• çərşənbə axşamı, 16 aprel, 16:03
  • Baku Bakı 19°C

Xanəgah kəndi yaxınlığında qaya təsvirləri aşkar olunub

11.10.16 15:26 1423
Xanəgah kəndi yaxınlığında qaya təsvirləri aşkar olunub
Bu günlərdə Culfa rayonunun Xanəgah kəndi yaxınlığında, (Orta Anzır kəndinin xarabalıqlarından şərq tərəfdə) dağdan qopan iri qaya parçasının üzərində qaya işarələri qeydə alınıb. AMEA Naxçıvan Bölməsinin, İnformasiya şöbəsindən "Kaspi"yə bildirilib ki, bu işarələr haqqında Xanəgah kənd məktəbinin müəllimi Nəcəf Nəcəfov məlumat verib.
İlkin araşdırmalar nəticəsində aydın olub ki, tapılan qaya üzərindəki təsvir ayrılıqda çəkilmiş üç rəsimdən ibarətdir. Rəsimlərin ikisi döymə, biri isə kəsmə texnikası ilə çəkilmişdir.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin verdiyi məlumata görə, təsvirlər müxtəlif dövrlərdə çəkilmişdir. Döymə üsulu ilə çəkilmiş rəsmlərin bənzərləri Gəmiqaya təsvirlərindən elmə məlumdur. Məlumat üçün onu da qeyd edək ki, çoxmənalı məzmuna sahib olan bu tip təsvirlər başlıca olaraq insanı və həyat ağacını simvolizə etmişdir. Çəkilmə texnikasına görə fərqlənən üçüncü təsvir metal alətdən istifadə olunmaqla hazırlanmışdır. Bu təsvir də o birilər kimi insanı, daha geniş mənada həyatı, həyat ağacını simvolizə etmişdir.
Vəli Baxşəliyevin fikrincə qaya parçasının üzərindəki qaya işarələrinin birinci iki təsviri e.ə.II-I minilliklərə, üçüncü təsviri isə bizim eranın I minilliyinə, Orta əsrlərə aid etmək olar.
banner

Oxşar Xəbərlər