• cümə, 26 Aprel, 01:47
  • Baku Bakı 16°C

Xalqın sağlamlığına verilən dəyər

30.07.20 19:37 13726
Xalqın sağlamlığına verilən dəyər
Modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sistemində əlavə iki min çarpayılıq ehtiyat yaradacaq
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, pandemiyanın qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən önləyici kompleks tədbirlər çərçivəsində ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanılıb. Mayın 7-də Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə ilk, iyunun 9-da 28 saylı Bilgəh kəndiqəsəbəsində Birləşmiş Şəhər Xəstəxanasının, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının və Abşeron rayonunun Saray qəsəbə xəstəxanasının, iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusları, iyulun 6-da Xətai rayonunda modul tipli hospital istifadəyə verilib. Prezident İlham Əliyevin iyulun 29-da Qobustan, İsmayıllı, Şəki və Qəbələyə səfərləri çərçivəsində koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan daha 4 modul tipli xəstəxananın açılışı olub. Digər analoji səhiyyə müəssisələrində olduğu kimi, bu 4 tibb ocağında da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq. Xüsusilə qeyd olunmalıdır ki, bu komplekslər rayon mərkəzi xəstəxanalarının yaxınlığında quraşdırılaraq onlara təhkim olunub ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edir. Onu da vurğulamaq lazımdır ki, bu modul tipli xəstəxanalara, korpuslara zərurət olmadıqda – yəni, pandemiya ilə mübarizə başa çatdıqdan sonra onlar asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün – məsələn, hərbi hissələr, sərhəd xidməti, tədris və ya fövqəladə hallar, yataq, məişət xidməti və sair üçün istifadə edilə bilər.


Ən kritik vəziyyətə hazır olaq

Millət vəkili Tamam CəfərovaAzərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində çox mühüm addımlar atdığını diqqətə çatdıraraq, bu çərçivədə modul tipli xəstəxanaların yaradılmasını böyük əhəmiyyətə malik hadisə kimi qiymətləndirib. Qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanılıb, artıq bu səhiyyə müəssisələrindən bir neçəsi istifadəyə verilib. Deputatın sözlərinə görə, ümumilikdə, yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradacaq: "Xəstəliyin dinamikasından görünürdü ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə də cənab Prezident göstəriş verdi ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olaq. Məhz Azərbaycan Prezidentinin uzaqgörənliyi nəticəsində ilk günlərdən qabaqlayıcı tədbirlərin görülməsi, məqsədyönlü addımlar atılması bu gün ölkəmizdə vəziyyəti tam nəzarətdə saxlamağa imkan verib. Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alır ki, həmin tibb müəssislərinin 36-sı dövlət başçısının müvafiq sərəncamları ilə inşa edilib. Pandemiyanın ilk aylarında respublikamızda cəmi 6 laboratoriya var idisə, sonradan onların sayı 29-a çatdırılıb, 15 yeni laboratoriya da sifariş edilib. Belə uğurlu addımlar nəticəsində Azərbaycan adambaşına düşən testlərin sayına görə dünyada təqribən 40-cı yerdədir”.


Prezident həmişəki kimi vətəndaşın yanındadır

T.Cəfərova vurğulayıb ki, Qobustan, İsmayıllı və Şəkidə yeni istifadəyə verilən modul tipli xəstəxanalarda ümumilikdə 300 palata və 600 çarpayı mövcuddur. Onun sözlərinə görə, Qəbələdəki modul tipli xəstəxana da digərləri kimi yüksək standartlara cavab verir və hər bir səhiyyə kompleksi mərkəzləşdirilmiş Oksigen Generator Sistemi, həmçinin havalandırma sistemi ilə təchiz edilib: "Bir müddət əvvəl istifadəyə verilən Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı da xəstəliklə mübarizədə əlavə imkanlar yaradır. Bu xəstəxana isə 800 çarpayılıq idi. Həmin ərazidə təqribən bir ay-ay yarım ərzində yeni bir xəstəxana da inşa ediləcək. O da modul tipli xəstəxana olacaq. Orada çarpayıların sayı 1300-ə qədər olacaq. Yəni, təqribən iki ay ərzində 2 mindən çox xəstəni oradayerləşdirmək mümkün olacaq. Bu il istifadəyə verilmiş "Yeni klinika”da isə hazırda 350 xəstə müalicə alır vəqısa müddət ərzində orada çarpayıların sayını 700-750-yə çatdırılacaq. Bir qədər əvvəl söylədiyim kimi, iyulun 29-da dövlət başçısının iştirakı ilə regionlarda daha 4 modul tipli xəstəxana istifadəyə verilib. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, bu gün ölkəmizdəki səhiyyə müəssisələrində kifayət qədər çarpayı ehtiyatımız var. Pandemiya ilə mübarizədə biz hər bir vəziyyətə hazır olmalıyıq. Düzdür, ilk gündən bütün qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində bu gün vəziyyət nəzarət altındadır. Buna rəğmən, ölkə başçısı əlindən gələni edir ki, kritik vəziyyətə hazır olaq. Bu isə bir daha onu göstərir ki, Cənab Prezident həmişəki kimi, öz vətəndaşının yanındadır, əhalinin sağlamlığının qeydinə qalır”.

Səhiyyə sisteminin "təzyiq” altında qalmaması

Millət vəkili Şahin Seyidzadəqəzetimizə açıqlamasında deyib ki, koronavirus pandemiyası dövründə ölkəmizdə virusla mübarizə, yoluxanların müalicəsi, əhalinin sağlamlığının qorunması üçün əhəmiyyətli addımlar atılır. Deputatın sözlərinə görə, ölkəmizdə bu istiqamətdə əvvəlcədən düşünülərək görülən işlər peşəkar idarəetmənin göstəricisidir: "Bu, çox xoş haldır ki, bəzi dünya ölkələrində olduğu kimi koronavirus ölkəmizdə böyük fəlakətlər yaratmadı. Bunun bir çox səbəbi var ki, bunlardan ən başlıcası dövlətin məsuliyyətli davranaraq öncədən tədbirlər görməsidir. Burada biz sərhədlərin bağlanması, qoruyucu tibbi maska istehsal edən müəssisənin istifadəyə verilməsi, karantin rejiminin tətbiqi və sair kimi məsələləri qeyd edə bilərik. Həmçinin öncədən səhiyyə sisteminin "təzyiq” altında qalmaması üçün əlavə tədbirlər görülüb. Bu tədbirlərdən biri də modul tipli xəstəxanaların qurulmasıdır. Cənab Prezidentin müvafiq tapşırıqlarına əsasən, əhalinin sağlamlığının təmin edilməsi üçün nəzərdə tutulan kompleks tədbirlər çərçivəsində 10 modul tipli xəstəxananın quraşdırılmasına başlanılıb. Qısa müddət ərzində Bakı, Sumqayıt və Gəncə şəhərləri, həmçinin Abşeron, Qobustan, Şəki və Qəbələ rayonlarında infeksion xəstəliklər korpusları, modul tipli hospitallar əhalinin xidmətinə verilib. Bütün zəruri təchizatla, oksigen generator sistemi və digər avadanlıqlarla təmin edilən modul tipli xəstəxanaların quraşdırılması nəticəsində artıq səhiyyə sistemimizdə əlavə 2000 çarpayılıq yer imkanı ortaya çıxır”.

Koronavirusayoluxanlar və sağalanlar arasında balansın tənzimlənməsi

Millət vəkilinin qənaətincə, modul tipli xəstəxanaların quraşdırılması xoş haldan yaranmış zərurətə görə deyil, gözlənilmədən üzləşdiyimiz virusla mübarizə üçündür: "Müasir texnika ilə qısa müddət ərzində hazırlanaraq quraşdırılan bu modul tipli xəstəxanalar daha sonra asanlıqla köçürülərək müxtəlif məqsədlərdə istifadə edilə bilər. Misal üçün hərbi, sərhəd keçid məntəqələri və yaxud tədris məqsədi ilə. Ümumiyyətlə modul tipli xəstəxanaların belə çətin zamanda çevik hazırlanması və quraşdırılması göstərir ki, pandemiya ilə mübarizə dövründə dövlət əhalinin qorunması bütün imkanlarını səfərbər edir. Prezident İlham Əliyevin bu tipli xəstəxanaların açılışında özünün iştirak etməsi, müvafiq tapşırıqlar verməsi də sübut edir ki, koronavirusla mübarizə dönəmi davam etdiyi müddətdə dövlət başçısı bu məsələni diqqət mərkəzində saxlayır. Əhalimiz də bunu müsbət qarşılayır, yaradılan səhiyyə imkanlarını yüksək dəyərləndirir. Çünki, bir qədər əvvəl qeyd etdiyim kimi, modul tipli xəstəxanaların quraşdırılması və xidmətə verilməsi səhiyyə sistemimiz üzərində olan yükü, "təzyiqi” azaldır. Modul tipli səhiyyə komplekslərinin istifadəyə verilməsi nəticəsində əlavə çarpayı yerləri yaranır. Bu da öz növbəsində yoluxan şəxslərin müalicəsi üçün imkanların genişlənməsinə, nəticədə yoluxanlar və sağalanlar arasında balansın tənzimlənməsinə gətirib çıxarır. Düşünürəm ki, yaxın müddətdə modul tipli xəstəxanalara olan ehtiyacı tamamilə yox olacaqdır. Son dövrün təhlili göstərir ki, müalicə alaraq sağalanların sayı yoluxanların sayını keçir. Bu, müsbət trenddir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər