Kitab oxuma alışqanlığı olanlara isə məsləhətim odur ki, Nokolay Qoqolun "Şinel” əsərini oxusunlar. Bu, çox kiçik həcmli bir kitabdır. Mahnı isə insanların musiqi duyumu və qəlbimizin ölçüsünə görə dəyişir. Bəzən ruh halına görə Neşet babanın bir mahnısı, bəzən də dilini anlamadığım, nə söylədiyini öyrənməyə ehtiyac duymadığım, amma məni özümə gözəl hiss etdirən mahnıları dinləyirəm.
- Sizi ən yaxşı izah edən ölkə hansıdır?
- Deyəsən Türkiyə…
- Bəs bu həyatda "bunlar mütləq olmalıdır” dediyiniz dəyərlər nələrdir?
- Bu həyatda "mütləq olmalıdır” dediyim dəyərlər özünü qarşı tərəfin yerinə qoymaq və vicdandır. Onlar yoxdursa, insanlıq yarımçıq qalar və yarımçıq insan olarsınız.
- Sosial medianın inkişaf etdiyi bu dönəmdə insanların daha çox göstəriş verməyə çalışması sizə toxunurmu?
- Əlbəttə ki, hər şeyin bu qədər tez bir zamanda inkişaf etməsi, dünyanın sürəti və sərbəstliyi baxımından çox cəlbedicidir. Misal üçün, siz sosial şəbəkə vasitəsi ilə dünyanın o biri başında olan haqsızlığı, yalanı ortaya çıxara bilirsiniz və dünyanın o biri başındakı insanla hər an əlaqə saxlayırsınız ki, bu, çox gözəl bir haldır. İndi insanlar 30 saniyə ərzində belə, məşhur ola bilirlər. İnsanlar sosal şəbəkə vasitəsi ilə hər anını, hətta özəl anlarını bir-birilərinə göstərirlər. Əsas təhlükə isə özünü sosial şəbəkələrə həsr edən küllələrin bir-birinə qarşı olan nifrətidir.
- Həyatınızın super qəhrəmanı kimdir?
- Anam və bacılarım.
- Xoşbəxtlik tapdığınız məkan haradır?
- Evim.
- Ən çox istifadə etdiyiniz kəlmə nədir?
- Xahiş edirəm, əzizim.
- "Etməsəm olmaz” alışqanlığınız nədir?
- Yatmazdan əvvəl dua etmək.
Tərcümə etdi: Xəyalə Məmmədova
banner

Oxşar Xəbərlər